Fəlsəfə və süni intellekt: fənlərarası yanaşma prizmasında
F.e.d. Füzuli Qurbanov,
Fəlsəfə və Sosiologiya İnstitutu, şöbə müdiri
Giriş
BMT-nin tərkibində Ümumdünya İntellektual Mülkiyyəti Təşkilatı (ÜİMT) fəaliyyət göstərir. 2019-cu ildə bu təşkilatın süni intellektin inkişafı ilə bağlı BMT-də ilk məruzəsi dinlənilib. Məruzədə vurğulanır ki, son illərdə süni intellektə əsaslanan ixtiraların sayı kəskin çoxalıb. Bu sahədə ABŞ-ın IBM и Microsoft şirkətləri liderdirlər. Bu da artıq süni intellekt faktorunun nəzəri konsepsiyadan dünya bazarını fəth edən real məhsula çevrildiyini göstərir(1).
ÜİMT-nin məlumatına əsasən, XX əsrin 50-ci illərinin ortalarından 2016-cı ilə qədər müddətdə ixtiraçılar və tədqiqatçılar süni intellektlə bağlı təqribən 340 min layihə təqdim ediblər. Onların yarıdan çoxu 2013-cü ildən sonra patentləşib. Yəni faktiki olaraq cəmi bir neçə il öncə süni intellekt konseptinə əsaslanan ixtiraların praktiki tətbiqi sıçrayışla sürətlənib. Bu, süni intellekt məsələsinin artıq nəzəri müstəvini “aşaraq” birbaşa insanların fərdi və kollektiv həyatlarına daxil olması anlamına gəlir. Süni intellekt indi fərdi və sosial həyatın atributuna çevrilməkdədir. Təbii ki, bu cür vəziyyət insanın həyat tərzini, düşüncəsini, fəaliyyət prioritetlərini, əxlaqını, sosiallaşma dinamikasını, mənəvi dəyərlərini, məqsədlərini, strateji hədəflərini və başqa amilləri dəyişir. Bəşəriyyət keyfiyyətcə yeni təkamül xəttinə keçməkdədir. Bu cür mərhələdə isə baş verənlərin fəlsəfi dərki son dərəcə aktuallaşır.
Faktlara baxaq. ÜİMT-nin hesabatında göstərilir ki, keçən əsrin 50-ci illərinin ortalarından 2016-cı ilə qədər süni intellektə həsr edilmiş 1,6 milyon məqalə dərc edilib. Patent almaq üçün müraciət edənlərin mütləq əksəriyyəti şirkətlərdir – 30 aparıcı iddiaçının 26-sı şirkətlərdir. Cəmi 4 iddiaçı universitetləri və ya dövlət elmi-tədqiqat müəssisələrini təmsil edirlər. İBM-dən 8290 ixtiraya, Microsoft Corp-dan isə 5930 ixtiraya patent istənib. Onların arxasınca Yaponiya və Cənubi Koreya şirkətləri gəlir. Aparıcı 4 akademik strukturun isə 3-ü Çinə aiddir. Çin Elmlər Akademiyası 17-ci yeri tutur və 2,5 min patent-analoqlar “ailəsi”nə sahibdir. Süni intellekt sahəsi üzrə patentləşmə tempində aparıcı olan 20 elmi müəssisənin 17-si Çinə məxsusdur. Nəhayət, süni intellektə həsr edilmiş elmi publikasiyaların sayında kateqoriyalara görə 20 birinci yerdən 10-u Çinə məxsusdur(1).
Məruzədə süni intellekt sahəsində tədqiqatlarda daha çox istifadə olunan metodlar da göstərilib. İlk növbədə neyron şəbəkələri əsas metod kimi qəbul edilib. İxtiraların 3/1-dən çoxunda bu metod tətbiq olunub. “Dərin təlimlər” metodu da geniş yayılıb. Məsələn, nitqin tanınması sistemi buna aiddir. Bu sahədə patentlərin sayı 20 dəfə artıb – 2013-cü ildə 118-dən 2016-cı ildə 2399-a qədər çoxalıb(1). Müqayisə üçün istənilən başqa sahədə müşahidə edilən artım bundan xeyli azdır – cəmi 10 faiz!
Süni intellektin tətbiqi sahəsi də maraqlıdır. Burada ilk sırada “kompyüter gözü” yerləşir. Onun əsas funksiyası rəsmləri tanımaq texnologiyası ilə bağlıdır. Avtopilotlanmada ondan geniş istifadə olunur. Sonrakı yerlərdə robototexnika və robotların idarəedilməsi vardır. 2013-cü ildə robototexnika sahəsində patent üçün müraciətlərin sayı 622 idisə, 2016-cı ildə bu rəqəm 2272 olub. İdarəetmə metodları sferasında patentlərin sayı 193-dən 2016-cı ildə 698-ə yüksəlib. Analoji dəyişikliklər istehsal sektorlarında baş verir. Telekommunikasiya, tibb, biologiya, robotxirurgiyasında və digər sferalarda da eyni yeniliklər müşahidə edilir(1).
1. Süni intellektin fəlsəfi refleksiyası: bir sıra məqamlar
Tərkibində süni intellekt üzrə dünyanın aparıcı alimlərinin olduğu ÜİMT-nin ilk məruzəsindən gətürülən bu faktlar fəlsəfi rakursda nəyi ifadə edir? İlk olaraq vurğulayaq ki, bu problem kifayət qədər mürəkkəb struktura və çoxlu istiqamətlərə malikdir. Yəni süni intellektin fəlsəfi refleksiyası ontoloji, qnoseoloji, metodoloji, aksioloji, informasion və başqa istiqamətləri özündə ehtiva edir. Onların hər birini bir məqalədə əhatə etmək mümkün deyildir. Biz bir sıra özəlliklər üzərində dayanaq.
