19.01.2023, 07:03 - Baxış sayı: 343

20 yanvar- Azərbaycan xalqının qəhrəmanlıq və qan yaddaşı


XX əsrin 80-ci illərinin sonuna doğru keçmiş SSRİ-də baş vermiş proseslər təkcə bu illər meydana gəlmiş milli siyasi problemlərin nəticəsi olmayıb şovinist siyasətin sistemli şəkildə davamı kimi çözülməlidir. Bu siyasətin kökündə dayanan seperatizm, imperiyanın süqutunu sürətləndirdi. Belə şəraitdən sui-istifadə edən ermənilər Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüzün yeni mərhələsinə başladılar. Dağlıq Qarabağın isə münaqişə ocağına çevrilməsində təəssüf ki, o zamankı Rusiya rəhbərliyi şəxsən M.S.Qorbaçov Ermənistana havadarlıq edir, münaqişə ocağını alovlandırırdı. Hələ 1987-ci ildə ortaya atılan qondarma Dağlıq Qarabağ problemi respublikamızın ərazi bütövlüyünə qarşı, vətəndaşların konstitusiya hüquqlarının pozulmasına yönəlmiş cəhd kimi xalqımız tərəfindən pislənmişdir. İmperiya bir yandan sərhədlərimizin toxunulmazlığını rəsmən təsdiq etsə də, digər tərəfdən Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılması haqqında fəal iş aparırdı.
1988-ci ilin mart ayında SSRİ KP MK və Nazirlər Sovetinin verdiyi qərarda muxtar vilayətə müstəsna hüquqlar verilmiş, bir cox məsələlərin həlli isə birbaşa ittifaqın nazirlik və qurumlarına həvalə edilmişdir. Azərbaycan SSR Ali Soveti isə özünün 1988 –ci il 17 iyun tarixli qərarı ilə mərkəzin həmin qərarına təəssüf ki müsbət münasibət bildirmişdir. Az sonra 1989-cu il 12 yanvarda SSRİ Ali Sovetinin “Dağlıq Qarabağda xüsusi idarəetmə forması”nın yaradılması haqqında qərarı A.İ. Volskinin başcılığı ilə Xüsusi İdarəetmə Komitəsinin fəaliyyəti faktiki olaraq Dağlıq Qarabağın Azərbaycan SSR-nin tərkibindən çıxarılmasına yönəlmişdir.
Bundan istifadə edən Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında” qərar qəbul etdi. Bir neçə il ərzində baş vermiş siyasi proseslər azərbaycan xalqına qarşı qərəzli münasibəti açıq göstərirdi. Dağlıq Qarabağ məsələsində o vaxtkı Azərbaycan rəhbərliyinin mərkəzlə sövdələşməsi isə ölkəmizin hər yerində kəskin etirazla, mitinqlərlə qarşılanırdı.
Yanvarın 15-də SSRİ Ali Sovati Rəyasət Heyətinin “Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi digər rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında” verdiyi fərman isə tarixi torpaqlarımızın mənsubiyyətini sual altında qoymağa edilən cəhdlər idi. Həmin dövrdə respublikamıza rəhbərlik etmiş şəxslərin xalqımızın tarixi taleyinə laqeyid münasibəti daxili ziddiyyətləri dərinləşdirmiş, belə çirkin siyasi proseslərin qarşısını almaqda acizlik və qətiyyətsizlik göstərmişdir.
Əslində isə uzun müddət meydan hərakatı adı altında tanınmış müxtəlif təbəqələrin birləşdiyi etiraz dalğası isə bu proseslərin qarşısının alınması zərurətindən yaranmışdır. İlk dəfə olaraq azərbaycan xalqı öz taleyini məhz özü həll etməyə, azadlığını, müstəqilliyini ərazi bütövlüyünü əldə etməyə və qoruyub saxlamaq naminə bir araya gəlmişdir. Lakin bu hərəkat kortəbii şəkildə idarə olunurdu. Fikrimizcə, meydan hərəkatına liderlik edən bir neçə adam eyni məzmunlu çıxışlar edir, azadlığın və müstəqilliyin vacibliyini söyləyir, lakin onun hansı formada əldə ediləcəyini, nə də xalq hərəkatının strategiyasını və gələcək proqramını müəyyən edə bilmirdilər. Burada xalqın güclü vətənpərvərlik ruhundan kortəbii şəkildə istifadə etmək dinc əhalinin, günahsız vətəndaşlarımızın kütləvi şəkildə qırılması ilə nəticələndi. Xalqımıza divan tutmaq, onun mübarızə əzmini qırmaq yolunu seçən keçmiş sovet rəhbərləri 1990-cı ilin 20 yanvarında Bakıda fövqəladə vəziyyət elan etmədən misli görünməmiş vəhşiliklər törətdilər. Vətənpərvərlik hissləri güclü olan xalqımız əliyalın böyük bir imperiyanın silah və texnikanın qarşısına cıxmışdı. Bax bu, əsl qəhrəmanlıq, millətsevərlik idi. Lakin bu prosesin vahid təşkilatlanması və siyasi platforması olmalı idi. Bu isə məsuliyyəti öz üzərinə götürmüş şəxslərin siyasi səbatsızlığı ucbatından mövcud deyildi. Azərbaycan xalqı isə öz suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçməyə hazır olduğunu bir daha dünyaya göstərdi.
