Şihabəddin Yəhya Sührəvərdi irsinin Nəsirəddin Tusi məktəbinə təsiri
Aytək Zakirqızı Məmmədova
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
(Şihabəddin Yəhya Sührəvərdinin vəfatının 830 illiyi və Nəsirəddin Tusinin doğumunun 820 illiyi münasibətilə)
Ensiklopedik alim Nəsirəddin Məhəmməd Tusi (1201-1274) dünya elm və fəlsəfəsinin zənginləşdirilməsində mühüm xidmətlər göstərmişdir. Alimin fəlsəfəsi – varlıq təlimi, idrak nəzəriyyəsi və məntiqi qədim və orta əsr filosoflarının, xüsusən Farabi (873-950), İbn Sina (980-1037), Bəhmənyar (993-1066) və başqa Şərq peripatetiklərinin ideyaları zəminində yaranıb formalaşmışdır. Nəsirəddin Tusi Şərq peripatetizmi xəttini əsas tutaraq öz sələflərinin ideyalarını yaradıcı surətdə davam etdirmişdir. Azərbaycan filosofu varlığa dair fikirlərin şərhində metafizika və fizika üzərində müfəssəl dayanmış, bu elmləri araşdırmaqda Aristotelin mövqeyini əsas götürmüşdür. Mütəfəkkirin fəlsəfəsinə, idrak nəzəriyyəsinə diqqət yetirərkən məlum olur ki, XIII əsrdə peripatetizm digər təlimlərlə daha artıq dərəcədə çulğalaşmışdı. Lakin Nəsirəddin Tusi fəlsəfə tarixinə bir peripatetik filosof kimi daxil olmuşdur. Filosof mühüm fəlsəfi məsələlərin qoyuluşunda və həllində həqiqi aristotelizm mövqeyindən çıxış etmişdir.
Nəsirəddin Tusinin dünyagörüşü – fəlsəfəsi və etik, ictimai-siyasi görüşləri öz dəyərinə və geniş əhatəliyinə görə bütün dövrlərdə aktuallıq kəsb etmişdir. Təbiətşünas, məntiqçi filosof müxalif cərəyanların ideoloqlarına qarşı mübarizədə öz sələflərinin ideyalarını cəsarətlə qoruyub inkişaf etdirmişdir. N.Tusinin başçılığı ilə 1259-cu ildə Marağa şəhərində inşa edilmiş rəsədxana təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqi ölkələrində böyük elmi-mədəni hadisədir və rəsədxanasının nəzdində təsis edilmiş məktəb alimə şöhrət qazandırmışdır.
Marağa rəsədxanası bütün dünyada məşhur olub, sonrakı illərdə elmin inkişafına böyük təkan vermişdir. Nəcməddin Qəzvini (1203-1277), Qütbəddin Şirazi (1236-1311), Cəmaləddin Həsən Hilli (1250-1326) və başqaları dahi şəxsiyyətin fəlsəfi məktəbinin nümayəndələri olub, onun kimi ensiklopedik yaradıcılıq irsinə malikdirlər.
Nəsirəddin Tusinin təbiətşünaslıq, astronomiya, riyaziyyat və s. dəqiq elmlərə dair traktatları haqqında Şərq və Qərb alimləri geniş rəylər söyləmiş, onun xidmətlərini yüksək qiymətləndirmişlər. Azərbaycan filosofunun fəlsəfə, məntiq, siyasət və etikaya dair traktatlarına gəldikdə, onlar orta əsr fəlsəfə tarixinin qiymətli inciləridir.
Ensiklopedik alim dəqiq elmlərə dair traktatları ilə yanaşı, eyni zamanda fəlsəfə, məntiq, siyasət və etikaya aid traktatları da öz şagirdləri və sonrakı əsrlərdə yaşayıb fəaliyyət göstərmiş filosoflar üçün örnək olmuşdur. Onun fəlsəfi məktəbinin nümayəndələri müəllimlərinin irsindən bəhrələnməklə bərabər bu irsi təbliğ edərək, geniş şəkildə yaymışlar.
