29.12.2021, 11:03 - Baxış sayı: 402

Azərbaycançılığın Zəfər Yolu


Füzuli QURBANOV,
Fəlsəfə elmləri doktoru,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri


TARİX ELMLƏRİ DOKTORU EYNULLA MƏDƏTLİNİN YENİ KİTABI HAQQINDA QEYDLƏR

Müasir Azərbaycan humanitar elmində "Heydər Əliyev - İlham Əliyev" kontekstinin tədqiqi aparıcı yer tutur. Məsələnin özü müasir Azərbaycan dövlətçiliyi, ideoloji özəlliyi və cəmiyyət quruculuğunun strateji məqsədləri baxımından o dərəcədə çağdaşdır ki, hələ uzun illər onun araşdırılmasına ciddi ehtiyac duyulacaqdır. Həmin bucaq altında baxanda mövzu ilə bağlı işıq üzü görən hər hansı nəzəri-metodoloji nəşr araşdırma yolunda bir mərhələ, fraqment təsiri bağışlayır. Tarix elmləri doktoru Eynulla Mətədlinin çox düşündürücü "Heydər Əliyev-İlham Əliyev: Azərbaycançılığın Zəfər Yolu (Bakı, Turxan, 2021) kitabının isə nəzəri-elmi aspekti ilə yanaşı, bir özəl təcrübə mövcudluğu tərəfi də vardır. Məsələ ondan ibarətdir ki, E.Mədətli bir vaxt, Naxçıvan MR Ali Məclisinin deputatı olaraq, Ulu öndərlə birgə çalışıb. Sonrakı illərdə isə Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycanın Təbrizdə Baş konsulu (1996-2002) və ölkəmizin Pakistanda Fövqəladə və səlahiyyətli səfiri (2002-2010) vəzifələrinə təyin edilməsi, xidməti vəzifələrlə əlaqədar Ulu öndərlə görüşmələri ona Ulu öndəri dərk etməklə yanaşı, həm də duymaq, hiss etmək, Heydər Əliyevin daxili yaşantılarını "görə bilmək" kimi tarixi şans yaradıb. İndi əlinizdə tutduğunuz kitabdakı fikirlərdən müəllifin bu şansdan uğurla istifadə etdiyi aydın görünür.
Etiraf edim ki, "Heydər Əliyev-İlham Əliyev" kontekstini siyasət, ideologiya fikir, dövlət başçısı və lider kimi transformasiyada fəlsəfi-tarixi aspektdə dərk etməyin tam aydın olduğunu deməkdə çox çətinlik çəkirəm. Bunun səbəbi nəinki Azərbaycanda, hətta bütün postsovet məkanı ölkələrində peşəkar səviyyədə siyasi liderliyin, uğurlu dövlət başçısı olmağın, müstəqil dövlət qurmağın ən səmərəli yolunun tapılmasının böyük əksəriyyət üçün "qara qutu" olduğu bir mərhələdə, Heydər Əliyev fenomeninin bu missiyanı böyük uğur və gələcəyi dəqiq görməklə həyata keçirməsi ilə bağlıdır. Bu, Azərbaycanda fəlsəfi təfəkkürün qarşısında Heydər Əliyevin şəxsiyyət, dövlət xadimi və lider kimi dərk edilməsi, öyrənilməsi və dəyərləndirilməsi sahəsində hələ çox işlər görülməsinin vacibliyini diktə edir. Bu baxımdan E.Mədətlinin kitabın ilk fəslini "Heydər Əliyevin fenomen şəxsiyyəti və dövlətçilik strategiyası" adlandırması tam yerinə düşür və çox da maraqlıdır.
Azərbaycançılığın Zəfər Yolu

