14.01.2022, 14:50 - Baxış sayı: 622

Prezident İlham Əliyevin ölkəmizdə davamlı inkişafla bağlı həyata keçirdiyi uğurlu siyasəti və onun nəticələri


Sakit Hüseynov
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu
Davamlı İnkişafın fəlsəfəsi və sosiologiyası
şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor


Ali Baş Komandan İlham Əliyevin müdrük rəhbərliyi və ordumuzun qəhrəmanlığı ilə 44 günlük müharibə zamanı erməni işğalçıları üzərində əldə etdiyimiz qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.
Prezident İlham Əliyev tərəfindən əldə edilən uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər qarşıdakı illərdə ölkəmizin qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Respublikamızın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosial yönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir.
Növbəti illərdə (2022-2030-cu illər nəzərdə tutulur - S.H.) ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır:
1. Davamlı və rəqabətqabiliyyətli iqtisadiyyat;
2. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
3. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
4. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
5. Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Qeyd edilən Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, uzunmüddətli dövrdə iqtisadi artım sağlam və tarazlı olmalıdır. Belə iqtisadi artım ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaradacaqdır. Bu prioritetin effektiv həyata keçirilməsi üçün aşağıdakı iki məqsəd təmin olunmalıdır:
- davamlı və yüksək iqtisadi artım;
- daxili və xarici təsirlərə dayanıqlıq.
Məlumdur ki, iqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmalıdır. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin etməlidir.
İqtisadi artımın davamlı olması, milli iqtisadiyyatın dərin şaxələnməsi, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr” tapılmalıdır. Neft sektoru sosial-iqtisadi inkişafın dayaqlarından biri olsa da, qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevrilməlidir.
Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə davamlılığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir. Ölkədə makroiqtisadi sabitliyin və dayanıqlığın gücləndirilməsi məqsədilə yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılmalıdır.
Yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bunun üçün əsas məqsəd iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olmaqdır.
Davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Bu prioritet aşağıdakı üç məqsəd əsasında uğurla reallaşa bilər:
- inkişafdan hər bir vətəndaşın bəhrələnməsi;
- yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət;
- paytaxt və regionların tarazlı inkişafı.
Yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmalıdır.
Ölkədə artan gəlirlər daha geniş iqtisadi imkanlar yaratmalı, bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunmalı, xüsusilə qadınların iqtisadi imkanlara çıxışı yaxşılaşmalıdır.
Ötən dövrdə regionlarla müqayisədə ölkəmizin paytaxtı daha sürətlə inkişaf etmişdir. Uzunmüddətli dövrdə əsas məqsədimiz regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaqdır. Bunun üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır.
Regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməlidir. Regionların davamlı inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Regionlar paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmalıdır. Bu, regionların milli gəlirdə payının artırılmasını təmin edəcəkdir.
Elmi araşdırmalar göstərir ki, indiki şəraitdə işğaldan azad edilmiş ərazilərimizdə Davamlı inkişafa keçmək üçün “Yaşıl iqtisadiyyat” modelini tətbiq etmək lazımdır. “Yaşıl iqtisadiyyat” modeli Davamlı inkişafı həyata keçirmək üçün çox mühüm alət kimi elm adamlarının və beynəlxalq təşkilatların diqqətini cəlb etməkdə idi. Məhz bu səbəbdən 2012-ci ildə BMT-nin Davamlı inkişafa həsr edilmiş konfransında (RİO - 20) dünya ölkələrinin əksəriyyəti tərəfindən yaşıl iqtisadiyyat modelinə keçilməsinə qərar verildi. Yaşıl iqtisadiyyatla bağlı həyata keçirilməsində olan proqramların əsas təşəbbüskarları olan ölkələrdən – Norveç, Danimarka, Avstraliya, İsrail, Almaniya, İspaniya, İsveç və s. ölkələri xüsusi qeyd etmək lazımdır.
