Etika və hüququn nisbəti: Etik və ictimai öhdəliklərdə hüquq, ədalət və vicdan prinsiplərinin hüquqi, ictimai-siyasi funksiyası
Əntiqə Paşayeva
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi”
şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.
phashayeva.ph@mail.ru
Xülasə
Etikanın mühüm xüsusiyyətlərindən olan ədalət və vicdan qanunların yaranmasında, formalaşmasında və işlənməsində xüsusi təsirə malkdir. Etik qaydalar insanın vicdanına bağlıdır, etika ilə bağlı olan mühakimələr iradə və ağıl əsasında yürüdülür. Baxmayaraq ki, qanunlar dövlət tərəfindən yaranır, lakin qanunların işlənməsində etik qaydaların – ədalət və vicdanın təsiri olduqca böyükdür. Etik və ictimai öhdəliklərdə hüquq, ədalət və vicdan prinsiplərinin mövcudluğu, ictimai-siyasi təsiri özünü əxlaq normalarında göstərir ki, bunlar bir neçə hissəyə ayrılır. Bu normaların hər biri insana etik və ictimai məsuliyyəti anladır. Etik məsuliyyət dedikdə, əxlaqi vəzifə nəzərdə tutulur və bu, məsuliyyəti özü ilə birlikdə daşıyır; məsuliyyət, yəni etika ilə bağlı olan öhdəlik və vəzifələrdə özünə qarşı tələbkar olmaqdır. İctimai məsuliyyət isə fərdin digərləri qarşısında öhdəliyidir. Etik və ictimai məsuliyyətin layiqincə yerinə yetirilməsində hüquq normalarının mövcudluğu əsas şərtdir. Buna görə də insan etik və ictimai məsuliyyətin öhdəsindən gəlmək üçün özünü qanuna uyğunlaşdırmalı və qanun əsasında vəzifələrini yerinə yetirməlidir. Qanun əsasında vəzifələrin yerinə yetirilməsi etik və ictimai məsuliyyətdən irəli gəlir ki, bunun da əsasları hüquqi və sosioloji prinsiplərə bağlıdır. Cəmiyyətdə ictimai nizam-intizamın mövcudluğu, həmçinin ədalət, vicdan prinsiplərinə riayət etmək insanların mükəmməl bir varlıq olmasına və inkişafına səbəb olacaqdır. Belə olan halda sosioloji tələblərlə yanaşı hüquqi – qanuni prinsiplərin də mövcudluğu vacib hesab olunur. Hüquqi və sosioloji qanunların etik və ictimai məsuliyyətdən qaynaqlandığını nəzərə alsaq deyə bilərik ki, etika və hüquq təkcə ictimai vəzifə və öhdəliklərdə deyil, insan həyatı üçün zəruri olan məsələlərin həllində də mühüm təsirə malikdir. Hazırki tədqiqatda müsəlman və qərb alimlərinin mötəbər əsərlərinə istinad edərək, mövzu fəlsəfi, hüquqi, ictimai-siyasi və sosioloji aspektdə tədqiq və təhlil olunmuşdur.
Açar sözlər: etika, hüquq, əxlaq, ədalət, vicdan, qanun, etik məsuliyyət, ictimai məsuliyyət, ictimaiyyət.
Giriş.Etik və ictimai öhdəliklərdə hüquq, ədalət və vicdan prinsiplərinin hüquqi, ictimai-siyasi funksiyasını tədqiq edərkən qeyd etməliyik ki, etik qaydalar insanın vicdanına əsaslanır, yəni bu qaydaların əsası insandan kənarda deyil, insanın daxilində yaranır, amma hüquq qaydaları dövlət tərəfindən yaranır. Etik mühakimə iradə və ağıl əsasında yürüdülür; instinktiv əməllər əxlaqa söykənmir və burada əsas məsələ baş verən əməlin yaxşı və pis olmasıdır; etika iradəyə əsaslanan etik davranışlardan ibarətdir. Tomasın (Thomas Aquinas: 1225-1274) fikrincə, etika insanın davranış qaydasıdır; iradəyə uyğun və ağıla əsaslanan etik bir davranışdır (1. c. 1, s. 185).Nəsrəddin Tusiyə görə isə etika elm olaraq əsas hədəfi insanı pislikdən çəkindirən xüsusi bir xarakter (təbiət, xasiyyət) yaratmaqdır. Bu elm iradə əsasında (könüllü olaraq) edilən hər bir şeyin arzu olmasına səbəb olur (1.c. 1, s. 185). Məlum olur ki, etika iradə və ağıl əsasında baş verən əməllərlə bağlıdır. Etika və hüququn nisbətində əsas cəhətlərdən biri də etik normaların qanunlara təsir etmək və onları tənzimləmək gücünə malik olmasıdır. Burada etik və ictimai öhdəliklər və məsuliyyət də mühüm məsələlərdəndir ki, bütün sahələrdə özünü göstərir. Etik məsuliyyət dedikdə, əxlaq normalarına əsasən əməl olunan əxlaqi vəzifə nəzərdə tutulur; etik və ictimai öhdəliyə əməl olmasında və bunun üzərində məsuliyyətin daşınmasında təbii ki, hüquq normaların olması ilə yanaşı ədalət, vicdan prinsiplərinin mövcudluğu əsas şərtlərdən biridir. Etika və hüququn nisbətindən bəhs edərkən,hüquq normaların tətbiqindəvicdanın rolunu xüsusi qeyd etmək lazımdır, çünki vicdan əxlaqın seçilmişxüsusiyyətlərindənbiri olaraq məsuliyyət hissinin yaranmasına, formalaşmasına və hətta icrasına nəzarət edir. Vicdanın əsas funksiyası mühakimə yürüdərək, insanın daxili və zahiri tərəflərini araşdırmaqdır.Bu onu deməyə əsas verir ki, etik normalar bütün əməllərimizə sirayət edir.İctimai-siyasi həyat üçün zəruri olan bu məsələlərə diqqət çəkməkdə əsas məqsədimiz,etika və hüququn nisbətini, etik və ictimai öhdəliklərdə hüquq, ədalət və vicdan prinsiplərinin mövcudluğunu, həmçinin bunların arasında oxşar və fərqli aspektləri araşdırmaq, ətraflı və müqayisəli təhlillər aparmaqdır.
1. Əxlaq: növləri, hüquqi,ictimai-siyasitəsiri
Ümumiyyətlə, etik və ictimai öhdəliklərdə hüquq, ədalət və vicdan prinsiplərinin mövcudluğunu, ictimai-siyasi təsirinibilmək üçün ilk növbədəəxlaqınnövlərini müəyyənləşdirməliyik. Bunlar ibarətdir: ən üstün əxlaq, ictimai əxlaq və dövlət əxlaqı.Əgər hər hansı bir insan ən üstün əxlaqı əsas götürürsə,onda,əxlaq gərək insanın iradəsindən daha üstün keyfiyyətlərə malik olsun, halbuki hüquq qaydaları etikadan fərqli olaraq dövlət dəstəyinə əsaslanır. Deməli, əxlaqın mənşəyi fərdin iradəsindən yüksək deyilsə bu, əxlaqa zidd hesab olunur.Başqa bir arqumentə gəldikdə isə demək olar ki, əxlaqın hədəfi düz yola istiqamətləndirməkdir və işi təkcə “o nədir” məsələlərini ayrıd etmək deyil. Burada Kantın fikrlərinə nəzər salmaq faydalı olardı. Onun fikrincə, nəzəri ağıl (theoretical mind) odur ki, insan düşüncə, təfəkkür və təhlil əsasında ona yiyələnir, lakin praktiki ağıl (əməli əxlaq) isə bizə bir şeyi etməyi və ya etməməyi əmr edən səslər silsiləsidir. Kantın dediyi praktiki ağıl həmin əməli əxlaq (practical morality) – davranış qaydalarıdır ki, vicdan əsasında yaranır. Məhz buna görə də Kant əməli əxlaqa daha çox diqqət edərək yazır: “praktiki ağlın ilk nümunəsi azadlıq və azad yaşamaqdır, çünki bütün nə varsa hamısı azadlıqdan yaranır”(2.s. 85-86). Ən üstün əxlaqın əsas hədəfi budur ki, şəxsin vəzifələrini təyin edir və mübahisələrin qarşısını alır. Ancaq ictimai əxlaqa gəldikdə isə ictimai əxlaq tərəfdarlarının gətirdiyi arqument bundan ibarətdir ki, əxlaq adət-ənənə barədə məlumatlı olmaq deməkdir. Bu əqidə tərəfdarları qəbul etdiklərini əxlaq və qəbul etmədiklərini isə əxlaqdan kənar hesab edirlər. Bu yanaşmanın yaxşı tərəfi ondan ibarətdir ki, əxlaqla bağlı olan məsələlər yeni bir vəziyyət alır, yəni daim yenilənir. Əxlaqın digər növü olan dövlət əxlaqı isə ictimaiyyətlə bağlı olan məsələləri qəbul etməklə bağlıdır. Bu əqidənin tərəfdarlarından olan Tomas Hobssun və Hegelin fikrincə, əxlaq dövlətə və onun qayda və tələblərinə hörmət, itaət etmək deməkdir. Ancaq bu fikri sadə bir formada və sükutla qəbul etmək olmur, çünki bu vəziyyət hökumət qayda və qərarlarına kor-koranə itaət etmək deməkdir. Belə olan halda əxlaqın bu üç növündən (ən üstün əxlaq, ictimai əxlaq və dövlət əxlaqı) hansını seçmək olar? Burada sosioloqların fikirlərinə diqqəti çəkmək məsələnin müəyyən formada izahına zəmin yaradır. Sosioloqların təqdim etdikləri nəzəriyyə yüksək sosial (ictimai) əxlaq nəzəriyyəsi adlanır ki, onların gəldiyi nəticə burada öz əksini tapmışdır. Bunlar ibarətdir: birincisi, ən üstün əxlaq kənara qoyulmamalı bəlkə (müəyyən adət-ənənələrin formalaşdığı hissələr istisna olmaqla) heç bir qarşılıq gözləmədən ən üstün əxlaqa hörmət olunmalıdır; ikincisi, əxlaq normalarına sahib olmaq üçün xeyirxah və seçilmiş insanların fəaliyyətlərinə diqqət etməliyik; ən yaxşı əxlaqı yaxşılıqlarda, gözəl davranışlarda və əməllərdə axtarmaq lazımdır. Həqiqətən də ən üstün və yüksək əxlaqı vicdan sahiblərinin əməllərində görmək olar; sual yaranır: yaxşılıqları və bəyənilmiş əməlləri necə müəyyən etmək olar? Bu əməlləri müəyyən etmək üçün insan ilk növbədə davranışına və bu davranışları doğuran səbəblərə diqqət etməlidir. Burada Şarıl Monteskyunun fikrinə diqqət etmək də faydalı olar. O, insanın hər hansı bir qərarı qəbul edərkən müstəqil düşüncəyə malik olduğunu yazır: “insanların hamısı hakim, rəhbər ola bilməz, lakin vicdanlı bir rəhbər seçmək gücünə malikdirlər” (2.s. 86).
