09.01.2023, 05:56 - Baxış sayı: 340

Təbiətə zərbə bəşəri cinayətdir


Hüseyn İBRAHİMOV,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, fəlsəfə doktoru, sosioloq

Müasir ekoloji böhranın nüvəsində həm də mənəvi həyatın böhranı məsələləri dayanır (R.Park, ABŞ Çikaqo məktəbi banisi). Xankəndi ətrafında Ermənistanın yaratdığı ekoloji böhran həmin ölkənin mənəvi həyatında olan böhranın dərinliyindən xəbər verir. “Soyuq müharibə”nin bitdiyi mərhələdə Ermənistan silahlı qüvvələri Azərbaycanın tarixi ərazilərini işğal etməklə əvvəlcə xalqımıza – dinc sakinlərə, sonra isə eko-mühitimizə qarşı terrora başladılar. Bu terrorun nəticəsidir ki, azad olmuş ərazilərimizdə bir ev, bir kommunikasiya xətti və yol, bir tarixi-mədəni abidəmiz və bir ağac belə salamat qalmamışdır.
Zəfər müharibəmiz düşmənin xunta rejiminin məğlub edilməsi ilə nəticələndi. Ancaq hələ də Xankəndi və ətraf ərazilərdə gizlənən qanunsuz erməni birləşmələri eko-terroru davam etdirirlər. Xankəndi ətrafında təbii sərvətlərimizi qəsb edirlər, birbaşa eko-mühitə ziyan vuran metodlara əl atırlar.
Hazırda Qarabağda Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan sosial quruculuq işləri, yeni idarəetmə metodları, bu sahənin sosiologiyasını daha dərindən öyrənməyi tələb edir. Ərazidə yeni eko-mədəni sistem qurulur. Qarabağdan məcburi köçkün düşən əhalimiz hər zaman Böyük Qayıdışı səbrlə gözləmiş, ideoloji anlamda Vətənə qayıdışın fəlsəfəsini adi və ideoloji şüurun predmetində hər bir azərbaycanlı qorumuşdur. “Bu qələbədə Azərbaycanda yaşayan hər bir xalqın öz qiymətli və dəyərli payı var” – deyə dövlət başçımız yüksək əzmlə vurğulayır.
On doqquz gündür ki, Laçın - Xankəndi yolunda Azərbaycanın eko-fəallarının, vətəndaş cəmiyyəti strukturlarının kütləvi aksiyası regionda yeni münasibətlərin, yeni davranışın və mümkün dialoqun variantlarını da təqdim edir. Qarşı tərəfin nəticə çıxarması onlar üçün çox vacibdir. Aksiyanın iştirakçısı və şahidi kimi müşahidələrimiz əsasında onu deyə bilərik ki, bu aksiyanı ekoloji sahədə tarixi-ekoloji aksiyalardan biri adlandırmaq olar. Nəzərə alsaq ki, Qarabağ ərazisinin işğaldan azad edilməsindən sonra bu ərazidə keçirilən ilk kütləvi ekoloji aksiyadır. 30 il ərzində Qarabağın ekoloji, maddi-mədəni irsi, zəngin sərvətləri talanıb Ermənistan və digər ölkələrə daşınmışdır. Azərbaycanın vətəndaş cəmiyyəti, Azərbaycan dövləti buna öz haqlı narazılığını hər zaman bildirmiş, ancaq bu gün həmin narazılıqların episentri artıq Şuşada, azad olunmuş ərazilərimizdədir. Aksiya iştirakçıları arasında hər yaş təbəqəsindən nümayəndələrə rast gəlmək olur. Bu da ekoloji aksiyanın özünəməxsus cəhətlərindən biridir, çünki ekologiyanın qorunması, ekoloji sərvətlərin talanmasının qarşısının alınması bütünlükdə müasir dünyada humanizm dəyərləri, mənəvi dəyərlər, sosio-mədəni dəyərlər prizmasına yaxındır.
Bu gün müasir dünyanın ən mühüm problemlərindən biri məhz ekoloji problemlərdir. Müasir sivilizasiya nə qədər informasiya texnologiyaları zəminində operativ, sürətli, çevik idarə olunsa da, biz müasir dünyanın mühüm problemlərini müşahidə edirik. İlk novbədə, Yer kürəsində liberal dəyərlərə münasibətin dəyişməsi prosesi göz önündədir. İkincisi, milli mənəvi dəyərlərə sayğısızlıq, üçüncüsü, müharibələrin aparılması zamanı dinc sakinlərin həyat şəraitinin nəzərə alınmaması kimi aspektlər göstərir ki, dünyada humanizmin yeni formada ərsəyə gəlməsinə böyük ehtiyac duyulur. Azərbaycan ekofəalları müşahidə etdiyimiz kimi Laçın–Xankəndi yolunun müəyyən hissəsində dayanıb dinc şəkildə öz aksiyalarını davam etdirirlər. Onu da deyim ki, üç gün mən də həmin aksiya iştirakçılarının cərgəsində olmuşam. Təəssüf ki, həmişə olduğu kimi, bu gün də dünya ictimaiyyətinin köhnəlmiş ikili standartları bizim real dəyərlərimizi qiymətləndirmələrdə maneələr yaradır. Belə ki, bir sıra xarici dövlətlərin kütləvi informasiya vasitələri kanallarında Azərbaycan tərəfinin bu yolu bağlaması fikirlərinə rast gəlirik. Ancaq fakt odur ki, Azərbaycan tərəfi bu yolun təhlükəsizliyini, onun hüquqi statusunun təhlükəsizlik prinsiplərinə əsaslanması normalarını yaratmağı tələb edir. Belə ki, Azərbaycan ərazisindəki bu postlarla gediş-gəliş zamanı çox zaman hərbi xarakterli yüklərin daşınması, müxtəlif ölkələrdən olan şəxslərin bu bölgəyə terrorçu kimi daxil olması faktları yaxın günlərdə rast gəlinən məsələlərdəndir. Azərbaycanın keçirdiyi ekoloji aksiya özündə regionun yalnız ekoloji deyil, sosio-mədəni təhlükəsizliyi prinsiplərini də ehtiva edir.
Son on doqquz gün ərzində Laçın– Xankəndi yolunda Azərbaycan vətəndaş cəmiyyətinin keçirdiyi etirazlar vətənpərvərliyin və təhlükəsizliyin birgə vəhdəti məsələlərinə hesablanaraq, dialoqun ikitərəfli aparılması gerçəkliyini və Xankəndi ətrafındakı təbii ehtiyatlara nəzarətə tam nail olmağı, eko-mühiti ciddi qorumağı nəzərdə tutur. Azərbaycan son iki ildə Ermənistanın vurduğu ekoloji terrorun nəticələrini aradan qaldırmaqla məşğuldur. Bu işdə, məncə, bütün sivil dünya bizimlə həmrəyliyə maraqlı olmalıdır.

"Xalqqazeti.com"