21.02.2023, 10:10 - Baxış sayı: 137

“Əbədi dəyərlər və daim dəyişən dünya” beynəlxalq simpozyumu


“Əbədi dəyərlər və daim dəyişən dünya” beynəlxalq simpozyumuAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli 16-18 fevral 2023-cü il tarixlərində Gürcüstan Milli Elmlər Akademiyasının dəvəti üzrə Beynəlxalq Simpozyumda iştirak etmək üçün Tiflisdə ezamiyyədə olmuşdur. Bütün Gürcüstanın Katalikos-Patriarxı, Zati-Müqəddəsləri II İlianın anadan olmasının 90 illiyinə və onun kilsə hakimiyyətinə gəlməsinin 45 illiyinə həsr edilmiş “Əbədi dəyərlər və daim dəyişən dünya” mövzusundakı Simpozyumu giriş sözü ilə açan Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti, akademik Georgi Kvestitadze Azərbaycan, ABŞ, Lixtenşteyn, Belarus, Litva, Almaniya, Yunanıstan, Livan, Rumıniya, İsrail və Polşadan dəvət edilən qonaqları, həmçinin gürcü elm və din xadimlərini salamlamışdır. Akademiyanın vitse-prezidenti, akademik Roin Metreveli Katalikos-Patriarxı II İlianın həyatı və dini rəhbərlik yolu barəsində məruzə etmişdir. Məruzəsinin sonunda Gürcüstanın elm və din xadimlərinin azərbaycanlı həmkarları ilə sıx əlaqələrindən danışaraq bunu yüksək qiymətləndirdiklərini ifadə etmişdir. O, AMEA prezidenti, akademik İsa Həbibbəylinin bu simpozyumda iştirak etməli olduğunu, lakin Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar Azərbaycan Milli Məclisindəki müzakirələrlə əlaqədar gələ bilmədiyini iştirakçılara bildirmişdir.
“Əbədi dəyərlər və daim dəyişən dünya” beynəlxalq simpozyumuSimpozyumda E.Mədətli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin adından təbrik sözü demiş, Zati-Müqəddəsləri II İlianın sağlığı, qardaş gürcü xalqının rifahı və inkişafı üçün onun təbriklərini və xoş arzularını səsləndirmişdir.
“Əbədi dəyərlərin milli-mənəvi dəyərlərlə əlaqələndirilməsinin Azərbaycan təcrübəsi” adlı məruzə edən və sessiya iclaslarından birinə moderatorluq edən E.Mədətli ölkəmizdə ahəngdar şəkildə formalaşan dövlət-din münasibətlərindən, əbədi dəyərlərin, xüsusən də, dini dəyərlərin, hansı dinə aid olmasından asılı olmayaraq, yaşatdırıldığını, qorunduğunu və daim diqqət mərkəzində saxlandığını, onların xalqımızın qədim, zəngin milli-mənəvi dəyərləri ilə ahəngdar əlaqələndirildiyini və məqsədyönlü şəkildə aparılan bu siyasətin dinlərarası və mədəniyyətlərarası dialoqa, bütövlükdə xalqımızın mənəvi birliyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verdiyini vuğulamışdır.
Simpozyumun ilk günü iştirakçılar Tiflisdəki David Baazov Gürcü yəhudilərinin tarixi muzeyində olmuş, Babilistanın işğalı nəticəsində Yerusəlimdən Qafqaza, xüsusən də Gürcastana mühacirət edən yəhudilərin təqribən 2500 illik tarixini izləmişlər. Simpozyumun sonuncu günü iştirakçılar Kaxetiyada məşhur Badbe məntəqəsində yerləşən Müqəddəs Nino monastırında olmuş, eramızın 326-cı ilində Gürcüstanda xristianlığın yayılmasını təşviq və təşkil edən bu müqəddəs xanımın dini fəaliyyətini əks etdirən materiallarla tanış olmuşlar.
E.Mədətli simpozyumda iştirak edən Gürcüstanın və digər ölkələrin bəzi filosofları, tarixçiləri, ilahiyyatçıları ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi əməkdaşlığı barəsində fikir mübadiləsi etmişdir.