Mövzunun təhlil edərkən mühüm bir məsələyə – ictimai əxlaqa da diqqət olmalıdr. İctimai əxlaqdan bəhs edərkən etika və hüquq arasında olan rabitəyə diqqət etmək vacibdir. Çünki tarix baxımından bu iki məfhum arasında üç mühüm mərhələ mövcuddur. Birincisi:etika və hüquq arasında heç bir əlaqə yoxdur; ikincisi: XVIII əsrdə azadlıq hərəkatı başlayanda həmin dövrün aparıcı alimlərinin hədəfi bundan ibarət idi ki, azadlıq hərəkatında dövləti xarici qüvvələrdən qorusunlar, bir növ kənar qüvvələrin fəaliyyətini ölkə daxilində məhdudlaşdırsınlar və məqsəd bundan ibarət idi ki, etika və hüquq arasında müəyyən olunmuş bir sərhəd yaratsınlar. Onların fikrincə, içimizdə olanlar bizə aiddir. Bu fikrin davamçılarından olan Kant etika və hüququn ictimai prinsiplərinə diqqət edərək yazır: bunların arasında mühüm fərq mövcuddur,etika insanın daxilinə, hüquq isə insanın əməllərinə nüfuz edir; etikanın əsasları qanunvericiliyin kökündə mövcuddur və hər bir əməlin başlanğıcı qanunun əsasları üzərində yarandığı üçün hüquqa aiddir (3.pp. 125 & 126). Bu əqidə sahiblərinin siyasi məqsədi insanların şəxsi həyatında dövlətlərin gücünü məhdudlaşdırmaq idi və onlar hesab edirdilər ki, dövlət hakimiyyəti naminə insanlıq qurban verilməməlidir. Üçüncüsü: I və II Dünya Müharibələri sübut etdi ki, demokratiya uğrunda nə qədər çalışsaq da zülmün qarşısını almaq mümkün deyil. Belə olan vəziyyətdə demokratiyanı da məhdudlaşdıracaq prinsiplər tapılmalı,etika və hüquq arasında olan əlaqəni qorumağa səy göstərilməlidr. Məhz bu səbəbdən də insan haqlarının formalaşması, ona riayət olunması məcburi bir vəziyyət aldı. Belə bir durumda etika və hüququn eyni mənaya malik olmadığı qənaətinə gəlirik, çünki etika hüquq qaydalarını dəyərləndirir; bundan əlavə, alimlərin fikrinə əsasən əgər etikanı hüquqdan ayırsaq, gözəlliyi və həssaslığı aradan qaldırmış oluruq və nəticədə yalnız güc və səlahiyyətə tabe olmuş oluruq. Deməli, haqqın bütün əməli funksiyaları etikaya uyğun olmalıdır. Ddövlətin etik normalarla bağlı olan qanunlarına gəldikdə isə demək olar ki, dövlət istədiyi hər hansı bir qanunu qəbul etməkdə azad deyil, çünki əxlaqla bağlı olan qanunlar və əxlaq prinsipləri etik qaydalara uyğun olmayan qanunların yaranmasının qarşısını alır və bu onu göstərir ki, əxlaq prinsipləri qanunlara köklü formada nüfuz edir. Əslində tarix baxımından nəzər salsaq görərik ki, hüquq etikan tarixi əmanətidir və bu, hüququn tənzimlənməsində çox təsirlidir, yəni hüquqi qaydalarla yanaşı onları tənzimləyən bir sıra etik qaydalar da mövcuddur. Əgər etikanı hüquqdan kənar hesab etsək, onda hüquq məqbulluğunu itirmiş olar. Etika və hüquq arasında əlaqəni izah etmək və ya aydınlaşdırmaq üçün bir bir sıra suallarla qarşılaşırıq: Nəyə görə əxlaq qaydalarına riayət etməliyik? Ümumiyyətlə, əxlaq qaydalarına riayət etmək nə üçün lazımdır? Bu suala cavab vermək üçün deməliyik ki, insanın ictimai təbiəti onun zati (fitri) təbiəti ilə eyni deyil, bəlkə insan ictimai olmaqla yanaşı həm də özünü təcrid edən bir varlıqdır. Deməli, burada bir ziddiyyət var və bu ziddiyyəti aradan qaldırmaq üçün etika müdaxilə edir. Təbii ki, mükəmməl bir varlıq olmaq insanın istək və ehtiyaclarından biridir və belə bir halda etik qaydalara üz tutmalıyıq. Etik qaydaları tanımaq üçün ilk növbədə əxlaqi və ictimai məsuliyyətin tələbləri ilə tanış olmalıyıq.
2. Etikavə ictimai məsuliyyət
Etika və ictimai məsuliyyəti təhlil etməzdən əvvəl məsuliyyət sözünün fəlsəfi və hüquqi mənasını nəzərdən keçirək. Lüğət kitablarında məsuliyyət sözü şəxsin məsuliyyət daşıması və ya məsuliyyətə layiq olması, həmçinin vəzifə, öhdəlik qarşısında borcunu yerinə yetirməsi kimi izah olunur (4. c. 1, s. 664). Məsuliyyət (مسئولیت) ərəb sözüdür və diqqət etsək görərik ki, bu sözün kökü “sual”dan götürülmüşdür. Bu o deməkdir ki, şəxs məsuliyyətə cəlb oluna biləcək bir vəziyyətdədir və öhdəsinə götürdüyü işi necə yerinə yetirmək barədə ondan sual olunacaq. Əlbəttə, insanın məsuliyyət daşıdığı vəzifəni yerinə yetirməsinə şübhə olunmur; əgər şəxs öhdəsində olan məsuliyyəti dərk edib layiqincə yerinə yetirərsə tərif olunar, təşviq və mükafatlandırılar, amma itaətsizlik edərsə, üzərində olan məsuliyyətdən boyun qaçırarsa əlbəttə ki, qınanar, töhmət alar və hətta cəzalandırılar. Bəs məlum olur ki, məsuliyyət anlayışı insanı məsuliyyət daşıdığı vəzifə və hərəkətlərə görə sorğu-suala çəkməklə, məsuliyyətə cəlb etməklə yanaşı həm də vəzifə və öhdəliklərlə bağlı olaraq özünü məsuliyyətə cəlb etmək, həmçinin üzərində olan vəzifə və öhdəlikləri necə və hansı formada yerinə yetirmək kimi suallar qarşıya qoyur. Bu suallardan biri də budur ki, insan üzərində olan məsuliyyəti, verilən tapşırıqları və öhdəlikləri layiqincə yerinə yetirmək üçün hansı xüsusiyyətlərə sahib olmalı və hansı əməlləri yerinə yetirməlidir? Bu suala cavab vermək üçün ilk olaraq etika ilə bağlı məsuliyyətə, sonra isə ictimai məsuliyyətə diqqəti yönəltməliyik.
