24.02.2023, 10:38 - Baxış sayı: 127

AMEA-nın müxbir üzvü Könül Bünyadzadə Əbu Dabidə təşkil olunan Qadınların Qlobal Sammitində iştirak edib


AMEA-nın müxbir üzvü Könül Bünyadzadə Əbu Dabidə təşkil olunan Qadınların Qlobal Sammitində iştirak edib AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə 21-22 fevral 2023-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabidə təşkil olunan Qadınların Qlobal Sammitində iştirak edib.
“Sülhün bərqərar olması, sosial inteqrasiya və rifahın təmin edilməsində qadın liderlərin rolu” mövzusunda keçirilən sammit Birləşmiş Ərəb Əmirliyinin Qadınlar Birliyinin sədri, Analar və Uşaqlar üzrə Ali Şuranın prezidenti, Ailə İnkişafı Fondunun Ali sədri Əlahəzrət Şeyxa Fatimə bint Mübarəkin dəstəyi ilə Dünya Müsəlman İcmaları Şurası və BƏƏ-nin Qadınlar Birliyi tərəfindən təşkil edilib.
Qadınların səsvermə hüququ əldə etməsinin 100 illiyinə və XX əsrin əvvəllərindən başlayaraq qadınların ictimai həyatda rolunun artırılmasına həsr olunmuş sammitdə 100-dən çox ölkədən gələn nümayəndələr iştirak ediblər.
İki gün davam edən tədbirdə “Davamlılıq, xeyriyyəçilik və yoxsulluğun aradan qaldırılması”, “Təhsil və elmdə qadın liderliyi”, “Parlament və Diplomatiyada qadın liderliyi”, “İncəsənət və mədəni irsdə qadın”, “İqtisadiyyatın və davamlılığın inkişafında qadının rolu” və s. əhəmiyyətli mövzular ətrafında müzakirələr aparılıb.
Tədbirin “Qadın düşüncə mərkəzləri və siyasi məsləhətçilər” mövzusu üzrə təşkil olunmuş seksiya iclasında məruzə ilə çıxış edən AMEA-nın müxbir üzvü Könül Bünyadzadə əvvəlcə Azərbaycanın inkişaf tarixində qadının yeri və rolu haqqında geniş məlumat verib. O, dövlət quruculuğunda, milli-mənəvi dəyərlərin qorunmasında və təbliğində qadınların əvəzsiz xidmətlərindən danışıb. Məruzəçi bu işdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək nümunə olduğunu vurğulayıb. Əlavə edib ki, Azərbaycan qadını həm əlində silah döyüşçü kimi vuruşmağa, həm də yumşaq güc olub Azərbaycanın səsini dünyaya çatdırmağa qadirdir.
K.Bünyadzadə məruzə ətrafında gedən müzakirələrdə iştirakçılara Şərq və Qərb dəyərlərini özündə ehtiva etməyi bacarmış Azərbaycan qadını haqqında əlavə məlumat verib, dövrün mənəvi və əqli böhranının həllində onun potensialının və düşüncəsinin əhəmiyyəti barədə vacib məqamlara toxunub.