Qeyd etmək lazımdır ki, “Yaşıl iqtisadiyyat” modelinin ölkəmizdə tətbiq edilməsində Prezident İlham Əliyevin mühüm rolu olmuşdur. Yaşıl iqtisadiyyat – ekoloji davamlılığı təmin edən, məhsul və xidmətlərin istehsal və istehlakını, eyni zamanda yaşıl inkişafa yatırılan investisiyaları nəzərdə tutan bir anlayış kimi şərh edilir. Bu məsələyə fəlsəfi-sosioloji cəhətdən yanaşdıqda ekoloji davamlılıq təmin edilərkən, sosial-iqtisadi inkişaf, gəlirlərin artımı, məşğulluq və yoxsulluğun azaldılması düşünülür.
Avropa tədqiqatçıları isə yaşıl iqtisadiyyatın davamlı istehsal-istehlak, enerji səmərəliyi və bərpa olunan enerji istifadəsi ilə yeni iş imkanlarının yaradılması və insanların rifahının yaxşılaşdırılması ilə sıx bağlı olduğunu qeyd edirlər.
Qeyd etmək lazımdır ki, yaşıl iqtisadiyyat əslində yeni iqtiadiyyat anlayışı kimi də ifadə edilə bilər, yaxud klassik iqtisadiyyatın təməllərinə insan və təbiət faktorlarının əsaslı şəkildə əlavə olunması kimi də təyin oluna bilər.
İnsan və təbiətin dəyərinin üzə çıxması və əhalinin rifahının yaxşılaşdırılması üçün yoxsulluğun azaldılması, təbiətdə məhdud olan təbii ehtiyatların effektiv və optimal şəkildə istifadə edilməsi bu yeni iqtisadi anlayışın (yaşıl iqtisadiyyatın) təməlini meydana çıxarır.
Hazırda yaşıl iqtisadiyyat anlayışının nəyi əhatə etdiyinin dəqiq müəyyənləşdirilmiş və hamı tərəfindən qəbul edilən tərifi yoxdur. Bu səbəbə görə ayrı-ayrı ölkələr özlərinin xüsusi şərtləri çərçivəsində fərqli təriflər ortaya qoyurlar.
Əslində hazırki şəraitdə yaşıl iqtisadiyyatın anlaşılması, ona elmi tərifin verilməsi, onun sosial-fəlsəfi cəhətdən araşdırılması müxtəlif ölkələrdə müxtəlif yanaşmalarla fərqlənir ki, bunu da normal qəbul etmək lazımdır. Çünki müxtəlif ölkələrin sosial-iqtisadi cəhətdən inkişaf dərəcəsi müxtəlifdir. Məsələn inkişaf etmiş ölkələr (İEÖ), inkişaf etməkdə olan ölkələr (İEOÖ) və yeni sənayeləşmiş ölkələr (YSÖ) arasında davamlı inkişaf baxımından xeyli fərq vardır. Bu fərqlər müvafiq ölkələrin yaşıl iqtisadiyyatla bağlı səviyyəsi və bu istiqamətdə atdıqları addımlarda da özünü göstərir. Beləliklə, fəlsəfi-sosiloji cəhətdən yuxarıda deyilənləri ümumiləşdirəndə aydın olur ki, davamlı inkişaf sosial-iqtisadi və ekoloji sahələrin əsas təməli olan yaşıl iqtisadiyyata əsaslanır.

Azərbaycanda yaşıl iqtisadiyyata keçidin perspektvləri

Azərbaycanda davamlı inkişafın tərkib hissəsi olaraq yaşıl iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində ölkə Prezidenti İlham Əliyevin tərəfindən davamlı və uğurlu siyasət yürüdülür.