Yuxarıdakı faktlar fəlsəfi aspektdə üç məqamın aktuallığını göstərir. Birincisi, aydın görünür ki, süni intellekt məsələsinin nəzəri (konseptual) və praktiki (tətbiqi) aspektləri arasında 2013-cü ildən başlayaraq yeni dinamika formalaşmaqdadır. Onun başlıca özəlliyi süni intellekt sahəsində mövcud nəzəri biliklərin daha sürətli praktiki tətbiqi ilə bağlıdır. XXI əsrin ilk onilliyində bəşəriyyətin təkamülündə bu, həm koqnitiv, həm də sosial-mədəni hadisə kimi ciddi faktorlardan birinə çevrilib. Belə ki, bütövlükdə elmi idrakda kəşflərin tətbiqinin sürətlənməsinin cəmiyyətdə etdiyi dəyişikliklərin fəlsəfi, elmi, sosioloji və kulturoloji dərkində paradoksal vəziyyət yaradıb. Biz onu “kreativlik paradoksu” adlandırırıq(2, s. 47-55). Elmi idrakın kreativlik paradoksu “elmi idrakın kreativlik gücü ilə onun öz məhsuluna kreativ münasibəti arasında yaranmış ziddiyyət”i ifadə edir (2, s. 49).
Burada bəlkə də “uyğunsuzluq” sözü daha adekvat ifadə olardı. Hər halda burada, ümumiyyətlə, indiki mərhələdə elmi-texnoloji kəşflərin sürətlə sosial-mədəni, iqtisadi və digər sferalara sürətli tətbiqi nəticəsində bu prosesin hansı sosial-psixoloji, ekoloji, idarəetmə, iqtisadi, mənəvi-əxlaqi və s. nəticələr verə biləcəyinin fəlsəfi-nəzəri və elmi-praktiki dərkinin ləngidiyi nəzərdə tutulur. Yəni ixtira və ya kəşfin sürəti ilə onun tətbiqinin insanlıq üçün verə biləcəyi nəticələrin dərki sürəti arasında uyğunsuzluğu fiksiya edirik. Bu baxımdan 2013-cü ildən başlayaraq süni intellektə əsaslanan ixtiraların (layihələrin) sayının sürətlə artması və onların praktiki tətbiqinin çoxalması ilə bu prosesin verə biləcəyi nəticələrin nəzəri dərki arasında ziddiyyətin (və ya uyğunsuzluğun) olduğunu deyə bilərikmi?
Bizcə, fəlsəfə-süni intellekt qarşılıqlı əlaqəsində bu sual aparıcı yer tutur. Yuxarıda vurğulanan məqamlardan da görünür ki, hələlik bu məsələdə bir qeyri-müəyyənlik vardır. Alimlər süni intellektin ikili nəticə verə biləcəyini proqnozlaşdırırlar – bir qism hesab edir ki, bütün hallarda bu, insanlığın xeyrinə olacaq, digər qism isə müəyyən həddən sonra süni intellektin (əsasən robotların) insanın özünü nəzarətə almağa çalışacağını deyir.
Həmin bağlılıqda ikinci məqam da kifayət qədər düşündürücüdür. İkinci məqam – süni intellektin yaradılması coğrafiyasının genişlənməsi ilə əlaqəlidir. İndi Yaponiya, Cənubi Koreya və Çin bu sahədə aparıcı mövqelərə çıxıblar. Avropa ölkələri və inkişaf etməkdə olan ölkələrdə də (məsələn, Rusiyada) bu istiqamətdə daha keyfiyyətli tədqiqatlar aparılır. ÜİMT-nin məruzəsindən yuxarıda gətirdiyimiz faktlar göstərir ki, artıq dünya bazarında İBM və ya Microsoft Corpla yanaşı Çinin, Cənubi Koreyanın, Yaponiyanın da şirkətləri uğurlu rəqabət aparırlar. Coğrafi olaraq bu, süni intellekt məsələsinin dünyanın müxtəlif regionları üçün nəzəri ilə yanaşı, praktiki olaraq da xeyli aktuallaşdığını ifadə edir. Əgər bu mənzərəni vahid sistem kimi təsəvvür etsək, onun sistemyaradıcı parametrlərinin bir neçə ölkədə aparılan tədqiqatlar təşkil etdiyi qənaətini alarıq. Bu halda fəlsəfi sual yaranır: bu cür müxtəliflik bütövlükdə süni intellekt məsələsini dünya üçün daha mürəkkəb sistem halına gətirmir? Və yaxud belə çoxkomponentli sistemin “təbii intellekt” tərəfindən səmərəli nəzarəti nə dərəcədə real görünür?
