22.09.2017, 09:35 - Baxış sayı: 1614

İNSAN POTENSİALI İNSAN KAPİTALININ FUNDAMENTAL ƏSASI KİMİ


Əzimova Rəfiqə Cəlil qızı
AMEA Fəlsəfə İnstitutunun Sosiologiya şöbəsinin müdiri
Fəlsəfə elmləri doktoru Əməkdar elm xadimi

(nəzəri konsepsiyalardan strateji yönümlü sosial texnologiyalara doğru)

“SİYASƏTİMİZİN ZİRVƏSİNDƏ İNSAN DAYANIR”
İLHAM ƏLİYEV

Qloballaşan müasir dünyada gedən geniş miqyaslı proseslər güman etməyə əsas verir ki, sivilizasiya dəyərlərinin tempinin artması və onların istifadə radiusunun genişlənməsi mühitində insani resurslarının (daxili imkan və qabiliyyətlərin) tükənməsi müşahidə olunur. Faktiki olaraq müasir dövrdə sivilizasiya dəyərlərinin artım dinamikası insanın daxili imkanlarının artımına tərs mütənasibdir. Təsadüfi deyil ki, İkinci Bakı Beynəlxalq Humanitar Forumunda Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, “dünyada gedən xoşagəlməz halların əsas səbəbi əslində sosial ədalətsizlikdir. İqtisadi islahatlar eyni zamanda güclü sosial siyasətlə tamamlanmalıdır. Əgər bu olmasa, köklü iqtisadi islahatlar insanlara əziyyət gətirə bilər. Biz ona nail ola bilmişik ki, sosial sahədə də çox ciddi proqramlarımız vardır və bu proqramlar icra edilir. İnsanların rifah halının yaxşılaşdırılması onu göstərir ki, bu sahədə də addımlar uğurlu istiqamətdə atılmışdır. Əlbəttə, bizim bütün işlərimizin təməlində və mərkəzində insan amili dayanır. Hesab edirəm ki, bu hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir, onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır.” 1
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) statistik göstəricilərə əsaslanaraq böyük narahatlıqla dünya ölkələrinə müraciət edir və təkidlə məsləhət görür ki, onlar öz ölkə əhalisinin sağlamlaşdırılması üçün profilaktik tədbirlər hazırlamağa yönəlmiş elmi tədqiqatlara investisiya ayırsınlar.
Məsələ ilə bağlı dünya ölkələri və Azərbaycan üçün səciyyəvi olan sosial problemlərin (xəstəlik və asılılıqlar, ekoloji və mənəvi böhranlar) əsas sahələri elmi elitanı da ciddi düşündürür və insanşünaslıq problemlərinin məhsuldar həlli axtarışlarına sövq edir.
Qarşıya qoyulmuş problemlərin araşdırılması və tədqiqinin fəlsəfi-sosioloji aspektləri yaranmış şəraiti nəzərə almağı tələb edir. Əfsuslar olsun ki, iqtisadi qloballaşma prosesləri humanitar qloballaşmanı təmin etməmiş, bəlkə də bu prosesi müəyyən mənada mürəkkəbləşdirmişdir.
Hazırda informasiya – kommunikasiya cəmiyyəti isə texnoloji determinizmin sərhədlərini dərinləşdirərək və genişləndirərək özgələşmə və şəxsiyyətin özündən özgələşmə problemini gözə çarpan dərəcədə kəskinləşdirmişdir. Yaranmış sosial – iqtisadi, sosial – siyasi iqlim müasir "cəmiyyət – şəxsiyyət" sistemində “insanşünaslıq” elminin ərsəyə gəlməsini obyektiv şəkildə zəmanənin bir tələbi kimi aktuallaşdırmışdır.
“İnsanşünaslıq” elmi bütövlükdə özündə bir sıra sərhəd fənlərini – fəlsəfi antropologiya, sosioloji fenomenologiya, psixofiziologiya və təbabət elminin sintezi kimi bir sıra insani və sosial problemlərini araşdırmaq bacarığını özündə əks etdirən bir elmdir. Başqa sözlə, müasir fənlərarası tədqiqatların nəticələrindən çıxış edərək biz daha az itkilərlə (maddi və mənəvi) insanla bağlı bilikləri əldə edə bilərik.