Post-konflikt dövründə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, bu ərazilərdə davamlı inkişafın təmin olunması üzrə metodoloji yanaşmalara və qabaqcıl beynəlxalq təcrübələrə əsasən regionun iqtisadi poten-sialının reallaşdırılması üçün Prezident İlham Əliyevin göstərişi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və inkişafı ilə bağlı Konsepsiya” sənədi hazırlanmışdır. Bu sənəddə ərazilərin bərpası prosesinin diqqət mərkəzində saxlanılması prinsipləri müəyyənləşdirilmişdir. Bu prinsiplər aşağıdakı¬lardır:
- Bərpa edilmiş ərazilərə qayıdış zamanı yüksək əhali saxlığına nail olunması;
- İnfrastruktur təminatının həmin bölgənin fasiləsiz logistik imkanlarına uyğunlaşdırılması;
- Əhalinin repartasiyası zamanı sosial ədalət prinsipinə riayət olunması və mülkiyyət hüquqlarının bərpası;
- İqtisadi inkişafın davamlılığının təmin olunması;
- Tələb olunan investisiyaların həcminin optimallaşdırılması;
- Dövlət xərclərinin azaldılması məqsədilə bərpa prosesinə özəl və dövlət, həmçinin yerli və xarici investisiyaların cəlb edilməsi, xüsusilə dövlət və özəl sektor tərafdaşlığından geniş istifadə olunması;
- Ərazilərin bərpa prosesinin yeni istehsala daha çox tələb yaratması və beləliklə ölkə iqtisadiyyatının artımının stimullaşdırılmasından ibarətdir.
Yuxarıda göstərilən prinsiplər isə öz növbəsində ərazilərin bərpası, yenidən qurulması və davamlı inkişafın təmin edilməsi ilə əlaqədar siyasi tədbirlərin, o cümlədən kompleks proqramların hazırlanaraq icra olunmasını nəzərdə tutur.
Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nöməli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının qarşıda duran məsələlərin icrasını təmin etmək mqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı” hazırlanmışdır.
Bu Dövlət Proqramında qeyd edilmişdir ki, “Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir ki, bu da böyük quruculuq işlərinin ilk layihəsidir. Bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları tikiləcək. Bütün infrastruktur yaradılacaq. Küçələr, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq”.
Qeyd etmək lazımdır ki, region daxilində nəqliyyat, rabitə və kommunikasiya xətlərinin bərpası regionun öz daxilində olan iqtisadi canlanmanın, sosial və digər məsələlərin həllinə səbəb olur. Bundan sonra Qarabağ regionunun Azərbaycanın digər region və şəhərləri ilə əlaqələndirilməsi və reinteqrasiya olunması, sonrakı dövrlərdə Qarabağ iqtisadiyyatının yenidən Azərbaycanın ümumi iqtisadiyyatına birləşdirilməsinə gətirib çıxaracaq.
Ən vacib məsələlərdən biri də, Qarabağ regionunu tranzit bir mərkəz olaraq tanıtmaqdır. Tranzit mərkəz olaraq Qarabağ regionunun təqdim edildiyi təqdirdə və qeyd olunan Zəngəzur dəhlizinin, həmçinin digər kommunikasiya və nəqliyyat xətlərinin bura cəlb edilməsi ilə Azərbaycan nəinki öz daxilində, ümumilikdə öz iqtisadiyyatında, həmçinin regionda tranzit bir nəqliyyat-kommunikasiya xətləri üzərində yerləşə bilər. Bu isə, öz növbəsində, ticarət dövriyyəsinin və ümumilikdə Azərbaycan iqtisadiyyatının davamlı inkişafına müsbət təsir edə bilər.

“Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyası

Qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərdə “Ağıllı kənd” (Smart village) və “Ağıllı şəhər” (Smart city) konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. “Ağıllı kənd” texnologiyalarının tətbiqi, həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına da şərait yaradacaq və Qarabağ regionunun həm də texnoloji innovasiya-startap mərkəzi kimi cəlbediciliyini də artıracaqdır. Qeyd edə bilərik ki, Ali Baş Komandan, Azərbaycan Respublika¬sının Prezidenti İlham Əliyevin tapşırığı ilə ilk dəfə olaraq Zəngilan rayonunun Üçüncü Ağalı kəndində ”Ağıllı kənd” layihəsinin icrasına başlanılıb. “Ağıllı kənd” layihəsi əsasən 5 komponent üzrə aparılacaq. Bu layihə yaşayış, istehsal, sosial xidmətlər, ”Ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələrini əhatə edəcəkdir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaqdır.