Müəllif qarşıya qoyduğu elmi məqsədin məntiqi çərçivəsində Heydər Əliyevin roluna "milli özünəqayıdış və onun təşəkkülü" məsələsindən başlayaraq ona dövlətçiliyin ilkin addımları kimi dəyərləndirdiyi qurtuluş yolu kimi baxmaqla maraqlı elmi yanaşma nümunəsi göstərib. Çünki burada kitabın ana xəttini təşkil edən ideoloji faktor tədqiqatın təməlinə qoyulur və onun dövlətçiliklə birbaşa bağlılığı ifadə olunur. Bu fəslin sonrakı paraqraflarında Heydər Əliyevin şəxsiyyətinin azərbaycançılıq məfkurəsi aspektində analiz edilməsi bu dinamikanın konkret nümunəsi təsiri bağışlayır.
E.Mədətlinin sonrakı iki fəsildə Heydər Əliyevin fəaliyyətini Azərbaycan-Türkiyə və mədəniyyət-mənəviyyat məsələləri üzrə konkret təhlil etməsi kitabdakı elmi yanaşmanın iki istiqamətdə konkret tətbiqini əks etdirir. Çünki bu məsələlərin hər ikisi müasir Azərbaycan dövlətçiliyi ilə sıx bağıdır. Azərbaycan-Türkiyə münasibətləri müasir mərhələdə "bir millət, iki dövlət" formulunun ifadə etdiyi fəlsəfi, tarixi, siyasi və ideoloji aspektlərin mərkəzi xəttini ifadə edir. Dünya azərbaycanlılarının həmrəyliyi bunun fonunda bir millətin iki dövlətinin var olması fəlsəfəsinin əsas motivəedici faktoru təsiri bağışlayır.
Digər yandan dövlətçiliyin ana formulunun mədəniyyət və mənəviyyat faktorları ilə vəhdətdə təqdim edilməsi bütövlükdə dövlətçilik ənənəsinin çox vacib dəyərləri üzərində düşünməyə sövq edir. Problemin bu aspekti üzərində təhlili yöndən dayanmağa ehtiyac vardır.
Türk dövlətçilik ənənəsində (o cümlədən, Azərbaycan dövlətçiliyində) həmişə mədəniyyət konteksti önəmli yer tutub. Qədimdən Azərbaycan hökmdarları üçün Ədalət, Asayiş, Barış, Sülh və Hüquq əhəmiyyətli dəyər hesab olunub. Bu, Azərbaycan dövlətçiliyinin utilitar, pozitivist deyil, humanitar məzmun kəsb etdiyini sübut edən arqumentlərdən biridir. Heydər Əliyev üçün bu özəllik xüsusi əhəmiyyət kəsb edib və "Heydər Əliyev - İlham Əliyev" kontekstində dövlətçilik ənənəsinin transformasiyasında həmin məqam öncəlik kəsb etməkdədir. Eynulla Mədətlinin I fəsildə ifadə etdiyi yanaşmanın II və III fəsildə konkret mədəni və mənəvi-əxlaqi faktorlar üzrə dolğun məzmunda əks etdirilməsi, kitabın struktur-funksional mahiyyətinə uyğun gəlməklə yanaşı, məntiqi "aləti"nin məzmunlaşmasını da fəlsəfi-tarixi aspektdə ifadə edir.
Əgər tədqiqatın məntiqi xəttinin təkamülü prizmasında kitabın strukturuna baxışı davam etdirsək, onda IV və V fəsillərin intensional (daxili) funksiyasını dərk etmiş olarıq. Belə ki, kitabın IV fəslində müəllif Prezident İlham Əliyevin siyasətinə milli birlik və həmrəylik kontekstində nəzər salır. Nə üçün "milli birlik" və "həmrəylik"? Və milli birliklə həmrəylik arasında fəlsəfi aspektdə oxşar və fərqli cəhətlər nədən ibarətdir?
Təbii ki, ümumfəlsəfi səviyyədə müəllif bu suallara cavab axtarmır. Kitabın tədqiqat strategiyası da bunu tələb etmir. Lakin suallara "bir millət, iki dövlət" formulunun nəzəri, siyasi və ideoloji elementləri işığında baxanda hədəfin konkret və düzgün seçildiyinə şübhə yeri qalmır. Çünki müəllif burada Ulu öndər Heydər Əliyevin və daha sonra Prezident İlham Əliyevin dövlətçilik xətti üçün böyük əhəmiyyəti olan multikulturalizm, xalq-dövlət birliyi və insan amili kimi vacib məqamların təhlilinə çalışır.
Bunlardan, multikulturalizm həmrəyliyin məzmunu üçün çox əhəmiyyətlidir. Çünki multikultural cəmiyyətdə birlik müxtəlifiyin vəhdətinə nail olmaqla sıx bağlıdır. Fəlsəfi baxımdan bu prosesin özü kifayət qədər mürəkkəb xarakterə malikdir. Dünya təcrübəsi göstərir ki, heç də hər bir müstəqil dövlət ona nail ola bilmir. Burada ideoloji faktor həlledici rol oynayır. Çünki xalq-dövlət birliyi birbaşa ideoloji faktordan asılıdır. Görünür, məhz buna görədir ki, müəllif kitabın son fəslində İlham Əliyevin Zəfər strategiyasına azərbaycançılıq ideologiyasının potensialı kontekstində analitik nəzər salıb. Məsələnin mərkəzinə isə insan amilini qoyub.
