29.06.2021, 10:40 - Baxış sayı: 550

Alim ziyası, şair imzası


Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir

İnsan doğulduğu torpağa, ata yurdu saydığı ev-eşiyə təbii mənəvi-ruhi bağlılıqla yaşayır, illər bir-birinin üstünə qalandıqca hər dəfə böyük dünyaya yol aldığı kiçik kəndinə, ya şəhərinə qədəm basdığında, lap qocalığında belə, doğma ocaqdan güc alır, sanki həyat eşqini körükləyən bir qüvvə ona qol-qanad verir.
Haqqında ürək sözlərimi qələmə aldığım dəyərli həmkarım Məmmədağa Sərdarov ölkəmizin füsunkar təbiəti və mərd insanları ilə könül oxşayan Qusar rayonunun Gədəzeyxur kəndində soyuq bir qış günündə - 1941-ci il yanvar ayının 1-də dünyaya göz açıb. O ağır illərin uşağları da, böyüklər kimi müharibənin ağrısını-acısını çəkirdilər. Sovet İttifaqının alman faşizminə qarşı dörd ildən çox davam edən Böyük Vətən müharibəsi hər bir evə, ailəyə soyuqluq, hər an qara xəbər daxil ola bilən qorxulu bir ab-hava gətirmişdi. Atası Əhmədkərimin ailəsi də bu bəlanı çəkənlərdən idi. Həmin dövrün uşaqları da müharibə uşaqları idi, qələbə arzusu ilə böyüyürdülər, vətən sevgisi ilə pərvəriş tapırdılar, aclıq, ehtiyac kimi ağır sınaqlardan keçərək yetkinləşirdilər, bərkiyirdilər. Məmmədağa da belə çətin şəraitdə özü-özünə yol açmalı idi.
1957-ci ildə Qusar şəhər 1 saylı Azərbaycan orta məktəbini, 1963-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini bitirdi. Əmək fəaliyyətinə hələ tələbə ikən fəhləliklə başlayan Məmmədağa işlədiyi hər bir yerdə özünün zəhmətsevərliyi və yüksək nizamlılığı ilə diqqəti cəlb edirdi. Ali məktəbdən sonra İsmayıllı rayonunda və Bakı şəhərinin Qaradağ rayonu məktəblərində müəllim işlədi, sonra komsomol (o zamanın gənclər təşkilatının qısa adı belə idi) işinə irəli çəkildi, bu qurumun yerli və mərkəzi orqanında rəhbər vəzifələrdə çalışdı. Əmək fəaliyyətini uzun müddət Respublika Xalq Nəzarəti Komitəsində inspektor və baş inspektor vəzifələrində davam etdirən Məmmədağa Sərdarov işlədiyi təşkilatların yüksək mükafatları ilə yanaşı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə və "Rəşadətli əməyə görə" medalla təltif olundu. O, 1991-ci ildə ölkəmiz istiqlalına qovuşandan sonra əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş mütəxəssis, 1993-cü ildən isə təqribən altı il Respublika Nazirlər Kabinetinin Qaçqınlar və məcburi köçkünlərin işləri üzrə şöbəsində böyük referent vəzifəsində çalışdı. Həmin illərdə BMT tərəfindən Cenevrə, Moskva, Minsk və Tiflis şəhərlərində qaçqınlar və miqrasiya problemləri üzrə keçirilən beynəlxalq tədbirlərdə iştirak etdi.
Məmmədağa müəllim 1999-cu ildən elmi fəaliyyətlə məşğuldur. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Müasir dövrdə Azərbaycanda miqrasiya prosesləri: siyasi aspekt" mövzusunda dissertasiya işini uğurla müdafiə etdi. Hazırda Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun "Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi" şöbəsinin aparıcı elmi işçisidir, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosentdir. O, dörd monoqrafiyanın, 70-dən artıq elmi məqalənin müəllifidir. Hər bir azərbaycanlının qəlbində yeri olan Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə məsul vəzifələrdə çalışan Məmmədağa Sərdarov indi Ulu öndərin tükənməz siyasi irsini araşdırmağı özünə şərəf işi bilir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev haqqında əsər və ya məqalə yazmaq, xatirələr söyləmək, bu böyük siyasi və milli-mənəvi liderin həyat və fəaliyyətini təhlil edib dəyərləndirmək şərəfli olduğu qədər də məsuliyyətli və çətin işdir. Bunu səmimi etiraf etmək hər birimizin, xüsusilə də tədqiqatçı