05.04.2022, 15:07 - Baxış sayı: 615

Tarix elmləri doktoru Eynulla Mədətlinin “Tarix və tarixşünaslıq məsələləri” adlı kitabı nəşr olunub


Tarix elmləri doktoru Eynulla Mədətlinin “Tarix və tarixşünaslıq məsələləri” adlı kitabı nəşr olunubBu günlərdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətlinin “Tarix və tarixşünaslıq məsələləri” adlı kitabı (“Turxan” nəşriyyatı, 2022, 468 səh.) nəşr edilmişdir.
Kitabda Azərbaycan tarixinin bir sıra konseptual məsələlərinə dair müəllifin son illərdə qələmə aldığı elmi və publisistik məqalələri yer almışdır. Ölkəmizdə və xaricdə dərc edilmiş bu məqalələrdə Azərbaycan xalqının tarixinin müxtəlif dövrlərinə, o cümlədən müasir dövrümüzün ictimai-siyasi hadisələrinə, Azərbaycan Respublikasının qalibiyyətli Vətən müharibəsinə müxtəlif münasibətlərin tənqidi araşdırılması aparıcı xətti təşkil edir. Bir sıra xarici müəlliflərin, xüsusilə də İran tarixçi və siyasətçilərinin Cənubi Azərbaycan və Şimali Azərbacanla bağlı, tariximizin təhrifinə yönələn əsərləri də burada ciddi elmi tənqidə cəlb edilmişdir.
Kitabın elmi redaktoru AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Yaqub Mahmudov, rəyçiləri tarix elmləri doktoru, professor Şahin Fazil (Fərzəliyev) və tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadədir.
Qeyd edək ki, kitab tarix və tarixşünaslıq, beynəlxalq münasibətlər, siyasət, mədəniyyət sahəsinin tədqiqatçıları, həmçinin geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.
Kitaba iranşünas alim, tarix elmləri dokturu Mehman Süleymanov ön söz yazmışdır.