Bizcə, həmin məqam kitabın məntiqi özəlliyinin kulminasiya nöqtəsidir. Çünki burada azərbaycançılıq ideologiyasının Zəfər Yolunun strateji hədəfinin İnsan amili olması dolayısı ilə oxucuya çatdırılır. İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin başlıca amalının, özünün də qeyd etdiyi kimi, insan amili olduğu ifadə edilir. Bu baxımdan kitabda İlham Əliyevin zəfər strategiyasına həsr edilmiş məqalədə irəli sürülən tezislər fəlsəfi-tarixi və siyasi ideoloji aspektlərdə çox maraqlıdır. Zəfər yolu "...bölünməz, vahid, qüdrətli, gələcəyinə inanan və ona doğru inamla irəliləyən böyük xalqın Qələbə yoludur..." ümumiləşdirməsi azərbaycançılığın özünütəsdiqində insan amilindən başlayan və onda yekunlaşan ideoloji dinamikanın mühüm aspektini əks etdirir.
Odur ki, kitabda sonuncu fəslin 44 günlük Vətən savaşının fəlsəfi-tarixi analizinə həsr edilməsi heç də təsadüfi deyil. Maraqlı cəhətlərdən biri ondan ibarətdir ki, müəllif yetkin intellekt səviyyəsində hadisələrin "canlı təhlli"ni aparır. Bu, V fəsildə məntiqi analizlə baş verənlərə vətənpərvər intellektual reaksiyanın sintezi kimi özünü büruzə verir.
V fəslin birinci paraqrafında E.Mədətli yazır: "O günlərdə ordumuza ümumxalq dəstəyini, dövlətlə xalqın bütün təbəqələrinin, hətta əks qütblərdə yer alan partiya və təşkilatların indiyədək misli görünməmiş həmrəyliyini, ölkə daxilində və xarici ölkələrdə torpaq bütövlüyümüz uğrunda vətəndaşlarımızın əzmkarlıqla çıxış etdiklərini, Azərbaycan dövlətinə və onun ordusuna dəstək aksiyaları keçirdiklərini həyəcansız izləmək mümkün deyildi".
Burada müəllifin "həyəcanı" sırf emosional reaksiya deyil, "intellekt süzgəcindən" keçmiş və "vətənpərvərlik müstəvisində" qürur duyumunu ifadə edən obraz, anlayışdır, anlamdır. Bunun qaynağı isə 44 günə dövlət başçısı-liderə ölkənin ərazi bütövlüyünü bərpa etməyə imkan verən azərbaycançılığın çox böyük potensialına olan inam və onun daim Zəfərlərdən Zəfərlərə aparacaq dinamikasını dərindən dərk etməkdir.
Bunların fonunda müəllifin son fəsildə ölkənin intellektual kəsiminin "dövlətimizin və ordumuzun yanında olması"nı Prezidentin "siyasi-hərbi hədəfləri və Azərbaycan tarixinin dönüş nöqtəsi"nin canlı şahidləri kontekstində ayrıca iki paraqrafda məntiqi olaraq birləşdirməsini fəlsəfi olaraq qiymətləndirmək mümkündür. Konkret desək, müəllif xalqa və dövlət başçısına Azərbaycan alimlərinin azərbaycançılığın Zəfər yolunu öz intellekt çırağı ilə daim işıqlandırmağa hazır olduğunu ifadə edir! Ona görə yox ki, bu Yol xalqa və Prezidentə qaranlıqdır (Prezident bu yolun qurucusu kimi hər şeyi tam aydın görür), ona görə ki, bu Vətənin fikir sahibləri, intellekt daşıyıcıları həmin yolun, təbiri caizsə, "dərvişləridir"! Azərbaycanın inkişafı texnologiyaların, ideyaların, yeni elm sahələrinin işığında baş verməkdədir!
Konkret ifadə etsək, kitabın məntiqi quruluşundan aydın olur ki, müəllifdə Azərbaycançılığın Zəfər Yolunun uğurla davam etdiyinə dərin inam var. Kitabda, Qarabağı yenidən və "ağıllı məkan" kimi qurub-yaradan Azərbaycan Prezidenti azərbaycançılığın Zəfər bayrağının aparıcısı kimi təqdim olunur. Təbii ki, onun fonunda əsərin başqa məziyyətləri də kifayət qədər aydın görünür.
Nəhayət, kitabın bir məziyyətini də unutmaq olmaz. Bu əsər oxucunu nəyə dəvət edir, onu hansı amala səsləyir? Yuxarıda vurğulanan məqamların işığında aydın bir tezis canlanır: Azərbaycanlıların cəmiyyət və dövlət olaraq Zəfər yolu məhz Azərbaycançılıqdan keçir!

"525.az"