Bəşəriyyətin dahi zəkaları və onlardan biri Protaqor, hələ qədim dövrlərdə söyləmişdir ki, "hər şeyin ölçüsü insandır – mövcud olanlar mövcud olduqlarından, mövcud olmayanlar isə mövcud olmadıqlarındandır". İnsan özü – özlüyündə bir mikrosistem daşıyıcısıdır. Eramızdan əvvəl mikrosistemlərin qarşılıqlı əlaqələri haqqında uzaqgörən Zərdüşt deyirdi ki, "kosmik nizam – cəmiyyət nizamı – fərdi nizam" üçbucağı təşkil edir.2
XX əsrin 70-ci illərindən başlayaraq bir sıra Amerika və Qərb sosioloqları (Sorokin, Toffler, Xabermas, Smelzer, Valerstayn, Giddens və b.) müasir cəmiyyətin öyrənilməsində konstruktivist metodologiyasının üstünlüyünü vurğulayıblar. Özü – özlüyündə həssas “barometr” kimi çıxış edə biləcək, sosial “havanı” burada və indi göstərən həyat sosiologiyası prinsipi aktuallaşır.
Paradiqmal metodoloji yanaşmaların sosioloji realizmdən sosioloji nominalizmə tədricən keçidi baş verir. Təsadüfi deyil ki, Lumanın irəli sürdüyü sistem metodologiyasında – komplekslik, sistemlik, şəxsi kontingentlik anlayışlarından tədqiqatlarda aktiv şəkildə istifadə olunur. Fikrimizcə, bu, sosial proses və problemlərin şəxsi ölçüsünün dominant əhəmiyyətini göstərir. İnsanın şəxsi və bioqrafik taleyinin müəyyənləşdirilməsində “məna” anlayışının mahiyyəti Lumanın sistem metodologiyasında demək olar ki, mərkəzi yer tutur.
Artıq XX əsrin 80-ci illərində aparıcı sovet psixoloqu B.Q.Ananyev yazırdı: ”İnsan probleminin bütövlükdə müasir elmin mərkəzinə çevrilməsi təbiət və cəmiyyət haqqında prinsipial yeni qarşılıqlı münasibətlərlə əlaqədardır, belə ki, təbiət və tarix saysız-hesabsız əlaqə və asılılıqlarla məhz insanda birləşirlər.” 3
Müasir dövrün aparıcı sosioloqu V.A.Yadov sosiologiyanın metodoloji əsaslarının yenidən işlənilmə məsələləri üzərində düşünərkən qeyd edir ki, “XXI əsrin astanasında dünya sosioloji birliyi aydın dərk edir ki, o empirik tədqiqatın ümumi nəzəriyyə və metodologiyasında müxtəlif nəzəri – metodoloji paradiqmaların, sosial reallığın dərk olunmasına müxtəlif yanaşmaların tərəfdarlarının səylərinin birləşdirilməsi və qarşılıqlı anlaşmasına can atmalıdır.”
