05.11.2021, 18:41 - Baxış sayı: 466

Moda fəlsəfi baxış bucağı altında


Adil ƏSƏDOV,
Fəlsəfə elmləri doktoru, professor, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri

Mövzunu belə bir sadə mülahizədən başlayım ki, insanın öz bədənini müəyyən bir örtüklə örtməsi onun cismani və sosial həyatının demək olar ki, ayrılmaz tərkib hissələrindən biridir.
Bu örtüyün ixtira olunması insanın hər şeydən öncə cismani varlığının tələbləri ilə bağlı olmuşdu. Başqa cür deyilərsə, bədən örtüyünün birinci funksiyası - geyimin insanı mənfi atmosfer təsirlərdən qorumaq funksiyası olmuşdu.
Bədən örtüyü sonralar əxlaqı əhəmiyyət kəsb edir. Bədənin örtülməsi, konkret bir insanın cismani varlığının ətraf insanların gözlərindən kənar tutulması bu zamandan etibarən önəmli sosial əhəmiyyət daşımağa başlayır.
Bədən örtüyü daha sonra estetik əhəmiyyəti özündə ehtiva edir, indi bədənin örtülərək gizlədilməsi deyil, bədənin daha cazibəli bir görkəmdə, göz oxşayan tərzdə göstərilməsi diqqət mərkəzinə gətirilir. Bədən örtüyünun birinci funksiyası müstəsna olaraq insanın cismani həyatı ilə bağlı olduğu halda, ikinci və üçüncü funksiyalar onun cismani həyatı ilə yanaşı, həm də sosial həyatı ilə bağlıdır.
Konkret olaraq modaya gəldikdə isə, modanın doğuluşu bədən örtüyü tarixinin yuxarıda xatırlanan üçüncü inkişaf mərhələsində baş vermişdir. Bədən örtüyü tarixinin bu inkişaf məntiqindən göründüyü kimi, moda və geyim anlayışları arasındakı münasibətlərdə müəyyən bir kontrast da mövcuddur. Bu, həmin o kontrastın analoqudur ki, biz onu memarlıq və inşaat anlayışları arasındakı münasibətlərdə sezmişdik.
Moda və geyim arasındakı münasibətlərdə özünü göstərən bu kontrast zatən belədir: geyim insanın xarici aləmdən, xarici aləmin mənfi təsirlərindən müdafiə və mühafizə olunması üçün ixtira olunsa da, moda bunun əksinə olaraq insanın xarici aləmə təsirini artırmaq üçün ixtira olunmuşdur.
Geyim yaradıcılığı da inşaat sənəti kimi əslində, məkan quruculuğudur. Amma geyim yaradıcılığı inşaat sənətindən fərqli olaraq stabil məkan yaradıcılığı deyildir, yerini dəyişə bilən məkan yaradıcılığıdır. Geyim insan üçün o zəruri məkanı yaradır ki, insan onu özü ilə daşıyır. Geyimin mövcudluğu sayəsində sanki məkanın özünün də yerdəyişməsi baş verir. Bu nöqteyi-nəzərdən, geyim insanın özü ilə daşıdığı məkanın qoruyucusu statusundadır.
Buradan ala biləcəyimiz nəticə isə odur ki, həm geyim yaradıcılığı, həm də inşaat sənəti hər şeydən öncə insanın ətrafında qoruyucu reallığın qurulmasına təyinatlıdır. Həmçinin, moda və memarlıq arasındakı məntiqi münasibətlər də öz başlanğıcını elə buradan götürür.
Belə ki, geyim yaradıcılığı ilə inşaat sənəti arasında mövcud olan məntiqi münasibətlər moda və memarlıq arasında da analoji məntiqi münasibətlərin olmasını şərtləndirir. Əgər memarlıq insan və dünya arasında sükuti qoruyucu reallığın bəzədilməsinə xidmət edirsə, onda moda insan və dünya arasında hərəki qoruyucu reallığın bəzədilməsinə xidmət edir. Əgər insan və dünya arasında stabil qoruyucu təbəqənin yaradılmasına təyinatlı olan inşaat sənəti memarlığı formalaşdırdısa, insan və dünya arasında hərəkətdə olan qoruyucu təbəqənin, daha dəqiq deyilərsə, insanla birgə hərəkətdə olan qoruyucu təbəqənin yaradılmasına təyinatlı olan dərzilik sənəti modanı formalaşdırmışdı.
Moda yalnız geyimin bəzədilməsini özündə ehtiva etmir, bilavasitə bədənin bəzədilməsi mahiyyətində olan saç düzümü və kosmetika prosedurları da həmçinin modanın tərkib hissəsi kimi çıxış edir.
Üstəlik, memarlığın məzmununun tikilinin bəzədilməsi ilə tamamlanması halında olduğu kimi, modanın da məzmununun geyimin və bilavasitə bədənin bəzədilməsi ilə tamamlanması rəng tərtibatı və naxışlardan istifadə vasitəsilə yerinə yetirilir.
