21.04.2022, 10:18 - Baxış sayı: 513

Mənalı ömrün fəlsəfəsi


Firuzə ƏLİYEVA
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Mən bir alim, tədqiqatçı, filofof, nəhayət AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə haqqında yazıram. Azərbaycanda fəlsəfənin, fəlsəfi metodologiyanın inkişafında İlham müəllimin böyük rolu vardır.
Hörmətli professor 1975-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini müvəffəqiyyətlə bitirmişdir. 1980-ci ildə Moskvada fəlsəfə üzrə fəlsəfə doktorluğunu müdafiə etmiş, 1990-cı ildə isə fəlsəfə elmləri doktoru adını almışdır, İlham müəllim fəlsəfənin etika sahəsi ilə məşğul olmuşdur. Lakin o təkcə bu sahə ilə yox, həmçinin digər sahələrdə də ciddi tədqiqat işləri aparmış və aparmaqdadır. Onun rus dilində "Политика и мораль" (1988), “Гражданское общество и национальная идеология: философия политического процесса в Азербайджане" (1995), "Введение в этику" (2004) adlı kitabları nəşr edilmişdir. O bu kitablarında xaricdə və ölkəmizdə fəlsəfə tarixi, etika və politologiya sahəsindəki problemləri geniş şəkildə işıqlandırır. Eyni zamanda alimin məqalələrində fəslsəfənin bu günü və gələcəyi haqqında mühüm məsələlər öz əksini tapmışdır. İlham müəllim "O философии современные подходы, тенденции и перспективы" (2011), kitabında Azərbaycan fəlsəfəsinin inkişafı üçün alim və filosofların nə etməli olduğunu irəli sürür. O göstərir ki, cəmiyyətimizin modernləşməsi, mədəniyyətimizin keçmişi, bu günü və gələcəyi arasındakı əlaqələrin qorunub saxlanması üçün filosoflar öz fəaliyyətlərini daha da artırmalıdırlar. İlham müəllim yazır ki, “Dəyərlərimizin yad ünsürlərdən qorunaraq gənc nəslə çatdırılması biz filosofların ümdə vəzifəsi olmalıdır".
İham müəllim eyni zamanda “Философы России XIX-XX столетий” (М., изд.-во «Академической проект», 2002, под ред. П.В.Алексеево) ensiklopediyasının hazırlanmasında böyük rol oynamışdır.
Alim daim axtarışdadır. Onun yaradıcılıq yolu geniş və hərtərəflidir. Belə ki, görkəmli filosof fəlsəfənin müxtəlif sahələrinə müraciət edir. Onun 2017-ci ildə çapdan çıxmış “Mədəniyyətlərin qarşılıqlı təsir fəlsəfəsi və Almanların Cənubi Qafqazda məskunlaşması’’ kitabı geniş oxucu kütləsi tərəfindən hörmətlə qarşılanmışdır. Belə ki, 160 səhifəlik bu kitabda İlham müəllim tarixi faktlara, arxiv materiallarına müraciət edərək, geniş tədqiqat işi aparmışdır. Filosof müqəddimə, dörd fəsil və ayrı-ayrı paraqraflardan ibarət olan bu kitabında Azərbaycanda identiklik və mədəniyyətlərin qarşılıqlı təsir fəlsəfəsi məsələlərini geniş şəkildə tədqiq etmişdir. Bu fəsildə alim Azərbaycan və alman filosoflarının identikliyə münasibətini, Azərbaycan mədəniyyətini, bu mədəniyyətin digər xalqların mədəniyyəti ilə qarşılıqlı surətdə inkişafını tədqiq edir. Alim eyni zamanda almanların Cənubi Qafqazda, həmçinin Azərbaycanda məskunlaşmaları haqqında maraqlı faktlar aşkar etmişdir. Filosof bu kitabda həmçinin görkəmli tarixi şəxsiyyətlərin haqqında da maraqlı məlumatlar vermişdir. Kitabda İlham müəllim həmçinin alman mədəniyyəti, onun tarixi kök-ləri haqqında şəkillərlə birlikdə tədqiqatçılar üçün mühüm arxiv materiallarını təqdi edir. Bu kitabda biz tədqiqatçılar almanlar haqqında bilmədiklərimizlə tanış oluruq.
