02.04.2021, 07:54 - Baxış sayı: 653

"Bir millət - iki dövlət" formulu fəlsəfi fikir işığında - Resenziya


Ziba AĞAYEVA
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Heydər Əliyevin Siyasi irsi və
Azərbaycançılıq fəlsəfəsi" şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru



Tarixi faktlara söykənsək, Azərbaycan-Türkiyə arasındakı dostluq-qardaşlıq münasibətlərinin tarixin dərin qatlarından başlandığının və əsrlər boyu davam edərək, bu gün həmişəkindən daha möhkəm, daha əzəmətli və sarsılmaz olduğunun şahidi olarıq.
Eyni soykökə və milli-mənəvi dəyərlərə malik bu xalqların gələcək tarixini isə dahilik zirvəsində bərqərar olanların - istər Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" ifadəsi və istərsə də Heydər Əliyevin "Bir millət və iki dövlət" formulu müəyyənləşdirir desək, yəqin ki yanılmarıq. Təsadüfi deyildir ki, Azərbaycan-Türkiyə dövlətləri arasındakı qarşılıqlı münasibətlərin müxtəlif elmlərin baxış bucağından öyrənilməsi və təhlili daima elmi ictimaiyyətin diqqət mərkəzində olmuş, müxtəlif elm sahələrinin təhlil predmetinə çevrilmişdir.
Bu yaxınlarda bütün türk xalqları üçün örnək ola biləcək bu əzəli və əbədi mövzuda dəyərli bir elmi araşdırma işıq üzü görmüşdür. Böyük zəhmətin və elmi cəsarətin bəhrəsi olan bu maraqlı monoqrafiya azərbaycanlı tədqiqatçı alimlər, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov və tarix elmləri doktoru Eynulla Mədətli tərəfindən "Bir millət-iki dövlət: fəlsəfi-tarixi təhlil" adı altında elmi ictimaiyyətin mühakiməsinə təqdim edilmişdir. Kitabın elmi redaktoru müasir Azərbaycan fəlsəfəsi məktəbinin tanınmış nümayəndəsi - fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadədir. Kitaba "Bir millət-iki dövləti"in fəlsəfəsi və əbədiyyəti adlanan ön sözü Azərbaycan Respublikasının əməkdar elm xadimi, millət vəkili, akademik İsa Həbibbəyli yazmışdır. O, bu dəyərli monoqrafiyanı, türk dünyası üçün zəruri olan çağırışların mahiyyətinin və perspektivlərinin vaxtında və düzgün qiymətləndirilib lazımi nəticələr çıxarılmasına, zəruri addımların atılmasına elmi təminat verilməsi baxımından əhəmiyyətli tarixi aspektdə yazılmış ciddi fəlsəfi əsər kimi dəyərləndirmişdir.
Dörd fəsil, on iki yarımfəsildən ibarət bu kitabı vərəqlədikcə Azərbaycan-Türkiyə arasındakı tarixi münasibətlərin fəlsəfi dərkini özündə ehtiva edən yeni məqamların üzə çıxarılmasının şahidi oluruq.
"Giriş" hissəsində müəlliflər monoqrafiyanın ana xəttini təşkil edən və birbaşa obyekti olan "Bir millət-iki dövlət" formulunun fəlsəfi-tarixi aspektdə təhlilinin məsuliyyətini dərk etdiklərini bildirir, dünyada baş verən bir çox proseslərin fonunda bu formulu əbədi aktual və əhəmiyyətli edən amilləri sadalamaqla, haqlı olaraq onun statik olmadığını və daim yeniləşmə tələb edən tezis olduğundan tam fəlsəfi dərkinin asan olmadığı fikrini irəli sürürlər.
Monoqrafiyanın birinci fəsli "Bir millət-iki dövlət" düsturu fəlsəfi-metodoloji prizmada" adlanır. Bu fəslin "Nəzəri-metodoloji qeydlər" adlanan birinci yarımfəslində müəlliflərin özlərinin də qeyd etdikləri kimi, nəzəri konstruksiya sərgiləyərək fərd-millət-dövlət "zənciri"nin fəlsəfi, sosioloji, tarixi və kulturoloji tədqiqi ilə bağlı sanballı yanaşmalar təhlil olunur, prinsipial əhəmiyyət daşıyan bir neçə məqam xüsusilə vurğulanır. "Millət və millətçilik anlayışları: fərqli baxışların kəsişməsində" adlanan ikinci yarımfəsildə fərd, cəmiyyət və dövlət anlayışlarının fəlsəfi və sosial-fəlsəfi anlamının tarixi dinamikası, daha sonra "millət" və "millətçilik" anlayışlarının fəlsəfi refleksiyası qərb və qismən də şərq nümunəsində tarixi ardıcıllıqla təhlilə cəlb olunur.
"Bir millət-iki dövlət" formulu fəlsəfi, tarixi, siyasi və ideoloji aspektlərdə" adlanan ikinci fəslin "Millət və millətçiliyin sistemyaradıcı parametrləri: tarixi rakursda fəlsəfi refleksiya" adlanan birinci yarımfəsilində tədqiqatçılar "millət" anlayışını müasir fəlsəfi-elmi təfəkkür çərçivəsində əhəmiyyətli siyasi aspekti olan məhfum kimi nəzərdən keçirir və aparılan təhlillərə uyğun olaraq millətin işçi tərifini verirlər: "Millət sosial-siyasi-hüquqi-tarixi-mədəni-psixoloji-etnik identiklər dinamikasında dövlət sahibi olaraq özünü başqalarından fərqləndirə bilən toplumdur".
"Bir millət-iki dövlət: mövcudluğunun sosial-fəlsəfi və ideoloji şərtləri" və "Bir millət-iki dövlət" formulu tarixi-siyasi aspektdə" adlanan ikinci və üçüncü yarımfəsillərlə tanışlıqdan aydın olur ki, müəlliflərin birinci yarımfəsildə sərgilədiyi fikirlər bu yarımfəsillərdə daha da inkişaf etdirilmiş və tədqiqatın məqsədi baxımından bəzi prinsipial məqamlara aydınlıq gətirilmişdir. Bu yarımfəsillərdə Azərbaycan dövlətçilik ənənəsinin ideoloji aspektinə nəzər salınmış və çox haqlı olaraq zərdüştlikdən başlayaraq qızılbaşlığa qədər uzun bir dövlətçilik yolunun təkamülü tarixi rakursda izlənərək, qüdrətli, sistemli və ciddi sosial bağlılığı olan təfəkkür hadisəsi və onun konkret bilikləşmiş təzahürünü, ideya-nəzəri konsepsiyanın varılığını göstərmişlər. Növbəti yarımfəsildə isə "Bir millət-iki dövlət" formulunun fəlsəfi dərki üçün türk dövlətçiliyinin təkamülü məsələsi geniş tədqiqata cəlb edilmiş və siyasi-ideoloji, geosiyasi proseslərin təsiri altında fərqlərin olmasına rəğmən, etnos kimi türklərin bütövlüyünün sarsılmadığını və bu prizmadan XVIII əsrdən sonrakı proseslərə baxanda "Bir millət-iki dövlət" tezisinin möhtəşəmliyinin aydın təzahürlərinin mövcudluğunu göstərilmişdir.
Monoqrafiyanın "Heydər Əliyev və müasir mərhələdə Azərbaycan milli dövlətçiliyi Türkiyə ilə münasibətlər kontekstində" adlanan üçüncü fəslinin ilk yarımfəsli "XVIII əsrdən sonra Azərbaycan dövlətçiliyinin bifurkasiyaları və Birinci Respublikanın təcrübəsi" adlanır. Bu yarımfəsildə müəlliflər qarşıya qoyulan məqsədə çatmaq üçün tarixin daha dərin qatlarına baş vurur, XVIII əsrin əvvəllərinə qədər bu istiqamətdə cərəyan edən proseslərin elmi təhlilini verirlər. Daha sonra isə XIX əsrin ikinci yarısından başlayaraq Şimali Azərbaycanda bu kontekstdə maarifçiliyin əhəmiyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlətçiliyimizin varisi kimi bu ənənəni yaşatmasından, sovet dönəmində Ulu öndər Heydər Əliyevin dövlətçilik elementlərimizi şəraitə uyğunlaşdıra bilmək bacarığından bəhs olunur. Monoqrafiyada istər Birinci Respublika, istərsə də İkinci Respublikanın ilk illərində Azərbaycan-Türkiyə münasibətlərinin "Bir millət-iki dövlət" formulu çərçivəsində qurulması məsələsi tarixi faktlarla oxucuya çatdırılır. Bu fəslin ikinci yarımfəslində İkinci Respublika dövründə Heydər Əliyevin müstəqil dövlətçiliyə hazırlıq strategiyasının incəliklərinə dair tarixi faktlar fəlsəfi təhlilə cəlb edilir. Və nəhayət, sonuncu yarımfəsildə "Üçüncü Respublika: "Bir millət-iki dövlət" formulunun müasir mərhələdə məzmununun fəlsəfi analizi" məsələsi maraq dairəsinə daxil edilir. Bu yarımfəsildə Azərbaycanın dövlətçilik ənənəsinin siyasi, mədəni, mənəvi, əxlaqi aspektlərini, strateji məqsədini, ideoloji kimliyini və idarəetmənin institutlaşmasını nəinki qoruyub saxlaya, hətta onu Azərbaycan üçün yeni olan mütərəqqi istiqamətə yönəldə bilən, azərbaycançılıq ideologiyasının inkişafını şərtləndirən, Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərinn inkişafı üçün bütün varlığı ilə çalışan Ulu öndər Heydər Əliyevin rolu xüsusilə vurğulanır və təhlil olunur. Müəlliflər xüsusilə Heydər Əliyevin "Bir millət-iki dövlət" tezisinin tarixi, siyasi, ideoloji, mənəvi-əxlaqi və mədəni amillərə əsaslandığından, bu tezisin müasir mərhələdə oynadığı rola və Prezident İlham Əliyevin siyasətindəki ifadəsinə görə fəlsəfi tərəfinin də olduqca aktual olması fikrini irəli sürürlər.