Nəsirəddin Tusinin yaradıcılığının ideya-nəzəri mənbələri tarixilik etibarilə ən qədim dövrdən öz zəmanəsinədək olan müddəti, ideya istiqaməti cəhətdən isə bütün dini və dünyəvi aspektləri əhatə edir. Onun əsərlərində Qurandan, Məhəmməd Peyğəmbərin (ə.s.) hədislərindən, İmam Əlinin və başqa müqəddəs şəxslərin kəlamlarından, habelə Əyyub peyğəmbərin, Musa peyğəmbərin, İsa peyğəmbərin və islamdan qabaqkı görkəmli şəxslərin sözlərindən istifadə edilmişdir. Pifaqor, Sokrat, Platon, Hippokrat, Evklid, Qalen, Ptolemey, xüsusən Aristotel və onun Şərq davamçıları – Kindi, Farabi, İbn Sina, İbn Miskəveyh və bir sıra başqa peripatetiklər Azərbaycan filosofu tərəfindən ideya sələfləri kimi rəğbətlə yad edilmişdir [1, s. 23-24].
Nəsirəddin Tusi sufi və işraqi ideyalardan da bəhrələnmişdir. AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Zakir Məmmədov XII əsrdə dünyaşöhrətli Azərbaycan filosofu, İşraqilik təliminin banisi Şihabəddin Yəhya Sührəvərdinin (1154-1191) yaradıcılığında peripatetizmə, sufizmə və işraqiliyə aid əsərlər qələmə aldığını göstərmişdir. Zakir Məmmədov Azərbaycanda XX əsrin 60-cı illərindən Şihabəddin Yəhya Sührəvərdinin həyatı və yaradıcılığına dair ilk mənbələri, habelə onun əsərlərini ilk dəfə olaraq tədqiqata cəlb etmişdir.
Filosofun peripatetizmə dair əsərlərində məntiq, metafizika və təbiyyat məsələləri dərindən araşdırılmış və inkişaf etdirilmişdir. Sührəvərdi işraqilik fəlsəfəsinin banisi kimi daha böyük şöhrət qazanmışdır. O, “İşıq heykəlləri” (“Həyakil ən-nur”), “İşraq fəlsəfəsi” (“Hikmət əl-işraq”), “İşığa dair traktat” (“Risale-yi pərtovname”) və başqa əsərlərində yeni bir təlimin əsaslarını işləyib hazırlamışdır [2, s. 4-5]. “İşıq heykəlləri” traktatı işraqi ədəbiyyatda “İşraq fəlsəfəsi” kitabından sonra məşhurdur. Bu traktatda ontoloji və qnoseoloji məsələlərin şərhində Şərq peripatetizminin güclü təsiri duyulsa da, həmin əsər bütövlükdə işraqilik fəlsəfəsini ifadə edir [3, s. 11].
Zakir Məmmədov yazır ki, Şihabəddin Yəhya Sührəvərdinin yaratdığı İşraqilik fəlsəfi təlimi N.Tusiyə və onun şagirdlərinin yaradıcılığına böyük təsir göstərmişdir. Marağa rəsədxanasında çalışan alimlərdən bir çoxu işraqi filosofun kitablarını tədris və təbliğ etməklə kifayətlənməmiş, onlara dəyərli şərhlər qələmə almışlar. Səd ibn Mənsur ibn Kəmmunə İsrailinin Şihabəddin Sührəvərdinin “Lövhi və ərşi Qeydlər” kitabına yazdığı şərh də “Düzəlişlər” adlanır [4, s. 199].