Bu suallar bizi artıq problemin daxili təkamül məntiqindən onun sosial-mədəni mühitdə və beynəlxalq aləmdə təsirləri müstəvisinə çıxarır. O cümlədən, süni intellektin yaradılmaı coğrafiyasının daha əhatəli olması dünyanın böyük güclərinin münasibətlərinə yeni məna çalarları verə bilər. Həmin aspekdə yuxarıda qoyulan sualların arxa planında süni intellektin yaradılmasında aparıcı rol oynamaq istəyinin böyük güclər arasında sərt rəqabətin və hətta qarşıdurmaların meydana gəlməsinə rəvac veriləcəyi tezisini də unutmaq olmaz. Bunlar o deməkdir ki, süni intellektin fəlsəfi dərki faktiki olaraq fənlərarası yanaşma ilə yanaşı müxtəlif praktiki fəaliyyət sferalarını (elmi-nəzəri, siyasi, mədəni, geosiyasi, idarəetmə, iqtisadi və s.) vahid bucaq altında tədqiq etmək zərurətini ortaya atır. Həmin kontekstdə də üçüncü məqamın aktuallığı aydın görünür.
Üçüncü məqam ilk iki məqamla sıx bağlıdır. O, süni intellektin yaradılmasında dünyada bir mərkəzin olması tezisinin doğru olmadığını ifadə edir. Bu da hər hansı dövlətin süni intellekt sahəsində dominantlıq edə biləcəyi ehtimalını minimuma endirir. Əvəzində bir neçə “aparıcı mərkəz”in qarşılıqlı təsirlərindən danışmaq lazım gəlir. Bu da bir tərəfdən, süni intellektin bütün dünyaya aid olma şansının meydana gəldiyini göstərdiyi kimi, həm də müxtəlif təbiətli risklərə yol açır. Həmin risklər qlobal miqyasda geosiyasi düzənin yeniləşməsi fonunda da təhlükəli görünür.
Məsələn, böyük güclərin süni intellektin potensialından rəqiblərə zərbə vurmaq üçün istifadə etməyəcəklərinə kim təminat verə bilər? Yəni ÜİMT-nin yuxarıda vurğuladığımız faktları ilə yanaşı, geniş kütləyə deyilməyən, lakin süni intellektin güclü tətbiqini nəzərdə tutan proseslər də yox deyildir. Deyək ki, Arktikanın və ya Kosmosun fəthində supergüclər arasında rəqabət kəskinləşməkdədir və onlar getdikcə daha çox potensialı olan süni intellekt ixtiralarından bu prosesdə istifadə edirlər. Xüsusilə, nanotexnologiyalarda, kibermobillikdə və bütövlükdə informasiya texnologiyaları sahəsində ciddi irəliləyişlər haqqqında zaman-zaman informasiyalar yayılır.
Belə çıxır ki, indi süni intellektin yaradılmasının nəzəri-elmi və praktiki aspektləri qədər, onun tətbiqində hansı məqsədlərin güdülməsi də önəm kəsb etməyə başlayıb. Bu da avtomatik olaraq süni intellektin fəlsəfəsində etik-aksioloji, mənəvi-əxlaqi və bəşəriyyətin təhlükəsizliyi kimi məsələləri yeni səviyyədə aktuallaşdırmış olur. Bu aktuallıq birbaşa süni intellektin fəlsəfi dərki probleminə daxil olur. Yəni onları ayrı-ayrılıqda tədqiq etmək elmi baxımdan konstruktiv deyil. Süni intellektin dərkini vahid və sistemli olaraq tədqiq etmək ilə bağlı hansı konkret yanaşmadan istifadə etmək gərəkdiyi ətrafında isə müzakirələr davam edir.
Süni intellekt məsələsinin meydana gətirdiyi məqamlar o qədər geniş, mürəkkəb və fərqli sahələrə aiddir ki, onları bir nəzəri-metodoloji çərçivədə araşdırmaq üçün, görünür, elmlərin daha yüksək konvergensiyasının yeni modelini tapmaq lazımdır. Məsələn, RF-də 2016-cı ildə süni intellektə həsr edilmiş elmi-nəzəri konfransda Rusiya Elmlər Akademiyası İqtisadi Riyaziyyat İnstitutunun direktoru professor L.Makarov “Süni cəmiyyətlər” adlı məruzəsində maraqlı nəzəri faktlar gətirib (bax: 3, s. 55-58). O, sosial proseslərin kompyuter modelləşdirilməsini süni cəmiyyətlərin yaradılması statusunda görür. “Süni cəmiyyətlər çoxagentli sistemlərdir. Agentlər mürəkkəb davranışa malikdirlər, onların qarşılıqlı əlaqələri müəyyən dayanıqlı strukturlar formalaşdırır ki, onları süni sosial sistemlər kimi qiymətləndirmək olar” (3, s. 55).
Təbii ki, söhbət hətta süni cəmiyyətlərdən gedirsə, bu hadisənin fəlsəfi-elmi dərki də yeni yanaşmalar tələb edir. Süni intellektlə bağlı bu kimi nümunələr çoxdur. Həmin səbəbdən demək olar ki, süni intellektin fəlsəfəsini formalaşdırmaq faktiki olaraq yeni fəlsəfə yaratmaq anlamına gəlir. Bizcə, dünyanın elm dairələri hələlik bu prosesin başlanğıcındadır. Fəlsəfi aspektdə də müəyyən yanaşma-modellər irəli sürülüb. Onlardan təbiətşünaslıqla bağlı olan biri üzərində dayanaq.