2.1. Etik məsuliyyət.Etik məsuliyyəti təhlil edərkən mövzuya fəlsəfi və hüquqi yanaşma tələb olunur. Əxlaq fəlsəfəsinə əsasən “əxlaqi gərəklər” (moral needs) deyilən xüsusi bir termin mövcuddur ki, bu, zehindən kənar əsas faktların mənşəyi olaraq həmin faktları əhatə edir. Bu həmin “gərəklər”dir ki, öhdəliklər və vəzifələr məhz ondan yaranır və hər hansı bir nəticəyə gəlmək üçün xüsusi bir əmələ ehtiyac vardır. Etik baxımdan arzu olunan hər hansı bir əməlin yerinə yetirilməsi nəzərdə tutulursa, təbii ki, burada məqsəd və hədəf özünü göstərir ki, icra olunacaq əməl həmin məqsəd və hədəfə uyğun olmalıdır. Burada olan öhdəliklər və vəzifələr məhz həmin mənaya – “gərəklər”ə dəlalət edir (5. s. 77). Digər tərəfdən isə etik məsuliyyət köklü olaraq real məsələlərlə bağlılığı vardır. Mövzuda bəzən vacib, zəruri, borc, öhdəlik və vəzifə kimi terminlərdən istifadə olunur ki, bunların hamısı məsuliyyəti və məsuliyyət hissini ifadə edir. Əgər etik məsuliyyətə məna və məfhum baxımından yanaşsaq deyə bilərik ki, bu,humanist bir məsuliyyətdir, insanınkeçmişi və gələcəyi ilə bağlıdır,ancaq unutmamalıyıq ki, hüquqi, ictimai, şəxsi və digər məsuliyyətlər də mövcuddur. Bu, ümumi bir tərif olaraq onu göstərir ki, etik məsuliyyət tam fərqli bir məsuliyyətdir. Amerikalı filosof Con Martinin fikrincə, etik məsuliyyət ictimai məsuliyyət olmaqla yanaşı həm də davranışları və xüsusiyyətləri izah etmək bacarığı olmaq deməkdir (6. p. 94). Etik məsuliyyət digər bir mənbədə öz hərəkətlərini etiraf etmək və bu hərəkətlər əsasında baş verən nəticələrə hazır olmaq kimi tərif olunur (7. s. 222).Etik məsuliyyəti dərindən anlamaq üçün əxlaqi vəzifəyə diqqət etmək zəruridir, çünki bütün sahələrdə olduğu kimi məsuliyyət vəzifələr əsasındadır və bu vəzifələrdir ki, məsuliyyəti özü ilə birlikdə daşıyır və etik məsuliyyət dedikdə də məhz əxlaqi vəzifə nəzərdə tutulur; məsuliyyət, yəni əxlaqla bağlı olan öhdəlik və vəzifələrdə özünə qarşı tələbkar olmaq deməkdir. Çünki insan öhdəsində olan məsuliyyət qarşısında, həmçinin bu vəzifənin necə yerinə yetirilməsi barədə daim nəzarətdə və diqqətdə olur. Əgər işin öhdəsindən layiqincə gəlirsə alqışlanır, bunun əksinə olarsa məzəmmət olunur.
2.2.İctimai məsuliyyət. İctimai məsuliyyət ümumi olaraq belə tərif olunur: “ictimai (mülki) məsuliyyət bir şəxsin digərinə təzminat ödəmək öhdəliyidir və şəxsin başqasına təzminat ödəmək məcburiyyətində olduğu vəziyyətə ictimai məsuliyyət deyilir” (8.s.16). Amma ictimai məsuliyyətin xüsusi mənasına gəldikdə isə əgər mülki məsuliyyət termini mütləq mənada işlənərsə bu, müqaviləsiz mülki (ictimai) məsuliyyət deməkdir (8. s.17). İki şəxsin bir-biri ilə heç bir müqaviləsi yoxdursa və onlardan biri bilərəkdən (qəsdən) və ya səhvən digərinə zərər verərsə belə bir vəziyyətə müqaviləsiz məsuliyyət (müqavilədən kənar) deyilir; (9. s. 72) daha aydın desək, “mülki məsuliyyət” qeyd-şərtsiz işlənərsə “müqavilədən kənar mülki məsuliyyət” hesab olunur. Müqaviləsiz məsuliyyət, yəni bir şəxsin qəsdən və ya bilmədən əvvəlcədən müqaviləsi olmayan bir şəxsə zərər vurmasıdır. Fərdin üzərində olan bu məsuliyyət ümumi adət və qanuni vəzifələrin pozulması nəticəsində baş verir. Həm etik həm də ictimai məsuliyyətin dərk olunması və layiqincə yerinə yetirilməsində hüquq normaların mövcudluğu əsas şərtlərdən biridir. Məhz buna görə də insan etik və ictimai məsuliyyətin öhdəsindən gəlmək üçün əməllərini qanuna uyğunlaşdırmalı və qanunun tələblərinə riayət edərək vəzifələrini yerinə yetirməlidir. Bu mənada, etik məsuliyyətin hüquqi və sosioloji prinsiplərinə nəzər salmaq da yerinə düşərdi.
3.Etik məsuliyyətin hüquqi və sosioloji prinsipləri
Qədim yunan fəlsəfəsindən başlayaraq hazırkı dövrümüzə qədər filosoflar, əxlaqşünas alimlər (moralists) xüsusilə hüquqşünas filosoflar insanın ictimai bir varlıq olduğunu təsdiq etmişlər. Onların fikrincə,insanlar doğulduqdan sonra fərqli mühitlərdə olurlar. İnsanın böyüməsində, istedadının inkişafında hər bir mühitin özünə xas təsiri vardır ki, ictimai mühit də bunlardan biridir (10. s. 462). Məhz buna görə də insanın ictimai – sosial bir varlıq olması yeni deyil, bu, çox uzaq bir dövrə aiddir, hətta qədim dövrlərdə də kökləri mövcuddur. Tarixin göstərdiyi kimi insan hər zaman sosial olaraq yaşamışdır. Buna görə də demək olar ki, insanlar (bəzi insanlar istisna olmaqla) heç bir dövrdə tək-tək yaşamamışlar, çünki insan ictimai bir varlıqdır; başqaları ilə dostluq, ünsiyyət qurmaq insan varlığının təlbatlarından biridir ki, daim buna can atır. Buna görə də insan, kədərli və xoşbəxt anlarında ona kömək etmək – ruhi, maddi və mənəvi ehtiyaclarını həll etmək üçün cəmiyyətdə özünə dostlar axtarır. İnsanın dosta, sirdaşa – cismən və ruhən ona rahatlıq gətirə bilən bir varlığa daim ehtiyacı vardır. Necə ki, Həzrət Əli (ə) bu barədə buyurmuşdur: “dostu olmayan insan qəribdir” (11.c. 4, s. 414). İnsanın daim axtarışda olması təkcə ünsiyyət, dost və ictimai əlaqələr üçün deyil, insan daha çox çalışır ki, özünü ictimai tələblərə uyğunlaşdırsın; ictimai tələblərə uyğunlaşdırmaq əxlaqi məsuliyyətdən irəli gəlir ki, bunun da əsasları hüquqi və sosioloji prinsiplərə bağlıdır.Etik məsuliyyətin hüquqivə sosioloji prinsipləri dedikdə, burada insanın əxlaqi, mənəvi məsuliyyətində əsas rol oynayan, həmçinin fərdin sistemli formada davranış və əməllərini araşdıran, buna nəzarət edən normalar qərarlar, prinsiplər və sosial amillər nəzərdə tutulur. Qeyd olunduğu kimi insan ictimai bir varlıqdır; insan yaşamaq və ehtiyaclarını ödəmək üçün ictimai həyata ehtiyacı olan bir varlıqdır. Lakin ictimai həyat ilahi mənşəli qanunlarla yanaşı həm də sivil qanunlar tələb edir, əks halda insan sosioloji həyatından istədiyini ala bilməz. Əgər cəmiyyətdə ictimai nizam-intizam olmasa, ədalət prinsiplərinə əməl olunmasa insanların kamilliyə doğru inkişafı, səadət və hərtərəfli xoşbəxtliyi mümkün olmayacaq. Belə olan halda sosioloji tələblərlə yanaşı hüquqi – qanuni prinsiplərin də mövcudluğu vacib şərtlərdən biridir. Bu barədə İslamın böyük alimi Əllamə Hillinin fikirlərinə diqqət etmək faydalı olardı: “insan elə bir varlıqdır ki, onun digərləri ilə ünsiyyət və əlaqələr yaratmaq ehtiyacı vardır. Məhz bu ünsiyyət və əlaqələr sosioloji ehtiyacların ödənilməsi üçün mükəmməl bir qanun və qanunu əks etdirən prinsiplər tələb edir” (12. s. 298).