Ensiklopedik alim Qütbəddin Şirazi elmin müxtəlif sahələrində qələmini sınasa da, peripatetizm və işraqiliklə daha möhkəm bağlı olmuşdur. Qütbəddin Əbussəna Mahmud ibn Ziyaəddin Məsud ibn Müslih Şirazi ziyalı ailəsində anadan olmuşdur. Onun atası Ziyaəddin Məsud ibn Müslih Kazəruni (Kazərun Şirazın qərbində bir şəhərdir) Şirazda təbib işləmişdir. Alim ilk təhsilini atasından almış, 1250-ci ildə onun vəfatından sonra təhsilini Şirazda əmisi Kəmaləddin Əbdülxeyr Kazəruninin, Şəmsəddin Kütübinin, Şərəfəddin Zəki ər-Rukşəvinin və dövrünün başqa tanınmış alimlərinin yanında davam etdirmişdir. Qütbəddin Şirazi Qəzvinə səfər edib, orada görkəmli alim Nəcməddin Qəzvininin mühazirələrini dinləmişdir. Alim biliyini təkmilləşdirmək üçün Marağaya getmiş, rəsədxanada çalışmaqla yanaşı, Nəsirəddin Tusidən fəlsəfə, astronomiya və riyaziyyatı mükəmməl öyrənmişdir. Marağada alim kimi böyük nüfuz qazanmışdır.
Mütəfəkkirin yaradıcılığında xüsusi yer tutan fəlsəfəyə dair “Dibaca ən yaxşı tac incisi” (“Dürrə ət-tac li ğürrət əd-Dibac”) traktatı nəzəri və əməli fəlsəfənin bütün qisimlərini əhatə edir. Kitab Qərbi Gilanın hakimi Filşah ibn Rüstəmşah oğlu əmir Dibaca ithaf olunmuşdur. Filosofun fars dilində qələmə aldığı bu əsər təxminən 1293-1305 illər ərzində yazılmışdır. “Dibaca ən yaxşı tac incisi” traktatı beş hissədən ibarətdir: birinci məntiq, ikinci “ilk fəlsəfə”, üçüncü təbiət elmləri, dördüncü riyazi elmlər, beşinci metafizika və nəticə (din və siyasət məsələləri).
Qütbəddin Şirazinin fəlsəfi görüşlərində həm din, həm peripatetizm, həm də işraqilik motivləri vardır. Bütün bunlardan daha çox isə onun islam dini dünyagörüşünə mühüm yer verməsi qeyd edilməlidir. Məntiq, fəlsəfə və təbiət elmlərini Marağada Nəsirəddin Tusi məktəbində öyrənən mütəfəkkir sonralar Konyada Sədrəddin Konəvidən (1210-1274) və başqalarından dini elmləri – hədis, fiqh və Quranın şərhi üzrə təhsil almışdır. Bu hal onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Qütbəddin Şirazinin təxminən qırx cildlik “Quranın təfsirinə dair Mərhəmətlinin açması” traktatı və “Quranın çətin məsələlərinə dair” əsəri onun dini məsələlər ilə dərindən məşğul olmasından xəbər verir. “Quranın təfsirinə dair Mərhəmətlinin açması” əsərində Quranın geniş təfsiri verilmişdir.
Zakir Məmmədov Şihabəddin Sührəvərdinin əsərlərinin, xüsusən onun işraqilik fəlsəfəsinin Nəsirəddin Tusinin istedadlı şagirdi Qütbəddin Şirazi tərəfindən müfəssəl araşdırıldığını bildirmişdir. İşraqi ədəbiyyatın şah əsəri “İşraq fəlsəfəsi” kitabına Qütbəddin Şirazinin yazdığı şərh xüsusilə qiymətlidir. Cəlaləddin Əbdürrəhman Süyuti (1445-1505) Qütbəddin Şirazinin əsərləri sırasında “Sührəvərdinin sirlər kitabının şərhi” (“Şərh kitab əl-əsrar li-s-Sührəvardi”) traktatının da adını çəkmişdir. 1295-ci ildə tamamlanmış və öz müəllifinə şöhrət qazandırmış bu şərhə Seyid Şərif Cürcani (1339-1413), Mövlana Əbdülkərim (...-1495), Nəcməddin Hacı Mahmud Təbrizi, Sədrəddin Şirazi (...-1640), Molla Hadi Səbzəvari (1798-1878) kimi filosoflar haşiyələr qələmə almışlar [4, s. 199-200].
