30.11.2022, 05:32 - Baxış sayı: 307

Fransanın qərəzli və qeyri-obyektiv mövqeyi getdikcə özünü daha açıq şəkildə göstərir


Hüseyn İBRAHİMOV,
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru

Son illərdə Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş tarixi ərazilərini öz gücü ilə azad etməyə qadir olduğunu bir neçə dəfə sübut edib. Amma münaqişə nəticəsində onsuz da çox qanlar töküldüyünü nəzərə alan ölkəmiz problemin siyasi-diplomatik vasitələrlə, danışıqlar yolu ilə həllinə çalışır. Bunun üçün beynəlxalq vasitəçilik missiyası da fəaliyyət göstərir: ATƏT-in Minsk qrupu. Bu qrupdakı vasitəçilərdən – həmsədr ölkələrdən biri də Fransadır.
1992-ci ildən bəri fəaliyyətdə olan Minsk qrupu faktiki olaraq indiyədək heç bir müsbət nəticəyə nail ola bilməyib. Buna səbəb isə, təbii ki, Minsk qrupu həmsədrlərinin bir çox hallarda məsələnin həllinə ikili standartlarla yanaşmasıdır. Bunu Fransanın timsalında daha aydın görürük. Fransa Minsk qrupunda həmsədrliyə gələrkən, Azəırbaycan buna qəti etirazını bildirmişdi. Çünki Fransada güclü erməni lobbisi fəaliyyət göstərir və onun hökumətə ciddi təsir imkanları olduğunu ölkəmizdə yaxşı bilirlər. Amma Fransa münaqişənin həllinə yanaşmada qərəzsiz və tarazlı siyasət yürüdəcəyi barədə öhdəlik götürmüşdü.
Bəs ötən illərdə Fransa öz öhdəliyinə faktik olaraq necə yanaşıb? Bu ölkə vasitəçiliyi dövründə də ənənəvi olaraq yürütdüyü ermənipərəst siyasəti davam ­etdirib. Bu ilin oktyabr ayında Ermənistanda keçirilmiş Frankofoniya sammitində bunu bir daha müşahidə etdik. Fransa Prezidenti Emmanuel Makron sammitdə iştirak üçün Ermənistana üçgünlük səfərə gəldi. Ancaq bu üç gündə heç olmasa tarazlığı qorumaq naminə belə Azərbaycana səfər etmək fikrinə düşmədi.
Bundan əlavə, Fransa şəhərlərinin merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək işğal altında olan şəhərlərimizlə Fransanın şəhərləri arasında “qardaşlaşma” sazişləri imzalamaqdadırlar. Fransa hökuməti tərəfindən bunun qarşısının alınması üçün heç bir tədbir görülmür. Ondan artıq Fransa şəhəri bu kimi qanunsuz və ilk növbədə, Fransa qanunlarını pozan sənədə imza atmışdır.
Fransa XİN və Fransanın Azərbaycandakı səfiri, bir qayda olaraq, “Fransa Dağlıq Qarabağ Respublikasını tanımır” kimi bəyanatlarla çıxış etsə də, əslində, açıq-aşkar ikili standartlara əsaslanan siyasət yürüdür. Fransa Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Krımdan olan şəxslərin ölkə ərazisinə daxil olmasına qadağa qoysa da, Dağlıq Qarabağ separatçılarına qucaq açır.
Yeni Koledoniyada keçirilmiş referendumdan sonra Fransa Prezidenti müstəmləkə ərazisi olan Kaledoniyanın Fransanın tərkibində qalmasına görə fəxr etdiyini bildirdiyi, Fransa hökuməti Korsikada separatizmə qarşı sərt və kəskin siyasət apardığı halda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur. Bütün bunları nəzərə alaraq, Azərbaycan Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən kənarlaşdırılması təşəbbüsü ilə çıxış etməlidir. Onun əvəzinə həmsədrlik institutuna Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü, suverenliyini və münaqişənin bu prinsiplər əsasında həllini dəstəkləyən bir ölkə gətirilməlidir.

"Xalqqazeti.com"