3.1.Sosial məsələlərdə qanunvericilik. Sosial məsələlərdə qanunvericilik dedikdə, sosial inkişaf qanunların mövcudluğu, həmçinin cəmiyyətin müxtəlif qrup və təbəqələrinin qarşılıqlı fəaliyyətini tənzimləyən qanunlar nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, cəmiyyət mücərrəd bir məfhumdur, lakin bu məfhumun mücərrədləşmə mənbəyi zehindən kənar – xarici varlıqlarla (real external existence) bağlıdır, məhz zehindən kənar xarici varlıqlara görəsosial qanunlar real və obyektiv hesab olunur. Sosial qanunlar adlanan bu qanunların mühüm tərəflərindən biri budur ki, əgər sosial qrupa mənsub olan insanların əksəriyyəti xüsusi bir əməli yerinə yetirərlərsə və həmin əməlin yaxşı və pis tərəfləri nəinki əksəriyyətə bütün insanlara sirayət edəcək. Belə olan halda insan yalnız yaxşı əməllərə dorğru hərəkət etməlidir. Yeri gəlmişkən xatırlamaq lazımdır ki, dini mətnlərdə, xüsusilə Qurani-Kərimdə sosioloji məsələlərə, qanun və qanunvericiliyə aid çoxlu ayələr vardır ki, onlardan birini qeyd edirik. “əgər insanlar iman gətirib (moral faith) təqvalı (virtue, reverent) olsalar, biz onların üzünə göyün və yerin xeyir-bərəkət qapılarını açardıq” (Qurani-Kərim, 7/96). Burada “iman gətirib təqvalı olsalar” dedikdə, insanlar üçün mövcud olan normalara riayət etmək nəzərdə tutulur; ayəyə əsasən insanların xoşbəxtliyi, inkişaf və tərəqqisi yalnız qayda-qaydalara riayət etməkdədir. Təbii ki, tarixin bütün dövrlərində və müxtəlif cəmiyyətlərdə eyni dərəcədə tətbiq olunan bir çox sosial qanunlar mövcuddur. Bu nəzəriyyəyə əsasən tarixi dövrlər mahiyyət baxımından bir-birləri ilə ziddiyyət təşkil etmir, çünki cəmiyyətlərin tarixi inkişafı insan tərəfindən yaradılıb və insan təbiəti ilə bağlıdır ki, bu da dəyişməzdir. Bu bir məqsəd olaraq insan ruhunun kamilliyi və İlahi varlığa yaxın olan əxlaqın hədəfi ilə bağlıdır. Buna görə də hüquqi və sosioloji qanunların etik məsuliyyətdən qaynaqlandığını söyləmək olar. Cəmiyyətin qanuni məqsədi etik hədəfə uyğun olduğu üçün etik məsuliyyət prinsipləri təkcə sivil hüquq sistemi ilə deyil, həm də İslam hüquq sisteminə əsasən formalaşır. Çünki İslam dininə mənsub olan cəmiyyətlərdə insanların hüquqlarını tanımaq üçün qanunlar qəbul edilmişdir və bu qanunlar qarşılıqlı olaraq məcburi hesab olunur ki, bunun hüquqi və sosioloji məsuliyyəti vardır.
4. Vicdan: lüğətdə və mövzuda işlənmə mənası
Vicdan ərəb dilində olan “vəcədə” (وَجَدَ) sözündən götürülmüş “axtarmaq”, “tapmaq”, “çatmaq”, “ələ gətirmək” və digər mənalara dəlalət edir(13.s. 1047). İngilis dilində isə “conscience” sözü olaraq “batin”, “qəlb” və “şüur” mənalarını bildirir (13. c. 2. s.1311). Mövzuda işlənmə (istilah) mənasına gəldikdə isə vicdan daha çox daxili və ruhani hiss olaraq yaxşı və pis əməlləri tanıdan məfhum kimi tərif olunur; digər tərəfdən vicdan insanın əməl olunması zəruri olan əməllərə təhrik edir (olmalıdır), əməl olunması qadağan olan işlərdən çəkindirir (olmamalıdır) (14. s. 83). Bəzi müəlliflər vicdanın hər hansı bir məsələdə qərar çıxartmaqda və dəyərləndirməkdə elmə, mərifətə ehtiyacı olduğunu bildirirmişlər (15. s. 195).Ustad Murtəza Müthhəri isə vicdanı hiss və ağılın kənarında, insan mərifəti ilə bağlı olan əsas funksiyalardan biri hesab edir (16.s. 375). Berlinin fikrincə isə, vicdan çox mücərrəd bir məfhumdur, onun dərk olunması istər lüğətdə, istərsə də məna baxımından olduqca çətindir:“əgər bir şəxs vicdanın mahiyyəti barədə sual edərsə, bu suala cavab vermək çətin olacaqdır” (17. p. 141). Vicdan əxlaqın mühüm xüsusiyyətlərindən biri olaraq insanda olan məsuliyyət hissinin və bu məsuliyyətin necə və hansı formada yerinə yetirilməsinə nəzarət edir; yəni insan vicdan hissinə əsasən səy göstərir ki, öhdəsində olan işi ləyaqətlə, düzgün və tələb olunan formada yerinə yetirsin.
4.1. Vicdan: fəlsəfi, hüquqi və ictimai prinsipləri
Vicdan insan varlığının əsas xüsusiyyətlərindən biridir ki, filosoflar, xüsusilə Kant əxlaq fəlsəfəsini məhz bunun üzərində yazmışdır. Onun nəzərində, ağıla sahib olan bir insan ola bilməz vicdana sahib olmasın, ağıl və vicdana sahib olan insan daim düzgünlüyə və yaxşı əməllərə sahib olmağa çağırır.Çünkiinsan davranışının qanunauyğunluğu iki əsas cəhətə – etika və hüquqa əsaslanır. İnsan davranışının etik meyarı (ölçüsü) vicdana söykənir; başqa sözlə, insan vicdanına görə etik bir varlıq hesab olunur. Əgər insanda etik xüsusiyyətlər (əxlaqi hiss, vicdan, başqalarına ehtiramla yanaşmaq, nəfsə sahib olmaq və s.) olmasa, bu xüsusiyyətləri zorla özündə tətbiq etmək və yaratmaq məcburiyyətində deyil. Buradan məlum olur ki, vicdan, əldə olunan və ya kənara qoya bilən bir xüsusiyyət deyil, yəni insan bu xüsusiyyətlərə sahib olmaq məcburiyyətində deyil; çünki bu xüsusiyyətlər zehindən kənarda deyil, bəlkə zehin daxilində olaraq məfhumu dərk edir, anlayır, həmçinin qəbul olunan və gözəl davranışların əsası sayılır: “bu keyfiyyətlərin hamısı nəfsin təbii xüsusiyyətləri ilə bağlıdır. Bu keyfiyyətlərə sahib olmaq bir vəzifə və ya öhdəlik sayıla bilməz, çünki bunlar hər bir insanda var, məhz bu keyfiyyətlərə görə insanı mükəlləf bir varlıq hesab etmək olar” (18. s. 40).
Qeyd: mükəlləf – yetkinlik yaşına (həddi buluğa) çatmış insana deyilir ki, vəzifə və ya hər hansı bir öhdəlik üzərində məsuliyyət daşıyır və bu öhdəliyə əməl etməsi məcburidir.