Ümumiyyətlə, “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyası dünyanın bir çox ölkələrində tətbiq edilməkdədir. Lakin nəinki Azərbaycanda, bütövlükdə Qafqazda “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyasının ilk dəfə həyata keçirilməsi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu konsepsiyalar Azərbaycanda, bütövlükdə dünyada baş verən texnoloji imkanlara, qlobal innovasiya yönümlü layihələrin tətbiqi üçün həlledici olaraq çıxış edəcək. Hazırki şəraitdə sosioloji cəhətdən demokratik vəziyyəti araşdıraraq qeyd etmək lazımdır ki, dünya əhalisinin 54% -i şəhərlərdə məskunlaşıb və bu nisbətin 2050-ci ilədək 66%-ə çatacağı gözlənilir. Dünya əhalisinin artım tempini ölçərək demək olar ki, 2,5 mlrd. nəfərlik əhali şəhərlərə doğru köç edəcəkdir.
Yuxarıdakı faktları nəzərə alaraq Respublikamızda da onu demək olar ki, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin tətbiqi qaçılmazdır. Burada bulud texnologiyalarına əsaslanan məlumat bazalarının toplanılması və onların bazalarına əsasən idarəetmə formalarının tətbiqi nəzərdə tutulur. İdarəetmə formaları bir çox yönlərdən ola bilər. Qeyd olunduğu kimi, tullantıların toplanmasından tutmuş, bələdiyyə, icra orqanlarının öz işlərini davam etdirilməsinə qədər bir çox mövzulara toxunmaq olur. “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri çərçivəsində yaşıl enerji zonası yaradılmalıdır. Bu, o deməkdir ki, burada elektrik enerjisinin verilməsi daha səmərəli yolla olacaq və enerji qaynaqlarında toplanacaq enerjilər, enerji kəsintisi olmadan davam etdiriləcək. “Ağıllı kənd” layihələrində tətbiq olunan nəzəri biliklərdən biri də azalma həlqəsinin qarşısını almaqdır. İşğaldan azad olunmuş ərazilərdə bu layihələrin genişləndirilməsi, kəndlərin digər şəhər və rayonlara inteqrasiya olunmasına, ehtiyatların, ümumi olaraq kənd təsərrüfatı mallarının, sosial xidmətlərin çatışmazlığının qarşısını almağa kömək edəcək.
Qeyd edək ki, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri bir çox ölkələrdə və şəhərlərdə icra olunur. Bunlara misal olaraq Sinqapur, London, Nyu-York və Amsterdam kimi şəhərləri misal gətirmək olar. Diqqət yetirildikdə görə biləcəyimiz nüanslardan biri odur ki, bu şəhərlər həm də turizm mərkəzlər kimi fəaliyyət göstərə bilər. Bu da o deməkdir ki, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri gələcəkdə Qarabağın gözəl guşələrinin dünyada daha da tanıdılmasına kömək edəcək. Bu gün fəxr hissi ilə demək olar ki, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri Qarabağda, işğaldan azad olunmuş digər ərazilərdə realizə edilməkdədir ki, bu da işğaldan azad olunmuş ərazilərdə davamlı inkişafın perspektivləridir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır: “Bu, bizim gələcəyə baxışımızdır”. Ölkə ərazisində həyata keçirilən alternativ və bərpa olunan enerji mənbələrindən istifadə siyasəti belə düşünməyə əsas verir ki, “Yaşıl enerji” konsepsiyası da qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə öz müsbət təsirini göstərəcəkdir. Ermənilərin işğalı nəticəsində dağıdılmış ərazilərimizin ən müsir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında geniş bərpa işlərinə başlanılmışdır.