Türkiyəli alim Hilmi Ziya Ülkən Qütbəddin Şirazini “işraqi mütəfəkkir” adlandırıb, onun “İşraq fəlsəfəsi” əsərinə yazdığı şərhə görə tanındığını qeyd etmişdir [5, s. 207].
Bir cəhət də xüsusi olaraq göstərilməlidir ki, Qütbəddin Şirazi elmdə obyektiv mövqedən çıxış etmiş, müxtəlif təlimləri təəssübkeşlik etmədən öyrənmişdir. Heç şübhəsiz, burada ona müəllimi N.Tusinin də böyük təsiri olmuşdur. Belə olmasaydı o, Marağa rəsədxanasında təhsil alarkən işraqilik fəlsəfəsini öyrənə bilməzdi.
Qütbəddin Şirazinin fəlsəfəsindən bəhs edərkən onun müxtəlif aspektlərinə diqqət yetirilməlidir. Hədisə və təfsirə dair mühakimələrində sırf islam mövqeyindən çıxış edən mütəfəkkir fəlsəfi düşüncələrində həmin mövqeyə zidd getməməyə çalışmışdır. Bunun üçün o, istər peripatetizm, istərsə də işraqilik təlimlərinə dair əsərlərində pozitiv şəkildə mövcud fikirlərin şərhini vermişdi. Bu baxımdan Qütbəddin Şirazinin dünyagörüşü müəyyən mənada sinkretik məzmun daşıyır.
Zakir Məmmədov bu dövrdə Yaxın və Orta Şərq ölkələrində mövcud fikir cərəyanları arasında ideya mübarizəsinə baxmayaraq, bir-birinə yaxınlaşma, qarşılıqlı təsirlənmə hallarının artdığını bildirmişdir. Tədqiqatçı müxtəlif təlimlərin uzlaşdırılmasının XIII əsrin sonlarından etibarən daha artıq dərəcədə nəzərə çarpdığını yazmışdır [6, s. 201].
Qeyd etmək lazımdır ki, bu hal Qütbəddin Şirazinin dünyagörüşündə daha qabarıq şəkildə özünü göstərir. Bu səbəbdən filosofu ensiklopedik məzmunlu yaradıcılığına görə həm dini, həm də dünyəvi elmlərin nümayəndəsi hesab edir, həm peripatetik, həm də işraqilik təliminin tərəfdarı adlandırırlar.
Qütbəddin Şirazinin məntiqə, mütafizikaya, təbiətşünaslığa, ümumiyyətlə, peripatetik fənlərə dair yazdığı traktatlar onun dünyagörüşünün sırf fəlsəfi məzmun daşıdığının göstəricisidir. Qütbəddin Şirazi işraqilik fəlsəfəsinin pozitiv şərhini, dini elmlərin şəriət baxımından təfsirini verməsinə baxmayaraq N.Tusi məktəbinin tanınmış filosofu kimi diqqəti cəlb edir, fəlsəfi dünyagörüşü etibarilə əsasən peripatetizmin nümayəndəsi kimi yadda qalır. Qütbəddin Şirazi peripatetizm mövqeyindən çıxış edərkən ilk növbədə öz müəllimi Nəsirəddin Tusi ilə həmfikir olmağa çalışmışdır. O, “Dibaca ən yaxşı tac incisi” ensiklopediyasında məntiq və metafizika hissəsini bilavasitə həmin mövzularda müəlliminin doktrinalarına arxalanmışdır. Burada varlığın ənənəvi bölgüsü – onun vacib və mümkün qisimlərindən ibarət olması, vacib varlığın tək, qeyri-maddi, ən başlıcası özü-özlüyündə mövcudluğu göstərilir, bəzən dini ifadələrlə fəlsəfi istilahlarla paralellik yaradılır [7, s. 50].