Məqalədə məsələ ilə bağlı rus sosioloqu V.E. Xitsenkonun ideyaları da maraq kəsb edir. O, təbiətin dərk olunmasında insanın təbii hüdudunun olmasını vurğulayaraq qeyd edir ki, bu məsələdə Qeyzenberqin qeyri–müəyyənlik prinsipini nəzərə almaq olduqca vacibdir. Yəni mürəkkəb sistemlərin hissələrə bölünməməzliyinin nəticəsi olan “emercentlik” anlayışı təfəkkür tərzinin özünəməxsusluğunu daha da aydın “görməyə” imkan yaradır. V.E. Xitsenko hesab edir ki, “sosiologiyaya tətbiq olunaraq bu prinsip özünü iki problemdə ifadə edir – birinci səviyyədə olan problemlər ondan ibarətdir ki, ictimai elmlərin riyaziləşməsi, fənlərarası yanaşmaların, elmi metodların və terminologiya sintezinin inkişafı situasiyanı aydınlaşdırmaq cəhdidir. Müəllif hesab edir ki, sistemlərin emercentliyi (bölünməməzliyi) mürəkkəb sistem kimi çıxış edir və əgər insan da həmçinin “mürəkkəb sistemlər” reyestrinə daxildirsə, onda zəruri olaraq ikinci səviyyədə olan problemlər meydana çıxır. Məsələ yalnız sistem və mühit arasında sərhədlərin müəyyənləşdirilməsinin çətinliyində deyil..., həm də ondadır ki, “çıxış reaksiyası heçdə həmişə birbaşa giriş siqnalı ilə əlaqəli deyil və növbəti dəyişikliklərə bir çox hallarda özünün təsirini göstərir..., başqa sözlə desək, daxili determinasiyanı təzahür etdirir və öz qanunları üzrə gedir”.4
Mahiyyətinə görə daxili korrelyasiya insana təbiət tərəfindən verilmiş potensialdır, lakin bu potensial refleksiyaya meyllidir. XX əsrin 90-cı illərində fərdi mənəvi şüurun təşəkkül problemini təhlil edərkən biz belə bir nəticəyə gəldik ki, “insanda bərqərar olmuş imkanlar spektri çərçivəsində məqsəd və vasitələri seçmək qabiliyyəti fərdin öz fəaliyyətinin azad subyekti kimi gerçəkləşdirə bilən fəal əxlaq sisteminin daşıyıcısı olmasından xəbər verir... Burada niyyət və motivlər özünün “refleksiv düyünündən” keçərək seçici əməllər vərdişində möhkəmlənir.”5
Müasir sosioloqlardan Berger, Luman, Turen, Yadov, Toşenko, Xitsenko kimi müasir sosioloqlar hesab edirlər ki, müasir sosiologiya öz diqqətini cəmiyyətin uğurlu inkişaf yollarında yeni rezervlərinin axtarışına yönəltməlidir. Toşenko haqlı olaraq qeyd edir ki, "sosioloji tədqiqatların diqqət önünə insanın şüur və davranışı, onun ayrıca bir fərd kimi deyil, müəyyən cəmiyyətin təmsilçisi, müəyyən sosial qrupun insanı kimi öz statusunun dəyişməsinə münasibət və reaksiyası gətirilir. Bütün bunlar insan və cəmiyyətin qarşılıqlı münasibətlərində üzvi əlaqəsini, subyektiv amillər və obyektiv şərtləri özündə üzvi olaraq birləşdirən həyat sosiologiyası konsepsiyasını təşkil edir." 6
Beləliklə, metaforik tərzdə ifadə etsək, deyə bilərik ki, əgər sosial mühit tərəfindən göndərilən giriş siqnalı tikinti materialıdırsa, insanda refleksiya edən daxili bacarıq potensialı "tikinti ustasıdır", hansı ki, son nəticədə cəmiyyətdə və cəmiyyət üçün yaşamağa qadir olan "Mən İnsanam" adlı binanı ucaldır.
Məlumdur ki, Azərbaycan son iyirmi beş il ərzində ekstremal tarixi durumda yaşamalı olmuşdur, keçid dövrünün və Qarabağ müharibəsinin dramatik hadisələri obyektiv olaraq insanın sosial psixoloji durumuna bilavasitə neqativ təsirini göstərmişdir. İnsanın fiziki və mənəvi – psixoloji vəziyyəti hiss olunacaq dərəcədə zəifləmiş, bu isə təbii olaraq bir sıra sosial – humanitar və sosial – psixoloji problemlərin yaranmasına gətirib çıxarmışdır.