Kant vicdanın üstün cəhətlərindən bəhs edərkən bəsirət və vicdan arasında olan fərqə diqqəti çəkir. Onun nəzərində, bəsirət insanı pis əməllərinə görə danlayır, məzəmmət edir və qınayır, amma vicdan isə insanı danlamaqdan, məzəmmət etməkdən və qınamaqdan əlavə həm də mühakimə etmək gücünə malikdir; vicdan hissi insanın etdiyi pis əmələ görə onu daim mühakimə edir və heç vaxt bu mühakiməni tərk etmir, o zamana qədər ki, insan etdiyi əməldən qəlbən və ruhən peşman olur. Çünki mühakimə etmək insanın iradəsi ilə deyil, birbaşa ruhu ilə bağlıdır; danlamaq, məzəmmət etmək və qınamaq ruhdan irəli gələn bir qüvvə deyil, bəlkə şər və təəssübkeşlikdən qaynaqlanan, həmçinin qərəzli sözlərdən yaranır. Vicdan dedikdə, bizim daxilimizdə bizə nəzarət edən bir iddiaçı, hakim vardır ki, əgər qanunlar olmasa onun yeri məlum olmayacaq və biz onu hiss edə də bilməyəcəyik; bu, hisslə məlum deyil, bəlkə ağılda mövcuddur və bu, elə bir qanundur ki, heç vaxt aradan getmir, onun saf və təmiz olmağını da inkar etmək olmur (19. s. 180-182). Ümumiyyətlə, Kantın nəzərində vicdan üç hissədən ibarətdir: a). Hər hansı bir hərəkət və ya əməldən əvvəl: bir insanın fəaliyyət göstərməsini təmin edə biləcək bir vəziyyət; b). Hərəkət və ya əməl baş verdikdə (hərəkət zamanı): vicdanın bu növü hərəkət zamanı daha güclüdür; c). Baş verən hərəkətdən sonra: baş verən hərəkətdən sonra vicdanın ən güclü mərhələsi başlanır (19. s. 185). Kant vicdanı fitri – təbii bir məfhum olaraq qəbul etmişdir, yəni onun nəzərində vicdan nəfsin təbii xüsusiyyətlərindən biridir ki, hətta insan istəməsə belə vicdan hissi onun daxilində mövcuddur: “etik vəzifə iki cür təsəvvür oluna bilər: əxlaqi güc əldə etmək vəzifəsi (vicdan, əxlaqi hiss) və bu güc və qüvvələrdən (vicdan, əxlaqi hiss) istifadə etmək vəzifəsi; yalnız ikinci halda insan bunların yerinə yetirilməsində mükəlləfdir” (18. s. 40). Lakin Freudun fikrincə, vicdanın formalaşmasında qanunların və qadağan olunmuş vasitələrin təsiri vardır: vicdan insanda qanunlar və qadağan olunmuş vasitələr əsasında formalaşır(20. s. 71). Vicdanın hüquqi və ictimai prinsiplərinə gəldikdə isə burada vicdanın ictimai funksiyalarına diqqət etmək zəruridir. Nəzərə almaq lazımdır ki, “əxlaqi vicdan”, “insani vicdan”, “vicdan azadlığı”, “ümumi vicdan”, “humanist prinsiplər”, “humanist qanunlar” kimi müddəalar ilk dəfə XIX əsrin sonlarında beynəlxalq sənədlərə daxil edilmişdir. Vicdan və onun hüquqi və ictimai prinsipləri ilk olaraq məcburi öhdəliklərə daxil deyildi, yəni qanundan irəli gələn məsuliyyəti beynəlxalq müqavilələrdə iştirak edən tərəflərin üzərinə qoymurdular, lakin sonralar vicdanla bağlı olan məsuliyyət adət və öhdəliklərdən daha geniş və əhatəli olaraq, beynəlxalq hüquq sistemini humanistləşdirmək hədəfinə çevriməklə yanaşı həm də humanist və ictimai prinsiplərin yaranmasına zəmin yaratdı. Vicdan, daxili bir hisdir ki, hər bir insanda mövcud olan keyfiyyətlərin dəyərləndirilməsinə nəzarət edir. Vicdan psixologiya, təfəkkür, ağıl və nəfslə bağlı olan hisdir ki, bunların hamısı vahid bir formada birləşərək insanın yaxşı və pis əməllərə olan nisbətini müəyyənləşdirir. Mütəfəkkirlər, xüsusilə filosoflar və əxlaq fəlsəfəsindən bəhs edən əxlaqşünas alimlər əxlaqın əsas meyarlarından biri olan vicdanın (əxlaqi vicdan) necə formalaşması barədə müxtəlif fikirlər yürütmüşlər. Onları maraqlandıran əsas suallardan biri də budur ki, vicdan əxlaqın müstəqil bir xüsusiyyətidir ya əməli ağılla (actio, experimental intellect) bağlı olan bir qüvvədir? Ümumiyyətlə, vicdan və hüquq arasında rabitə mümkündürmü? Hətta psixoloqlar etika və hüquq arasında olan nisbətdən bəhs edərkən mühüm bir suala cavab axtarmışlar: necə ola bilər ki, bir insan üçün zahiri əmr və qaydalar (etik normaları) daxili bir qaydaya çevrilsin? Sualdan aydın olur ki, psixoloqların nəzərində etik normaları daxili deyil, məhz zahiri bir qüvvədir ki, insan daxilinə nüfuz edir. Seçilmiş və üstün keyfiyyətlərə yiyələnmək üçün əxlaqi vicdana sahib olmaq ən yaxşı yoldur. Çünki insan yarandığı vaxtdan vicdana əsaslanan şüurdan bəhrələnir və hərəkət edir. Vicdan, hər bir fərd üçün müəllim rolunu oynayaraq insana əxlaqi vicdanı və onun funksiyalarını təlim edir və bu təlimlərin icra olmasına nəzarəti də üzərinə götürür. Ancaq vicdanın daha yaxşı olması üçün təkcə təlim deyil, burada hüquqi və normativ qaydalara riayət olunması da əsas şərtlərdən biridir. Məhz bu səbəbdəndir ki, təkcə filosof və hüquqşünas filosoflar deyil, siyasətçiləri də mühüm bir sual düşündürmüşdür: necə etmək olar ki, insanları hüquq normalarına və qanunlara itaət etməyə vadar edək? Digər mühüm sual da bundan ibarətdir ki, necə edək ki, insanları məcbur etmədən, onların öz istək və meylləri əsasında qanunlara tabe olmasına nail olaq? Sualdan tam aydın olur ki, hüquq normaların qəbul olunmasında və yerindəcə səmərəli işlənməsində təkcə hədd və məcburiyyət deyil, burada etik meyarların – vicdanın da olması əsas şərtdir. Çünki hüquqi doktorinaların hamısı bu nəticəyə gəlmişlər ki, əgər qanunlar etik meyar və prinsiplərə uyğun olarsa, belə olan halda həmin qanunlara itaət etmək zəruridir, (21.s. 123) həmçinin, nə qədər ki, qanunlar yazılan qanunların prinsipləri ilə birlikdə olarsa, insanlar buna daha çox əməl edəcəklər.Lakin bu həqiqətdir ki, qanunlar həmişə ədalətli olmur, belə olan halda həmin qanunlara itaət etmək olarmı? Təbii ki, qanunların ədalətli, insaflı olmasında vicdanın və vicdani prinsiplərin olmasına ehtiyac vardır. Əgər vicdan və onun prinsipləri olmasa mülki itaətsizlik yaranar ki, bunlar da birbaşa olaraq normativ qanunlara nəinki təsir edir, hətta onu aradan aparır. Nəzərə almaq lazımdır ki, mülki itaətsizliyin kökündə təkcə ədalət, insaf prinsiplərinin olmaması deyil, burada vicdan hissinin olmaması da mülki – vətəndaş itaətsizliyinə səbəb olur. Yeri gəlmişkən onu da qeyd etmək yerinə düşərdi ki, mülki itaətsizlik müasir hüquq fəlsəfəsində tədqiq olunan mühüm mövzulardan biridir ki, müasir dövrdə Liberalizim təlimləri əsasında yaranmışdır, amma onun izlərini qədim yunan mütəfəkkirlərinin əsərlərində də görmək mümkündür (22.p. 14).Bu haqda müxtəlif məktəblərdə bəhs olunsa da ancaq “mülki itaətsizlik” termini ilk dəfə Amerikalı idealist, filosof və yazıçı Henri Devid Toro (Henry David Thoreau: 1817-1862) tərəfindən 1849-cu ildə işlədilmişdir (23. p. 28 & 29). Henri Devid mülki itaətsizliklə (vətəndaş itaətsizliyi) bağlı müxtəlif tutarlı yazıların müəllifi olmuşdur. Bəzi mənbələr hətta iddia edirlər ki, məhz bundan sonra mülki itaətsizlik mövzusu filosofların, hüquqşünasların və siyasət alimlərinin əsərlərində daha çox görünməyə başladı və müzakirəyə səbəb oldu (24.p. 33).Mülki itaətsizlik təkcə müəyyən bir dövrdə deyil, müxtəlif dövrlərdə də mövcud olmuş və insanlar çalışmışlar ki, vicdan hissindən və onun ictimai prinsiplərindən istifadə etməklə qarşıya çıxan problemləri həll etsinlər; vicdan təkcə problemlərin həlli deyil, ən əsası vətəndaşı mülki itaətsizlikdən qoruyur və düz istiqamətə yönəldir. Onda belə nəticəyə gəlmək olar ki, insanlar üzərində hakim olan bütün qaydaları ümumi vicdanda axtarmaq lazımdır. Vicdan həmçinin ədalətin funksiyasını yerinə yetirir; əgər fərd ədalət barədə danışırsa (çünki insaf və vicdan ədalətin funksiyalarını yerinə yetirir), gərək bundan sonra ictimai ədaləti hüquqi qaydaların bazası hesab etsin (25. s. 100).
Vicdanın fəlsəfi, hüquqi və ictimai prinsiplərindən bəhs edərkən islam alimlərinin də bu barədə fikirlərinə diqqət etmək zəruridir. İslam dinində vicdan fitrətlə bağlı olan bir məsələdir ki, insanın ruhu ilə sıx bağlılığı vardır.Vicdan bir neçə hissədən ibarətdir və bunların da özünə xas funksiyaları vardır, daha aydın desək, vicdan iki hissədən ibarətdir: ümumi və xüsusi (fərdi, nəfsani). İslam dini vicdanın ikinci növü ilə (fərdi, nəfsani) mübarizə aparmış, lakin ümumi vicdanın etik və ictimai prinsiplərini əsas hesab etmişdir. İslam mütəfəkkirləri vicdanın etik, hüquqi, ictimai prinsiplərindən bəhs edərkən daha çox ümumi vicdana istinad etmişlər. Onların nəzərində ümumi vicdan dedikdə, yalnız insanları sevmək və onlara qayğı göstərmək deyil, burada əsas məqsəd, insanla bağlı olan hər bir şeyi sevmək, bütün hallarda əməldə və inkişaf yolunda mövcud olan maneələri aradan qaldırmaqdır (26.s. 260).Təbii ki, burada mütəfəkkirlər etika ilə bağlı olan vicdana (əxlaqi vicdan) işarə edirlər. Onların nəzərində, əxlaqi vicdan daha üstün olaraq təfəkkürlə (noetic, rasional conscience) bağlılığı vardır; vicdan hissi yaxşı və pis əməllər arasında olan fərqin göstəricisi, bunlara nəzarət etməklə yanaşı həm də “yaxşılığa meyl” və “şərə nifrət” xüsusiyyətlərinə malikdir (27. s.181-185).Vicdanla bağlı olan digər məsələləri daha dərindən bilmək üçün aşağıdakı mövzulara diqqət edək.