Mütəfəkkir özü-özlüyündə Vacib varlıq deyərkən əsas etibarilə Allah-təalanı nəzərdə tutur. Nəsirəddin Tusinin metafizikasında olduğu kimi, Qütbəddin Şirazinin də metafizikasında Farabi, İbn Sina, Bəhmənyar və başqa ardıcıl aristotelçi filosofların işlətdikləri südur (Birinci varlıqdan meydana çıxma) nəzəriyyəsinin məzmunu formal səciyyə daşıyır. Həmin nəzəriyyə Allahın yaratma aktını əvəz etmir, əksinə, ona uyğunlaşdırılır. Mümkün varlığa nisbətdə səbəbiyyət, təbii qanunauyğunluq isə peripatetik məzmunu ifadə edir.
Mümkün varlığa aid mövcudatda bütün fəlsəfi kateqoriyalar peripatetizmdəki kimi şərh olunur. Bu yerdə Qütbəddin Şirazinin dünyagörüşü kəlam elmi (sxolastika) ilə fəlsəfə arasında sanki aralıq bir mərhələ tutur. Filosofun yaradıcılığında məntiq məsələlərinin şərhinə geniş yer verilir, məntiqin ayrı-ayrı bəhslərinin müfəssəl təhlilini vermişdir.
Qütbəddin Şirazi fəlsəfənin yalnız nəzəri hissəsi ilə deyil, əməli hissəsi ilə də maraqlanmış, “Dibaca ən yaxşı tac incisi” traktatında etik-əxlaqi və ictimai-siyasi məsələlərə geniş yer vermişdir. Filosof ensiklopedik əsərinin xatimə (nəticə) bölməsinin üçüncü qismini əməli fəlsəfənin bəzi mühüm sahələrinə həsr etmişdir. (Xatimənin birinci qismi dinin əsaslarından (üsul əd-din), ikinci qismi isə dinin ikinci dərəcəli məsələlərindən (füru əd-din) bəhs edir).
“Dibaca ən yaxşı tac incisi” kitabının nəticəsinin üçüncü qismində deyilir ki, əməli fəlsəfə xasiyyətlərin (əl-əxlaq) islahı, mənzilin və şəhərin idarəçiliyi (siyasət) məsələlərindən bəhs edir. Bunlar dörd qaydada öz ifadəsini tapır: birinci qayda, müqəddimələr, ikinci qayda, xasiyyətlərin islahından ibarət olan bədən idarəçiliyidir. Üçüncü qayda, mənzilin idarəçiliyi, daha doğrusu, ailə-məişət məsələlərinin yoluna qoyulmasıdır. Dördüncü qayda, ədalət və hökm-fərmanlardan ibarət olan ölkə idarəçiliyidir.
Qeyd etmək lazımdır ki, ensiklopedik əsərlərdə bir qayda olaraq kompilyasiyaya geniş yer verilir. Bütün orta əsrlərdə yaradılmış geniş mündəricəli əsərlərin, demək olar ki, hamısında bunu müşahidə etmək mümkündür. Məsələn, tarixçi, sosioloq və filosof Əbdürrəhman İbn Xəldun (1332-1406) “Müqəddimə” ensiklopediyasında mövzu ilə əlaqədar əvvəlki qiymətli əsərlərdən geniş istifadə etmişdir.
Zakir Məmmədov Bəhmənyarın irsini araşdırarkən yazmışdır ki, Bəhmənyar fəlsəfəsinin nəzəri məsələlərini geniş əhatə etmək, kamil bilik verən bir kitab hazırlamaq üçün özünün “Təhsil” (“ət-Təhsil”) traktatında İbn Sinanın irsindən – öz müəlliminin fikirlərindən xeyli bəhrələnmişdir.
