27.12.2022, 05:02 - Baxış sayı: 338

İranda türk kimliyinin faciəli aqibəti


Faiq ƏLƏKBƏRLİ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent

Yüzillərlə aparılan antitürk ideologiyanın nəticəsi olaraq ingilislər başda olmaqla, Avropa dövlətlərinin işbirliyi nəticəsində 1925-ci ildə Arazın o tayında türk Qacarları hakimiyyətinin aryançı fars Pəhləvi rejimi ilə əvəzlənməsi bu ölkənin aparıcı xalqı olan azərbaycanlıları bir əsrdən bəri davam edən faciə və məhrumiyyətlərə düçar etdi.
Bununla da əfsanəvi “İran”ın gerçəkçi bir İran dövlətinə çevrilməsi üçün ciddi zəmin hazırlanaraq türklərin ən azı min ildən çox idarə etdiyi bölgənin bilərəkdən farsçı-ariyançı “İran”a çevrilməsi prosesinə rəsmi şəkil verilməyə başlandı. Qacarların devrilməsindən sonra (1925) türklər arasında “türk Turanı” (turanian) ilə yanaşı, ortaq vətən, mədəniyyət və dövlət kimlikli “İran” anlayışı şüurlara yerləşdirildi. “İran” anlayışının türklər arasında ziddiyyətlərə yol açmasının nəticəsi olaraq Azərbaycan türklərinin əksəriyyəti bundan çıxış yolu kimi aryan-fars kimlikli “İran”a qarşı, türk-Turan kimlikli “Azərbaycan”ı ortaya qoydular.
Türk Qacarlar dövlətini itirməyimizin nəticəsi olaraq ortaya çıxan aryan-fars kimlilki “İran”a qarşı təskinliyimizi, daha sonra da xilasımızı Türk “Azərbaycan”da aramağa başladıq. Çünki türk ulusu olaraq şüurumuzu dolaşdıran fars-aryan “İran”ından qurtulmaq üçün, ilk növbədə, Turan deyil, Bütöv Azərbaycan qurtuluş yolumuz kimi görünməkdədir.
Sovetlər Birliyinin və Pəhləvilərin Azərbaycan türklərinə qarşı apardığı aşağı-yuxarı eyni siyasət nəticəsində də Nadir şah Əfşarlar, Şah İsmayıl Xətailər, Şah Təhmasiblər, Nadir Şah Əfşarlar, Ağa Məhəmməd şah Qacarlar, bir sözlə, bütün Türk hökmdarları “İran” şahına çevrilir, “İran” şahları kimi də türkün və Azərbaycanın düşməni olurlar. Başqa sözlə, Sovetler Birliyində Stalinin, Pəhləvilərdə Rza Pəhləvinin apardığı siyasət Azərbaycan türklərinin kimliyinə yönəldilmiş, bunun nəticəsi olaraq dövriyyəyə saxta “iranlı” və “azəri” kimliyi gətirilmişdir.
Sovet dövründə yazılan rəsmi “Azərbaycan tarixi” kitablarında 1925-ci ildən sonrakı “İran”a nisbətlə Səfəvilər, Əfşarlar, Qacarlar dövlətləri heç bir saf-çürük edilmədən, özəlliklə son min il ərzində bu coğrafiyada türklərin hakimiyyət sürmələri nəzərə alınmadan Azərbaycana, Türkiyəyə, bütünlükdə türklüyə düşmən kimi qələmə verilmişdir.
Ona görə də hesab edirik ki, “Azərbaycan tarixi” kitablarında Səfəvilərin, Əfşarların, Qacarların hakimiyyətini yalnız “İran hökmranlığı” kimi qələmə verib, onlardan “yadelli hökmranlıq” kimi bəhs etmək doğru deyildir. Nadir şah Əfşar, ya da Ağa Məhəmməd şah Qacar necə “yadelli hökmran” ola bilər ki, onlar Azərbaycanı hər şeydən üstün saymış, hakimiyyətlərini Turanın mərkəzi Azərbaycanda bəyan etmiş, dövlətin iki mühüm paytaxtını – Təbrizi və Tehranı Azərbaycan ərazisində qurmuşdular. Yoxsa, kimlərsə xəyal edirlər ki, Əfşarlar ya da Qacarlar bu dövləti ingilis-amerikan-masson birliyinin əliylə hakimiyyətə gətirilən “pəhləvilər”, ya da indiki şiəçi-farsçı “mollalar” üçün qurmuşlar?
Əgər yalnız buna istinad edərək Əfşarlar və Qacarları “yadelli” hesab edənlər varsa böyük yanlışlıq edirlər. Əgər bu gün türklər, ən azı, min ilə yaxın bir tarixdə hakimiyyət sürdükləri əfsanəvi ya da gerçək Turan və İran coğrafiyalarında mövcud olan “İran İslam ­Respublikası”nda haqsız duruma düşüblərsə, bu fars ya da farsdillilərin qəhrəmanlığı ilə deyil, ingilis-rus-alman qüvvələrinin işbirliyi nəticəsində baş vermişdir.
Bu gün əfsanəvi, ya da gerçəkçi Turan və İran coğrafiyasında mövcud olan “İran İslam Respublikası”nın varlığını göz önündə tutaraq, üstəlik, türklərin burada əsasən söz sahibi olmamasından çıxış edərək Səfəvilər, Əfşarlar və Qacarlardan imtina etməyimiz doğru deyildir. Çünki xarici qüvvələrin əliylə sonuncu oğuz-türk dövləti Qacarların yerinə hakimiyyətə gətirilmiş farsdilli “pəhləvilər”lə “mollalar” türklər olmadan varlıqlarını sürdürə bilmək halında deyildir. Hər halda bugünkü “İran İslam Respublikası” adlı dövlətin hakimiyyətində türklər, özəlliklə Azərbaycan türkləri mühüm yer tutmaqdadır.
Bir sözlə, türklər, o cümlədən Azərbaycan türkləri olmadan Pəhləvilər dönəmində olduğu kimi, “İran İslam Respublikası” böyük ölçüdə əhəmiyyətini itirir. Bunu, “İran İslam Respublikası”nda hakim qüvvə olan farsdilli “mollalar” rejimi də, onları vaxtilə türk Qacarların yerinə hakimiyyətə gətirmiş xarici qüvvələr də yaxşı bilirlər. Əgər bu gün türklər, o cümlədən bu millətin ana qolu olan Güney Azərbaycan türkləri “İran İslam Respublikası”ndan ayrılıb müstəqilliyini elan edərsə, “İran” adlanan ölkə demək olar ki, bitər.
Ona görə də, indiki farsdilli şiəçi “mollalar” rejimi da yaxşı anlayır ki, “İran İslam Respublikası”nın hakimiyyətini, onun parlamentini, dini rəhbərliyini Azərbaycan türklərindən tamamilə kənarda tutmaq ağılsızlıq, məntiqsizlikdir. Heç bunu, ingilis-amerikan qüvvələrinin əliylə hakimiyyətə gətirilmiş farsdilli Pəhləvilər bacara bilmədilər. Sadəcə, o dövrdə də yüksək, məsul vəzifə tutan türk məmurlarının, türk millət vəkillərinin, türk dini rəhbərlərinin əksəriyyətinin şüurunda “İran”ın bütövlüyü, “irançılıq” əsas yer tuturdu.
Doğrudur, Azərbaycandan olan türk məmurlar, dini rəhbərlər, millət vəkilləri arasında da Azərbaycan türklərinin “İran İslam Respublikası”ndakı mövcud durumu ilə razılaşmayanlar var. Özəlliklə, türk dilinin orta məktəblərdə tədris olunmaması, bu dildə mətbuatın azlığı, Urmiya gölünün quruması, Azərbaycan türk torpaqlarının digər ostanlar arasında bölüşdürülməsi, Oğuz-Türk mədəniyyətinə biganə münasibət və digər məsələlər buraya aiddir.
Bütün bunlar isə, “İran”, “irançılıq”, eyni zamanda şiəçilik ideologiyaları adı altında istismar olunan türkləri, o cümlədən Azərbaycan türklərini yeni yollar aramağa məcbur edir. Bunu, son günlərdə yaradılmış türk millət vəkillərinin fraksiyası da bir daha ortaya qoymuş oldu. “İran” parlamentinin, az qala, yarısını təşkil edən bu fraksiyanın yaradılması da göstərdi ki, son yüz ildə “İran”, “irançılıq” ideologiyasının türklərin ya da Azərbaycan türklərinin varlığının inkarı üzərində qurulması əsasən, heç nəyi dəyişdirməmişdir.
Təbii ki, bu günə qədər türklərin, o cümlədən Azərbaycan türklərinin indiki “İran İslam Respublikası”nda tamamilə təsirsiz hala gətirilə bilməməsində yaxın min ildə Azərbaycan türk sülalələrinin (Atabəylər, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar vəb.) burada hakimiyyət sürməsi faktı əsas rol oynayır. Əslində, məhz oğuz-türk sülalə dövlətlərinin yaratdığı siyasi coğrafiyada indiki “İran İslam Respublikası” mövcuddur. Halbuki indi “İran”da hakim qüvvə olan aryançı farslar, farsdillilər son on əsrdə, demək olar ki, türklər, o cümlədən Azərbaycan türkləri qədər bu ərazilər üçün savaş verməmiş, onun böyüməsində və mövcudluğunda həlledici rol oynamamışlar.
Oğuz-Türk boylarının gücü və idrakıyla qurulmuş Səfəvilər, Əfşarlar və Qacarlar dövründə bu torpaqlar üçün yüzlərlə savaşlar aparmış, eyni zamanda yüzminlərlə, milyonlarla övladlarını bu yolda qurban vermişlər. Belə olduğu təqdirdə Azərbaycan türkləri necə ola bilər ki, Səfəvilərdən, Əfşarlardan, Qacarlardan imtina etsinlər?! Onlar bu savaşları apararkən fars milləti, ya da Farsistanla deyil, ilk növbədə, oğuzluğu, türklüyü, azərbaycanlığı ilə öyünmüşlər.
Əgər Qacarlar dövləti dövründə fars, türk, kürd, ərəb, lur fərqi qoyulmadan hər bir etnik qrupun dilinə, mədəniyyətinə, əxlaqına, həyat tərzinə sayğı göstərilirdisə türkün qurduğu dövlətdə ingilislərin oyuncağı olaraq “hakim” olan “irançı”ların özəlliklə, türk düşmənçiliyi hakim dövlət siyasəti xarakteri daşımışdır.

"Xalqqazeti.com"