4.1.1. Hüquq normalarının yaranmasında və inkişafında vicdanın rolu.Hüquq normalarının yaranmasında və inkişafında vicdanın rolu dedikdə, burada normativ haqları, davranış qaydalarını, insana mənsub olan vəzifələri, öhdəlikləri, təşkilatları, ictimai nəzarəti, ədalət prinsiplərini, həmçinin insan həyatı üçün zəruri olan bütün normativ prinsipləri müəyyən etmək, bunların ictimai səlahiyyətini müəyyənləşdirmək nəzərdə tutulur. Hüquq normalarının yaranmasında və inkişafında vicdanın rolundan bəhs edərkən ilk olaraq etika və hüquq arasında olan əlaqəyə diqqət etmək lazımdır, çünki etik dəyərlər vicdan hissinə bağlıdır; qarşımıza mühüm bir sual çıxır: etika necə yaranır və bunun mənşəyi haradan qaynaqlanır? Etik dəyərlərin yaranma səbəblərini araşdırdıqda hüququn bir çox məsələləri aydınlaşır. More Tomas etik dəyər və əxlaq prinsipləri arasında fərqin oluğuna diqqəti çəkərək yazır: “etik dəyər əxlaq prinsiplərdən daha çox vicdan hissinə, vicdani çağırışa əsaslanır” (28. p. 218). Burada sosioloqlar da etikanın bəzi xüsusiyyətlərinə (yekdillik, həmfikirlik, fədakarlıq) diqqəti yönəltmiş, bu xüsusiyyətlərin yaranmasının əsas səbəbini insanın sosial təbiəti ilə əlaqəli olduğunu bildirmişlər. Çünki onların nəzərində birgə yaşayışın – həyatın tələblərini anlamaq vicdanla bağlı olan istək və meyldir; yekdillik, həmfikirlik və fədakarlıq kimi etik xüsusiyyətlər vicdanın tələbləri olaraq həm də onun funksiyasıdır. Burada Boehmin fikrinə də diqqət etmək yerinə düşərdi. O, sosial əxlaq qaydalarının yaranması, vicdanın birgə yaşayış kontekstində necə ifadə edildiyi – rolu və xüsusiyyətləri barədə belə yazır: “vicdan insanın ictimai problemlərdən uzaq olması üçün müxtəlif yollar axtarır; vicdan, yəni qrupun – ictimai kütlənin (bir fərdin qaydaları pozmaq halları istisna olmaqla) tələb və qaydalarına əməl etmək deməkdir. Məhz buna görə də özünü dəyərləndirmək, fərdi olaraq özünü idarə etmək, sosial hadisələr qarşısında düz yoldan çəkinməni, hər hansı bir qanun pozuntusunu (qaydaların pozulması, etikaya zidd olan hərəkətlər) və bunun cəzalandırılması kimi digər halları şərh edərkən mən “vicdan” sözünü texniki olaraq işlədirəm (29. pp. 319-352). Boehmin fikri bunu deməyə əsas verir ki, vicdan daxili bir hisdir; insan bunun vasitəsi ilə lazım olan məlumatları əldə edir, agah olur və ictimai həyatın üzvü olaraq özünü dəyərləndirmə, fərdi olaraq idarə etmə funksiyalarını (gərək olsun) yerinə yetirməklə birgə yaşayış tərzini qəbul edir, həmçinin etik dəyərləri daha da inkişaf etdirərək gələcəkdə baş verəcək hər hansı bir qanuna zidd əməlin, ictimai pozuntunun qarşısını alır və bundan çəkindirir.Ümumiyyətlə, vicdan elə bir qüvvədir ki, insan bu qüvvəni istəyəndə yaranır; insan istəsə ki, vicdan hissinə əsasən qərara gəlsin və nəticə çıxartsın təbii ki, belə bir halda vicdani hiss insanda yaranır.Vicdan hissi təbii bir qüvvə olaraq insanda yalnız təlim və tərbiyə əsasında inkişaf edərək formalaşır. Bu hiss baş verən hər hansı bir vəziyyətdən əvvəl, vəziyyət zamanı və vəziyyətdən sonra özünü göstərir. Vicdanın fəlsəfi, hüquqi və ictimai prinsiplərini, həmçinin hüquq normalarının yaranmasında və inkişafında roluununəzərə alaraq aşağıdakı bəndlərdə belə nəticəyə gəlmək olar:
a).Bioloji qaydalarla təsdiq olunmuş vicdan ibtidai dövrdən başlayaraq müasir dövrümüzə qədər etik, əxlaqi və mənəvi dəyərlər göstəricisi və istiqamətvericisidir ki, məhz bunun vasitəsi ilə cəmiyyət üzvləri birlik, həmrəylik və müttəfiqlik yaradaraq, yersiz və lazımsız rəqabəti aradan qaldıraraq daha uğurlu bir kollektiv həyata – birgə yaşayışa sahib ola bilərlər; başqa sözlə desək, vicdan normal, bioloji və texniki qaydaları, etik, əxlaqi, sosial və insani – humanist dəyərləri aşılayır.
b).Vicdanlılıq (vicdanlı olmaq) bioloji qaydalardan daha müstəqil olaraq, cəmiyyətinəxlaq qaydaları adlanan digər qaydalar formasında, sosial münasibətlərdə – dostluqda, birlikdə, həmrəylikdə, müttəfiqlikdə və etik prinsiplərin inkişafında sabitlik yaradır və təhlükəsizliyi təmin edir. Bu qaydalar fərd və cəmiyyət üçün hüquq və məhdudiyyətləri müəyyənləşdirir, qarşıdurmaların meydana gəlməsininin qarşısını alır və bu qarşıdurmaların, ixtilafların həll olunmasını təmin edir.
c).Vicdan insanların təcrübə və əcdadlarının vasitəsilə qazandıqlarını, həmçinin cəmiyyət üzvlərinin qorunması üçün təməl əhəmiyyəti olan məsələləri tanıtdırır, cəmiyyətin dəyərləri kimi qəbul edilir və insanları daxilən qorumaq, sosial qaydalara riayət etməyə istiqamətləndirir, hətta məcbur edir. Birlik, həmrəylik və müttəfiqlik kimi qaydaların formalaşması kollektiv vicdanın təkamülü, inkişafı nəticəsində yaranır.
ç).Vicdan sosial həyatda və bioloji qaydaların işlənməsində ədalət anlayışına üstünlük verir, həmçinin ədalətin ehtiyac və zəruriliyinə uyğun olaraq bəzən xüsusi qaydaları təşviq edir, bəzən isə bunların yaranmasına zəmin yaradır.
d).Vicdanhakim və məhkəmə orqanlarının yaranmasında təməl rolunu oynayır; məhkəmə orqanları, onların zəruri hökmləri ağıl və şüurun köməyi ilə hakimin verdiyi hər hansı bir qərardan əvvəl tətbiq olunur.
e).Vicdan qanundan kənar, qanuna riayət etməyən hakimiyyətdə ədalətsiz və etikaya uyğun olmayan əməlləri dəyişmək, düz istiqamətə yönəltmək üçün güc və iradəsini ortaya qoyur; daha ədalətli qaydalara söykənən və bunları tətbiq edən başqa bir ədalətli, insaflı, vicdanlı qurum yaratmaq üçün siyasi quruluşu dəyişdirmək qərarını verir.
ə).Vicdan kütləvi ünsiyyətdə fərdi ehtiyaclardan şəxsin layiq və lazım olduğu sübutların anlaşılmasını yaradır, həmçinin birgə yaşamağı təmin etməkdən ötrü bütün cəmiyyət üzvləri üçün ortaq, müştərək dəyərlərin müəyyən hədd əsasında dərk olunmasını təmin edir ki, bu sübutlar fərdi və sosial (ictimai, mülki) hüquq adlanır. Ancaq haqların həddini tərif və təyin edərkən, digər vicdanı nəzərə almadan fərdi vicdana bağlanmaq olmaz, çünki digər vicdanı nəzərə almaq kollektiv vicdanın yaranmasına zəmin yaradır. Kollektiv vicdan fərdi vicdanları bir araya gətirərək ortaq bir dəyər yaratmaqla fərdi və sosial (ictimai, mülki) hüququ rəsmi olaraq tanıyır və təmin edir.