Qütbəddin Şirazinin “Dibaca ən yaxşı tac incisi” kitabı da bu cəhətdən səciyyəvidir. Əsərin astronomiya bölməsində Nəsirəddin Tusinin, musiqi bölməsində Səfiəddin Urməvinin fikirlərindən istifadə edilmişdir.
Fəlsəfədə sinkretizmin getdikcə gücləndiyi bir dövrdə yaşamış Qütbəddin Şirazi işraqilik təlimini şərh edərkən də əvvəlki baxışlarına tamamilə uyğun gələn mövqe tutmamışdır. Əlbəttə, bunu filosofun əqidəsindəki səbatsızlıq kimi izah etmək yanlış olardı. Qütbəddin Şirazi hər bir fəlsəfi təlimi ifadə edən mənbəyə (traktata) şərh yazarkən onu pozitiv prinsip əsasında yanaşmış, müəllifin ideya istiqamətini saxlamağa çalışmışdır. Şihabəddin Yəhya Sührəvərdinin “İşraq fəlsəfəsi” kitabının şərhində bu, əyani surətdə özünü göstərir. Qütbəddin Şirazi “İşraq fəlsəfəsi” kitabının quruluşunu saxlamaqla öz fikirlərini həmin sistem əsasında irəli sürmüş, hər bir bəhsin məzmununun açılmasında geniş təfərrüata varmışdır. Şərh orijinal ilə vəhdət təşkil etdiyi üçün onu tamamlamışdır.
Qütbəddin Şirazi peripatetizmə dair traktatlarında ənənəvi terminləri işlətməsinə baxmayaraq, “İşraq fəlsəfəsi” kitabının şərhində tamamilə müəllifin yolunu tutmuşdur. Ontologiya məsələlərində bir sıra cəhətləri nəzərdə tutub peripatetizm ilə işraqilik arasında uyğunluq tapmaq olar. Peripatetizmdə Vacib varlıq, işraqilikdə İşıqlar işığı, birincidə südur (Vacib varlıqdan çıxma) nəzəriyyəsi, ikincidə işraq (işıq saçma) nəzəriyyəsi müəyyən xüsusiyyətlərinə görə oxşardır. Əbunəsr Farabi tərəfindən işlənib hazırlanmış Şərq peripatetizmində on əql nəzəriyyəsi də müəyyən mənada işıqları xatırladır. Lakin peripatetizmindəki əql və nəfs işraqilikdə təkcə işıq kimi göstərilir. İşraqilik fəlsəfəsinin qnoseologiyası peripatetizmdə olduğundan əsaslı şəkildə fərqlidir. Aristotelçilər – Farabi, İbn Sina, Bəhmənyar və başqaları idrakda hissi və əqli mərhələləri qəbul etdikləri halda işraqi filosoflar üstəlik intuisiya mərhələsini də bu sıraya əlavə edirdilər.
Peripatetik filosofların təlimində də intuisiyaya müəyyən yer verilirdi. Lakin bu intuisiya mistik məzmunda deyil, məntiqi cəhətdən tizfəhimlilik anlamında başa düşülürdü. XIII əsrin sonlarından etibarən fəlsəfədə sinkretizmin artması ilə bağlı olaraq mistik mənada intuisiyaya, hətta peripatetik sayılan (əslində daha çox peripatetik mövqedən çıxış edən) filosoflarda da meyl artmışdır.
Orta əsrlərdə ideoloji mübarizənin XIII-XIV əsrlərdə də kəskin vəziyyət aldığı bir dövrdə yaşayıb-yaratmış filosofların dünyagörüşünü həmin zəmindən ayırmaq mümkün olmadığı üçün Qütbəddin Şirazinin dünyagörüşünü də bu aspektdə nəzərdən keçirmək, qiymətləndirmək gərəkdir. Sinkretik meyllər sərf-nəzər edildikdə Şərq peripatetizminə daxil olan fənlər – məntiq, metafizika, təbiətşünaslıq, riyaziyyat, astronomiya, coğrafiya və b. dəqiq elmlər, habelə əməli fəlsəfə - etika, mənzil-məişət tədbirləri (ailənin idarəçiliyi) və siyasət (şəhər və ölkənin idarəçiliyi) ilə məşğul olanlar bidətçilər hesab edilirdilər. Eləcə də banisi azadfikirlilik üstündə edam edilmiş işraqilik təliminə sonrakı dövrlərdə də dini ideologiyaya yad dünyagörüşü kimi baxılırdı. Ortodoksal islam ideologiyası isə fiqh-kəlam təlimlərində, onlara mənsub müxtəlif cərəyanların nümayəndələrinin əsərlərində ifadə edilirdi.