Biz yuxarıda qeyd etdik ki, görkəmli alim, filosof təkcə etika ilə yox, eyni zamanda mədəniyyətin fəlsəfi problemlərinə də aid bir sıra məqalələri o cümlədən, “Bir daha fəlsəfə haqqında: Müasir yanaşmalar. Təmayüllər. Perspek-tivlər", “Həsən bəy Zərdabinin maarifçilik ideyaları və maraifçiliyin fəlsəfəsi” kitabları və s. Azərbaycanda və xarici ölkələrdə nəşr etdirərək tədqiqatçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, alimin “Multikulturalizmin dərkində bəzi təmayüllər'’ adlı məqaləsində İlham müəllim yazır ki, qloballaşmanın qanunauyğunluqları barədə danışarkən Avropa təcrübəsinə əsaslanmaq nə dərəcədə düzgün olardı? Biz hələ bu mənada nəticə çıxarmaq üçün məsələn, qeyri Avropa mühitində bəzi sosioloji metodlardan istifadə edilməsinin nə dərəcədə düzgün olduğunu anlamaq zərurətini demirik. Adətən, müxtəlif səbəblərdən bu məsələlərə aid kifayət qədər informasiya və mətn tapılmır. Buna misal olraq diqqəti mədəniyyət və sosiologiya üzrə tədqiqatlarda tez-tez rast gələn dilemmalara cəlb etmək istərdik: Şərq-Qərb, Şimal-Cənub, Avropa-Asiya, müsəlman-xristian aləmi, katoliklər-provaslavlar və s. əslində bunlar özlüyündə çox geniş konkretləşdirilməli və qloballaşma dövrünün bu və ya digər regionu haqqında olduqca qeyri-dəqiq məlumat verən anlayışlardır. Məsələn, biz Azərbaycanı müstəsna olaraq yalnız müsəlman dünyasının və ya Qafqazın yaxud təkcə postsovet məkanının bir hissəsi kimi səciyyələndirərək bununla kifayətlənən zaman öz mədəniyyətimizi “bəsitləşdiririk”.
O, hər dəfə öz çıxışlarında yeni-yeni ideyalar irəli sürür. Təsadüfi deyildir ki, XX əsrin elm korifeylərindən biri olan A.Eynşteyn əsl elm adamını belə səciyyələndirir: “Elm məbədi mürəkkəb quruluşa malikdir. Buraya adamlar da, onları bura gətirən mənəvi qüvvələr də müxtəlifdir. Bəziləri elmlə intellektual üstünlük hissinin təsiri ilə məşğul olurlar. Bu mənada elm idman kimidir, hansı sahədə isə üstünlüyün üzə çıxmasına, şöhrətə xidmət edir. Başqaları isə öz fikirlərinin məhsullarını utilitar məqsədlərə həsr edirlər. Əgər Allahın göndərdiyi mələk hər iki kateqoriyaya mənsub adamları məbəddən uzaqlaş-dırsa idi, onda məbəd kəskin surətdə boşalmış olardı. Lakin burada yenə də tək-tük adam qalmış olardı. Bunlar həmin adamlardır ki, onlarsız elm məbədi mövcud yüksəkliyə qalxa bilməzdi. Onlar maddi dünyanın cari qayğılarından uzaqlaşaraq elm məbədinə tam təmənnasız gəlmiş adamlardır”. Bəli, İlham müəllim elm məbədinə tam təmənnasız gəlmiş alimlərdəndir. Onun araşdırdığı tədqiqat işlərində hər zaman yeni fikirlərə, yeni ideyalara rast gəlirik. İnstitutun direktoru olan İlham müəllim eyni zamanda sadə, təvazökar, xeyirxah bir insandır. Yüksək mənəvi-əxlaqi keyfiyyəıtlərin mücəssəməsi olan hörmətli professorumuz xalqımızın mənəvi dəyərlərini özündə təcəssüm etdirən görkəmli bir alim, şəxsiyyət və müdrik insandır. Heç təsadüfi deyildir ki, bir filosof demişdir: “Müdriklik sağlam düşüncə çərçivəsində fəlsəfədir". Bu yerdə görkəmli şairimiz Səməd Vurğunun bir şeri yadıma düşdü: «Tarixdə qalacaq yalnız yaradan”. Bəli, ilham müəllim yaradıcı alimdir. Bu gün gələcəyin elmi tədqiqatçıları olan gənclərimizin ona böyük ehtiyacı vardır. Onlar hörmətli alimdən yeni-yeni fəlsəfi əsərlərin yazılmasını səbirsizliklə gözləyirlər. Onun fəlsəfi ideyaları gələcək nəsillərə bir örnəkdir. Görkəmli bir professor demişdir: “Həyatın dibindən ideya səmasına yüksəlmək üçün yetərli ruhani enerji olmalıdır". Bəli, bu gün İlham müəllim Allahın bəxş etdiyi bu enerji ilə elmi-tədqiqat işləri aparır. Bu yolda ona uğurlar arzulayırıq.

"Elm" qəzeti №12 (1322), 15 aprel, 2022-ci il