alimlərin borcudur. Məlum olduğu kimi, Ulu öndər haqqında tanınmış alimlər, dövlət xadimləri, jurnalistlər tərəfindən həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda çoxlu kitablar nəşr edilib, bir-birindən maraqlı xatirələr yazılıb, sənədli filmlər çəkilib. Heç şübhə yoxdur ki, bu istiqamətdə iş gələcək nəsillər tərəfindən də davam etdiriləcəkdir. Çünki Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, onun həyat yolu, zəngin idarəçilik təcrübəsi, doğma xalqı və vətəni qarşısında xidmətləri müasir nəslimiz və gələcək nəsillər üçün sözün əsl mənasında böyük örnək, ən yaxşı nümunə və əsl vətənpərvərlik məktəbidir. Bu baxımdan Məmmədağa Sərdarovun ömrünün 80-ci baharında qələmə aldığı, Ulu öndər Heydər Əliyevə həsr etdiyi "Mahir siyasətçi" kitabındakı məqalələr və xatirələr xüsusilə maraq doğurur. Kitabda yer alan məqalələrdə qeyd olunur ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ölkəmizi labüd fəlakətdən xilas etdi, artıq başlanmış vətəndaş müharibəsini dayandırdı, separatizm hərəkətlərini aradan qaldırdı, daxili sabitliyi və təhlükəsizliyi təmin etdi, ölkənin daha çox ərazilərinin düşmənin işğalına düşməməsi üçün atəşkəsə razılıq verdi, beləliklə, yaranmış tənəffüsdən istifadə edərək milli ordu quruculuğuna başladı, vətənimizi geniş inkişaf yoluna çıxartdı, daxili və xarici maneələri bir-bir dəf edərək dövlət quruculuğunun möhkəm təməlini qoydu, Azərbaycanın dövlət müstəqilliyinin dönməz və əbədiliyinin təminatçısı oldu.
XIX əsrin ikinci yarısından etibarən ilk cücərtiləri meydana çıxan, XX əsrin əvvəllərində müxtəlif formalarda təzahür edən vətənçilik - azərbaycançılıq ideyasının sistemli, ardıcıl və kamil dövlət ideologiyasına çevrilməsi Azərbaycanı canından artıq sevən, özünün dediyi kimi, qalan həyatını da xalqın xidmətinə həsr edən Ulu öndər Heydər Əliyevin müstəsna xidmətidir. Bu proses, əlbəttə, çox da asanlıqla başa gəlməmişdi. Müxtəlif daxili cərəyanlara, ziddiyyətli fikir və yanaşmalara, həmçinin, məqsədli xarici təsirlərə baxmayaraq, Ulu öndər gənc müstəqil Azərbaycan dövlətinin milli dövlətçilik ideologiyasını düzgün və həmişəlik müəyyən etdi.
Alim ziyası, şair imzası
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi həm SSRİ dövründə, həm də müstəqillik illərində uzun müddət ərzində müxtəlif məsul vəzifələrdə çalışmış, Ulu öndərin rəhbərliyi ilə keçirilən bir sıra hökumət tədbirlərinin iştirakçısı olmuş müəllif özünü Heydər Əliyev idarəçilik məktəbinin şagirdlərindən biri hesab edir və təqdim olunan kitabında Azərbaycan Respublikasının müstəqil dövlətçilik yolunda, inkişaf və tərəqqisində Heydər Əliyevin tarixi rolunu və xidmətlərini işıqlandırmağa çalışır.
Fikrimizcə, Ulu öndərin zəngin siyasi irsində hər bir fikir adamı və tədqiqatçı üçün tükənməz materiallar vardır və Məmmədağa Sərdarovun adı çəkilən kitabı da bu sahədə bir növbəti addım kimi təqdirəlayiqdir.
6 bədii və publisist kitabın müəllifi olan Məmmədağa müəllim Azərbaycan Yazıçılar Birliyinin və Respublika Jurnalistlər Birliyinin üzvüdür. Bədii yaradıcılığında Məmmədağa Sərdar imzası ilə çıxış edən həmkarımın 200-ə yaxın məqalə, oçerk və felyetonu mətbuatda dərc olunub. O, yaradıcılığa şeirlə başlayıb, tədricən nəsrlə də məşğul olaraq maraqlı hekayələr yazıb və yazmaqda da davam edir. Mənəvi saflıq və kamillik, yüksək insani keyfiyyətlər, vəfa və sədaqət, ailə dəyərlərinə yüksək ehtiram və bağlılıq onun hekayələrinin əksəriyyətinin ana xəttini təşkil edir. Əslində, bu hekayələrin çoxu elə onun öz həyatının hekayəsidir. Hələ 20 il bundan əvvəl gənclik illərinin dostu Vilayət Rüstəmzadə ona həsr etdiyi şeirində deyirdi

