11.04.2023, 05:09 - Baxış sayı: 472

“DİLDƏ, FİKİRDƏ, İŞDƏ BİRLİK”


Aytək MƏMMƏDOVA,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.

XIX əsrin sonu – XX əsrin əvvəllərində çapdan çıxan “Tərcüman” qəzeti Türk dünyasında, türk xalqlarının düşüncə və mədəniyyəti tarixində böyük rolu olmuşdur. Qəzetin naşiri İsmayıl bəy Qaspıralı (1851-1914) Türk düşüncəsi tarixində özünəməxsus iz qoymuşdur. Bu il aprel ayının 10-da “Tərcüman” qəzetinin çapdan çıxmasının 140 illiyi tamam olur.
İsmayıl bəy Qaspıralı Krımda Yalta yaxınlığındakı şəhər tipli qəsəbə olan Qaspraya mənsub olduğuna görə Qaspıralı soyadını daşımışdır. İsmayıl bəy doğum yeri və tarixi barədə belə yazmışdır:
Doğulmuşam mən Avcıköydə min səkkiz yüz əlli birdə,
Məqamımdır Bağçasaray, məzarım kim bilir harada?


Dövrün elmi biliklərinə yiyələnən İsmayıl bəy Qaspıralı bir müddət Parisdə yaşamış, Krıma qayıdaraq ictimai-siyasi həyatda fəal iştirak etmişdir. Rusiya İmperiyası tərəfindən Krım Xanlığının işğal edilməsinin yüz illiyinin tamamında İsmayıl bəy “Tərcüman” qəzetinin çapı üçün icazə almışdır. “Tərcüman” qəzetinin 20 aprel 1883-cü il tarixli ikinci sayında “Qəzet nədir?” başlıqlı məqalədə İsmayıl bəy Qaspıralı “Qəzet vaxtında çap olunanda, insan həyatından, siyasətdən, idarəçilikdən və ədəbiyyatdan, mövcud hadisələrdən bəhs edən bir nəşr növüdir ki, oxucu vətənində yaşadığı halda, dünyanın hər yerindəki işlərdən, yazılan əsərlərdən xəbərdar olur. Yaxşı şeylər eşidib, mənəvi və maddi faydalar kəsb edir”.
Böyük mütəfəkkir qəzetin sadə və açıq, hər kəsə izah edilə bilən dil və qələm işlətdiyini vurğulayaraq göstərmişdir ki, türk, tatar, Azərbaycan, kumuk, noqay, başqırd, özbək, tarançi, kaşğari, türkmən və digər türk qövmləri arasında yayılmışdır.
“Tərcüman” qəzeti bütün türk xalqlarının maariflənməsinə çalışmış, onların dilinin, mədəniyyətinin təbliğinə xidmət etmişdir. Görkəmli mütəfəkkir Yusif bəy Akçura “Böyük Türklük” nəzəriyyəsindən bəhs edərkən İsmayıl bəy Qaspıralının və “Tərcüman” qəzetinin rolunu yüksək dəyərləndirmişdir: İsmayıl bəy, bütün türk aləmini göz önündə tutaraq, ona görə çalışdı. “Tərcüman”a görə, kazan tatarları, Orta Asiya sartları, tarançilər filan yoxdur. Bir dinə inanmış, bir dil ilə danışan türklər vardır. “Tərcüman” məhəlli türk ləhçələrinin üstündə ümumi bir türk dilinin öyrənilməsini tövsiyyə edir. İsmayıl bəyin türklüyə etdiyi böyük xidmətlərdən birincisi, heç şübhə yoxdur ki, milli ibtidai məktəblərin Rusiya türkləri arasında yayılması olmuşdur.
Türkiyəli mütəfəkkir Hilmi Ziya Ülkən İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” başlıca düsturunu belə açıqlamışdır: Qaspıralı bir tərəfdən İstanbulda türklüyə aid nəşrləri, digər tərəfdən də Avropadakı türkoloqların nəşrlərini oxuyurdu. Bu təsirlə o, türk qövmləri arasında dil birliyi ideyasına çatdı. Türk ləhcələrini yazı dilində birləşdirərək türk birliyinin təmin edilməsi fikrini müdafiə edirdi. Qaspıralı təhsildə “üsul-i cədid” adlandırdığı qərb təhsil metodlarını sxolastikaya qarşı müdafiə etmişdir. O zaman Rusiya türkləri arasında mədrəsə tədrisi üstündü. Bir tərəfdən çarlıq idarəsi, digər tərəfdən isə sxolastik mədrəsə təfəkkürü yeni nəslin inkişafına iki böyük maneə idi. O, tərəqqi uğrunda 30 ilə yaxın çalışmışdır. Qaspıralı dildə, fikirdə, işdə birlik fikrinin ilk ikisini həyata keçirmiş, üçüncüsü isə o günün şərtlərinə görə tam mümkün deyildi.