Beləliklə, 44 günlük müharibədən sonrakı dövrdə Qarabağın davamlı inkişafı istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Bununla bağlı Prezident İlham Əliyev bu haqda dəfələrlə qeyd etmişdir ki, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq və yenidənqurma işlərinə bütün tərəfdaşlar və marağı olan ölkələr cəlb edilir. Artıq konkret müqavilələr də var və bu işə - daha doğrusu Qarabağın bərpası prosesinə xarici ölkələrin marağı da artır. Azərbaycanın sevincini bölüşən və Qarabağın bərpasına töhfə vermək istəyən qardaş və dost ölkələr də erməni vandalizminin izlərini silməyə hazır olduqlarını bildirirlər.
Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respubli-kasının Milli Məclisində çıxışı zamanı bildirmişdir ki: “Azərbaycanlılar Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar. Amma onlar (ermənilər nəzərdə tutulur – S.H.) hər yeri dağıtdılar. Onların dağıtdıqları yerləri Azərbaycan yenidən inşa edir. Birlikdə oraları inşa edəcəyik və yeni Qarabağ ortaya gətirəcəyik”.
Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı çərçivəsində infrastrukturların yenidən qurulmasına dair layihələrin icrasına başlanıb. Artıq yeddi rayonun hamısında, eləcə də Hadrut və keçmiş Ağdərə rayonunun işğaldan azad edilmiş məntələrində yol və elektrik enerjisi infrastrukturunun bərpası və tikintisi geniş vüsət alıb. Rayon mərkəzləri və kəndlərin bərpası və yenidənqurulmasına dair nəzərdə tutulan layihələrin də icrası ilə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verilib. Bərpa proqramında işğaldan azad olunmuş bütün rayonlarda kiçik kəndlərin birləşdirilməsi, yaşayış zonalarının salınması, sosial obyektlər və xidmət sahələrinin tikintisi məsələlərinə də aydınlıq gətirilib.
Prezident İlham Əliyevin göstərişi ilə ərazilərin bərpası və məskunlaşdırıl-ması üzrə müəyyən edilmiş prinsiplər yekun müzakirələrdən keçib, ayrı-ayrı rayonlarda həyata keçiriləcək işlərin bölgüsü və qrafikləri aidiyyəti qurumlarla razılaşdırılıb və onların icrası üçün konkret tapşırıqlar verilib. Ərazilərin bərpası ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri – kiçik kəndlərin birləşdirilməsinin meyar və prinsipləri də artıq bəllidir.
Ərazilərimizin bərpa və yenidənqurma işlərinin başlanması prosesində ilk olaraq qardaş Türkiyə, ondan sonra isə İtaliya şirkətləri fəaliyyətə başlamışdır. Qardaş Türkiyə şirkətləri əsasən yol tikintisi və biznes müəssisələrinin qurulmasında, İtaliya şirkətləri isə elektrik enerji infrastrukturunun yenidn qurulmasında işləməyə başlamışdır.
Qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərimizin bərpasına müxtəlif ölkələrin şirkətləri də qoşulmaq istəyirlər. Bununla əlaqədar artıq Rusiya, İtaliya, Pakistan, Əfqanıstan, İran və s. ölkələrin şirkətləri işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində iştirakla bağlı Azərbaycan hökumətinə müraciət edib və bəzi ölkələrin şirkətləri isə bununla bağlı respublikamızın əlaqədar qurumları və şirkətləri ilə danışıqlara başlanıb.
Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə əhəmiyyətli Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olmuşlar. Sonra isə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizinin) təməlini qoydular. Sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri S.Məmmədov bölgədə tikilməkdə olan nəqliyyat strukturunda görülən işlər barəsində hər iki dövlət başçısına geniş məlumat vermişdir.
Azəraycan Respublikasının Prezidenti İlham Əliyev 24 sentyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirəsində 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazdakı vəziyyət haqqında çıxış edərkən müzakirə iştirakçılarına demişdir: “Münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin, biz hələ də təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik. Sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər. Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır. Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır.”
Bir sözlə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bərpa-quruculuq işləri həyata keçirən ölkəmiz üçün yeni imkanlar üfüqi açmışdır. Xalqımız qardaş və dost ölkələrlə birlikdə bu mühüm missiyanı uğurla başa çatdıracaqdır.

"Elm" qəzeti
14 yanvar 2022