5.Vicdan və ədalətin nisbəti, oxşar və fərqi xüsusiyyətləri
Vicdan və ədalət arasında oxşar və fərqli cəhətlərdən bəhs edərkən bəzən vicdan və ədalətin nisbətini, bəzən isə oxşar və fərqli xüsusiyyətlərini müşahidə edirik. Bunlarbir-birilə bağlı olduğu üçün vahid bir sistemdə – etika və hüquqda birləşir. Burada məqsəd və hədəf bir olsa da, ancaq vicdan və ədalət məfhum və məna baxımından fərqli bir xüsusiyyətə malikdir. Əvvəlki paraqraflarda vicdanla bağlı olan mövzunu təhlil edərkən qeyd etdik ki, vicdan mühüm bir xüsusiyyət olduğu üçün filosoflar, xüsusilə Kant bu mövzuya diqqət etmişdir. Onun nəzərində ağıllı və vicdanlı insan səy göstərir ki, qəbul olunan əməllərə sahib olsun. Lakin nəzərə almaq lazımdır ki, vicdan hissini aşkara çıxaran, onu məlum edən təbii ki, qanunlardır. Məhz qanunların mövcudluğu əsasında vicdan və ədalətin nisbəti, oxşar və fərqli xüsusiyyətləri özünü göstərir. Vicdan elə bir hisdir ki, buna güc və ya məcburi bir vəziyyətlə sahib olmaq mümkün deyil, bu, insanın öz daxili istəyindən irəli gəlir; ədalət də insanın daxili qüvvələrinə əsaslanır, amma ədalətdən fərqli olaraq vicdan elə bir hissdir ki, insan məhz bu hissə görə etik dəyərlərə sahib olan bir varlıq hesab olunur.
Vicdan və ədalət arasında olan nisbəti, oxşar və fərqli xüsusiyyətləri müəyyən etmək üçün bir daha bunların lüğəti mənalarına diqqət etmək olduqca zəruridir. Çünki vicdan “axtarmaq”, “tapmaq”, “çatmaq”, “ələ gətirmək”, ingilis dilində isə “conscience” sözü olaraq “batin”, “qəlb” və “şüur” mənalarını bildirir. Amma hüquqi mətnlərdə isə vicdan daxili və ruhani hiss, yaxşı və pis əməlləri bir-birindən ayıran gəstərici olaraq tanıdılır; bəzən isə vicdan mücərrəd bir məfhum olaraq tərif olunur. Latviya əsilli İngilis ictimai-siyasi nəzəriyyəçi, filosof Berlinin (Sir Isaiah Berlin: 1909-1997) fikrincə, ədalətdən fərqli olaraq vicdan mücərrəd bir məfhumdur və onu dərk etmək çox çətindir (17. p. 141-142). Vicdan daha çox məsuliyyət hissinə və məsələnin necə yerinə yetirilməsinə diqqət edir; yəni bu elə bir hisdir ki, öhdəsində olan vəzifəni tələb olunan formada yerinə yetirilməsinə səy göstərir və çalışır ki, bunun öhdəsindən layiqincə gəlsin. Lakin ədalətlüğətdə və mövzuda işlənmə mənalarına görə vicdandan fərqlidir;ədalət “bərabərlik”, “tarazlıq” və “istiqamət” bildirir. (Bunların mənbəyi yuxarıda göstərildiyi üçün təkrar yazmağa ehtiyac duymuruq). Ədalət eyni zamanda “hər hansı bir işi düzgün yerinə yetirmək”, “düz yola gətirmək”, “istiqamətləndirmək”, “düzgün hesab etmək” və digər mənalarda da işlədilir. Filosoflar və moralistlər ədalətə təkcə hüquq çərçivəsində deyil, həm də məfhum və məna baxımından diqqət etmişlər. Onların nəzərində, ədalət üsul və prinsip göstəricisi olaraq haqq və ədalətin qarşlılıqlı münasibətini müəyyənləşdirir, ona ehtiram və əməl olmasını tələb edir. Əgər ədalət hər hansı bir şeylə bağlılığı olarsa “bərabərlik” və “düzgünlük” mənasını bildirir, əgər fərdə nisbət verilərsə, onda fəzilət hesab olunacaq(30. s. 34, 53).Göründüyü kimi vicdan və ədalət hər ikisi daxili hiss olmaqla biri məsuliyyət (vicdan) hissini, digəri isə (ədalət) məsuliyyət hissindən əlavə, həm də fərdə mənsub olan üstün xüsusiyyətlərə aiddir. Ola bilər bir insan məsuliyyət hissinə sahib olsun və tapşırılan vəzifənin öhdəsindən gəlsin, amma ədalətin tələb olunan funksiyalarını unutsun və ya yerinə yetirməkdə çətinlik çəksin. Çünki ədalət təkcə bərabərlik, düzgünlük və ya hər hansı bir işi düzgün yerinə yetirmək deyil, bu məsələnin görünən – zahiri tərəfləridir, ədalət hissi ilk olaraq insanın daxilindən gəlməlidir, çünki bu daxili istək və ya meyl insanın əməlləri ilə yanaşı düşüncəsinə də nəzarət edir. Təbii ki, bəzi sosioloqlar ədalətin ümumi vicdandan yarandığını da iddia edirlər,amma ədalətə mənsub olan üstün xüsusiyyətlər (fəzilətlər) ümumi vicdanla müqayisə oluna bilməz.Vicdan və ədalətin nisbəti, oxşar və fərqi xüsusiyyətlərilə bağlı digər mühüm məsələ,vicdan prinsiplərinin ədalət və insafa təsiridir.
5.1. Vicdan prinsiplərinin ədalət və insafa təsiri. Vicdan və ədalətin nisbəti, oxşar və fərqi xüsusiyyətlərini təhlil edərkən vicdan prinsiplərinin ədalət və insafa təsirini də unutmaq olmaz, çünki qanunların ədalətli olmasında, hakimlərin çıxartdığı qərarlarda vicdan prinsiplərinin ədalət və insafa təsirinin şahidi oluruq; buna görə də mühüm suallarla üzləşirik: qanunların ədalətli, insaflı olmasında və hakimin verdiyi hökmlərdə vicdan prinsiplərinin mövcudluğuna ehtiyac varmı? Qanunvericilik prosesində təkcə ədalət və insafın olması kifayətdirmi, yəni burda əlavə olaraq vicdan prinsiplərinə ehtiyac yoxdurmu? Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, hətta ədalət və insaf olsa belə əgər vicdan prinsipləri olmasa ictimaiyyətdə itaətsizlik yaranar, bunun da nəticəsində normativ qanunlara zərər dəymiş olar, hətta aradan gedər. İctimai itaətsizliyin yaranmasında təkcə ədalət və insaf prinsiplərinin olmaması deyil, burada ən əsası vicdan hissinin olmaması əsas səbəblərdən biridir. Əgər ədalət və insaf insanı qanuna tabe olmağa sövq edirsə, bu, vicdani prinsiplərdən qaynaqlanır. Çünki vicdani prinsiplər insanda ədalət, insaf duyğularını yaratmaqla, həm də bunlara (ədalət və insafa) təsir göstərərək insanı düz yola istiqamətləndirir. Təbii ki, bunların üçünün də birlikdə olması cəmiyyətin inkişafı və tərəqqisidir, amma bir çox hallarda bunlar (ədalət, insaf və vicdan) birlikdə deyil, ayrı-ayrılıqda olur və elə buna görə də verilən qərarlarda, çıxarılan hökmlərdə oxşar və fərqlilik, bəzən isə ziddiyyətlər yaranır. Vicdan prinsiplərinin üstünlüyü ədalət və insafla birlikdə olmasındadır; vicdan daim insanda ədalət və insaf hislərini yaratmağa səy göstərməklə, həm də bunlara təsir etməsidir. Məhz buna görə də vicdan “axtarmaq”, “tapmaq”, “çatmaq”, “ələ gətirmək” mənalarını bildirir. Vicdan insanların təbii istəyindən, ictimai həyatından qaynaqlanan daxili bir qüvvədir ki, ədalətə və insafa təsir etmək qabiliyyətinə malikdir. Bu, elə bir qüvvədir ki, insan və toplu arasında əlaqələr yaradır, həm hüquq, həm də etik, əxlaq normalarını insanın hiss və duyğularına əsasən müəyyənləşdirir; vicdan qəlb və şüur vasitəsilə ədalət və insafa təsir edərək, həm də insanın batini duyğularına nüfuz edən çox güclü bir hissdir.
