26.09.2021, 21:11 - Baxış sayı: 514

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib


Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz veribAzərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun “Fəlsəfə və ictimai fikir tarixi” şöbəsinin uzun illər müdiri olmuş, “Şərq fəlsəfəsi problemləri” adlı beynəlxalq elmi-nəzəri jurnalın baş redaktoru, Azərbaycanın Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə 2021-ci il sentyabr ayının 26-da ömrünün 89-cu ilində vəfat etmişdir.
Zümrüd Əliqulu qızı Quluzadə 17 mart 1932-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1939-1949-cu illərdə orta məktəbi fərqlənmə ilə bitirmişdir. 1949-cu illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsinə qəbul olunmuş, 1954-cü ildə bu təhsil ocağını da, fərqlənmə diplomu ilə bitirmişdir. 1954-cü ildən, 1957-ci ilə kimi Azərbaycan Pedaqoji İnstitutunun Fəlsəfə kafedrasının aspirantı olmuşdur. 1957-1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunda fəlsəfə fənni üzrə assistent və baş müəllim vəzifələrində işləmişdir. 29 noyabr 1959-cu ildə Moskva Dövlət Universitetində Fəlsəfə fakültəsinin elmi şürasında “Antoqonist cəmiyyətdə üstqurumun rolu” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1960-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə Sektoru və müxtəlif adlar daşıyan Fəlsəfə İnstitutunun “Fəlsəfə və ictimai fikir tarixi” şöbəsində çalışmışdır. Uzun iilər həmin şöbənin aparıcı elmi işçisi və müdiri olmuşdur. 1969-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Elmi şürasinda “Hürufilik və onun Azərbaycanda nümayəndələri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Tədqiqatçı alim Zümrüd Quluzadə İslam fəlsəfə tarixi, xüsusən də çoxsaylı təsəvvüf təlimləri və Azərbaycanda meydana gələrək daha sonralar Anadolu və Balkanlarda geniş yayılan hürufilik cərəyanının fəlsəfi mahiyyətinin araşdırılmasında səmərəli xidmətlər göstərmiş və ümumilikdə Azərbaycan fəlsəfə tarixinin inkişafına da böyük töhfələr vermişdir. Müəllif fəlsəfə tarixinə həsr olunmuş çoxsaylı əsərləri ilə, keçmiş Sovetlər birliyinə daxil olan ölkələr və eləcə də, Azərbaycanın elmi ictimaiyyətində böyük şöhrət qazana bilmişdir. Zümrüd Quluzadə Azərbaycan mədəniyyətinin dünyaşöhrətli nümayəndələrindən olan Nizami, Nəimi, Nəsimi, Şah Qasım Ənvar, Füzuli kimi mütəfəkkirlərin yaradıcılıqlarındakı dərin fəlsəfi görüşləri ilk tədqiq edən alimlərdən biri olmuşdur. Müəllifin uzun illər ərzində ərsəyə gətirdiyi sanballı tədqiqatlar bu gün də bir çox dünya ölkələrinin kitabxanalarında mövcud olmaqdadır. Xüsusən də, Zümrüd Quluzadənin 1983-cü ildə yazdığı “XIII-XVI əsrlər (islam bölgəsi) Şərq fəlsəfəsinin inkişaf qanunauyğunluqları və Qərb-Şərq problemi” (Закономерности развития восточной философии XIII-XVI вв. (регион ислама) и проблема Запад-Восток) adlı monoqrafiyası Şərq və Qərb fəlsəfi təlimlərinin müqayisəli təhlili baxımdan günümüzdə də öz aktuallığı ilə seçilən fundamental bir araşdırmadır.
1996-cı ildə Zümrüd Quluzadənin təşəbbüsü və təklif etdiyi elmi konsepsiyaya müvafiq olaraq yaradılmış “Şərq fəlsəfəsi problemləri” beynəlxalq elmi-nəzəri jurnal Azərbaycan fəlsəfə tarixinin inkişafında xüsusi yerə malikdir. Jurnalın əsas mətni Azərbaycan və rus dillərində, geniş xülasələri isə, ənənvi olaraq ərəb, fars, türk, ingilis, fransız və alman dillərində nəşr edilmişdir. Zümrüd Quluzadə adı gedən jurnalın baş redaktoru olmaqla, həm də jurnalın geniş oxucu kütləsi qazanmasında da böyük işlər görmüşdür. 2010-cu ildə Zümrüd xanımın təşəbbüsü ilə www.journalorientalphilosophy.org internet saytı yaradılmışdır. Hazırda saytın fəaliyyəti davam edir. Saytın Şərq və Qərbin 150 ölkəsindən ziyarətçisi mövcuddur. Hər il təxminən 1 milyondan çox oxucu həmin sayta müraciət edir. Zümrüd Quluzadənin səyləri nəticəsində bir çox Azərbaycan tədqiqatçıları da, adı gedən saytda öz tədqiqatlarını yerləşdirmə fürsəti qazanmışdır. Eləcə də, 2012-ci ildən başlayaraq Zümrüd Quluzadənin rəhbərliyi ilə yaradılan “Dünya fəlsəfə tarixi kontekstində İslam mədəniyyəti bölgəsinin fəlsəfəsi” adlı internet-forum müvəffəqiyyətlə fəaliyyət göstərməkdədir. Bu forum da Azərbaycan mədəniyyətinin təbliğ edilməsində xüsusi önəm kəsb etməkdədir.
Postsovet ölkələrinin elmi mühitində nüfuzlu alim kimi tanınan Zümrüd Quluzadə, 2010-cu ildən Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü seçilmişdir. Elə həmin ildə də, Azərbaycan Respublikasının Prezidenti yanında Elm Fondunun dəstəyi və alimin özünün də birbaşa təşəbbüsü ilə, “Ümumvəhdət və müasir elm” mövzusunda keçirilmiş geniş elmi-nəzəri seminarda, Zümrüd Quluzadə yeni redaksiyada elmi idrak prosesinin ümumi metodolohiyası kimi ümumvəhdət fəlsəfi konsepsiyasını müzakirə üçün təqdim etmişdir.
Zümrüd Quluzadənin elmi yaradıcılığı ölkə ictimaiyyəti və Fəlsəfə İnstitutu tərəfindən daima yüksək qiymətləndirilmişdir. O, 2000-ci İlin Qadını fəxri diplomu ilə təltif edilmişdir. 2001-ci ildən Elmi peşəkar qadınların məşvərət şurasının üzvü olmuşdur. 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Tanınmış elm xadimi, fədakar insan Zümrüd Əliqulu qızı Quluzadənin işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!