Artupadan başlanan ömür yolu
Eynulla Mədətli
Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini,
tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir
Həyat və ömür haqqında düşünəndə, xüsusən də keçdiyin acılı-şirinli həyat yoluna nəzər salanda ilk növbədə neçə ili arxada qoyduğunun fərqində olursan, “yaş üstünə bir yaş da gəldi” deyirsən, bundan sonra necə yaşadığını, bu qocaman illəri nə şəkildə yola saldığını düşünürsən, qazandıqlarını və itirdiklərini göz önünə gətirirsən. Bu sayaq hisslər daha çox yetmişi ötəndən sonra baş verir. Dünyada, eləcə də ölkəmizdə ömrün xeyli uzanması, insanların aktiv fəaliyyətinin səksən yaşından sonra da davam etməsi, yaşam şərtlərinin get-gedə daha rahatlaşması insanları yaşamağa ruhlandırdığı kimi, işləməyə, xüsusən də yaradıcı şəxsləri yazıb-yaratmağa, indiki və gələcək nəsillərə daha çox faydalı miras qoymağa həvəsləndirir. Bu günlərdə 75 yaşını haqlamış məsləkdaşım Əli İbrahimov məhz belə şəxslərdəndir.
1946-cı ilin iyununda Vətənimizin dilbər guşəsi olan Astara rayonunun Artuba kəndində dünyaya göz açan Əli təpədən dırnağa ziyalı olan atası İmanqulu müəllimin və məsləkdaşlarının təsiri ilə hələ erkən yaşlarından Azərbaycan ədəbiyyatına həvəs göstərmiş, el nəğmələri, bayatılar, qoşmalar, qəhrəmanlıq və məhəbbət dastanları ilə maraqlanmış, xəlvət saxlasa da, bəzən özü də “uydurmağa” başlamışdı. Böyük Səməd Vurğunun “Vaqif” dramında Vaqifin dilindən söylədiyi “Azəri yurdunun oğluyam mən də, Az-az uydururam yeri gələndə” ifadələrini Əli Dalğına da aid etmək olar. Yeri gəlmişkən deyim ki, Əli müəllimin seçdiyi qələm adı da az rast gəlinən adlardandır.
Xalqımızın qədim, zəngin və olduqca rəngarəng ədəbiyyatına orta məktəbdən başlanan həvəs və məhəbbət 1964-cü ildə gənc Əlini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə gətirib çıxardı. O zamankı Azərbaycan ədəbi mühitinin bir sıra görkəmli simalarının dərs dediyi Azərbaycan Dövlət Universiteti sadəcə bir təhsil ocağı deyildi, bura sosialist Azərbaycanın milli təfəkkürlü, yüksək vətənpərvər yaradıcı ziyalılarının cəm olduğu “beyin mərkəzi” idi. Filologiya fakültəsində çalışan Mir Cəlal, Bəxtiyar Vahabzadə, Abbas Zamanov, Ağamusa Axundov, Xalid Əlimirzəyev, Fərhad Zeynalov, Səlim Cəfərov, Nəriman Həsənzadə, Təhsin Mütəllibov, Əkbər Ağayev, Gülhüseyn Hüseynoğlu, Muxtar Hüseynzadə, Samət Əlizadə, Əli Fəhmi və başqalarının fikir və düşüncələri tələbələrin zehnində və təfəkküründə daş üstünə həkk edilən yazılar kimi elə dərin və silinməz izlər qoyurdu ki, o dövrün məzunlarından çoxu vətən övladlarının yeni nəslinin yetişməsində doğrudan da fədakarlıqla əmək verir, bilik və bacarıqları ilə yanaşı vətən sevgisini də şagirdlərinə və tələbələrinə bir sevda payı kimi bəxş edirdilər. Universitetdə milli tarixi təfəkkürə sahib, yüksək ixtisaslı mütəxəssis kimi yetişən Əli 1971-1974-cü illərdə bir zabit olaraq hərbi xidməti başa vurub vətənə dönəndən sonra Bakının Hövsan qəsəbəsindəki 196 saylı beynəlmiləl orta məktəbdə hərbi rəhbər və Azərbaycan dili və ədəbiyyatı müəllimi olaraq çalışdığı zaman ədəbi yaradıcılıqla da məşğul olmuşdur.
Qeyd etməliyəm ki, Əli müəllimin ədəbiyyata, xüsusən poeziyaya məhəbbətinin və marağının yaranmasına tələbə yoldaşı, beş illik coşqun tələbə həyatını bölüşdüyü Ramiz Rövşənin böyük təsiri olmuşdur. Təsadüfi deyildir ki, ömrünün 75-ci baharında Əli müəllimin qələmə aldığı maraqlı məqalələrdən biri məhz belə adlanır: “ Ramiz Rövşən poeziyasında tanrı, vətən və insan məfhumlarına fəlsəfi yanaşma”. Bu məqalədə sevimli Xalq şairimizə onun xüsusi hüsn-rəğbətini görürük.
