26.12.2022, 07:02 - Baxış sayı: 346

Platon fəlsəfəsində ideal dövlət və təbii hüququn (natural law) nisbəti, etik xüsusiyyətləri, oxşar və fərqli cəhətləri


Əntiqə Paşayeva
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi”
şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.


Giriş.
Məlum olduğu kimi hər bir elmin ən mühüm məsələlərindən biri də həmin elmin metodu ilə məşğul olmaq və tədqiq etməkdir. Əgər fəlsəfə bir növ düşüncədirsə deməli, həmin düşüncənin məqsədi həqiqəti tapmaq və kəşf etməkdir. Elə buna görə də metoddan istifadə etmək zəruridir. Platon fəlsəfəsinə əsasən apardığımız təhlillərdə də ideal dövlət və təbii hüquq məfhumlarında xüsusi metodun nəyə əsaslandığının şahidi olacağıq. Platon fəlsəfəsində ideal dövlət və təbii hüququn nisbəti, etik xüsusiyyətləri, oxşar və fərqli cəhətlərindən bəhs edərkən demək lazımdır ki, dövlət və təbii hüquq məfhumları təkcə Platon fəlsəfəsində deyil, Aristotelin də fəlsəfəsində geniş və ətraflı şərh olunmuşdur. Ümumiyyətlə, Platon və Aristoteli təkcə qədim yunan fəlsəfəsinin deyil, həm də qərbin siyasi fəlsəfəsinin atası hesab etmək heç də yanlış fikir olmaz, hətta müasir siyasi fəlsəfənin də bunlardan təsirləndiyini desək şişirdilmiş bir fikir irəli sürməmiş oluruq. Bu iki böyük şəxsiyyətin fəlsəfəsində qəbul olunan və bəyənilən bir hökumət, yəni filosofun nəzərində dövlətin necəliyi, necə idarə olunması, qanunun əsasları, siyasət elminin üstünlükləri, vətəndaşın qanunla əlaqəsi, bu məsələlərdə etik normaların insan həyatında müsbət təsiri ən çox araşdırılan mövzulardır. Təbii ki, siyasi fəlsəfədən geniş və ətraflı bəhs edən “Respublika” (Republic) və “Nikomaxusun Əxlaqı” (Nicomachean Ethics) kitablarını nümunə göstərmək olar.
Hazırkı tədqiqatda əsas hədəf Platon fəlsəfəsinə istinad edərək ideal dövlət və təbii hüququn nisbəti, etik xüsusiyyətləri, həmçinin ideal dövlət və ədalət prinsiplərinin uyğun və fərqli cəhətləri, ictimai-siyasi funksiyalarını araşdırmaq və bunların üzərində təhlillər aparmaqdır. Bundan əlavə, diqqəti cəlb edən suallardan biri də budur ki, Platonun nəzərində dövlət nə deməkdir və dövləti yaradan əsas amillər hansılardır? Nəzərə almaq lazımdır ki, Platonun siyasi fəlsəfəsində siyasət və əxlaq bir-birindən ayrı deyil, o, insan necə yaşamalıdır sualına cavab tapmağa çalışırdı. Bunun üçün insanşünaslıq, etik xüsusiyyətlərlə bağlı olan bütün məsələlər, siyasi sistemlər və ədalət barəsində dərindən düşünürdü. Bu suallarla yanaşı həmçinin səy göstərmişik ki, Platonun siyasi fəlsəfəsində qeyd olunan mövzuları araşdırmaqla yanaşı həm də bunların oxşar və fərqli aspektlərini köklü şəkildə tədqiq və bəzi hallarda təhlil edək.

Platon və ideal dövlətin əsas prinsipləri

Məlum olduğu kimi Platon Yunanıstanın mədəniyyət mərkəzi olan Afinanın ən şiddətli siyasi, sosial və intellektual böhran yaşadığı bir dövrdə yaşamışdır. Platonun fəlsəfəsi əsasən bu böhranların həlli yollarının tapılmasına və bu kimi məsələlərə cavab verməli idi. Belə bir şəraitdə, yəni Afinanın düşdüyü ictimai-siyasi böhran, Spartanın qalib olması, Sokratın edam edilməsi, demokratiyanın tənəzzülü, qeyri-sabitlik və getdikcə böyüyən fərdiyyətçilik prinsipləri özünü açıq-aşkar göstərirdi. Eyni zamanda Platonun fəlsəfəsi Sokratın başladığı plan üzrə davam edirdi və bundan da əsas məqsəd elm və gücün vəhdətini yaratmaq, daha da inkişaf etdirmək idi; ən yüksək siyasi elmə, biliyə və fəzilətə sahib olan, cəmiyyəti firavanlığa doğru apara bilən şəxslərin vasitəsi ilə sağlam və möhkəm bir hökumətin qurulması idi. Məhz buna görə də Platon cəmiyyəti müxtəlif təbəqələrə, siniflərə ayırır və inanırdı ki, cəmiyyət əsas üç hissədən (hakimlər, mühafizəçilər və istehsalçılar) ibarətdir. Əgər bu üç hissə öz işini layiqli və yaxşı formada yerinə yetirərsə, nəticədə sağlam mühit və ən yaxşı cəmiyyət yaranacaqdır; hakimin üstünlüyü onun hikmət sahibi olmasındaır, yəni məsələni dərindən – elm və ağıl əsasında araşdırıb ədalətli qərar verməsidir. Mühafizəçilərin üstünlüyü şücaətli və cəsarətli olmalarındadır. İstehsalçıların üstünlüyünə gəldikdə isə bunların özlərini idarə etməsindədir. Platonun nəzərində tam və ideal dövlətdə ruhi rahatlıq və sağlamlıq o zaman mümkündür ki, yuxarı təbəqə aşağı təbəqəyə diqqət etməklə yanaşı, həm də ona layiqli rəhbər olsun. Belə olan halda dövlət etik dəyərlərə – ədalətə əsaslanacaq və təbii ki, ideal dövlət mütləq şəkildə ədalətin təzahürü olacaqdır. Platon, “Respublika” adlı əsərində nəzərdə tutduğu dövləti bir model olaraq formalaşdırdıqdan sonra digər kitabında (Laws) mövcud və real dövlətləri önə çəkir. Burada onun əsas məqsədi əsil ideal dövlət məfhumunu, onun prinsiplərini təqdim etsin. Elə buna görə də Platon tam və ideal dövləti birdən artıq hesab etmir, onun nəzərində ideal dövlət bir dövlətdən artıq olmur, əksinə qüsurlu və natamam dövlətlər (nisbi, dəyərli və mükəmməl olmayan, dərəcə baxımından tam olmayan) çoxlu saydadır ki, bu dövlətləri bir neçə