Nəticə. Mövzunutədqiq və təhlil edərkən belə nəticəyə gəlmək olar ki, etika ilə bağlı olan üç kateqoriya (ən üstün əxlaq, ictimai əxlaq və dövlət əxlaqı) etika və hüquq arasında xüsusi fəaliyyətə malik olmaqla yanaşı həm də bir-birinə təsir etmə funksiyaları vardır. Bu funksiyalar həm ayrı-ayrılıqda, həm də birlikdə özünü etik və ictimai məsuliyyət baxımından daha çox göstərir. Etik və ictimai məsuliyyət əxlaqi vəzifə olaraq insanın təkcə ictimai fəaliyyətini deyil, həm də onun şəxsiyyət kimi formalaşmasında mühüm amil hesab olunur. Etik və ictimai məsuliyyəti anlamaq və onutətbiq etmək üçün hüquq normalarına ehtiyac vardır. Buna görə də insan bu məsuliyyətin öhdəsindən gəlmək üçün qanunla birlikdə hərəkət etməli və qanunun tələblərinə əməl etməlidir. Təbii ki, etik və ictimai məsuliyyətlə yanaşı vicdanın mövcudluğu da əsas şərtlərdən biridir. Vicdan əxlaqın seçilmiş xüsusiyyətlərindən biri olaraq məsuliyyətin yerinə yetirilməsinə nəzarət edir. Vicdan yalnız qanun olan halda özünü göstərir, yəni vicdanın funksiyası qanunların mövcudluğu ilə əlaqədardır. İnsan o zaman vicdan hissi keçirir ki, hər hansı bir məsələ qanundan kənar olmuş olsun, bu zaman insan daxilən narahat olur və vicdan əzabı çəkir. Vicdan çox güclü bir hissdir ki, insanın daxili tələbatından və istəyindən irəli gəlir. Bu hiss təbii bir qüvvə olmasına baxmayaraq, daha mükəmməl formalaşması üçün təlim və tərbiyəyə ehtiyacı vardır. Vicdanın əsas funksiyası insan haqqında mühakimə yürütməkdir, yəni bu hiss münasibətlərdə özünü araşdırır və mühakimə edir. Burada insan dedikdə, daxilində vicdan hissinə əməl edən insan nəzərdə tutulur.Bundan əlavə, hüquq normalarının yaranmasında və inkişafında vicdanı kollektiv formada müşahidə edirik, çünki vicdan həm fərdi, həm də kollektiv olaraq inkişaf etdirilə bilər. Digər tərəfdən isə vicdan ədalətlə də sıx bağlılığı vardır, ancaq buna baxmayaraq bunların arasında bəzən oxşar, bəzən də fərqli cəhətləri müşahidə edirik. Təbii ki, oxşar və fərqli cəhətlərin olmasına baxmayaraq hər ikisi qanunların yranmasında və işlənməsində mühüm təsirə malikdir. Vicdan və ədalət etik və ictimai məsuliyyətlə yanaşı həm də fərdə mənsub olan üstün xüsusiyyətlərə malikdir.
Qeyd olunanlara əlavə olaraq demək olar ki, insan mədəni – sivil bir varlıqdır; ictimaiyyət tək-tək insanların varlığından ibarətdir.Cəmiyyətdəki hər bir fərdlə bütün cəmiyyət arasında qarşılıqlı əlaqə mövcuddur ki, bu da cəmiyyət və fərdlər arasındakı münasibətləri qanuniləşdirir (legal).İctimaiyyətdə mövcud olan qanunlar cəmiyyətdə qanunvericilyin tələblərindən irəli gəlir, cəmiyyətdə təkcə hüquq qaydaları deyil, etik qaydaların da olması nəinki zəruri,hətta vacibdir, çünki cəmiyyətdə hüquq və qanunların mövcudluğu təkcə öhdəliklər və vəzifələrlə deyil, burada etik normaların da olması ictimai bir tələbatdır. Etika, hüquq, qanunlar, öhdəliklər və vəzifələr bir-biri ilə vəhdət təşkil edərək,həm də etik və ictimai məsuliyyət tələb edir.Bütün bunlar təkcə ictimaiyyətdə deyil, həmçinin mütləq vücud (ilahi varlıq) qarşısında da məsuliyyət daşımaq deməkdir.
Azərbaycan, ingilis, ərəb və fars dillərində istifadə edilmiş ədəbiyyatlar
Qurani-Kərim (ayələrin tərcüməsi məqalə müəllifinə məxsusdur)
1.Nasir Katuzian. Hüququn fəlsəfəsi: hüququn tərifi və mahiyyəti. Tehran: Nəşr Səhmdar Cəmiyyəti, c. 1, h. ş. 1388/2009 m., 796 s.
2.Nasir Katuzian. Əxlaq və hüquq. Tehran: Elm və Texnologiyada etik rüblük jurnal. № 1 və 2, h. ş. 1386/2007 m., 84-88 s.
3.Friedrich C. J. The Philosophy of Law in Historical Perspective. Chicago: The University of Chicago Press, 1969, 305 p.
4.Əhməd Səyyah. Səyyahın yeni böyük lüğəti: ərəb-fars dilində. Tehran: İslam kitab satışı, h. ş 1373 /1994 m., c. 1, s. 1916 s.
5.Misabh Yəzdi. Etikanın əsası: əxlaq fəlsəfəsində metod. Qum: Təhsil müəssisəsi, h. ş. 1387/2008 m., 312 s.
6.John M. F. Recent Work on Moral Responsibility. Journal of Ethics. Published By: The University of Chicago Press, 1999, vol. 110, No. 1. 93-139 pp.
7.Əbdül Rəhman Bədəvi. Nəzəri etika. Küveyt nəşr mətbəəsi, h. q. 1395/1975 m., 288 s.
8.Əhməd Əli Haşimi. Mülki məsuliyyət. Tehran: imam Sadiq (ə) Universiteti, h. ş. 1389/2010 m., 332 s.
9.Nasir Katuzian. Mülki hüquq: müqavilədən kənar öhdəliklər. Tehran: Tehran Universiteti, h. ş. 1385/2006 m., c.1. 1064 s.
10.Mehdi Kiniya. Kriminologiyanın əsasları. Tehran: Tehran Universiteti, h. ş, 1386/2007 m., c. 2. 1216 s.
11.Nasehəddin Əbul Fəth Əbdul Vahid Amedi. Gurərul hikəm və dürrul kəlam. Naşir: əl-məktəbətul islam, h. q. 1438/2016 m., c. 4, 572 s.
12.Həsən bin Yusif bin Mutahhar Halli. Kəşful mərad fi təcridul etiqad. Qum: Müəllimlər Cəmiyyəti, h. q.1407/1986 m., 592 s.
13.Him Suleyman. Fars-ingilis dilində lüğət. Tehran: Buruxim, h. ş. 1349/1970 m., c. 2. 1311 s.
14.Misbah Yəzidi, Məhəmməd Tağı. Əxlaq fəlsəfəsi. Tehran: Məlumat, h. ş. 1374/1995 m., 200 s.
15.Vilyam C. Çitik. İslam fəlsəfəsinin ruhu. Əfzələddin Kaşaninin təlimlərində özünü axtarma. Fars dilinə tərcümə edən: Şahabəddin Abbasi. Tehran: İnci, h. ş. 1391/2012 m., 560 s.
16.Mürtəza Mütəhhəri. Əsərlərinin toplusu, c. 13, Tehran: Sədra, h. ş. 1373/1994 m., 942 s.
17.Berlin Isaiah. The Crooked Timber of Humanity, Princeton, University Press. 2013, 384 p.
18.Manuçehir Sanei, Dareh-Bidi. Kantın təfəkküründə insanın yeri. Tehran: Qaqnus, h. ş. 1394/2015 m., 152 s.
19.Kant İmmanuel. Əxlaq fəlsəfəsi dərsləri. Fars dilinə tərcümə edən: Manuçehir Sanei, Dareh-Bidi. Tehran: Nəqş və Neqar, h. ş. 1396/2017 m., 70-77 s.
20.Mərziyyə Asterki. Vicdanın formalaşması və bu formalaşmanın davamlı olmasının necəliyi. Tehran: Mədəniyyət Mühəndisliyi Aylığı, üçüncü il, № 31-32, h. ş. 1388/2009 m., 70-77 s.
21.Durkin,Ronald. Haqq və məqsədəuyğunluq baxımından hüquqların ayrılması. Fars dilinə tərcümə edən: Məhəmməd Rasix. Tehran: Tərh-e nu, h. ş. 1381/2002, 304 s.
22.Huijun Liu. Towards the Reconcilation of Civil Dsobedience and Democracy. Unpublished dissertation, National University of Singapore. 2010, 305 p.
23.Thoreau, Henry David. Civil disobedience, civil disobedience in focus. Hogu Adam Bedau (editor). London and New York: Routledge, 20022, 217 p.
24.Ben-Noon Chemi. Civil disobedience: The Israeli Experience, Minnesota: Paragon House, 2015, 304 p.
25.Paşayeva Ə. N. Hüququn fəlsəfəsində ədalət məfhumunun fəlsəfi və hüquqi təhlili. Bakı Universitetinin xəbərləri, sosial-siyasi elmlər seriyası. “Bakı Universiteti” № 3, Bakı: 2015, 98-107 s.
26.Mürtəza Mütəhhəri. İslamda təhsil və təlim. Qum: Sədra, h. ş. 1370/1991, 452 s.
27.Misbah Yəzdi, Məhəmməd Tağı. Qurani-Kərim baxımından cəmiyyət və tarix. Tehran: İslam Təbliğat Təşkilatı, h. ş. 1391/2021 m., 456 s.
28.Moore T. The soul’s religion: Cultivating a profoundly spiritual way of life. New York: Harper Collins, 2012, 320 p.
29.Boehm Christopher. Purposive Social Selection and the Evolution of Human Altruism, Cross-Cult. 2008, Res. 42: 319-352 pp.
30.Əbu Əli Əhməd bin Yaqub Meskeviya Razi. Əxlaqın saflaşması. Beyrut: Darul-məktəbətul həyat, h. q.1411/1991 m., 200 s.
“Heydər Əliyev ili”nə həsr edilir. AMEA Gəncə Bölməsi. Xəbərlər Məcmuəsi.
“İctimai və humanitar elmlər” seriyası. № 1 (5), “Elm” nəşriyyatı. Gəncə- 2023. s. 150-164.