Qütbəddin Şirazinin məntiqə, metafizikaya, təbiətşünaslığa, ümumiyyətlə, peripatetik fənlərə dair yazdığı traktatlar onun dünyagörüşünün sırf fəlsəfi məzmun daşıdığının göstəricisidir. O, işraqilik fəlsəfəsinin şərhini, dini elmlərin şəriət baxımından təfsirini verməsinə baxmayaraq Nəsirəddin Tusi məktəbinin tanınmış filosofu kimi diqqəti cəlb edir, fəlsəfi dünyagörüşü etibarilə əsasən peripatetizmin nümayəndəsi kimi yadda qalır. Alim elmi fəaliyyətində müəllimi Nəsirəddin Tusinin mövqeyindən çıxış etsə də, yaradıcılıq irsi orijinallığı və zənginliyi, ən əsası ensiklopedik səciyyə daşıması ilə xüsusilə diqqəti cəlb edir.
Beləliklə, Marağa rəsədxanasının nəzdindəki məktəbdə Nəsirəddin Tusinin şagirdi Qütbəddin Mahmud Şirazi müəllimi kimi ictimai xadim, ensiklopedik alim kimi tanınmışdır. Qütbəddin Şirazi elmi fəaliyyətində müəlliminin mövqeyindən çıxış etsə də, yaradıcılıq irsi orijinallığı və zənginliyi ilə xüsusilə diqqətəlayiqdir. Şihabəddin Yəhya Sührəvərdinin banisi olduğu İşraqilik təlimi Azərbaycan filosofunun şagirdlərindən Qütbəddin Şiraziyə daha çox təsir etmişdir. Şihabəddin Yəhya Sührəvərdinin “İşraq fəlsəfəsi” kitabına ensiklopedik alim tərəfindən yazılan şərh mənbələrdə ən qiymətli şərh kimi təqdim edilmişdir.
ƏDƏBİYYAT
1. Məmmədova Aytək Zakir qızı. Nəsirəddin Tusinin dünyagörüşü. Bakı, Elm nəşriyyatı, 2000
2. Sührəvərdi Şihabəddin Yəhya. Filosofların görüşləri. Ərəbcədən Azərbaycan və rus dillərinə tərcümə edənlər: Zakir Məmmədov, Tariyel Həsənov. Bakı, Elm nəşriyyatı, 1986
3. Sührəvərdi Şihabəddin Yəhya. İşıq heykəlləri. Ərəbcədən Azərbaycan dilinə tərcümə edən: Zakir Məmmədov. Bakı, Elm nəşriyyatı, 1989
4.Məmmədov Zakir. Şihabəddin Yəhya Sührəvərdi (həyatı, yaradıcılığı və dünyagörüşü). Bakı, Elm nəşriyyatı, 2009
5. Ülken Hilmi Ziya. İslam felsefesi kaynakları ve tesirleri. Ankara, Türkiye İş Bankası Kültür Yayınları, 1967
6. Məmmədov Zakir. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, İrşad nəşriyyatı, 1994
7. Məmmədova Aytək Zakir qızı. Nəsirəddin Tusinin fəlsəfi məktəbi. Bakı, Elm nəşriyyatı, 2011
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. Dövlət və din. İctimai fikir toplusu. №01(68). Bakı, 2021. səh. 79-86