2. Süni intellekt probleminin mürəkkəbliyi və mürəkkəblik paradiqması
Yuxarıda vurğuladıq ki, süni intellekt probleminin fəlsəfi refleksiyasına ehtiyac XXI əsrdə daha da artıb. O cümlədən, süni intellekt məsələsi kontekstində aydındır ki, insan faktorunun aktuallığı artdıqca fərdi və kollektiv səviyyədə mövcudolmanın şərtlərinin fəlsəfi dərkinə də ehtiyac çoxalır. Bir tərəfdən qloballaşmanın meydana gətirdiyi sosial-mədəni yeniliklər, digər tərəfdən insanın fərd olaraq mənəvi-əxlaqi, psixoloji və aksioloji dəyişikliklərə uğraması ekzistensiallıq aspektində yeni bir mənzərəni ortaya qoyur. Burada elmin daxili təkamül dinamikasının və yeni texnologiyaların sürətlə reallaşmasının oynadığı rolu bir daha xatırlatmaq istərdik.
Deməli, insan fəaliyyətinə və bütövlükdə yaşam düzəninə ciddi təsiri olan süni intellektin müasir mərhələdə fəlsəfi dərkinin ön plana çıxması başa düşüləndir. Filosoflar bu məqamın iki aspektini vurğulayırlar. Birincisi, süni intellekt insan həyatını hansı səviyyəyə qədər dəyişə bilər? İkincisi, elə bir məqam gələ bilərmi ki, insanın yaratdığı süni intellekt nəzarətdən çıxsın və insanın həyatına təhlükə yaratsın. Burada bir sıra tədqiqatçının hətta süni intellektin insanın özünü nəzarət altına ala bilməsi ehtimalından bəhs etdiklərini də yuxarıda vurğuladığımızı qeyd etməliyik. Konkret olaraq, robotlar onları yaradanları təsir altına ala bilərlərmi?
Bu nikbin və bədbin yanaşmaların təməlində isə fəlsəfi yükü çox olan bir məsələ dayanır: təbii intellektin sahib olduğu bütün substansional və funksional keyfiyyətlərə malik süni intellekt yaratmaq prinsipcə mümkündürmü? Alimlər bu tezisdən çıxış edərək süni intellektin fəlsəfi refleksiyasının müxtəlif aspektlərini araşdırırlar. Xüsusilə, XXI əsrin başlanğıcından bu problemə maraq daha da artıb. Mövzuya aid elmi-nəzəri və elmi-praktiki konfranslar keçirilir, süni intellektin yaradılması ilə birbaşa məşğul olan mütəxəssislərin ayrıca elmi tədbirləri təşkil edilir. Burada bir artım tendensiyası özünü göstərir. Son illər süni intellekt problemini müxtəlif aspektlərdə araşdırmaq məqsədi ilə daha çox sayda nəzəri-elmi və praktiki tədbirlər reallaşdırılır. Filosofların bu prosesdə rolu da yüksəlməkdədir.
Əlbəttə, süni intellektə fəlsəfi yanaşma digərlərindən fərqlənir. Burada nəzəri dünyagörüşü məsələlərindən tutmuş koqnitiv, psixoloji, aksioloji, etik, mədəni, sosial, iqtisadi və digər aspektlər üzrə aktual sayılan problemlər analiz edilir. Alimlər vurğulayırlar ki, hazırda süni intellekt məsələsini çoxlu sayda və geniş miqyasda fənlərarası tədqiqatlarda öyrənirlər.
Bu problemin tədqiqi üzərində bioloqlar, psixoloqlar, informatika sahəsində çalışanlar, proqramlaşdırıcılar, riyaziyyatçılar işləyirlər. Təbii olaraq, bu qədər sayda fərqli tədqiqat istiqamətlərini koordinasiya etmək, proqramlaşdırmaq və sistemləşdirmək ehtiyacı getdikcə artır. Professor V.A.Sadovniçiyin fikrincə, “...bunun öhdəsindən gəlmək, konvergent texnologiyaların perspektivini və bunun bəşəriyyət üçün nə anlamına gəldiyini müəyyən etmək, məhz filosofların, geniş profilli humanitarların üzərinə düşür” (3, s. 12). Buradan fəlsəfə-süni intellekt kontekstində üç aktual nəticə çıxarmaq olar.
Birincisi, fəlsəfə idrak strategiyası (əgər belə demək mümkündürsə) kimi süni intellektin substansional və funksional özəlliklərinin ən ümumi səviyyədə dərkinə imkan yaradır. Bu cür yanaşma əvvəlcədən süni intellektin yaradılmasında müəyyən mənəvi-etik, aksioloji və kommunikativ şərtləri nəzərə almaq şansı verir. Məsələn, süni intellektin optimal funksional özəllikləri sərhədlərini fəlsəfi refleksiya vasitəsi ilə müəyyən etmək olar.
İkincisi, fəlsəfə süni intellekti öyrənən (o cümlədən, humanitar aspektdə) müxtəlif elmi istiqamətlərin ortaq metodoloji sahədə “görüşü”nü təşkil edə bilər. Daha konkret ifadə etsək, süni intellektin tədqiqi üçün səmərəli fənlərarası metodologiyanı fəlsəfəsiz yaratmaq imkansızdır. Problemin fəlsəfi refleksiyası həm də onun konkret konvergent müstəvidə araşdırılmasına imkanlar yaradır. Maraqlıdır ki, bir sıra tədqiqatçılar burada elmdaxili təkamülün məntiqini də görməyə çalışırlar. Rusiyalı metodoloq V.Q.Budanov bu bağlılıqda yazır ki, “nəzəri elm özünün ən yüksək səviyyəsində qavranılmaları tamamilə tarixi, humanitar olan bilikləri, metodları generasiya edir” (4, s. 58). Həm də bu cür proses (yəni elmi konvergensiya) “süni intellekt ideyaları”nda vüsət almaqdadır. Fikrinə davam edən alim onu da vurğulayır ki, bizə elə gələ bilər ki, həmin proses dil mürəkkəbliyinin sərhədləri xaricində, transendentlik sahəsində qeyri-müəyyənliyə düşəcək və faktiki olaraq işin perspektivi olmayacaq. Lakin məhz bu məqamda problemin fəlsəfi refleksiyası və onun əsasında yaradılacaq fənlərarası yanaşma süni intellektin praktiki yaradılmasına yeni təkan verə bilər (4, s. 58-59).
