01.12.2022, 09:17 - Baxış sayı: 304

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əntiqə Paşayevanın məqaləsi impakt faktorlu jurnalda nəşr edilib


Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əntiqə Paşayevanın məqaləsi impakt faktorlu jurnalda nəşr edilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əntiqə Paşayevanın “Din və Hüquq: İslam dinində hüquq və etikanın nisbəti” (Religion and Law: The Ratio of Law and Morality in Islam) adlı məqaləsi yüksək impakt faktorlu “Beynəlxalq İslam təfəkkürü” jurnalında nəşr edilib. Malayziya Beynəlxalq Universitetinin Teologiya və Fəlsəfə şöbəsinin və Müsəlman Filosoflar və Teoloqların Beynəlxalq Cəmiyyəti (ISOMPT) tərəfindən nəşr edilən akademik jurnal “Scopus”, “Web of Science” və başqa yüksək indekslərin bazasına daxildir.
Müəllif məqalədə din, hüquq və etika arasında bağlılığın olduğuna diqqəti çəkərək, bunların arasında müqayisəli təhlillər aparmışdır. Müəllifin fikrincə, İnsan və insanlığı tərənnüm edən, humanistliyi müdafiə edən hüquq və etik normaların tarixi kökləri nəinki islam dövrünə, hətta ondan daha qədim zamanlara aiddir. İnsanın yaranmasından, onun yer üzərində hakim olmasından əsas məqsəd, insane mənsub olan hüquq və etik normalara malik olmaq və bu normaları qorumaqdır. Bu baxımdan İslam dini bütün canlılara mənsub olan haqlara və etik normalara müxtəlif aspektlərdən yanaşmış və bu məsələlərə xüsusi diqqət etmişdir. İslam dininə əsasən haqlar sonradan deyil, insana məhz yarandığı vaxtdan verilir. İnsan həyatını əhatə edən normativ haqlar həm də etik normalarla vəhdət təşkil edir, çünki hər hansı bir qaydanın kökündə etik normalar mövcuddur, əgər bu normalar olmasa heç bir haqdan danışmaq olmaz. Məhz buna görə də İslam dini insan haqlarından bəhs edərkən əxlaqın ən mühüm xüsusiyyəti olan ədalət prinsiplərini önə çəkmiş, hüquq və ədalət arasında bağlılıq yaratmışdır. İslam dini baxımından hüquq və etik normalara əməl olunması insanın ictimai bir şəxsiyyət kimi formalaşmasında əsas amil hesab olunur. Çünki hüquq, etika, əxlaq normaları, o cümlədən ədalət hər bir insanın həyatında zəruri olan məsələləri əhatə edir ki, insan məhz bunlara əməl etməklə mükəmməl bir varlıq olaraq tanınır.
Müəllif hazırki məqalədə Yəhudi, Xristian və İslam dinində mövcud olan hüquq və etik normalara, bu normaların nisbətinə, ictimai təsirinə, nüfuzuna, insan haqlarında hüquq və ədalət prinsiplərinə, bunların arasında oxşar və fərqli cəhətlərə və mövzu ilə bağlı digər mühüm məsələlərə diqqəti çəkmiş, müsəlman filosofların, moralistlərin və hüquqşünas alimlərin (fagih), həmçinin qərb hüquqşünas filosofların (legal philosophers) mötəbər əsərlərinə istinad etmiş, mövzunu fəlsəfi və hüquqi aspektdə tədqiq edərək ətraflı təhlillər aparmışdır.
Məqalə ilə BURADAN tanış olmaq olar.