Dərs dediyi şagirdlərinə insan sevgisini sevə-sevə damızdıran Əli müəllim bir şeirində yazır:
Sevinc yığılanda ümmana dönür,
Onu ömrün boyu biləsən gərək.
Yaşadır insanı paylanan sevinc,
Onu qram-qram böləsən gərək.
Burada bir haşiyə çıxmaq istəyirəm. Dahi yazıçımız Məhəmməd Səid Ordubadi “Qılınc və qələm” adını Azərbaycan ədəbiyyatının incisi sayılan məşhur tarixi romanına təsadüfi olaraq seçməmişdi. XII əsrdə şöhrətli Azərbaycan Atabəylər dövlətində xalqımızın düşünən beyni və vuran əli olaraq təsvir etdiyi Nizami və Fəxrəddin obrazları ilə böyük ədibimiz bir xalqın ancaq zəka və qüdrətlə, mədəniyyət və güclə var ola biləcəyinə, inkişaf və tərəqqi yoluna çıxacağına oxucunu inandırırdı. Əli müəllim də 1974-1996-cı illərdə, iyirmi iki il ərzində müəllimlik etdiyi Artupa və Ərçivan kənd orta məktəblərində şagirdlərinə yalnız Azərbaycan dili və ədəbiyyatı tədris etməklə kifayətlənmir, onlarda vətən sevgisini, xalqımızın qəhrəmanlıq tarixini, Azərbaycan eşqini, xalqa xidmət vəzifəsini dönmədən aşılayırdı. Klassik ədəbiyyat xadimlərimizlə yanaşı müasir şair və yazıçılarımızın vətən şeirlərini, hekayə, povest və romanlarını gənclərə oxudurdu. Səməd Vurğunun poemalarından bütöv parçaları indi də yaddaşında hifz edən, qıcıqlandıranda həvəsə gələrək Nizamidən, Füzulidən, Vaqifdən, Səməd Vurğundan şeir nümunələri deyəndə Əli müəllimin gözümüz önündə sanki cavanlaşmağının şahidi oluruq. Bəzən birgə çalışdığımız “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin əməkdaşları ilə Əli müəllimin söhbətlərini dinləyir, bu təvazökar tədqiqatçının şeir sevdasını da məmnunluqla qarşılayırıq. Özü şair olmadığını, şeirləri isə hiss və duyğularını ifadə etmək üçün “qaraladığını” deyir. Bu yəqin ki, onun doğru özqənaətidir.
Bu ürək sözümdə müasir tariximizin hər zaman yadda qalacaq qalibiyyət və zəfər yürüşü günlərində - 44 günlük Vətən müharibəsi zamanı Əli müəllimin hiss-həyəcan dolu anlarını qeyd etmək istərdim. Etnik mənsubiyyətindən asılı olmayaraq vahid və bölünməz Azərbaycan xalqına mənsub hər kəs kimi, Əli müəllim də Ali Baş Komandanın “Dəmir yumruğu”nun vurğunu idi. Həmin günlərdə yazdığı şeirlərdən birində deyirdi:
Dalğınam, lap cənub bölgəsindənəm,
Mövzum Qarabağdır, ürəyim Şuşa.
Bütün Azərbaycan, bütün bölgələr,
Həmrəylikdən sanki girib yarışa.