kateqoriyaya ayırır; natamam dövlət tam və ideal dövlətdən ayrı olaraq bunlardan ibarətdir: timokratiya (timocracy); oliqarxiya (oligarchy); demokratiya və məcburi timokratiya (democracy and coercion) və ya təkəbbürlü dövlət (xəstə və müalicəyə ehtiyacı olan dövlət nəzərdə tutulur). Ancaq burada qürur duyulan bir dövlət də vardır ki, bu dövlətin ideal dövlətlə fərqli xüsusiyyətləri olduğu kimi oxşar cəhətləri də mövcuddur. Bu, Spartanın (kübar – yuxarı təbəqə) dövlət modeli sistemidir (1.s.40-43). Platonun fikrincə, Spartanın nəzərində üç element – qızıl, mis və dəmir mühüm yer tutur. Burada qızıl onu fəzilətə doğru aparır, mis mülkiyyətə, dəmir isə pula və qənaətli olmağa sövq edir. O, zərgərliyi ruhun yoxsulluğu hesab edir. Platona görə timokratiya oliqarxiya və demokratiya dövlətləri arasında bir həddir. Platon oliqarxiya dövləti quruluş baxımından timokratiyadan aşağı hesab edir, çünki timokratiya müsbət dəyərləri özündə qoruyub saxlamışdır; timokratiyada dövlət rəhbərlərinə ehtiram vardır ki, bu məsələ demokratiyada özünü göstərmir. Platon timokratiyanın tənəzzülə uğramasında əsas səbəb olaraq gənc Spartanın sərvətə meylli olmasını göstərir. Bu meylliliyin nəticəsində timokratiya tədricən zəifləməyə başlayır və oliqarx bir sistem olaraq özünü tanıdır. Çünki oliqarx sistemin üstünlüyü ancaq pula və sərvətə əsaslanır; onların dili ilə desək: “aristokratiyanın mahiyyəti puldur”. Məhz buna görə də Platon yazır: pul o zaman ki, üstünlük təşkil edir fəzilətin (etik dəyərlər) dəyəri aşağı düşür (1.s.43-45). Platonun nəzərində oliqarx cəmiyyətdə dörd əsas xüsusiyyət vardır: pul hər bir şey üçün əsas meyardır; cəmiyyət iki qütbə ya topluya bölünür; hər kəs müxtəlif və ya bir çox işlərlə məşğuldur; bir şəxs soyunu (kökünü) və hətta varidatını itirəndə də cəmiyyətin üzvü olaraq qalır. Oliqarx cəmiyyətin sərvətə olan hərisliyinin (xəstəliyinin) təsirindən, həmçinin kasıbların, cinayətkarların, oğruların və quldurların pul hərisliyi cəmiyyəti inqilaba və demokratiyaya doğru sürükləyir. Buna görə də demokratiya tənəzzülün üçüncü dərəcəsində qərar tutur. Platona görə demokratik sistem insanları hakimiyyətə gətirir, lakin bunlar unudurlar ki, hökumət sistemi heç də düşündükləri kimi yaxşı və uğurlu ola bilməz; demokratiyanın eybi ondadır ki, azaddır və hərc-mərcliyə səbəb olur. Belə bir şəraitdə böyüklərə hörmət olunmur; övladlar valideynlərinə, cavanlar qocalara və şagirdlər müəllimlərinə etinasız yanaşırlar; özbaşınalıq hər yerdə baş alıb gedir, həmçinin zülmkar və qəddar bir şəxsin hakimiyyətə gəlməsinə zəmin yaranır ki, bu da öz növbəsində müxtəlif dəyişikliklərə, süquta gətirib çıxarır. Platonun demokratiyaya belə bədbin yanaşmasının əsas səbəbi onun aristokratik və epistemoloji baxışlarına əsaslanır; yəni məhdud sayda olan insanların istedad və qabiliyyətlərinin özünəməxsus inamı, bu insanların ən yüksək bilik səviyyəsinə yüksəldilməsi, onların idarəçiliyinə ehtiyac duyulması və cəlb olunması demokratiya ilə ziddiyyət təşkil edirdi. Platon nəzərdə tutduğu hakimə qarşı əvvəlcədən müəyyən edilmiş hər hansı bir məhdudiyyəti qəbul etmir. Onun nəzərində hakimiyyəti idarə edən hakim (filosof) bir növ həkim – cəmiyyəti sağlam ruha doğru aparan təbibdir, elə bir təbib ki, insanların mənən və ruhən sağalmasında təşəbbüs göstərsin, “xəstə” olan hər hansı bir fərd onun dediklərini şərtsiz qəbul etsin. Bu həkim (hakim – filosof) qanundan da öndədir, əsil həqiqətdə belə bir hakim qanunvericidir. Digər tərəfdən isə Platon insan qəlbinin çox güclü və hər şeyə qadir olduğunu bildirir. Onun fikrincə, insan özünün daxili qüvvəsi ilə hər şeyə qadirdir; dövlətin vətəndaşı mənsub olduğu ölkəni və cəmiyyəti hər cür təhlükələrədən müdafiə etməlidir (2.s.152).
Platonun natamam dövlətlər barədə fikirlərinə gəldikdə isə o, natamam dövlətlərdə (hansı ki, həmin dövlətlərdə filosof hakim deyil) cəmiyyət üzərində qanunun aliliyini zəruri hesab edir. Belə dövlətlərdə qanunun mövcudluğu müxtəlif dövlətləri bir-birindən ayırır və dövlətlərin natamamlığını, çatışmazlıqlarını açıq-aşkar göstərir. Əgər dövlət qanuna əsaslanarsa onda vahid bir hakim olaraq ən yaxşı dövlət hesab olunacaq; əgər dövlət bir neçə aristokrat hakimdən ibarət olarsa belə olan halda həmin dövlət ikinci yerdə; ancaq bütün insanların hakimiyyəti – demokratik hakimiyyət mövcud olarsa belə hakimiyyət üçüncü yerdə qərar tutur; zülm və zorakılığa əsaslanan hakimiyyət (viranedici xarakter daşıyan hakimiyyətdən söhbət gedir) qəbuledilməz və çox pis hesab olunur. Bu çox zaman qanunsuz sistemlərdə özünü göstərir, həmçinin bir neçə insandan ibarət olan hakimiyyət (oliqarxiya) və böyük bir qrupa (ictimai) mənsub olan hakimiyyət də pislik baxımından ikinci və üçüncü sıradadır. Platona görə qanunsuz hakimiyyətdə insanların çoxluq təşkil etdiyi hakimiyyət (ictimai hakimiyyət) məhdud və bir neçə insandan ibarət olan hakimiyyətdən (viranedici və oliqarx hakimiyyət) daha yaxşıdır (1.s.40-61).
Mövzunu təhlil edərkən mühüm sual qarşımıza çıxır: demokratik dövlət dedikdə konkret olaraq hansı dövlət nəzərdə tutulur? Qeyd etmək lazımdır ki, müasir dünyada bir sıra dövlətlər mövcuddur ki, demokratik adı ilə tanınır və bunlar kommunist və diktator dövlətlər qarşısında olan demokratik dövlətlər hesab olunur (3.s.128-129). Ümumiyyətlə, nəinki qədim yunanda hətta hazırkı dövrdə də demokratik dövlətə malik olmaq üçün bir neçə mühüm məsələyə diqqət olunmalıdır. Burada əsas məsələ ondan ibarətdir ki, demokratik dövlət prinsiplərinə sahib olmaq üçün ilk növbədə zehn, düşüncə demokratik formada gücləndirilməlidir. Bu, cəmiyyətdəki demokratik mədəniyyətin tədricən ortaya çıxmasına səbəb olur. O zaman ki, demokratiya və ya demokratik mədəniyyət sözün əsl mənasında mövcud olarsa, bunu zəngin və ya inkişaf etmiş demokratiya adlandırmaq mümkündür. Məlum olur ki, Platon zəngin və inkişaf etmiş demokratiyanın tərəfdarı olmuşdur, nəinki zahiri, yəni təkcə adı olan demokratiyanın. Çünki onun nəzərində belə bir demokratiyanın – zəngin və inkişaf etmiş demokratiyanın mövcudluğu ideal dövlətin yaranmasında əsas şərtlərdən biridir. Təbii ki, belə bir sistemin – demokratik sistemin ölkələrdə mövcudluğu illər, bəlkə də əsrlər tələb edir. Platonun nəzərində əgər hər bir fərd qanuna əsasən (Respublika əsərində olduğu kimi) özünü rəhbərlər səviyyəsində olan ağıl və bilik dərəcəsinə yüksəldərsə, belə olan halda cəmiyyət alim insanlardan – düşünən insanlardan ibarət olmuş olur ki, bu da demokratik mədəniyyətin yaranmasına səbəb olar. Ancaq bununla belə demokratik sistem yarandığı vaxtdan həlli çətin olan məsələlərlə qarşılaşır. Həlli çətin olan məsələlərdən biri də budur ki, insanlar arasında azadlıq ideyalarını əxlaq dəyərləri ilə birlikdə irəli sürsünlər; yəni necə etmək lazımdır ki, azadlıq prinsipləri insanların ümumi mənafeyinə uyğunlaşsın və ən əsası onlara xidmət etsin? Bundan əlavə, mühüm məsələlərdən biri də budur ki, necə etmək olar ki, azadlıq prinsiplərindən sui-istifadə etmək cəhdlərinin qarşısı alınsın? Başqa bir sual: sadə və tez aldanan insanlara qarşı olan xaos və istismarın qarşısını necə almaq olar? Digər tərəfdən, necə ola bilər ki, əmin-amanlığa əsaslanan bir sistem yaransın və bu sistemdə ümumi mənafeyə zidd olan və azadlıq prinsiplərinin qarşısını alan diktator rejim olmasın? Bunlar dövlət idarəçiliyində təkcə dövlət rəhbərlərinin, hakimlərin deyil, eyni zamanda alimlərin də düşündükləri və həlli yollarını axtardıqları mühüm məsələlərdir. Məhz bu səbəbdən Platon Afina demokratiyasının əsas zəif tərəflərini müşahidə edir və çalışırdı ki, ictimai əxlaqın yeni bir təməlini yaratsın, həmçinin tarixi mərhələlər nəticəsində yunan cəmiyyətinin itirilmiş etibarını, adət-ənənələrini özünə qaytarsın və özünün ideal dövlət nəzəriyyəsini bəyan etsin.
Demokratiya hakimiyyətin bir növü olaraq həm də idarəetmənin xüsusi bir formasıdır. Demokratiyanın əsas hədəfi azlığın əksəriyyətə tabe olmasıdır ki, bunu rəsmi şəkildə elan edir. Bu da vətəndaşların hüquq və azadlıqlarının rəsmi olaraq tanınması deməkdir. Demokratiya qanunun aliliyi və istibdadın – zülmün qarşısının alınması deməkdir, amma qanunun aliliyi xalqın mühakimə institutları olmadan ictimaiyyətdə demokratik prinsipləri həyata keçirə bilməz. Demokratiyanın əsas hədəflərindən biri də bərabərlikdir ki, burada əxlaq dəyərləri daha çox önə çəkilir və əxlaqın kompanentlərinə istinad olunur. Demokratik cəmiyyətdə bərabərlik dedikdə, yəni bütün insanlar insanlıq baxımından bərabərdirlər və heç biri digərindən üstün deyil. Lakin siyasi baxımdan – bərabərliyin əsası dedikdə, burada vətəndaşların hüquq və azadlıqları eynidir, yəni qanuna əsasən biri digəri ilə bərabərdir. Ən əsası isə demokratiyanın əsas vacib prinsipi azadlıqdır, yəni insanların haqqı olan azadlıq – müqəddəs azadlıq. Bu, humanizm – fərdiyyətçilik, bərabərlik və azadlıq demokratiya üçbucağının üç tərəfi olaraq ideoloji fəlsəfəyə əsaslanır.

İdeal dövlətdə təbii hüquq və ədalət anlayışı

İdeal dövlətdə təbii hüquq və ədalət anlayışını təhlil etməzdən əvvəl qeyd etməliyik ki, Platon ideal dövlətin mövcudluğunu məhz təbii hüququn prinsiplərinə riayət etməklə əlaqələndirir. Platonun təbii hüquq barədə olan fikirləri onun bütün fəlsəfəsinin ən mühüm hissələrini təşkil edir ki, bu daha çox “Qanunlar” (Νόμοι, Nómoi) adlı əsərində öz əksini tapmışdır. Ancaq onun “Siyasət” – Siyasət adamı (Πολιτικός) və “Respublika” (Πολιτεία) adlı digər əsərlərində də təbii hüquq (Natural Right & Natural Law) anlayışı, mahiyyəti və cəmiyyətdə rolu geniş izah olunur.
Qeyd: nəzərə almaq lazımdır ki, Platon özündən əvvəlki yunan filosofları kimi hüquq üzrə mütəxəssis olmamışdır, yəni sistematik olaraq hüququ araşdırmamışdır, ancaq hüquqla bağlı olan bir sıra ideyaları bəyan etmişdir ki, bu da tarix boyu öyrənişmiş və mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri kimi tədqiq olunmuşdur. Məhz bu səbəbdən də Platonun düşüncələri hüququn həm nəzəri, həm də əməli (praktik) aspektlərində təsir qoymuşdur. Hətta Roma hüquqşünasları bir çox fikirlərində Platona istinad etmişlər, çünki Platonun Yunan və Roma hüququnda təsiri açıq-aşkar özünü göstərir. Budan əlavə, onun müasir hüquqa olan müstəqil və qeyri müstəqil təsiri də mövcuddur ki, bu hələ tam olaraq araşdırılmamışdır.
İdeal dövlətdə təbii hüquq anlayışını və mahiyyətini təhlil etmək üçün ilk olaraq diqqəti təbii hüquq anlayışına yönəltmək istərdik. Platon “Respublika” adlı əsərində təbii sözünü “normal” və “sağlam” (normal and healthy) mənasında işlətmişdir. Onun nəzərində ədalətli və yaxşı olan hər bir şey təbii bir varlıq hesab olunur (4. IV, 444d, VI, 501b). Platonun təbii hüquq barədə olan fikirlərini köklü şəkildə araşdırmaq üçün ilk növbədə onun reallıq barədə olan fəlsəfi düşüncələrinə diqqəti yönəltmək lazımdır. Bunun üçün ondan əvvəl yaşamış filosofların nəzəriyyəsinə baxmaq olduqca zəruridir. Çünki ondan əvvəl yaşamış Heraklit (Ἡράκλειτος ) bildirirdi ki, bütün varlıqlar hamısı daim dəyişən və hərəkətdədir, digər tərəfdən isə Parmenides (Παρμενίδης) bütün varlıqların dəyişməyən və həmişə sabit olduğunu iddia edirdi (5.pp.87-88). Təbii ki, Platon da çalışırdı ki, bu ziddiyyətli fikirləri aradan qaldırsın və bunu həll etsin. Buna görə də “İdeyalar” (The theory of Forms or theory of Ideas) nəzəriyyəsini bəyan etdi və o, burada bütün varlıqları iki dəstəyə – sabit və qeyri sabit, dəyişməyən və dəyişən hissələrə ayırdı. Dəyişməyən varlıqları “surət”, “ideya” və “misal” (forma or ideas) adlandırdı. Platonun ontoloji (ontological) nəzəriyyəsində ideya qeyri-maddi bir varlıqdır ki, bunları hiss etmək mümkün deyil, bu cür varlıqlar ancaq ağıl vasitəsi ilə dərk oluna bilər və bunlar əzəli və tam kamil varlıqlardır (6.p.48-49, Phaedo: 65d-66a). Ancaq maddi varlıqlar isə dəyişən, qeyri sabit olaraq yalnız qeyri-maddi varlıqların kölgəsində mövcuddurlar; bu cür varlıqlar ideya adlandırılan varlıqların vasitəsi ilə yarana bilər və onlar olmadan mövcudluqları mümkün deyil. Çünki Platonun ideya adlandırdığı varlıqlar haldan-hala düşən və dəyişkən deyildir (6. Phaedo, pp. 61, 62 & 78c-e). Platon ideal dövlətdən və təbii hüququdan bəhs edərkən bunların birlikdə olmasını zəruri hesab edir. Onun fikrincə, ən yaxşı qanunlar və ideal dövlətlər həmin qanunlar və dövlətlərdir ki, onlarda qüsurlar və çatışmazlıqlar daha az olmuş olsun və bunlar təbii qanunla və ideal dövlətlə daha çox bağlılığı olsun (6. Phaedo, pp. 61-62 & 74d-75a). Buna görə də Platonun ideal dövlətdə zəruri hesab etdiyi “yaxşı”(goodness) nümunəsi ən vacib və bəyənilən nümunədir ki, bu, həm əxlaqi, epistemoloji və həm də ontoloji cəhətdən digər nümunələrdən üstün hesab olunur. Çünki onun nəzərində ən yaxşı insan həmin insandır ki, yaşadığı həyatda yaxşı əməlləri yerinə yetirsin və daha yaxşı əməllərə sahib olsun (7.pp. 247 & 248). Beləliklə, əxlaq dəyərlərinə malik olan insan pisliklərdən, qəbul olunmayan əməllərdən kənarlaşaraq özünü fərdi və ictimai kamillik dərəcəsinə çatdırır və “yaxşı” əməllərə sahib olmaqla əsil insan (ideal insan) nümunəsini yaradır.
İdeal dövlətdə təbii hüquq və ədalət anlayışını təhlil edərkən mühüm bir məsələni nəzərdən qaçırmamalıyıq. Bu ondan ibarətdir ki, Platon öz əsərlərinin heç birində “təbii qanun” və ya “təbiət qanunu” deyilən termindən istifadə etməmişdir (8.p.565), ancaq bunun yerinə “təbii ədalət” terminindən istifadə edərək bunu ideal dövlətdə qanuni və siyasi ədalətin təməli hesab etmişdir (9.p.32). Platona görə maddi aləmdə olan dövlət gərək ideal aləmdə mövcud olan əzəli və ideal dövlətlə uyğunluq təşkil etsin; yəni burda olan qanunlar gərək ideal aləmdə (forma or ideas) ideal qanunları əks etdirsin ki, bunlar əsil həqiqətdə həqiqi və real qanunlar hesab olunur. Platonun əsaslandığı ideal aləmdə “qanun” və “ədalət” heç bir ziddiyyət təşkil etmir. Buna görə də Platonun düşüncəsində qanun və ədalət arasında olan təzadların yaranması məhz maddi aləmdə həmin varlıqlar arasında mövcud olan ziddiyyətlərin nəticəsidir (10.p.17). Platona görə əməli ağıl (experimental intellect) ağlın ən üstün mərtəbəsi və hüququn mənbəyidir. O, ən üstün və ali qanunu hiss ilə deyil, məhz ağıl ilə əlaqələndirir. Onun fikrincə, maddi aləmdə olan bütün qanunlar gərək ağıla əsaslanan qanunla yarasın və heç bir qanun bunudan üstün tutulmamalıdır. Elə buna görə də qanunverici hakim cəmiyyət üçün doğru və düzgün qanunları tanımaq qabiliyyətinə malikdir. Bunları deməklə Platon səy göstərirdi ki, təbii hüququn müxalifləri qarşısında bu hüququn üstün cəhətlərini göstərirsin. Amma təbii hüquq müxalifləri iddia edirdilər ki, hüquq yalnız tədqiqi hüquqdur (positive of law); doğru və düzgün qanun təbiət tərəfindən deyil, məhz sonradan yazılan qanunlardır və burda təbiətin heç bir təsiri yoxdur. Ancaq Platon bunun əksinə olaraq qanunun kökünü təbiətlə bağlayır və təbiətin ilk qüvvsəsini – əsas hərəkətverici qüvvəsini bəşər, insan ruhu ilə əlaqələndirirdi. Məhz bu səbəbdən də insan ruhunun məhsulu olan ilk qanunlar təbiətin özü kimi, digər qanunların da kökü hesab olunur (8.pp. 564 & 565). Platon təkid edir ki, ən yaxşı qanun həmin qanundur ki, insan onun vasitəsi ilə əxlaqi dəyərlərə, xüsusi ilə fəzilətə, hikmətə, özünü idarə etməyə, şücaətə, insafa və ədalətə sahib olsun (8.p.561). Belə bir qanun maddi aləmdə ən üstün qanun olmaqla yanaşı həm də ideal (təbii) bir qanundur. Platon yazır: “qanunvericilik, siyasi nizam-intizamın yaranması fəzilətə sahib olmaq üçün ən yaxşı vasitədir. Çünki qanunlar insanı xoşbəxtliyə qovuşdurmaq və fəzilətlər qazanmaq üçün etibarlı vasitədir” (11.p.1300 & 708d).
İdeal dövlət və təbii hüquq məfhumları arasında oxşar və fərqli cəhətlərə gəldikdə isə demək olar ki, Platonun təbii hüquq (və ya təbii qanunlar) barəsində dediyi hər hansı bir fikri ideal dövlətin əsas göstəricisi hesab olunur. O, ideal dövləti təbii hüququn (təbii qanunun) xidmətçisi kimi təqdim etmişdir (11.p.715d). Belə olan halda bu iki məfhum arasında bağlılıq yaranır. Əgər tədqiqi hüquq (positive of law) əsas götürülərsə, əlbəttə bu ideal dövlətlə təzad təşkil edəcək, ancaq dövlət təbii hüquqa əsaslanarsa onda hüquq və dövlət arasında təzad olmayacaq və fərqli funksiyanın da mövcud olması mümkün deyil, çünki həm təbii hüququn, həm dövlətin (ideal dövlət) hədəfi eynidir. Platon yazır: “ən yaxşı dövlət o dövlətdir ki, hüquq həmin dövlətdə bütün səlahiyyətlərə nəzarət etsin; dövlət də həmin hüquqa təvazökarlıqla xidmət göstərsin” (11.p.715d). Beləliklə, cəmiyyət üzvləri – vətəndaşlar cəmiyyətdə özlərini xoşbəxt hiss edəcək və tam olaraq özlərinin həqiqi səadətə nail olmaları üçün səy göstərəcəklər. Qanunverici orqan qanuna uyğun olaraq qanunvericilikdəki real ədaləti, elmi faktları nəzərə almalı, buna səy göstərməli və tam ciddi şəkildə bunlara əməl etməlidir (12. pp. 1070-1071, & 300c-e).

İdeal dövlət və ədalət prinsiplərinin nisbəti, oxşar və fərqli cəhətləri

Məlum olduğu kimi qərb siyasi fəlsəfəsinin əsas başlanğıcı və təlimləri Sokratın və onun ən yaxşı şagirdi olan Platonun vasitəsi ilə əsası qoyulmuşdur. Platonun fikirlərini təhlil etdikcə şahidi oluruq ki, mühüm bir sual həmişə onu düşündürmüşdür: hansı dövlət ən yaxşı dövlətdir və hansı sistem ədalətli sistemdir? Hansı keyfiyyətlərə sahib olan şəxs insanlar üzərində hakim ola bilər? Kimlər dövləti idarə etmək səlahiyyətinə qadirdir? Əgər diqqət etsək görərik ki, bu kimi suallar təkcə o zaman deyil, hazırkı dövrümüzdə də daha çox dövlətləri maraqlandıran və çox düşündürən suallardır. Təbii ki, Platon belə bir sistemin mövcudluğunu yalnız ideal dövlətin ədalətli prinsiplərində axtarırdı. İdeal dövlətin ədalətli prinsipləri daha çox Platonun “Dövlət” (ing. State, yun. Πολιτεία) əsərində öz əksini tapmışdır. Ümumiyyətlə, “dövlət” termininə nəzər salsaq məlum olar ki, dövlət dedikdə əsas konstitusiya, hökumətin idarəetmə qaydaları nəzərdə tutulur, nəinki “kral hökumət” sistemi, bunlar tamami ilə fərqli sistemdir. Platonun əsaslandığı ideal dövlətin ədalətli prinsipləri məhz dövlət adından başlayır. Lakin “siyasət” (politics) sözü hər cür konstitusiyaya və idarəetmə qaydalarına şamil oluna bilər. Platona görə ədalət hissi insanda bir növ daxili istedad və istəkdir; bu elə bir istəkdir ki, insanın xüsusi tələblərinə, mənafelərinə olan şiddətli duyğularının və motivasiyasının qarşısını alır, həmçinin insanı təkcə öz mənafeyini düşünməsi və bunun uğrunda çarpışması kimi hədəflərdən çəkindirir, onu öz vicdanı qarşısında tək qoyur (3.s.42). Platonun ilk dəfə tərif etdiyi ədalət məfhumu daha çox diqqəti cəlb edir: “ədalət dostlarla yaxşı və düşmənlərlə pis rəftar etmək deməkdir” (13. s.801). Ancaq nəzərə almaq lazımdır ki, Platonun nəzərində ədalət müxtəlif mənalara dəlalət edir. O, bəzən ədaləti dürüstlük, başqalarının haqqına riayət etmək kimi tərif edir və bəzən isə əməlin nəticəsi ilə əlaqələndirir. Məsələn, əldə olunan nəticə faydalıdır ya xeyirlidir? Digər bir hissədə isə ədaləti bəyənilmiş xüsusiyyətlərin bir hissəsi və insana mənsub olan fəzilət hesab edir ki, məhz bu fəzilətin əsasında insan cəmiyyətdə yaxşı və sevilən bir insana çevrilə bilər. O, insanda fəzilətin əsaslarının dörd hissədən ibarət olduğunu yazır: ağıl, şücaət, təmkinlik (mülayimlik) və ədalət. Bu sifətlərə sahib olan insan ən layiqli və dəyərli bir insan simasını yaradır. Platon bu sifətləri insanın fəziləti hesab etməklə yanaşı, həm də belə xüsusiyyətlərə sahib olan insanı digər insanların ictimaiyyətə yararlı olmalarının səbəbkarı hesab edir. Çünki onun nəzərində fəzilətli insan buna qadirdir, onun üstünlüyü ondadır ki, bu xüsusiyyətlərə sahib olmaqla ictimai əlaqələrin yaranmasında və bərqərar olunmasında təsir qoysun və dövlətlər arasında çox mühüm əlaqə yaratsın (14.pp.331-333). Təbii ki, bütün bunlar Platonun siyasi fəlsəfəsində ən mühüm məsələlərdən biri olaraq təhlil olunur.
İdeal dövlət və ədalət prinsiplərinin nisbəti, oxşar və fərqli cəhətləri dedikdə, ədalət məfhumuna xüsusi diqqət olmalıdır. Platona görə ədalət ideal bir məfhumdur, yalnız fəlsəfə sahibləri (filosoflar) bunu dərk etmək qüdrətinə malikdirlər. Ədaləti təcrübə və ya hiss etməklə dərk etmək mümkün deyil. İctimai ədalət o zaman bərqərar olur ki, hər kəs bacardığı, layiq olduğu bir işi yerinə yetirsin və digərlərinin işinə müdaxilə etməsin. Əgər tacir orduya başçılıq edərsə və ya bir nəfər hökumət qüvvələrini əla alarsa, onda ictimai nizamsızlıq, hərc-mərclik yaranacaq və bunun da nəticəsində zülm ədaləti əvəz edəcəkdir (15.s.35). Dövlətin idarəçiliyi müdrik, ağıllı və savadlı insanlara həvalə olunmalıdır. Bu, ədalətin göstəricisidir ki, belə insanlar öz mövqelərində möhkəm və sabit dayanırlar. Belə olan halda pul və güc əvəzinə ictimaiyyəti ağıl və müdriklik idarə edəcəkdir. Ədalətin tələbi odur ki, müdrik insanlar hakimiyyətə rəhbərlik etməlidir və adi bir insan hakimiyyəti idarə etmək gücünə qadir deyil. Platon ədaləti ictimaiyyət və fərd arasında olan bağlılıq hesab edərək məsələni hökumət dairələrinə qədər gətirib çıxarır (16.s.89-91). Platona görə, ideal dövlətin ədalətli prinsipləri dedikdə, yəni hər bir insan ona həvalə olunan vəzifələri digərləri ilə əlaqəli və mükəmməl bir harmoniyada layiqincə yerinə yetirməlidir. Çünki ideal dövlətdə özünənəzarət, özünə hakim olmaq müdriklik, cəsarət əxlaqın xüsusiyyətlərindən hesab olunur ki, bu da dövlət və insanlar arasında əlaqələri daha da möhkəmləndirir, bütün hallarda ədalət prinsipinə riayət olunur. Ədalətli dövlətin mövcudluğunda təbii ki, ağıl və müdriklik başlıca məna kəsb edir. Necə ki, baş bədənə əmr edir, müdrik və ağıllı başçı da bunu etməlidir; müdrik və ağıllı insanlar bir növ cəmiyyətin əmr göstəricisi – komandiri olmalıdırlar (16.s.89-91). Məlum olduğu kimi Platon dövründə baş verən bəzi siyasi uğursuzluqlardan sonra məşhur “Qanunlar” (Νόμοι, Nómoi) adlı əsərini yazdı və bu əsərində göstərir ki, ideal və ədalətli dövlətin varlığını nəzərə almasaq, yəni bundan keçsək onda şərti dövlət ən yaxşı hökumət növü olacaqdır (17.s.111-112), yəni burada daha mütləq hakimiyyətdən – ideal dövlətdən və ədalət prinsiplərindən söhbət gedə bilməz.
İdeal dövlət və ədalət prinsiplərinin oxşar və fərqli cəhətlərinə gəldikdə isə, ədalət məfhumunun digər aspektlərinə diqqət etmək zəruridir. Ümumiyyətlə, ədalət məfhumu qədim yunan mədəniyyətində çox geniş mənaya dəlalət edir. Ancaq göründüyü kimi Platon fəlsəfəsində ədalət həm məfhum, həm də məna baxımından tamami ilə fərqli bir aspektdədir. Platon ədalət kəlməsi üçün yunan sözü olan “Dikaiosune” (δικαιοσύνη) terminini işlətmişdir.. Onun da qeyd etmək lazımdır ki, yunan mətnlərində işlədilən “Dikaiosune” (ədalət) terminin mənası çox əhatəli və genişdir. O, ədalətin mənasını belə izah edir: “hər kəs ona aid olan və öhdəsində olan vəzifəsini yerinə yetirməlidir” (18.p.28). Onun fikrincə, ədalət təkcə ictimai məsələlərə aid deyil, bu həm də əxlaqi və siyasi məsələlərlə bağlılığı vardır. Əgər diqqət etsək görərik ki, Platon burada müstəqil olaraq təbii hüququn (latural law) mövcudluğunu və qanunvericilikdə olan ideal prinsipləri irəli sürmüşdür. Amma bu o demək deyildir ki, Platon dövlətin mövcud qərarlarını hüquqi hesab etmir, bəlkə onun nəzərində hüquq və ədalət təbii məfhum olduğu üçün bunların bir-birinə bağlılığı mövcuddur; yəni dövlət qanunlarını bu iki məfhumsuz təsəvvür etmək qeyri-mümkündür. Çünki qanunlar və qərarlar məhz hüquqa əsasən yaranır və dövlət tərəfindən tənzimlənir. Platonun görə ədalətli insan özünün ən yaxşı hislərini zalım insan qarşısında göstərir və çalışır ki, onu peşman edib pis əməllərdən çəkindirsin, ancaq zalım insan isə bu hislərdən istifadə edərək, bunları həm özünün müxalifləri, həm də tərəfdarları qarşısında göstərir. Bu, yaxşılıq və pislik fərqi ədalətli və zalım insan arasında olan ən böyük fərqin göstəricisidir (19.s.80-84). Platon davam edərək yazır: “öz vəzifəsini yerinə yetirmək, başqalarının işinə qarışmamaq ədalətin eynidir, yəni ədalətin özüdür. Mənim fikrimcə, hər bir şəxs əgər öz işini layiqincə yerinə yetirirsə, bundan əlavə, müdriklik, özünü idarəetmə və cəsarətli əməllərlə bir-birləri ilə rəqabət aparırlarsa, təbii ki, bu da ideal və ədalətli bir dövlətin yaranmasına səbəb olacaqdır ki, bu xüsusiyyətlər əsil ədalətin göstəricisidir” (19.s.237). Platon dəfələrlə təkrar edir ki, kimsə bir-birinin işinə qarışmasın və müdaxilə etməsin. Burda qarışmamaq və müdaxilə etməmək dedikdə çox sadə bir misal çəkir və bildirir ki, əgər usta yamaqçının işinə müdaxilə edərsə, onun işini mənimsəyirsə və ya əksinə olarsa, belə olan halda dövlətə çox böyük ziyan dəymiş olur. Əslində hər kəs layiq olduğu, bacardığı işi yerinə yetirməlidir; digərlərinin işinə qarışmaq, təcavüz etmək, həmçinin müxtəlif fərqli iş sahiblərinin bir-birinə qarışması dövlətin təkcə zərərinə deyil, həm də iflasına gətirib çıxaracaq; bu, real bir cinayətdir, elə bir cinayətdir ki, insanın öz dövlətinə qarşı edə biləcəyi ən böyük zülm hesab olunur. Ancaq ədalətə riayət etmək, ədalətli olmaq, ideal dövlətin qorunması və tam şəkildə tamamlanması əxlaqın ən üstün göstəricisidir.
İdeal dövlətdə iqtisadi ədalət: ideal dövlət və ədalət prinsiplərindən bəhs edərkən iqtisadi ədalətə diqqət etmək zəruridir. Çünki ideal dövlətin ədalətli prinsiplərindən biri və ən başlıcası iqtisadi ədalətdir. İqtisadi ədalət cəmiyyətin həyatı üçün önəmli və nəzəri məsələlərdən biri olaraq uzaq keçmişdən bu günə kimi iqtisad alimlərinin xüsusi marağına səbəb olmuşdur. Qeyd olunduğu kimi uzaq keçmişdən bu günə kimi araşdırılan iqtisadi ədalət Platon fəlsəfəsinə əsaslanır. Platon fəlsəfəsinə əsasən iqtisadi ədalətin ictimai həyatda zəruriliyindən bəhs etməklə yanaşı, həm də təbəqələr arasında ədalətli bölgüyə, həmçinin hökumət və ictimaiyyət arasında qarşılıqlı hüququn mövcudluğuna və bununla bağlı digər məsələlərə diqqəti yönəltməyi zəruri hesab edirik. Platon sosial-iqtisadi ədaləti izah etmək üçün diqqəti cəmiyyətin yaranma mənşəyinə, insan varlığının yaranmasına, insanların ictimai əlaqələrinə çəkir, daha sonra isə ictimai əlaqələri dəyərləndirməklə ədalətin ictimaiyyətdə yaranma səbəblərinə çalışır. Digər tərəfdən baxsaq görərik ki, sosial həyatın mənşəyi ilə əlaqədar olaraq bəzi insanlar təbiətinə görə sivil hesab olunurlar və burada belə bir fikir yaranır ki, insanlar əks cinsə meylli olduqları üçün məhz bu səbəbdən onun nəfsani təbiəti (animal nature) birlikdə yaşamağı tələb edir. Buna görə də insan sosial həyatda mövcud olan mənfəət və zərərdən asılı olmayaraq bu cür həyat tərzinə meyl edir. Ancaq Platona görə bu yanaşma düzgün deyil və buna görə də bildirir ki, heç bir fərdin ehtiyacları yetərincə deyil, bəlkə insan daha çox şeylərə ehtiyacı vardır, məhz bu səbəbdən də ideal dövlətin yaranması zəruridir. Ehtiyac bir insanın başqa bir insanla ortaq olmasına səbəb olur, sonra başqa bir ehtiyac onu digər bir insanla bağlamağa məcbur edir. Bu minvalla, ehtiyacların çoxluğu səbəb olur ki, insan kütləsindən ibarət olan böyük bir toplu yaransın və burada olan insanlar bir-birləri ilə ünsiyyətdə olmaqla yanaşı, həm də əlaqələr yaratsınlar, bir-birlərinə dəstək olsunlar (19.s.114).
Bəli, göründüyü kimi Platon cəmiyyətin formalaşmasında insanların bir-birinə olan ehtiyaclarını əsas göstərici hesab edir. Məhz bu ehtiyaclardır ki, bir sıra məsələləri yaradır və burada ən əsas məsələlərdən biri də iqtisadi münasibətlərdir, daha aydın desək, ideal dövlətdə əmək bölgüsü məsələsinə xüsusi diqqət yetirilir. Çünki sosial həyatın ən əsas məqsədi cəmiyyət üzvlərinin qarşılıqlı ehtiyaclarını ödəməkdir, qarşılıqlı ehtiyacları ödəmək də əmək bölgüsü olmadan mümkün deyil. Ədalət cəmiyyətdə olan ümumi vəzifələri – əmək bölgüsünü bir-birindən ayıraraq müxtəlif hissələrə bölür, çünki hər bir fərd doğulduğu andan özünə xas istedada malikdir. Platona görə hər bir insan həmin istedad və qabiliyyət əsasında peşəsini seçməlidir və bacardığı işi yerinə yetirməlidir; yəni hər bir fərd öhdəsindən gələ biləcək işi yerinə yetirməlidir ki, onda olan bacarıq və qabiliyyət özünü göstərsin və bunun da nəticəsində təbii ki, keyfiyyətli iş ortaya çıxacaq. Belə bir nizam-intizamlı cəmiyyətdə – ideal dövlətdə ədalətli bölgü yaranır ki, bu da iqtisadi məsələlərin əsasını təşkil edir (15.s.612). Beləliklə, hakim və mühafizəçi təbəqədən başqa, hər bir insanın işi və qazandığı gəlir onun sahib olduğu təbəqə əsasında müəyyən edilir, çünki hər bir fərdin cəmiyyətdəki təbəqəsi bacarığına və istedadına görə təyin olunur. Cəmiyyətin ən yaxşı, üstün təbəqəsi (hakimlər, mühafizəçilər) sahib olduqları vəzifələrlə müəyyənləşir. Onlar özlərinin maddi ehtiyaclarını təmin edə bilərlər, ancaq çoxlu sərvət, mal-mülkə sahib olmaq yolverilməzdir və onların xüsusi mülkləri ləğv edilməlidir. Platonun nəzərində xüsusi sərvət, mal-mülk tamahkarlıq, acgözlük hərisliyin yaranmasına səbəb olur ki, bunun da nəticəsində yuxarı təbəqə – hakimlər və mühafizəçilər öz hakim qüvvələrindən sui-istifadə edirlər. Məhz bu səbəbdən də cəmiyyətdə varlı, zəngin, yoxsul, fəqir təbəqə arasında çəkişmələr, müharibələr başlanır.
Nəticə. Platon fəlsəfəsinə əsasən ideal dövlət və təbii hüququn funksiyasını təhlil edərkən nəticə olaraq demək olar ki, Platona görə müxtəlif təbəqələrdə fərqin olmasına baxmayaraq sadə insanların hakimiyyəti qəbul olunur. Bu fərqlilik daha çox ictimai məsələlərdə, yəni zəhmətsevər insanların mövqeyində, insani dəyərlərin üstünlüyündə, həmçinin sosial fərqlilikdə də özünü göstərir. Bundan əlavə, əgər dövlət öz siyasi təşkilatlarını ölkənin ən yaxşı və seçilmiş insanlarına həvalə edirsə, belə olan təqdirdə bu, ideal dövlət olaraq özünün var olma və ya varlıq fəlsəfəsini hakimiyyətdə təcəssüm etdirmişdir. Bir az da dərindən düşünsək məlum olur ki, Platonun ideal dövlət nəzəriyyəsində iki fərqli və daha çox nəzərə çarpan mühüm məsələ vardır ki, nəticə olaraq qeyd olunması zəruridir. Bunlardan birincisi dövlət tərəfindən həyata keçirilən vəzifə və fəaliyyət mexanizmləridir ki, dövlətin davamlı olaraq mövcudluğuna, möhkəmliyinə inamın olmasını göstərir. İkinci mühüm məsələ isə, dövlət tərəfindən həyata keçirilən vəzifə və fəaliyyət mexanizmləri müstəsna olaraq həmin dövlət təşkilatlarında mövcud olan xüsusi təbəqə tərəfindən həyata keçirilməsidir. Burada Platon bir növ demokratik dövlət prinsiplərini önə çəkmişdir.
Tədqiqatın digər mühüm mövzusu ideal dövlət və ədalət prinsiplərinin nisbəti, oxşar və fərqli cəhətlərdir. Bu mövzunu ümumiləşdirib belə nəticəyə gəlmək olar ki, ədalət o qədər geniş bir məfhumdur ki, biz çalışdıq onun ictimai-siyasi və hüquqi aspektlərinə daha çox diqqəti yönəldək. Platonun nəzərində ədalət fəzilətdir, fəzilətlərin toplusudur. Ədalət insan və dövlət, hakimiyyət arasında əlaqələri yaratmaqdan əlavə, həm də bunları tənzimləyir. Platona görə hətta oğruların və zalım insanların arasında da ədalətin və nizam-intizamın mövcud olması zəruridir. Çünki oğruların, pis niyyətli insanların etdiyi hərəkətlər (hətta zülm sahibləri olsalar belə) davamlı ola bilməz. Elə buna görə də irəli getmək və inkişaf etmək üçün bütün qruplar arasında ədalət, fəzilət və nizam-intizam olmalıdır. Əgər insanlar ədalətə riayət etsələr faydalı və daha yaxşı nəticələr əldə etmiş olacaqlar. Çünki zülm və pis əməllər insanlar arasında ixtilaf, çəkişmə, nifrət, kin və ziddiyyətlərin yaranmasına səbəb olur, amma ədalət isə dostluq və birliyə çağırır. Deməli, ədalətli bir insanın həyatı zalım, təcavüzkar bir insanın həyatından daha yaxşı, vicdanlı və insaflıdır. Ədalət ruhun fəzilətlərindən biri, amma zülm isə ruhun mənfi cəhətlərindən biridir; ədalətli ruha sahib olan insan mənən yaxşı yaşamaqla yanaşı həm də həyatı çox zəngin və rahat olacaq, amma ədalətsiz insan isə pislik içərisində çabalayacaq və təbii ki, pislikdə də heç bir fayda yoxdur, əksinə bütün fayda və yaxşılıqlar xoşbəxtlikdədir; xoşbəxt həyata sahib olmaq üçün ədalətə riayət olunmalıdır. Burada ədalətli və zalım insan arasında böyük bir fərq mövcuddur. Beləliklə, Platonun ideal dövlət və ədalət prinsiplərini aşağıdakı sıralama ilə göstərmək olar. Ədalət bir neçə kateqoriyadan ibarətdir:
-Ədalət dürüstlük və öz vəzifəsini yerinə yetirməkdir;
-Ədalət, yəni insanların haqqını yerinə yetirməkdir;
-Ədalət, yəni haqlı insanla dost olmaq və haqsız insanla mübarizə aparmaqdır;
-Ədalət elə bir əməldir ki, hakim təbəqənin deyil, məhz haqqı itirilmiş insanın mənafeyinə xidmət etməkdir. Bəzi hallarda isə ədalət məhkum olunmuş və zəif insanların davranışını, rəftarını da ifadə edir; burada hakimiyyət zülmlə əlaqələndirilir. Əgər cəmiyyət hakim qüvvəyə sahib olarsa, onda heç vaxt ədalət axtarmaz.
İdeal dövlətdə iqtisadi ədalətə gəldikdə isə, Platonun nəzərində iqtisadi ədalət iki əsas amildən ibarətdir:
1.Aşağı təbəqələr arasında əmək bölgüsü; yəni hər bir şəxs gücü müqabilində bir işi başqasının öhdəsinə qoymayaraq özü yerinə yetirməlidir. Təbii ki, öhdəsinə götürdüyü işi yerinə yetirdiyi halda gəlir əldə edir.
2.Hakim təbəqənin, hökmdarların arasında xüsusi mülkiyyətin (sərvətin) ləğv olunması. Platonun nəzərində hakim təbəqə ola bilər xüsusi mülkiyyətdən istifadə edərək iqtisadi zülmə, təbəqələr arasında müharibəyə və cəmiyyətin zərərinə olan hər hansı bir vəziyyətin yaranmasına zəmin yaratmış olsun. Platona görə iqtisadi ədalət fərdlər arasında olan nisbəti təyin etməklə yanaşı, hər bir fərdin nəyə qadir olduğunu göstərir, həmçinin fərdlərin bacardığı işin bölgüsünü təyin edərək ədalətlə yerinə yetirilməsinə israr edir. Digər tərəfdən isə, iqtisadi ədalət hakimiyyət və ictimaiyyət arasında qarşılıqlı hüquqların həyata keçirilməsini təkid edir. Burada əsas üç məsələyə diqqət olunmalıdır: birinci əsas məsələ ondan ibarətdir ki, ədalət və hüquq arasında məcburi bir bağlılıq vardır; ikinci məsələ, hakimiyyət və ictimaiyyət arasında qarşılıqlı hüquqların ümumi cəhətləri heç bir fərdə həvalə olunmamışdır, yəni burada əsas aparıcı qüvvə fərd deyil, məhz hakim strukturdur; üçüncü, hakimiyyət və ictimaiyyətin qarşılıqlı hüquqlarının tətbiqi, həmçinin iqtisadi ədalətin mövcudluğu tələb edir ki, iqtisadiyyatın müxtəlif sahələrində olan ləngimələr və icarələr ləğv olunsun. Təbii ki, Platon hakimiyyət və ictimaiyyət arasında olan qarşılıqlı hüququn mövcudluğunu bəyan etmiş, ancaq bunların izahını və əldə olunacaq nəticələri gələcək nəsillərin öhdəsinə buraxmışdır.

Azərbaycan, ingilis və fars dillərində istifadə edilmiş ədəbiyyatlar
1.Kamal Poladi. Qərbdə siyasi fikir tarixi - Sokratdan Makiavelliyə qədər. Tehran: Mərkəzi. h.ş. 1393/2014 m., 212 s.
کمال پولادی. تاریخ اندیشه سیاسی در غرب-از سقراط تا ماکیاولی. تهران: مرکز. هش. 1393/2014 م. 212 ص.
2.Qurbanov H. Cəmiyyət və sosio – hüquqi problemlər. Bakı: Elm, 2018, 272 s.
3.Michael Bresford Foster. Siyasi düşüncə tanrıları: Platon, Aristotel. Fars dilinə tərcümə edən: Cavad Şeyx əl-İslami, c. I. Tehran: Əmirkəbir, .h.ş. 1394/2015 m., 308 s.
مایکل ‌برسفورد فاستر. خداوندان اندیشه سیاسی: افلاطون، ارسطو. جلد اول، ترجمه جواد شیخ الاسلامی. تهران: موسسه انتشارات امیرکبیر. هش. 1394/ 2015 م. 308 ص.
4.Plato. The Republic. (c.375b.c.), in p. Shorey trans., in E. Hamilton and H. Cairns eds., The Collected Dialogues of Plato, Including the Letters. Princeton, Princeton University Press, 1961, IV, 444d, VI, 501b. 1808 p.
5.Guthrie, W. K. The Greek Philosophers. University Press, Cambrige 1985, 538 p.
6.Plato. Phaedo (c.398b.c.), in H. Tredennick trans., in E. Hamilton and H. Cairns eds., The Collected Dialogues of Plato, Including the Letters (Princeton, Princeton University Press, 1961, 65d & 66a. 1808 p.
7.Gerasimos Santas. The Form of the Good in Plato’s Republic. İn G. Fine ed., Plato I Metaphysics and Epistemology. Oxford Univeirsity Press, 1999, 248 p.
8.Glenn, M. Plato’s Cretan City: A Historical Interpretation of the Laws. Princeton, Princeton University Press, 1960, 709 p.
9.Weinreb, Lloyd L. Natural Law and Justice. Harvard University Press, 1990, 320 p.
10.Friedrich, C. J. The Philosophy of Law in Historical Perspective. Chicago: The University of Chicago Press, 1969, 305 p.
11.Plato. Laws (c.350b.c.), in A.E. Taylor trans., in E. Hamilton and H. Cairns eds., The Collected Dialogues of Plato, Including the Letters. Princeton, Princeton University Press, 1961, p. 1300 & 708d. 1808 p.
12.Plato. Statesman (c.351b.c)., in J.B. Skemp trans., in E. Hamilton and H. Cairns eds., The Collected Dialogues of Plato, Including the Letters (Princeton, Princeton University Press, 1961, 1070-1071 pp. & 300c-e. 1808 p.
13.Platon. Platonun əsərlərinin külliyatı. Fars dilinə tərcümə edən: Məhəmməd Həsən Lütfi, c. IV, Tehran: Xarəzmi, h.ş. 1380/2001 m., 612 s.
افلاطون. دوره آثار افلاطو ن. ترجمه: محمدحسن لطفی، چهار جلدی. تهران: خوارزمی. هش. 1380/2001 م. 612 ص.
14.Plato. The Republic. (c.375b.c.), in p. Shorey trans., in E. Hamilton and H. Cairns eds., The Collected Dialogues of Plato, Including the Letters. Princeton, Princeton University Press, 1961, IV, 444d, VI, 501b. 1808 p.
15.Nasser Katozian. Hüququn fəlsəfəsi: hüququn tərifi və mahiyyəti. C. I-II. Tehran: Nəşriyyat Səhmdar Cəmiyyəti, h.ş. 1388/2009 m., 706 s.
ناصر کاتوزیان. فلسفه حقوق: تعریف و ماهیت حقوق. جلد اول و دوم، تهران: شرکت سهامی انتشار. هش. 1388/2009 م. 706. ص.
16.Villiam T. Bluhm. Siyasi sistemin nəzəriyyələri. Fras dilinə tərcümə edən: Əhməd Tadayon. Tehran: Aran, h.ş.1373/1994 m., 1000 s.
بلوم، تئودور. نظریه های نظام سیاسی. ترجمه: احمد تدین. تهران: آران. هش. 1373/1994 م. 1000 ص.
17.Jostein Gaarder. Sofi dünyası: fəlsəfə tarixi haqqında hekayə. Fars dilinə tərcümə edən: Həsən Kamşad. Tehran: Nilufər, h.ş.1379/2000 m., 608 s.
گردر، یوستین. دنیای سوفی، داستانی درباره تاریخ فلسفه. ترجمه: حسن کامشاد. تهران: نیلوفر. هش. 1379/2000 م. 608 ص.
18.Cairns H. Leqal Philosophy from Ploto to Hegel. USA-Baltimore: The Johns Hopkins Press, 1966, 583 p.
19.Platon. Respublika. (Republic). Fars dilinə tərcümə edən: Fəad Ruhani. Tehran: Kitab Tərcümə və Nəşriyyat Şirkəti, h.ş. 1393/2014 m., 648 s

Bakı Dövlət Universiteti, Hüquq fakültəsi. Azərbaycan Hüquq Jurnalı, 2022 (№1) № 1, s. 26-40
Link: https://ahj.az/en/8-journal/60-2022-1.html