Akademik V.S.Styopin vurğulanan problemin konkret həll oluna bilməsi obyektini, elm istiqamətini də göstərir: sinergetika. O hesab edir ki, yeni ekspert sistemləri və süni intellekt kimi məsələlərin elmi həll edilməsi üçün “sinergetikanın fəlsəfi əsasları işlənməlidir” ki, onun sayəsində tədqiq olunan reallığın mənzərəsini nəzəri əsaslandırmaq mümkün olsun, yeni qəbul edilən elmi ideal və normaları təsbit etmək imkanı yaransın (5, s. 97-102).
Burada sual yarana bilər: V.S.Styopinin bu iddiası real prosesləri adekvat əks edir? Yəni süni intellektlə bağlı fəlsəfi, nəzəri, metodoloji problemlərin həlli birbaşa sinergetik yanaşma ilə əlaqəli olacaq? Təbii ki, əslində V.Styopin də belə bir mütləqiliyə varmır. Biz də hesab etmirik ki, süni intellektin fəlsəfi dərk edilməsi üçün fənlərarası metodologiyada “sinergetikanın möhürü” həlledicidir. Burada maraqlı olanı süni intellektin yaradılmasında fəlsəfi və elmi idrakın bir-biri ilə sıx əlaqədə olması zərurətinin başa düşülməsidir. Buradan süni intellekt məsələsinin fəlsəfi refleksiyası üçün əhəmiyyəti olan bir məqam meydana çıxır – həmin məsələdə fəlsəfə müasir elmi nəticələrə, yanaşmalara və metodologiyaya böyük ehtiyac duyur. Metodoloqlar bu məqamı obrazlı olaraq müasir mürəkkəb sistemlərin dərkində “predmet fəlsəfəsi”nin başlıca yerlərdən birini tutduğu kimi təqdim edirlər.
Doğurdan da elmi-fəlsəfi təfəkkür üçün maraqlı situasiyadır. Bir tərəfdən, süni intellekt məsələsinin fəlsəfi dərki aspektində maraqlıdır, digər tərəfdən isə müasir mərhələdə mürəkkəb sistemlərin fəlsəfi dərkinin onun elmi dərki ilə sıx bağlı olması anlamının getdikcə üstünlük təşkil etməsi müşahidə edilir. Bu məsələ əslində ümumi tezis şəklində deyilərək üstündən keçiləsi deyil. Və yaxud aksiom kimi qəbul edilməsi elmi meyarlar baxımından konstruktiv olmazdı. Çünki problemin nəzəri, dünyagörüşü, epistemoloji və metodoloji kökü “şüur” kateqoriyasının müasir fəlsəfə və ayrı-ayrı elm sahələrində olan anlamı ilə bağlıdır. Şüur məsələsi süni intellektin fəlsəfəsi probleminin (yuxarıda vurğuladığımız fəlsəfə-süni intellekt qarşılıqlı əlaqəsi fonunda) üçüncü aspektini ifadə edir.
Eyni zamanda, burada problemin, baxdığımız elmi məsələ baxımından iki aktual səviyyəsini qeyd etmək lazımdır. Birinci səviyyə şüurun müasir fəlsəfədə ümumi dərki, xüsusilə mürəkkəb sistemlərin fəlsəfi dərkinin özəllikləri (məsələn, mürəkkəb sistemlərin dərkində kvalialar) ilə əlaqəlidir. İkinci səviyyə “təbii şüur”-“süni intellekt”-“süni şüur” qarşılıqlı münasibətlərinin substantiv və kommunikativ aspektləri çərçivəsində qarşıya çıxan nəzəri-fəlsəfi və praktiki-metodoloji problemlərlə bağlıdır.
Birinci səviyyə kifayət qədər mürəkkəb xarakterə malikdir. Fəlsəfə yaranandan şüur öyrənilir, lakin hələ də yekdil mövqe formalaşmayıb. Əksinə, sivilizasiya inkişaf etdikcə şüurun dərki daha mürəkkəb faktorlarla əlaqələndirilir. “Şüurun çətin problemi”ni formalaşdıran prof. Devid Çalmers yazır ki, “məsələ ondan ibarət deyil ki, bizim detallı nəzəriyyə (şüur haqqında – F.Q) yoxdur; biz şüurun təbiətə necə yerləşdiyini tamamilə anlamırıq” (6, s. 264). Bu tezisi daha da konkretləşdirərək məsələni belə təqdim edirlər: “niyə beyin şüur yaradır?” və “beyin şüuru necə yaradır?” D.Çalmers bu suallara cavabların olmadığını nəzərə alaraq şüurun təbiətə necə “prəçimləndiyini”, “ehtiva olunduğunu” və ya “yerləşdiyini” bilmirik fikrini irəli sürür. Əgər bu belədirsə, o halda insan, ümumiyyətlə, şüur haqqında konkret fəlsəfi-elmi təsəvvürə malik deyil. Əvəzində kifayət qədər çoxlu sayda təriflər mövcuddur.
Beləliklə, yuxarıda vurğuladığımız mənada birinci səviyyə faktiki olaraq “şüurun subyektiv təcrübəsi necə mümkündür?” sualına cavab axtarışı ilə bağlıdır. Məsələnin bu cür qoyuluşundan çıxış edəndə həm “süni intellekt” və “süni şüur” nədir” sualı aktuallaşır, həm də “təbii şüur”,“süni intellekt” və “süni şüur” arasında qarşılıqlı əlaqələrin fəlsəfi dərki süni intellektin yaradılması perspektivi çərçivəsində yeni aktuallıq kəsb edir. Bu məsələnin bir tərəfi şüurun daxili özəlliyi ilə bağlıdırsa, digər tərəfi insanın mövcudluq şərtləri ilə əlaqəlidir. Hətta bir sıra alimlər, D.Çalmers də daxil olmaqla, şüur probleminin fəlsəfədə düzgün qoyulmadığı qənaətindədirlər. Yəni hesab edirlər ki, müasir fəlsəfədə şüurun mövcudluğundan çıxış edərək qeyri-şüurinin mövcudluğunu sübut etmək istiqaməti doğru deyil. Əksinə, onların fikrinə görə, şüurun qeyri-şüuridən törəmə olduğu tezisindən çıxış etmək gərəkdir. Və bu qayda güclü süni intellekt sistemlərinin yaradılması işində də tətbiq edilməlidir. Konkret olaraq, “şüur qeyri-şüurinin emercent keyfiyyətidir” və bu səbəbdən ondan əmələ gələndir (7).
Biz bu yanaşmanın nə dərəcədə fəlsəfi aspektdə əsaslı olduğu haqqında fikir yürütmək istəməzdik. Lakin əgər problem faktiki olaraq indi üstünlük təşkil edən yanaşmaya əks aspektdə qoyulursa, süni intellektin yaradılması baxımından yeni çətinliklər meydana çıxmış olur. Belə ki, insanın yarada biləcəyi hər hansı “intellekt” ilk növbədə məntiqə, rasionallığa əsaslanmalıdır. Məntiq isə şüurla bağlıdır. Süni intellektin yaradılması aspektində şüurun kökündə qeyri-şüurini məntiqsiz necə qoymaq olar? Deməli, faktiki olaraq istənilən halda süni intellektdə məntiq təməldə olmalıdır. Mücərrəd olaraq təsəvvür etsək belə, şüur qeyri-şüuri elementlərdən təşkil edilib (avtomat sistem olaraq), həmin elementlər arasında münasibətlər hansısa məntiqi çərçivədə olmasalar, o halda şüurdan danışmaq mümkün deyildir.
Bundan başqa, indi müxtəlif sahələrin mütəxəssisləri “süni intellekt insanı və bütövlükdə cəmiyyəti nəzarətə alıb, köləyə çevirə bilərmi?” sualını qoyurlar. Buna münasibətdə mövqelər fərqlidir. Bir sıra araşdırmaçılar belə bir təhlükənin olduğuna inanırlar. Digərləri isə insanı heç zaman başqa varlığın əvəz edə bilməyəcəyinə əmindirlər.
Əgər məsələyə fəlsəfi yanaşsaq, onda yuxarıdakı sualların cavabı kimi şüurun, süni intellektin və süni şüurun adekvat fəlsəfi obrazının formalaşdırılması əsasında mümkün ola biləcəyi qənaətini alarıq. Deməli, nəzərdə tutulan məsələ faktiki olaraq yuxarıda vurğuladığımız iki səviyyənin qarşılıqlı təsiri zonasında meydana çıxan fəlsəfi-nəzəri problemlərlə sıx bağlıdır. Onların sırasında şübhəsiz ki, “təbii şüur”,“süni intellekt” və“süni şüur” anlayışları arasında hansı fəlsəfi əlaqələrin olduğunun analizi aktuallıq kəsb edir. Bu baxımdan bir sıra filosof və metodoloqun məsələyə mürəkkəblik paradiqması kontekstində yanaşmaları əsassız deyil, əksinə maraqlıdır.
Onların sırasında süni intellekti özünütəşkiledən sistemin mürəkkəblik həddi ilə əlaqələndirən hipotez ayrıca yer tutur(8). Bu hipotezə görə, süni intellektin özünütəşkil edən sistemin təkamülü prosesində müəyyən mürəkkəblik həddindən sonra yaranması gözləniləndir. Yəni bu aspektdə süni intellekt məsələsinin meydana çıxması məntiqidir, qeyri-adi deyil. Bu baxımdan insan intellekti ilə süni intellektin müqayisəsini “təbii-süni” cütlüyü kontekstində deyil, təbii təkamülün fərqli mərhələləri kontekstində aparmaq daha uyğun yanaşma təsiri bağışlayır. Bu dinamikada insan intellekti süni intellektin meydana gəlməsinin həm substantiv, həm də funksional (kommunikativ) təməli (bazası) kimi görünür. Hətta bu cür yanaşmada insan intellekti ilə yaranacaq süni intellektin müxtəlif aspektlərdə fəlsəfi müqayisəsinin evristik mənası vardır.
Burada çoxlu sayda maraqlı və aktual incəliklər meydana çıxır ki, onların üzərində bu məqalədə dayanmaq imkanı yoxdur. Təkcə onu vurğulayaq ki, insan intellektinə “təbii”, insan intellektinin yaratdığı “intellekt”ə “süni” adını verməyin özü də bir koqnitiv seçim, idraki strategiyadır. Onu inkar etmək doğru olmazdı. Biz bu məqalədə məhz həmin strategiya çərçivəsində analiz aparırıq.
Beləliklə, süni intellekt məsələsinə yeni fənlərarası “mürəkkəblik paradiqması” prizmasında baxmaq elmi cəhətdən əsaslıdır və bu artıq nəzəri cəhətdən həyata keçirilir. Lakin “mürəkkəblik” və “mürəkkəb sistem” anlayışları birmənalı hələ müəyyən edilməyib. Onun bir neçə “inkişaf budağı” müşahidə edilir. Biz belə bir tərifi əsas götürürük: a) mürəkkəb sistemlər bir-biri ilə qarşılıqlı təsirdə olan çoxlu sayda elementdən təşkil olunur; b) onlar makroskopik kollektiv davranış səviyyəsində yeni keyfiyyətlər yaratmaq qabiliyyətinə malikdirlər; c) bu proses müxtəlif temporal, məkan və ya funksional strukturların formalaşması kimi təzahür edir (9).
Bu tərifdən çıxış etsək və insan intellektini “təbii” adlandırsaq, onda süni intellektin yaranmasının fəlsəfəsi kökündə maraqlı bir özəlliyin dayandığını görə bilərik. Yəni substantiv olaraq insan intellekti süni intellektə çevrilə bilməz. Onda yuxarıdakı tərifə görə, insan beyni daxili özünütəşkil prosesinin müəyyən mərhələsində özünün elə bir yeni mürəkkəblik mərhələsinə keçə bilər ki, həmin mərhələdəki struktur həm intellektual olsun, həm də süni adlandırıla bilinsin. Sonra, burada mümkün variant insan intellektinin substantiv özəlliyi əsasında elə bir praktiki gerçəkliyə nail olmasından ibarətdir ki, 1) həmin gerçəklik material (maddi) olaraq beyindən (və deməli, insan intellektinin substantivliyindən) kənarda olsun, 2) bu struktur funksional aspektdə insan intellektinə adekvat olsun. Yəni “süni”lik insan intellekti əsasında yaranan intellektin insanın özündən kənarda mövcud olması ilə müəyyənləşir.
Süni intellekt kontekstində problemin mürəkkəbliyi yalnız “mürəkkəblik” haqqında “çoxvariantlı və mürəkkəb” təriflərin olması ilə məhdudlaşmır. Benjamin Castellani və Federiko Yafferty yazdıqları kitabın bir neçə yerində vurğulayırlar ki, mürəkkəb sistemlərin modelləşdirilməsində bir neçə əsas konsepsiya və alətləri qeyd etmək olar. Onların sırasında “özünütəşkil nəzəriyyəsi, qeyri-xətti dinamika təlimi, sinergetika, turbulentlik nəzəriyyəsi, dinamik sistemlər nəzəriyyəsi, fəlakətlər nəzəriyyəsi, qeyri-sabitlik, stoxastik proseslər, xaos...” və digərləri vardır (8). Deməli, süni intellektin fəlsəfəsində əsas anlayışlarla yanaşı, problemin fəlsəfi-nəzəri dərki aspektində konseptual səviyyədə qeyri-müəyyənliklər mövcuddur.
Bu isə o deməkdir ki, faktiki olaraq süni intellekt insanın intellektual özəlliyi ilə yanaşı, onun fəaliyyətinin maddi, mənəvi, material, psixoloji və texnoloji aspektlərini də özündə ehtiva edir. Obrazlı desək, bu prosesdə insan intellektinin “uzantıları”(bu termini M.Maküyen tez-tez işlədib- F.Q.) - əlləri, gözləri, yaratdığı maddi nəsnələr (kompyüterlər, alətlər və s.) və bütün bunları konkret məqsədə yönəldən üsullar, metodlar, sosial-psixoloji faktorlar, texnologiyalar iştirak edir. Məhz həmin kontekstdə insan intellekti ilə süni intellektin fəlsəfi müqayisəsinin mürəkkəblik paradiqması çərçivəsində aparılması aktualdır.
Yuxarıda vurğulanan məqamları nəzərə alaraq, tədqiqatçılar süni intellektin yaradılması məsələsinə “mürəkkəbliliyin müşahidəçisi konsepsiyası” çərçivəsində yanaşmanı faydalı hesab edirlər. Hələlik bu konsepsiya yeni işlənir və elmi dövriyyəyə konstruktiv daxil edilməsi prosesi başa çatmayıb. Ancaq onun E.Moren, J.Delyoz cə F.Qvattarinin fəlsəfi ideyaları, H.fon Fyorsterin kibernetika-2, Varela və Maturananın avtopoezisi, kibersemiotika və C.S.Braunun “formalar qanunları”nın rekursiv məntiqi kontekstində baxılması istiqaməti özünü göstərir. Bu cür yanaşmada mürəkkəbliyin müşahidəçisi koqnitiv agentlərin özünütəşkil edən ansamblı kimi təsəvvür edilir. Onların qarşılıqlı təsirlərin emercent məhsulu ola bilsin ki, “süni intellekt və süni şüur” olsun (bax: 8).
Belə bir yanaşma müşahidəçi ilə süni intellektin birgə təkamülü ehtimalını nəzərdə tutur. Həm də bu proses nəticəsində yaranan süni intellekt mürəkkəbliyin müşahidəçisinin “məhsulu” hesab olunmalıdır. Bunların fəlsəfi nəticələrindən biri isə intersubyektivliyin yeni fəlsəfi dərki ola bilər və s. Bütün bunların əsasında son nəticədə təbii və süni intellektlərin simbiozu məsələsinin fəlsəfi analizinin zəruriliyini irəli sürürlər. Bununla da süni intellekt problemini mürəkkəbliyin müşahidəçisinin “yığılması” peobleminə fəlsəfi reduksiya edirlər (bax: 8).
Bu kimi yanaşmalar təbii ki, çox maraqlıdır. Onların tam fəlsəfi dərki prosesi gedir. Süni intellekt probleminin mürəkkəbliyin müşahidəçisi probleminə reduksiyası da kifayət qədər maraqlı modeldir. Lakin bütün hallarda süni intellektə fəlsəfi yanaşma özünün başlanğıc mərhələsindədir və onun hansı mərhələdə hansı məna çalarları kəsb edəcəyini proqnozlaşdırmaq çox çətindir. Bu da süni intellektin yaradılmasına fəlsəfi yanaşmanın həm əhəmiyyətini və aktuallığını, həm də mürəkkəbliyini göstərir.
Nəticə
Süni intellektin yaradılmasının fəlsəfəsi getdikcə daha çox aktuallıq kəsb edir. İndiki mərhələdə tədqiqatçılar arasında bu məsələdə vahid mövqe yoxdur. Problem çoxaspektlidir və müxtəlif elm sahələrinin nümayəndələri süni intellektin yaradılmasında bu və ya digər dərəcədə iştirak edirlər. Bu özəllik süni intellekt məsələsini, ümumiyyələ, fənlərarası yanaşma çərçivəsində analiz etməyin elmi cəhətdən daha konstruktiv olduğunu göstərir. Həmin istiqamətdə aparılan tədqiqatlar süni intellekt probleminin mürəkkəbliyin müşahidəçisinin formalaşması probleminə reduksiya etməyin əsaslı olduğunu sübut etməkdədir. Bu bağlılıqda süni intellekt məsələsinin intersubyektiv kommunikasiya probleminə ekvivalent olması nəticəsini çıxarmağa əsas verir (məsələn, V.İ.Arşinovun belə bir qənaəti mövcuddur).
Beləliklə, fəlsəfi aspektdə süni intellekt məsələsi bütövlükdə müasir fəlsəfi idrak üçün aktual olan bir sıra köklü nəzəri və metodoloji problemlərin dərki ilə kəsişir. Hələlik bu vəziyyətə fənlərarası yanaşma çərçivəsində yanaşaraq fəlsəfi dərk etməyə cəhdlər vardır. Bunun perspektivli olub-olmamasını gələcək göstərəcəkdir. Lakin süni intellektə əsaslanan ixtiraların sürətlə artması problemin fəlsəfi “ölçülməsi”nin daha da aktuallaşdığını nümayiş etdirir. Yəni “insanlığın fəlsəfi təfəkkürü də tələsməlidir”!
Ədəbiyyat
1. Первое исследование ВОИС из серии «Тенденции развития технологий» посвящено искусственному интеллекту: на фоне глобальной тенденции последних лет по увеличению числа изобретений на основе ИИ лидерами отрасли являются компании IBM и Microsoft//URL: https://www.wipo.int/pressroom/ru/articles/2019/ article_0001.html.Müraciət tarixi 22.05.2021
2. Qurbanov F. Elmi idrakın kreativlik paradoksu//Unikal. Beynəlxalq ictimai fənlərarası elmi-tədqiqat jurnalı. Bakı, № 1, 2014, s. 47-55.
3. Философия искусственного интеллекта. Труды Всероссийской междисциплинарной конференции, посвященной шестидесятилетию исследований искусственного интеллекта, 17-18 марта 2016 г., философский факультет МГУ имени М. В. Ломоносова, г. Москва / Под ред. В.А. Лекторского, Д. И.Дубровского, А. Ю.Алексеева. – М.: ИИнтелл, 2017, 340 с.
4. Буданов В.Г. Методология проектирования и прогнозирования в контексте синергетики и теории сложности// «Философия науки», №16, 2011, с. 56-86.
5. Стёпин В.С. О философских основаниях синергетики // Синергетическая парадигма / Под ред. В.Г.Буданова. М., 2006. С. 97–102.
6. Chalmers, D.J. Consciousness and its place in nature / D.J. Chalmers // Philosophy of Mind: Classical and Contemporary Readings, ed. by D,J. Chalmers. N.Y., 2002, 687 pp.
7. Скиба И.Р. Трудная проблема сознания и искусственный интеллект: проблема бессознательного//URL: https://neuronus.com/stat/1414-trudnaya-problema-soznaniya-i-iskusstvennyj-intellekt.html? Дата обращения 21.06.2021.
8. Аршинов В.И. «Наблюдатель сложности как модель искусственного интеллекта»//URL: http://spkurdyumov.ru/networks/nablyudatel-slozhnosti-kak-model-iskusstvennogo-intellekta/. Дата обращения 21.06.2021
9. Castellani B., Yafferty F. Sociology and Complexity. A New field inquiry. Springer , 2009, 292 pp.