06.03.2023, 10:50 - Baxış sayı: 560

Milli-mənəvi dəyərlərimizin qoruyucusu


Bahar Məmmədova
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Milli-mənəvi dəyərlərimizin qoruyucusuBiz çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi, milli ənənələr əsasında tərbiyə edilsinlər.

Heydər Əliyev.


Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli mənəvi dəyərlər sisteminə malikdir. Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir.
Ümummilli lider Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi əbədilik qazanmışdır.
Müasir tariximizin səhifələrində yer almış milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması, xalqımızın milli dəyərlərə sadiqliyinin nümunəsidi.
Ümummilli lider Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldiyi gündən milli-mənəvi dəyərləri diqqət mərkəzində saxladı, milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdi. Ulu öndər qeyd edirdi: "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". Heydər Əliyev azərbaycançılığı milli ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasiliyimizi dəyərləndirirdi.
Müasirlik, yenilik və eyni zamanda, milli dəyərlərə, milli köklərə bağlılıq – bugünkü Azərbaycanı təsvir edən bu ideya artıq hamıya bəllidir. Azərbaycan xalqı daim öz milli köklərinə bağlı xalq olmuşdur və bizim gələcək uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz tarixi irsimizin - zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq.
Bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan ümummilli liderin bu siyasətini bu gün cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Tam əminliklə söyləmək olar ki, Prezident İlham Əliyev Azərbaycanın milli mənəvi dəyərlərinin qurucusudur.
Azərbaycan kimi spesifik coğrafi ərazidə, mədəniyyətlərin kəsişməsində yerləşən bir ölkə üçün qloballaşma şəraitində milli kimliyin, mənəvi dəyərlərin qorunub saxlanılması bir vəzifə kimi dövlət və cəmiyyət qarşısında durur.
Ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, təbliği, dünyaya təqdimatı yönündə sistemli tədbirlər həyata keçirilir. Milli bayramların, tarixi günlərin yüksək səviyyədə qeyd olunması, mədəni irsimizin beynəlxalq təşkilatlarda tanıdılması bu qəbildəndir.
Ayrıca, mənəvi dünyamızda avanqard rola malik olan din sahəsində dövlət siyasəti yeni keyfiyyət mərhələsinə qədəm qoyub.
Mənəvi dəyərlərin qorunmasında, təbliğində aparıcı missiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) üzərinə düşür. Daha böyük arealı, daha çox insanı əhatə edən bilən medianın bu gün Azərbaycan milli-mənəvi dəyərlərinin təbliği yönündəki fəaliyyəti məsuliyyətli olduğu üçün mənəvi dəyərlərin təbliğinin sistemli şəkildə, “Milli yaddaş” modelinə söykənərək aparılması mütləqdir.
Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
“Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”, - deyən Ümummilli Liderin işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir.

science.gov.az