Siyasi cəhətdən yetkin olmayan bəzi meydan liderləri şəhərə ordu yeridiləcəyini bilə-bilə insanları sovet tanklarının qarşısına çıxmağa çağırmışlar. Bu cağırış səbr kasası dolmuş, müstəqilliyə can atan qəhrəman bir xalqı əslində bilərəkdən kortəbii şəkildə qırğına vermək idi. Faciənin qarşısını almaq üçün isə o vaxtkı respublika rəhbərliyi əslində heç bir tədbir görməmiş siyasi hüquqi qiymət verməmişdir.
Qanlı hadisələrə məhz Azərbaycan xalqının müdrik oğlu, böyük siyasi xadim Heydər Əliyev dərhal münasibət bildirmiş, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş qanlı cinayəti kəskin pisləmişdir. O dövr üçün çox əhəmiyyətli, həm də cəsarət tələb edən bu bəyanat bir daha Azərbaycan xalqının haqq səsinin dünyaya çatdırılması yolunda çox ciddi addım idi. Respublika rəhbərliyi isə böyük faciənin mahiyyətini hər vasitə ilə ört-basdır etməyə çalışırdı. Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də çağırılmış fövqəladə sessiyasında respublikanın əksər siyasi və dövlət rəhbərlərinin gəlməməsi, şəhidlərin dəfn mərasimində iştirak etməməsi tariximizin təəssüf doğuran səhifələri kimi hər zaman yazılmalı və təhlil edilməlidir Xalq cəbhəsi hakimiyyətdə olarkən də hadisələr öz siyasi qiymətini almadı. Hətta Dövlət İstintaq Komissiyasına təqdim olunmuş dəlil və sübutlar qəsdən Azərbaycandan çıxarılıb aparıldı. Arxiv sənədlərinin bir qismi isə məhv edildi. Yalnız 20 yanvar hadisələrinin lazımınca qiymətləndirilməsi yolunda dövlətimizin başçısı Heydər Əliyevin 5 yanvar 1994-cü ildə verdiyi fərmanla ciddi addımlar atılmış, Milli Məclisə bu hadisələrə tam siyasi hüquqi qiymat verilməsi tövsiyyə olunmuşdur. Milli Məclis bu məsələyə xüsusi sessiya həsr edərək yanvar hadisələrinin əsl səbəblərini açıqlamış, günahkarları aşkar etmiş, yekunda isə hadisəyə tam şəkildə siyasi-hüquqi qiymət vermişdir. Həmin qərarda 20 yanvar faciəsinin Azərbaycan xalqına qarşı törədilmiş cinayət və bütün bəşəriyyətə, hümanizmə və insanlığa qarşı dəhşətli bir əməl olduğu konkret faktlarla göstərilmişdir. Azərbaycan xalqı təcavüzə məruz qalsa da, tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid olmaq əzmini bütün dünyaya nümayiş etdirmişdir. Yalnız bundan sonra hadisələrin elmi baxımdan işıqlandırılması istiqamətində tədbirlər görülmüş, gələcək nəsillərə çatdırılması yolunda ciddi addımlar atılmışdır. Bununla belə, Azərbaycan tarixinin qanla yazılmış səhifəsini daha dərindən öyrənmək, obyektiv həqiqətləri üzə çıxararaq fundamental əsərlər yazmaq hər birimizin vətəndaşlıq borcumuzdur.
Sənan Həsənov
YAP Yasamal rayon Təşkilatı Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi
partiya təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent