BƏHMƏNYAR MƏKTƏBİNİN FƏLSƏFƏSİ

Zakir Məmmədovun “Bəhmənyar məktəbinin fəlsəfəsi” kitabında “Fəlsəfə tarixində Şərqin yeri və Bəhmənyarın xidmətləri”, “Bəhmənyarın şagirdləri” “Bəhmənyar məktəbinin fəlsəfəsi”, “Ömər Xəyyamın dünyagörüşü”, “Ömər Xəyyamın varlıq təlimi və idrak nəzəriyyəsi”, “Ömər Xəyyamın ictimai-siyasi və etik-əxlaqi görüşləri”, “Bəhmənyar məktəbinin fəlsəfəsində sinkretizm istiqaməti” adlı bölmələr vardır.
Müəllif qeyd etmişdir ki, Bəhmənyar məktəbində müəllim şagird silsiləsini izləyərkən həmin alimlərin və filosofların eyni əqidə yolçuları olmadıqları görünür. Onlardan bəziləri, məsələn, Ömər Xəyyam, Əbülabbas Ləvkəri, Əbdürrəzzaq Türki və başqaları Şərq peripatetizminin ardıcıl təəssübkeşləri ol-muşlar, digərləri isə, məsələn Fəxrəddin Razi və onun şagirdləri islam sxolastikası mövqeyindən çıxış etmişlər.
Tədqiqatçı Bəhmənyar məktəbinin bilavasitə nümayəndələrinə gəldikdə, onların əsasən iki şaxədə – Əbülabbas Ləvkəridən və Ömər Xəyyamdan təhsil almışların vasitəsilə olduğunu yazmışdır. Alim müsəlman Şərqi ölkələrində elmi-fəlsəfi təlimlərin mövcudluğunda Əbülhəsən Bəhmənyarın və onun şagirdlərinin misilsiz xidmətləri olmasına diqqəti yönəldərək ilk dəfə olaraq bildirmişdir ki, Nəsirəddin Tusi və onun məktəbinin nümayəndələri sonrakı əsrlərdə Bəhmənyar məktəbinin fəlsəfi ənənələrini yaradıcılıqla davam etdirərək onun xələfi sayılmışlar. Bəhmənyar məktəbinin fəlsəfi ənənələri XIII əsrdə Nəsirəddin Tusi və onun məktəbinin nümayəndələri tərəfindən yaradıcılıqla davam və inkişaf etdirilmişdir. XVII əsrdə isə Rəcəbəli Təbrizi və onun şagirdləri əsərləri ilə bu ənənələrin davamçısı olmuşlar.
Zakir Məmmədovun “Bəhmənyar məktəbinin fəlsəfəsi” kitabı onun “Bəhmənyarın fəlsəfəsi” kitabının davamıdır. Ərəb və fars dillərində ilk mənbələr əsasında qələmə alınmış bu tədqiqat işində Bəhmənyar məktəbinə mənsub filosofların, xüsusilə Ömər Xəyyamın yaradıcılıq yolları, ideya istiqamətləri müəyyənləşdirilir. Ömər Xəyyamın dünyagörüşünü araşdıran tədqiqatçı filosofun Bəmənyarın şagirdi olmasını ilk dəfə olaraq mənbələr əsasında sübut etmişdir.
Kitaba Zakir Məmmədov tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə olunmuş “Metafizikanın mövzusu” və “Mövcudatın mərtəbələri” traktatları, “Təhsil” kitabından bir hissə daxil edilmişdir.
“Bəhmənyar məktəbinin fəlsəfəsi” kitabı Zakir Məmmədovun həyat yoldaşı Sevda xanıma ithaf edilmişdir. Kitabın tərtibçisi, kitabı çapa hazırlayan və ön sözün müəllifi Aytək Zakirqızıdır.