Monoqrafiyanın sonuncu fəsli "Prezident İlham Əliyev və Azərbaycan-Türkiyə əlaqələrində yeni mərhələ" adlanır. "Bir millət-iki dövlət" formulu və siyasi varislik: qloballaşma - milli dövlətçilik münasibətləri kontekstində" adlanan birinci yarımfəsildə problemin qoyuluşu və həlli ilə oxucunu tanış edən tədqiqatçılar Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısında misilsiz xidmətlərini, azərbaycançılığın mənəvi-mədəni, əxlaqi və dil parametrlərinin işlək hala gətirməsini xüsusi vurğulayırlar. Bu yarımfəsildə azərbaycançılığın mənəvi mirasdan daha çox polietnik və çoxkonfessiyalı Azərbaycanı vahid, bölünməz ölkə kimi möhkəmləndirməyə xidmət göstərən vasitə kimi dəyərləndirilməsi diqqəti cəlb edir. Monoqrafiyada siyasi varisliyi qloballaşma və milli dövlətçilik kontekstində təhlilə cəlb edən müəlliflər Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri kimi möhkəm siyasi iradəyə, kifayət qədər bilik və bacarığa, ölkənin sabahı və gələcəyi üçün durmadan çalışmaq qabiliyyətinə, Heydər Əliyev siyasətini bütün səviyyələrdə uğurla davam etdirə biləcək dövlət təcrübəsinə malik olan cənab İlham Əliyevi layiqli siyasi varis kimi hazırlaması məsələsini önə çəkirlər. Təsadüfi deyil ki, müəlliflər kitabın "Siyasi institutlaşmanın təkmilləşməsi və "Bir millət-iki dövlət" formulu: əməkdaşlıqda yeni mərhələnin bir aspekti" və "Bir millət-iki dövlət" intellektin milli sərvətə çevrilməsi kontekstində: azərbaycançılıq, multikulturalizm və dövlət millətçiliyi" adlanan son iki yarımfəslini Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq bu günə qədər "Bir millət-iki dövlət" formulunu əsas tutaraq Türkiyə ilə münasibətləri ən yüksək səviyyəyə çatdırması və bu istiqamətdə siyasi, iqtisadi, hərbi, mədəni, humanitar sahələrdə dünyada bənzəri olmayan uğurlara imza atmasını iki qardaş dövlət arasında əbədi birliyi və həmrəyliyi şərtləndirən əsas amil kimi ayrıca təhlil edirlər.
Monoqrafiyada əks olunduğu kimi, İkinci Qarabağ müharibəsi dövründə, xalqımızın 44 günlük Vətən müharibəsində Türkiyə dövləti və xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək "Bir millət-iki dövlət" formulunun həyati zəruriliyini tam şəkildə təsdiq etdi. Tarixdə dəfələrlə olduğu kimi, yenə də Türkiyə Azərbaycanın, Azərbaycan isə Türkiyənin yanındadır. Bu nöqteyi-nəzərdən, sözügedən monoqrafiya bütün türk dünyasının elmi ictimaiyyəti və siyasi dairələri üçün örnək sayıla biləcək qədər dəyərlidir.

"525.az"