Tikilinin rəng tərtibatı memarlığın ilkin inkişafında birinci mərhələ, naxışlardan istifadə isə ikinci mərhələ kimi səciyyələndirilə bildiyi kimi, geyimin də rəng tərtibatı modanın ilkin inkişafında birinci, naxışlardan istifadə isə ikinci mərhələ kimi səciyyələndirilə bilər.
Bu halların birincisində memarlıq sənəti inşaat sənətinın, ikincisində isə moda sənəti dərzilik sənətinin davamı və sadəcə tamamlayıcısı kimi çıxış etmiş olur.
Memarlığın inkişafının sonrakı, yüksək mərhələ kimi səciyyələndirilə biləcək üçüncü mərhələsində memarlığın inşaatı üstələməsi, yəni binanın lap başlanğıcdan estetik tələblərə uyğun cazibəli bir formada və öncədən verilmiş eskiz əsasında memarlıq qrafikasından istifadə edilməklə yaradılan layihəyə müvafiq bir şəkildə inşa edilməsi baş verdiyi kimi, modanın da inkişafının yüksək mərhələ kimi səciyyələndirilə biləcək üçüncü mərhələsində moda insanı kənar təsirlərdən mühafizə təyinatlı geyim üzərində üstünlük təşkil etməyə başlayır, yəni geyim nümunələrinin lap başlanğıcdan estetilk tələblərə uyğun cazibəli bir formada və öncədən verilmiş eskiz əsasında yaradılışı baş verir.
Həmin bu eskizlər də daha sonradan təsviri sənətin - qrafikanın, heykəltaraşlığın və rəssamlığın inkişafında müəyyən rol oynayır, bəzən hətta bir sıra təsviri sənət nümunələrinin əsasına da çevrilə bilir.
Geyim mövzusuna qayıtsaq, geyim, bir çox mütəxəssislər tərəfindən vurğulandığı kimi, insanın daxili aləminin ifadəçisi ola bilir. Amma mən belə düşünürəm ki, geyim yalnız bəzən insanın daxili aləminin ifadəçisi kimi çıxış edə bilir. İnsanın daxili aləmininin daha adekvat ifadəçisi olaraq isə onun bədəni, duruş tərzi, xüsusən də sifət cizgiləri çıxış edir. Yalnız çox az insanlara nəsib olur ki, onların bədən konfiqurasiyaları, duruş tərzləri və sifət cizgiləri onların daxili aləmini ifadə etmir.
Modaya gəldikdə isə, moda insanın daxili aləminin göstərilməsinin də vasitəçisi ola bilir, gizlədilməsinin də.
Üstəlik, insanın təkcə daxili aləminin deyil, onun həmçinin, zahirinin də həm göstərilməsinə, həm də gizlədilməsinə moda, əlbəttə ki, vasitəçi ola bilir və bunu özünün çoxəsrlik təcrübəsi sayəsində uğurla da yerinə yetirir.
Moda özünün çoxəsrlik tarixində son dərəcə keşməkeşli, ziddiyyətli, təzadlı, kolloziyalarla, bir-birini inkar edən fikir və istəklərlə, bir-birinə zidd maraqların mübarizəsi ilə, hətta bir-birinə müxalif siyasi qüvvələrin toqquşmaları ilə zəngin olan bir yol keçmişdir.
Bütün bu ziddiyyətli, təzadlı fikirlərlərin və əməllərin əsasında isə əslində bir ziddiyyət dururdu. Bu, insan bədəninin tam çılpaqlığı ilə bədənin tam örtülü olması arasındakı ziddiyyət idi. Həmin bu ziddiyyət də modanın inkişafının əslində mənbəyi və əsası olmuşdu və belə olmaqda da davam edir.
Moda özünün bütün tarixi boyu məhz bu iki əks qütb arasındakı ziddiyyətdən çıxış etmiş, insan bədəninin tam çılpaqlığı ilə bədənin tam örtülü olması arasında aralıq formaların ən cazibəlilərinin ixtira olunmasına yönələn fəaliyyət həyata keçirmiş və məhz bu fəaliyyəti öz tarixi məramına çevirmişdir.
Modanın diqqət mərkəzində bir qayda olaraq bədənin gözəl, cazibəli, qüsursuz bölümlərinin göstərilməsi, hətta bir qədər də qabardılmış şəkildə göstərilməsi, eybəcər, nöqsanlı bölümlərinin isə gizlədilməsi dayanır. Moda həmçinin, bir sıra aldadıcı vasitələrdən istifadə etməklə bədənin gözəl olmayan bölümlərinin gözəl görüntüsünü də yaradır.