Qılıncsan - korşalmaz ovxarlığın var,
Kənarda gözün yox, tox varlığın var,
Uzaqdan baxanda oxşarlığın var,
Zirvəsi bəmbəyaz qocaman dağa,
Sərdarov Məmmədağa!

Məmmədağa Sərdarın şeirləri də hekayələri kimi, onun zəngin daxili aləminin, Vətən sevgisi dolu geniş qəlbinin çırpıntılarının sanki notlarıdır:

Anama "can" demişəm,
Balama "can" deyirəm.
Sənə də doğma torpaq,
Canım qurban deyirəm.

...Qoy sülh olsun torpağında,
Gül olsun hər bucağında,
Ölüm sənin qucağında,
Azərbaycan, Azərbaycan!

Məmmədağa Sərdarın sonsuz Azərbaycan eşqində heç vaxt təravətini itirməyən ilk məhəbbətinin - Qusar sevgisinin ayrıca yeri var. Oğlanları və nəvələri ilə ölkəmizin bu Şahdağlı bölgəsinə hər gedişi ona qol-qanad verir, pərvazlandırır. Şeirlərindən biri görkəmli bəstəkarımız Eldar Mansurovun musiqi bəstələdiyi "Mən Qusara gələndə" mahnısına çevrilib:

Doğma, şirin səs gəlir,
Yeni bir nəfəs gəlir,
Könlümə həvəs gəlir,
Mən Qusara gələndə.

...Başına dönüm sənin,
Sənsən arzum, diləyim.
Ömrüm uzanır mənim,
Mən Qusara gələndə.

Məmmədağa Sərdarın bu yaxınlarda nəşr edilmiş "Elə yaşa ki..." hekayələr kitabında onun çox ehtiram bəslədiyi mərhum akademik Fuad Qasımzadənin bir kəlamı epiqraf olaraq yer alıb: "İnsan yalnız o zaman yaşadığı ömrü şərəfli saya bilir ki, xalqına nəsə bir fayda vermiş olsun". Bu baxımdan yanaşaraq arxayınlıqla deyirəm ki, əziz həmkarım, hörmətli Məmmədağa müəllim, xatircəm ola bilərsiniz, əməyinizlə, qələminizlə, əsl vətəndaş mövqeyinizlə, yetişdirdiyiniz vətənsevər övladlarınız və nəvələrinizlə xalqımıza xidmət edib fayda verirsiniz və bundan sonra da fayda verəcəksiniz.

"525.az"