Taleyini 1997-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasına bağlayan Əli İbrahimov Azərbaycan fəlsəfə tarixinə, XIX əsrin sonları XX əsrin əvvəllərində maarifçilik hərəkatına, milli məsələ və azərbaycançılıq məfkurəsinə dair tədqiqatlar aparmış və hazırda da bu istiqamətdə araşdırmalarını davam etdirir. O, 2007-ci ildə “Yusif Vəzir Çəmənzəminlinin fəlsəfi və sosial-siyasi görüşləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə tarixi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Əli İbrahimovun “Yusif Vəzir Çəmənzəminlinin fəlsəfi və sosial-siyasi görüşləri”, Bakı, Elm və Təhsil nəşriyyatı, 2009; “Azərbaycan ictimai-siyasi fikrində ədalətli hökmdar problemi” (Nizami Gəncəvinin ideya irsinin materialları əsasında) Bakı, Təknur, 2010; “Azərbaycançılıq ideyasının konseptual aspektləri”, Bakı, Avropa, 2018 kitablarında Azərbaycan ictimai-siyasi fikir tarixində və hazırki Azərbaycan reallığında azərbaycançılıq ideologiyasının yeri, əhəmiyyəti və real həyatımızda parlaq təntənəsi elmi cəhətdən şərh və təhlil edilir. Burada qısa olaraq müəllifin azərbaycaçılıq ideyasına münasibəti barəsində bəzi fikirləri qeyd etmək yerinə düşər. Onun “Azərbaycançılıq ideyasının konseptual aspektləri”kitabının elmi redaktoru, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevin fikrincə, Əli İbrahimovun adı çəkilən monoqrafiyasında “milli ideologiyanın komponentlərindən biri olan, milli mənsubiyyəti, milli-mənəvi dəyərləri, vətənçiliyi, dil birliyini, milliliyi və dini tolerantlığı özündə ehtiva edən azərbaycançılıq ideyasının təkamülü geniş tədqiqata cəlb edilmiş, bu ideya ilə bağlı Azərbaycanın klassik və müasir elm korifeylərinin, tanınmış tədqiqatçıların ideya irsindəki dəyərli nümunələrin əsasında samballı siyasi təhlillər verilmiş, yığcam ümumiləşdirmələr aparılmışdır”.
Əli İbrahimovun 2019-cu ildə Bakıda Avropa nəşriyyatında nəşr edilmiş “Molla Pənah Vaqif poeziyasında vətən sevgisinə fəlsəfi baxış” kitabı da orijinallığı ilə diqqəti cəlb edir. Burada “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli sərəncamından irəli gələn bir sıra cəhətlər nəzərə alınmışdır, lakin əsas qayə Vaqifin vətən sevgisinin fəlsəfi yozumudur. Kitabda Vaqif vətən aşiqi, gözəllik sevdalısı kimi təhlil edilir, onun Vətən sevgisinin alt qatları araşdırılır. Kitabın redaktoru, fəlsəfə elmləri doktoru Ziba Ağayevanın yazdığı kimi, “Vaqifin simasında məhəbbət pərisini uzaq göylərdən torpağa endirən, real canlı gözəli sevərək təbii eşq haqqında mahnılar oxuyan bir nəğməkarın surətini görmək olar”.
Əli İbrahimovun “Ruhumu oxşayan nəğməli anlar” şeirlər kitabı onun tərcümeyi-halına ən yaxşı bələdçidir. Burada toplanan müxtəlif vaxtlarda və fərqli əhval-ruhiyələrdə qələmə alınan şeirlər onun incə ruhundan və həssas duyğularından xəbər verməklə həm də, müvafiq fəlsəfi alt qatlara da malikdir. O “Tar” şeirində deyir:
Tarım cuşə gəl ki, sənin nəğməni,
Obalar dinləsin, ellər dinləsin.
Ətirli bağçada ilk bahar çağı,
Bülbül avazını güllər dinləsin.
Deyərdim ki, Əli müəllim böyüdüb yetişdirdiyi övladları, nəvələri ilə fəxr etməyə layiq şəxslərdəndir. O, ailə dəyərlərinə çox böyük önəm verdiyi kimi, dostlarına qarşı da çox diqqətli və mehribandır. İşinə məsuliyyətli, iş yoldaşlarına münasibətdə olduqca diqqətli və qayğıkeşdir.
Mənim fikrimcə xalqını, onun tarixini və ədəbiyyatını sevən, fikir və düşüncə xəzinəsinə, fəlsəfəsi qaynaqlarına dərindən vaqif olan şəxsin vətən sevgisi kimi, həyat və çalışmaq eşqi də tükənməz olur. Çünki üstündə dayandığı torpaqdan da, kölgəsində durduğu ağacdan da, suyundan içdiyi bulaqdan da, bir sözlə, insanı əhatə edən, insanın təmasda olduğu canlı-cansız nə varsa hər şeydən həyat enerjisi alır. Əli müəllimə təbiətən nikbinlik xasdır, necə deyərlər, o tamamilə müsbət yüklü, müsbət enerjili bir şəxsdir. Mövlana Cəlaləddin Ruminin ifadəsi ilə desəm “olduğu kimi görünən və göründüyü kimi olan” insandır. Vətən təəssübünü çəkən, azərbaycanlı olduğu ilə qürur duyan ziyalı vətəndaşdır. Onun uzun illər öncə, yeniyetməlik və gənclik çağlarında ruhuna hopmuş, qəlbinə siyarət etmiş Artupa sevgisi çoxdan Azərbaycan boyda əbədi Vətən sevgisinə çevrilmişdir.
Bu ürəkdən gələn yazım ilə bütün həmkarlarımın da fikrini ifadə edərək hörmətli Əli İbrahimovu 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm!