10.10.2021, 10:12 - Baxış sayı: 461

“Nizami və Dante: Mədəniyyətlərdə ortaq və fərqli məqamlar” beynəlxalq elmi konfransı keçirilib


“Nizami və Dante: Mədəniyyətlərdə ortaq və fərqli məqamlar” beynəlxalq elmi konfransı keçirilibDahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik və İtaliyanın tanınmış şairi Dante Aligyerinin 700 illik yubileyləri çərçivəsində oktyabrın 7-də onlayn formatda “Nizami və Dante: Mədəniyyətlərdə ortaq və fərqli məqamlar” adlı beynəlxalq elmi konfrans keçirilib. Tədbir Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyası, İtalyanşünaslar Assosiasiyası (ADI), Dante Qrupu, İtaliya Ədəbiyyat Nəzəriyyəsi və Müqayisəli Ədəbiyyat Tarixi Assosiasiyası (COMPALIT) və İtaliya Qələm Klubunun tərəfdaşlığı ilə keçirilib.
Beynəlxalq elmi konfransın əsas məqsədi müsəlman Şərqi və xristian Qərbindən olan iki böyük orta əsr ədibinin - Nizami (1141-1209) və Dante (1265-1321) yaradıcılığının nümunəsində iki fərqli qütbün mədəniyyətləri arasında oxşar və fərqli cəhətləri müqayisəli formada təhlil etməkdir.
Konfransın rəsmi açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin, İtaliya Ədəbiyyat Nəzəriyyəsi və Müqayisəli Ədəbiyyat Tarixi Assosiasiyasının prezidenti Massimo Fusillo, Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının sədri professor Rəhilə Qeybullayeva, Turin Universitetinin professoru və İtaliya Elmlər Akademiyasının üzvü Mariya Tereza Ciyaveri, Suor Orsola Beninkasa Universitetinin professoru Nunzio Rucciero, Arizona Universitetinin professoru Kamran Talattof və Bolonya Universitetinin professoru Karlo Sakkone çıxış ediblər.
“Nizami və Dante: Mədəniyyətlərdə ortaq və fərqli məqamlar” beynəlxalq elmi konfransı keçirilibKonfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə “Nizami irsi və bizim dərkimiz” mövzusunda məruzə ilə çıxış edib.
Qeyd edək ki, konfransda azərbaycanlı alimlərlə yanaşı, 12 ölkədən (Əlcəzair, ABŞ, Braziliya, Hindistan, Misir, Gürcüstan, Türkiyə, İtaliya, Böyük Britaniya, Rusiya, Hollandiya, Finlandiya) 40-a yaxın əcnəbi alim iştirak edib.