AMEA-nın müxbir üzvü, professor Əziz Mirəhmədov “Tərcüman” qəzetinin nəşrinin ilk dövrlərində Rusiyanın türkdilli xalqlarının tərəqqisi, maarifçilik ideyaları və s. bu kimi məsələləri təbliğ etdiyi üçün rəğbət qazandığını qeyd etmişdir. Alim qəzetin müsəlmanlar arasında geniş yayıldığını, qəzetdə Azərbaycan haqqında yazıların müəlliflərinin əsasən M.Sidqi, Eynəli Sultan, Ə.Gəngərli, Firudin bəy Köçərli, Ömər Faiq olduğunu bildirmişdir. Əziz Mirəhmədov belə bir faktı yazmışdır ki, kənddə vəkillik etdiyi dövrdə Həsən bəy Zərdabi yoxsul kəndlilərə ərizə yazarkən onlardan haqq almaz, ərizə puluna “Tərcüman” qəzeti gətirtdirib oxumağı məsləhət görərmiş; o özü də bu qəzeti alıb oxuyar, sonra kəndin mollasına verib deyərmiş: “Bunu minbərdən oxu və camaata anlat”.
İsmayıl bəy Qaspıralı ortaq ədəbi dil məsələsi haqqında yazırdı ki, Krım, Kazan, Akkerman, Ufa, Qafqaz şivələri arasında xeyli fərq vardır. Lakin bunların hamısı birdir, türk dilidir. Millətin birliyi dil birliyidir, milləti millət edən iki cəhətdir: biri din birliyi, digəri dil birliyidir. Bunlardan hər hansı biri olmazsa və ya pozularsa millət rütbəsindən, dərəcəsindən düşər. Bəlkə yox olmağa yol tutar.
“Tərcüman” qəzetinin Osmanlı Anadolusunda, Azərbaycanda, Kazanda, Sibirdə və Mərkəzi Asiya qitəsində oxunub anlaşılmasını önə sürən İsmayıl bəy qəzetin əksər oxucularının “Tərcüman” şivəsiylə əsərlər yazdığını, həmin dövrdəki
ədəbiyyata baxılınca “Tərcüman” şivəsinə yaxın bir şivənin bütün yazarların istifadə etdiklərini qeyd etmişdir.
İsmayıl bəy Qaspıralının dərc etdiyi “Tərcüman” qəzeti müasirləri tərəfindən yaxşı qarşılanmış və təbliğ edilmişdir. Bu ilk öncə onların da eyni amal, məqsəd uğurunda çalışmaları ilə əlaqədar idi.
XX əsrin əvvəllərində Türk xalqları arasında ortaq termin, ortaq bir ədəbiyyat və elm dilinin olması məsələsi aktual idi. Türkiyənin görkəmli ictimai-siyasi xadimi Ziya Gökalp dil məsələsi ilə əlaqədar problemi önə çəkərək yazmışdır ki, terminləri çar Rusiyasındakı türk xalqları rus dilindən, Çindəki türklər çin dilindən, Türkiyədəki türklər isə fransız dilindən alsalar, türk xalqları bir-birlərindən uzaqlaşar. Bütün türklər arasında sözlər kimi terminlərin də ortaq olması vacibdir.
1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayında ortaq ədəbi dil
məsələsi ətrafında müzakirələr aparılmışdır. Qurultay iştirakçıları öz dillərində - türkcə, tatarca, özbəkcə, çovaşca, başqırdca, qazaxca və b. türk dillərində çıxış edərkən bir-birlərinin danışıqlarını başa düşürdülər. Qurultayda ortaq hərflərin və ortaq ədəbi dilin hazırlanması ilə əlaqədar fikirlər irəli sürülsə də, bu gerçəkləşmədi. Hilmi Ziya Ülkən bununla əlaqədar yazmışdır ki, qurultay iştirakçılarının əksəriyyətinin qəbul etdiyi bu fikirlərin sonradan necə pozulduğu və tam əksinə bir yola girildiyini söyləməyə lüzum yoxdur. Bu təzadlı davranış, gerçəklərin siyasətə qurban edildiyinin çox acı bir arqumentidir.
Zaman Ziya Gökalpın haqlı olduğunu göstərdi. Türk xalqları dillərinə görə müəyyən mənada bir-birlərindən uzaqlaşdılar, bəzi türk xalqları bir-birlərinin dillərini anlamaz oldular. Sabri Arıkan Türk Dünyası Araşdırmaları Vəqfinin Sovet İttifaqı dağıldıqdan sonra burada yaşayan türkdilli xalqların 24 ayrı kiril əlifbasını istifadə etdiklərini müəyyənləşdirdiklərini qeyd etmişdir: “Bunun səbəbi isə məhəlli şivələrə görə, ortaq ədəbi dilin qarşısını almaq, ayrı dil və millət yaratmaq məqsədi daşıyırdı”.
Türk xalqlarının ortaq bir dildə danışmaları üçün ortaq əlifbanın və ortaq dilin hazırlanması məsələsi XX əsrin əvvəllərində olduğu kimi, XXI əsrdə də aktualdır.
Beləliklə, ictimai xadim, böyük naşir İsmayıl bəy Qaspıralının 140 il öncə dərc etdirməyə başladığı və şah əsəri olan “Tərcüman” qəzeti türk xalqlarının birliyi, yüksəlişi yolunda xidmət göstərmiş, türk düşüncəsi və mədəniyyəti tarixində əzəmətli yer tutmuşdur.

“Respublika” qəzeti