“Nizami irsinə fəlsəfi baxış və universal dəyərlər” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb + VİDEO

Xaricdən və respublikamızdan çoxsaylı elm adamlarının qatıldığı konfrans AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, YUNESKO Azərbaycan Respublikasının Milli Komissiyası və AMEA Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə “Nizami irsinə fəlsəfi baxış və universal dəyərlər” mövzusunda həm onlayn, həm də oflayn rejimdə keçirilib.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə giriş nitqi ilə çıxış edərək bu formatda konfransların keçirilməsini daha keyfiyyətli birgə əsərlər yazmaq və dünya elmi mətbuatında müntəzəm yazılar dərc etmək baxımından da dəyərli olduğunu bildirib. Alim, Nizami Gəncəvinin öz yaradıcılığı ilə nəinki Azərbaycan ədəbiyyatı tarixində, hətta bütün Şərq və bəşər ədəbiyyatına böyük töhfələr bəxş etdiyini vurğulayıb və Nizami irsinə yanaşmanın fəlsəfəsi haqqında danışaraq bildirib ki, Azərbaycan filosofları Nizamini dahi bir mütəfəkkir bilərək onun irsinə xüsusi münasibət bəsləyirlər. Belə yanaşma dahiləri, onların zəmanəsinin, ideyalarının sonrakı nəsillərə təsirini başa düşməyə imkan verir.


Türkiyənin Galatasaray Universitetinin fəlsəfə doktoru, dosent Pol Andre Balanfa –“Klassik fəlsəfədə varlığın əksi” adlı məruzəsi zamanı, Nizami şeirlərinin fələsəfəsinin dərinliyinə toxunub, böyük mütəfəkkirin cəmiyyətin anlayacağı və onun düşüncəsinə uyğun tərzdə əsərlər yazdığını qeyd edib.
Beynəlxalq konfransda həmçinin, AMEA-nın müxbir üzvü, “İslam fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Könül Bünyadazadə “Nizami Gəncəvinin qadın obrazları haqqında bir neçə söz”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Fəlsəfi baxış və ünsiyyət: kommunikasiyaya epistemoloji yanaşma”, Əlcəzair Milli-Elmi Araşdırmalar Mərkəzinin doktoru Uiza Qallez “Nizami dövründə fəlsəfə və sufizm”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Sosial fəlsəfə və ekoloji problemlər” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Azər Mustafayev “Nizami Gəncəvənin fəlsəfi irsində insan problemi”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Müasir dünyanın fəlsəfi problemləri” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Əli Abasov “Nizami Gəncəvi poeziyasında mistisizm” mövzularında məruzələr ediblər.
İki gün davam edəcək konfrans öz işini noyabr ayının 17-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda yekunlaşdıracaq.

