ABŞ Dövlət Departamentinin Beynəlxalq İnkişaf naminə Missisipi Konsorsiumunun dəstəyi ilə IVLP (Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramı) məzunluğu

20 noyabr Vaşinqton şəhərinin görkəmli yerlərinə səyahət etdikdən sonra 21 noyabrda IVLP-nin Proqram Rəsmisi, Beynəlxalq Ziyarətçilər Ofisinin rəhbəri xanım Diana Duqlasla (Deanna Douglas) görüşüb bütövlükdə proqram müzakirə olundu. Proqram üzrə ilk görüşümüz isə Corc Meyson Universitetinin (Goerge Mason University) dosenti, doktor Con Farina (John Farina) ilə başladı.Bizə Birləşmiş Ştatlarda din haqqında, xüsusilə də dini azadlıqlar və kilsənin dövlətdən ayrılması xüsusiyyətləri və tarixi haqqında bəhs edən Con Farina din və cəmiyyət, din və hüquq, Amerika dinlər tarixi və Qərb spritualizmi tarixi üzrə mütəxəssisdir. Maraqlı təqdimatından sonra suallarımıza cavab verən Con Farinaya ölkəmizin bəzi nemətlərini, o cümlədən də dövlətimizin multikultural siyasətini özündə əks etdirən ingiliscə “Azərbaycan multikulturalizmi” kitabını hədiyyə etdik.

Həmin gün günorta saatlarında ABŞ Dövlət Departamentində olduq. Burada bizi qarşılayan Diana xanımla birlikdə Azərbaycan üzrə məruzəçi, Avropa və Avroasiya Təhlükəsizlik Bürosundan cənab Castin Berq (Justin Berg) və Beynəlxalq Dini Azadlıqlar Offisindən cənab Ceyms Aleksandr (James Alexander), o cümlədən də həmin ofisin Xarici Xidmətlər rəsmisi xanım Cohanna Vulfsberqlə (Joanna Wulfsberg) görüşdük. Bu görüş ölkəmiz haqqında həqiqətləri bir daha diqqətə çatdırmaq üçün gözəl bir fürsət oldu.
Bu görüşdən sonra İnanclararası Sahə və onun Təşkili Alyansının direktoru xanım Mauren Oleari (Maureen O'Leary) ilə tanış olub onun 2020-ci ilin mart ayından qoşulduğu bu alyansın fəaliyyəti ilə məlumatlandırıldıq.
Mütəmadi olaraq keçirildiyimiz COVİD-19 testindən sonra 23 noyabr tarixindəVaşinqton Milli Kafedralına aparıldıq. Yenicə təmirdən çıxmış binaözünün əzəməti ilə seçilir. Ən başlıcası isə burada dünyəvi və daha doğrusu milli olanların dini olanlarla çulğalaşdırılması idi. Bizi kafedralın daxili ilə tanış edən din xadiminə sülh rəmzi olan Xarıbülbül nişanımızı və ölkəmizlə bağlı digər suvinerləri hədiyyə etdik. Bunların içərisində K.Bünyadzadənin Rəbiə əl-Ədəviyyə və Edith Steinin baxışlarının müqayisəli şəkildə tədqiq etdiyi “Eşqin hikməti” kitabı maraq doğurmaya bilməzdi.

Noyabrın 24-ü ABŞ-da Şükranlıq günüdür. Bu bayram münasibətilə bütün müzeylər ziyarətçilərə açıq olduğundan bir neçə müzeyə gedib zəngin eksponatları ilə tanış ola bildik.
25 noyabr Merilənd ştatının Baltimor şəhərində yerləşən Sivilizasiyaların Mübadiləsi və Əməkdaşlığı Vəqfinin (Civilizations Exchange &Cooperation Foundation) əsasını qoymuş və prezidenti İmam Məhəmməd Bəşər Ərəfatla görüşdük. Azərbaycanla yaxından tanış olan və onun dostlarından biri kimi cənab Ərəfat bizə vətən həsrətini bir qədər unutdurdu. Tərəfimizdən vəqfə bir sıra süvinerlər, o cümlədən də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Baş direktoru f.e.d., professor İlham Məmmədzadənin ingilis dilində nəşr edilmiş Azərbaycanda almanlara həsr olunan kitabı hədiyyə edildi.
26 noyabr Arkanza ştatının Litl Rok şəhərinə uçub Arkanza Qlobal Əlaqələr İctimai Birliyinin İcraçı Direktoru xanım Toni Kar (Toni Carr) tərəfindən qarşılandıq. Səhərisi gün şəhərin Müqəddəs Maksın Baptist Kilsəsinə və digər görməli yerlərinə aparılıb bizə tanışlıq üçün şərait təşkil edildi. 28 noyabrda isə Mərkəzi Arkanza Kitabxanasında yaradıcılıq məzuniyyətində olduğuna baxmayaraq virtual görüşməyə razılıq vermiş doktor Rebeka Glazierin (Rebecca Glazier) “Dini azadlıq və Siyasi həyatın perspektivləri” haqqında məruzəsi ilə tanış olduq. Maraqlı müzakirələrdən sonra günorta saatlarında Klinton Prezident Mərkəzi və Kitabxanası Müzeyinə ziyarət etdik.
Axşamüstü Jim və Toni Kar ailəsi bizi qonaq etdi. Biz hamımız ilk dəfə olaraq Amerika qonaqpərvərliyi ilə yaxından tanış olduq.
29 noyabr tarixində də COVİD testindən keçdikdən sonra 1957-ci il Litl Rok böhranına həsr edilmiş Mərkəzi Ali Məktəb Milli Tarixi Hadisə müzeyi ilə tanış olduq. Marmonlara aid İsa Məsihin Müqəddəs Sonuncu gün Kilsəsində isə Ştat nümayəndəsi olan Karlton Vinq (Carlton Wing) və digər kilsə rəsmilərilə görüşüb müzakirələr apardıq.
Həmin gün Hind məbədi ilə də tanış olub, daha sonra evsizlərə təmənnasız kömək edən cəmiyyətin – From His Throne Ministries kilsəsinin işlərində iştirak etdik.
30 noyabr tarixində qızlar üçün Müqəddəs Meri Katolik Məktəbinə gedib burada İlahiyyat müəlliməsi xanım Buf İəstərlinin (Buff Easterly) dərsində iştirak edib maraqlı informasiya mübadiləsi etdik.

Arkanzasın Sülh və Ədalət naminə Koalisiyasının üzvü doktor Volterlə (Walter) görüşdə də Azərbaycan həqiqətləri haqqında məlumat verib ona da Xarıbülbül nişanını təqdim etdik.
Hər birimiz Litl Rokda proqram iştirakçılığımızı təsdiq edən sertifikatlarla təltif edildik.
Dekabrın 1-də Los Ancelesin Sakit Okeanı sahilində yerləşən Santa Monika şəhərinə gəlib səhərisi gün Simon Viesental Mərkəzinin (Simon Wiesenthal Center) Tolerantlıq Müzeyinə aparıldıq. Tarixi yaddaşın, tolerantlıq və icmalararası ahəngdarlığın təmin edilməsində təhsilin əhəmiyyətinə həsr edilmiş müzey özünün innovativliyi ilə seçilib sadəcə Azərbaycan qaçqın və köçkünləri haqqında BMT-nin rəsmi məlumatının öz əksini tapmadığı ilə də diqqətimizi çəkdi. Müzakirələr əsnasında Ravi Abraham Kuper (Rabbi Abraham Cooper) bu məlumatları bizdən gözlədiyini söylədi.
Növbəti görüşümüz Habita for Humanity qlobal qeyri-kommersiya yaşayış təşkilatı ilə olub Qəza bərpa Proqramı Menegeri Cesika Lavsondan (Jessica Lawson) fəaliyyətləri ilə əlaqədar maraqlı məlumatlar almış olduq. Öz növbəmizdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin də dəhşətli dağıntılara məruz qaldığını Cesika xanımın diqqətinə çatdırıb Ağdam şəhərinin dağıntılarını Yutub sosial şəbəkəsi vasitəsilə əyaniləşdirdik. Habita for Humanity beynəlxalq təşkilatının Azərbaycanla əlaqədar layihələr həyata keçirmək ümidi ilə xanım Cesikaya da Xarıbülbül nişanını təqdim etdik.
Proqramda Los Ancelesin mədəni ekskursiyası da nəzərdə tutulduğundan Holluvudun Yuniversal Studiyası ilə tanış edildik.

Dekabrın 5-də imanlararası münaqişələrin həllinə həsr edilmiş məruzəni dinləmək üçün Bayan İslam Buraxılış Məktəbində onun prezidenti Cihad Türk (Jihad Turk) və müavini Munir Şeyxlə (Munir Sheyh) görüşdük. Maraqlı fikir mübadiləsindən sonra qarşılıqlı olaraq suvinerlərlə paylaşdıq.
6 dekabr uçub gəldiyimiz Pensilvaniya ştatının Pittsburq şəhərində səhər ilk ziyarətimiz Pittsburq Universiteti oldu. Buradakı Bərabərlik, Müxtəliflik və İnkluzivlik Ofisinin (OEDI) əməkdaşları doktor Kleydi Pikket (Clyde Pickett), doktor Randi Konqleton (Randi Congleton) və doktor Emiola Oriola (Emiola Oriola) ilə görüşdə maraqlı müzakirələr etdik.
Müqəddəs Yusif adına vətəndaş cəmiyyətinin direktoru Canise Vandernek bacı (Sister Janice Vanderneck) ilə də görüşdə ABŞ-da Qeyri-Hökümət Təşkilatlarının hansı mühitdə çalışdıqlarını bir daha əyaniləşdirmiş olduq.
Dekabrın 8-də The Center for Loving Kindness and Civic Engagement of the JCC of Greater Pittsburgh direktoru Ravi Ron Simons (Rabbi Ron Symons) bizə Mərkəzin məramı və fəaliyyəti haqqında geniş məlumat verdi.
Dekabrın 9-da özəl ali məktəb olan La Roç (La Roche) Universitetinə səfər etdik. Burada fəlsəfə doktoru, beynəlxalq tələbələrlə iş üzrə direktor Nataşa Qarret (Natasha Garrett),

Proqramın sonuncu tədbiri yenə Pittsburq Universitetinin məşhur Milli Otaqları üzrə tur oldu. Burada biz müxtəlif ölkələrdən olan icmaların öz milli otaqlarını dizayn etdikləri ilə tanış olaraq növbəti gün bütün proqram boyu bizi müşayət etmiş tərcüməçilər: xanım Olcay Rəşid (Olcay Rached), xanım Sibel Cayır (Sybil Cayir) və koordinator Vlad İvanovski (Vlad İvanovski) ilə xüdafizləşib Vətənə qayıtmağa başladıq.
Radif Mustafayev
Fəlsəfə və Sosiologiya İnstitutunun “İslam fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dosent