Bədənin eybəcərliklərinin çılpaqlığı modanın arxasında gizlənir, eybəcər hisslərin çılpaqlığı utancalıq pərdəsi arxasında gizləndiyi kimi, eybəcər fikirlərin çılpaqlığı pafoslu danışıq arxasında gizləndiyi kimi, qətiyyətsizlik çirkabına bulanaraq eybəcərləşmış iradənin çılpaqlığı təvəzökarlıq pərdəsi arxasında gizləndiyi kimi və nəhayət, bütövlükdə ruhun eybəcərliklərinin çılpaqlığı mədəni davranış arxasında gizləndiyi kimi.
Buradan belə görünür ki, adi şüur baxımından nə qədər gözlənilməz olsa da, moda anlayışı ilə utancaqlıq, pafoslu danışıq, təvəzökarlıq, mədəni davranış anlayışları arasında mühüm bir ümumilik vardır. Belə ki, mədəni davranış insanın ruhən gözəl olduğu görüntüsünü yaratsa da, əslində, heç də insanın gözəl ruh sahibi olduğu mənasını kəsb etmir. Ən azı o səbəbdən ki, mədəni davranış bir çox hallarda ruhun çirkablarının gizlədilərək müsbət bir əxlaqi keyfiyyət əlbisəsinə büründürülməsi forması da ola bilir. Eləcə də, utancaqlıq insanı əxlaqlı kimi göstərsə də, əslində, heç də insanın əxlaqlı olduğunu təsbit etmir. Çünki utancaqlıq, əslinə baxıldıqda, çirkaba bulanmış və ya daşıyıcısı tərəfindən çirkaba bulanmış kimi anlaşılan hisslərin müsbət əxlaqi keyfiyyət libasına bürünməsidir. Eləcə də, pafoslu danışıq insanı ağıllı kimi göstərsə də, bu, heç də insanın elə əslində də ağıllı olduğu demək deyildir. Çünki pafoslu danışıq da, əgər əslinə baxılarsa, təfəkkür kasadlığının coşğunluq qiyafəsinə büründürülərək gizlədilməsi forması da ola bilir. Eləcə də, təvəzökarlıq cəmiyyət tərəfindən müsbət bir insani keyfiyyət kimi qiymətləndirilsə də, əslində, qətiyyətsizlikdən doğulan natamamlıq kompleksi yaşantısının bir ifadəçisidir, qətiyyətsizlik çirkabının gizlədilərək müsbət bir əxlaqi keyfiyyət libasında göstərilməsidir. Və nəhayət, moda insanı gözəl göstərsə də, bu, heç də insanın elə əslində də gözəl olduğu demək deyildir. Moda insanın bədən eybəcərliyini gizlədən örtük mənasının da əslində ifadəçisi ola bilir.
Həmin paralelləri, gəlin, davam etdirək: Əgər mədəni davranış ruhun eybəcərliklərini ört-basdır etməmiş olsaydı, onda insan daxilən olduğu kimi eybəcər, bəlkə də daxilən olduğundan da daha eybəcər görünmüş olardı. Əgər utancaqlıq insanın çirkaba bulanmış hisslərini ört-basdır etməmiş olsaydı, onda bu utancaq insan cəmiyyətdə rəğbət deyil, ikrah doğurmuş olardı. Əgər pafoslu danışıq insanın təfəkkür kasadlığını ört-basdır etməmiş olsaydı, onda insan cəmiyyət tərəfindən əslində olduğu kimi, bəlkə də əslində olduğundan az ağıllı hesab edilərdi. Əgər təvəzökarlıq anlayışı insanın iradə kasadlığını ört-basdır etməmiş olsaydı, onda cəmiyyət bu təvəzökarlıq daşıyıcısı olan insanı əslində olduğu kimi və ya əslində olduğuna yaxın bir tərzdə, yəni bir qorxaq kimi qiymətləndirərdi. Və nəhayət, əgər moda insan bədəninin eybəcərliklərini ört-basdır etməmiş olsaydı, onda insan elə əslində olduğu kimi, bəlkə də əslində olduğundan daha eybəcər görünüş almış olardı.
Moda hadisəsinin nəzəri kontekstdə mənalandırılmasına sadə bir şəkildə yanaşılarsa, moda insanın əslində olduğu kimi deyil, əslində olduğundan daha gözəl görünməsi üçün onun bədəninin, sadəcə olaraq, bəzədilməsidir.
Memarlıq mahiyyətcə insanın fəaliyyət mühitinin bəzədilməsi olduğu halda, moda insanın bir fərd olaraq özünün bəzədilməsidir.
Bu müqayisəni bir qədər də genişləndirsək, əgər kulinariya insanı tamamlayan məxsusi əksliyin bəzədilməsi prosesində formalaşmışsa, əgər memarlıq və eləcə də moda, insan və dünya arasında qoruyucu örtüyün bəzədilməsi fonunda yaradılmışsa, insanın fəaliyyət vasitələrinin bəzədilməsi dizaynın formalaşmasına gətirib çıxarır.

"525.az"