Fəlsəfə və Sosiologiya İnstitutunda “Lider və zaman” mövzusunda tədbir keçirilib

Tədbirə YAP Yasamal rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, təşkilatın məsləhətcisi Ülviyyə Əliyeva, ərazi təşkilatının üzvləri və institut alimləri qatılıblar. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbiri giriş nitqi ilə açan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə Dunya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək 2022-ci ildə ölkəmizin həyatında əlamətdar olan hadisələrə nəzər salıb. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların bütün sahələrdə olduğu kimi elmi-ideoloji sahədəki uğurlu nəticələrindən danışıb. Qələbədən sonrakı mərhələnin yeni reallıqlarında alimlərin roluna diqqət çəkib.

Tədbirdə çıxış edən tarix elmləri doktoru, Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli Prezident İlham Əliyevin hazırkı qlobal siyasi vəziyyətdə Azərbaycanın maraqlarını beynəlxalq aləmdə uğurla həyata keçirdiyini, liderlik məharəti ilə bütün dünya azərbaycanlılarının lideri statusunu qazandığını bildirdi. Onun siyasi iradəsi ilə Türk dünyasının tarixində yeni mərhələnin başladığını, bu istiqamətdə əldə edilən tarixi uğurları diqqətə çatdırdı. Daha sonra fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Lider və zaman” mövzusunda məruzə edərək Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin müasir dünyanın sülh və inkişaf konsepsiyasındakı elmi əsaslarını şərh etdi. Onun simasında liderliyin müdrikliklə təzahürünə dair müqayisələr apardı.

Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçısı f.ü.f.d. Radif Mustafayev Yeni Azərbaycan Partiyasının ideyalarının milli qələbəmizdə əvəzsiz rolundan danışdı. Müzəffər Ali Baş Komandan, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının bundan sonra da qələbələrə nail olacağını bildirdi.
Daha sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş əməkdaşlardan Günay Cabbarovaya, Zümrüd Hüseynovaya, Nuray Ələsgərovaya və Təranə Tahirzadəyə üzvlük vəsiqələri təqdim olundu.