Dinamik dünya birliyinə inteqrasiya şəraitində insanın nisbi dəyər kimi gerçəkləşməsi ən öncə onun təbii meyillilik (dispozisiya) potensialının, ilk növbədə psixofizioloji durumun zamanında aşkar edilməsi ilə (istedad, əməksevərlik, məsuliyyət) müəyyənləşə bilər və qəti şəkildə düşünürəm ki, bu məqsədyönlü fəaliyyətdən həm insanın özü, həmdə onun cəmiyyətə verdiyi xeyri daha da arta bilər. Müasir cəmiyyətdə praktik həyatın müşahidələri göstərir ki, insan potensialı vacib ilkin bünövrə kimi bir sıra obyektiv və subyektiv səbəblərdən yeniyetmə qrupunun ictimai həyat sahəsinə çıxışı zamanı lazımınca nəzərə alınmamış qalır.
Məsələ ilə bağlı bir danılmaz həqiqət var – insanın ilkin təşəkkül mərhələsində ona xüsusi sərmayələr yönəlməlidir. Hal–hazırda əksər halda yerli sosial–iqtisadi infrastrukturlar tərəfindən məqsədyönlü sosial–elmi işin aparılmadığından cəmiyyətə ilkin addımlarını qoyan fərd demək olar ki, adaptasiya prosesini qeyri-mütəşəkkil olaraq keçir. Faktiki olaraq, ailə və təhsil mühitində yaranmış belə bir vəziyyəti “itirilmiş zaman faktoru” kimi adlandırmaq olar.
Beləliklə, insan potensialının açıqlanmasına sintetik (sərhədi) elmlər əsasında yanaşmanın məhsuldarlığı ondan ibarətdir ki, bir sıra elmi cəhətdən yoxlanılmış ixtisasların həlli yolu ilə – zamanında risk faktorlarının aşkara çıxarılması üzrə humanitar ekspertizaya, tədqiq olunan respondentlərin və mikro-şəraitin kritik resursları səviyyəsinin sosial diaqnostikasının əvvəlcədən aşkar edilməsinə, risk faktorlarının vaxtında aradan qaldırılması üzrə yeni sosial texnologiyaların istifadəsinə imkan yaranır. İnsanşünaslıq sahəsində bir çox mühüm səbəbləri vaxtında aradan qaldırmaqla yerli dövlət strukturları yaxın gələcəkdə yerlərdə insan potensialının vəziyyəti və səviyyəsi haqqında olduqca dəyərli proqnostik məlumat almaq imkanına nail olacaq, bu isə şəxsiyyətin özünün və bütövlükdə cəmiyyətin müvafiq strukturların destruktiv və deviant meyillərini əvvəlcədən görmək və korreksiya etməyinə şərait yarada bilər.
Bu gün müasir Azərbaycanın iqtisadi – sosial inkişafında olan sıçrayış təkzib olunmazdır. Bununla bərabər, cəmiyyətin inkişafının növbəti stabilliyinin nüvəsi sosial yönümlü iqtisadiyyatı olan güclü sosial siyasətin gerçəkləşdirilməsindən asılıdır. Təsadüfi deyil ki, Respublika prezidenti İlham Əliyev son illərdə etdiyi çıxışlarında diqqəti strateji əhəmiyyətli əsas vəzifə – neft kapitalının insan kapitalına çevrilməsi məsələsinə yönəldir.
Müasir sosiologiya və sosial psixologiya elmində sosioloji nominalizm və sosioloji konstruktivizm metodologiyasının zəruriliyi aktuallaşıb. Qısa şəkildə desək, sosioloji nominalizm və sosioloji konstruktivizm “insan – cəmiyyət” strukturundan çıxış edən yanaşmadır. İnsan adaptasiya yolu ilə ona xas olan potensial “yükü” ilə (anadangəlmə enerji potensialı, psixiki – fizioloji dispozisiyalar və sirli duyum dünyası) cəmiyyətə daxil olur.
Sosiologiya elmi və bilavasitə həyat sosiologiyası, insanın mütləq və nisbi dəyər daşıyıcısı olması ideyasından çıxış edir. Mütləq dəyər kimi insan özü – özlüyündə dəyərlidir. Amma nədənsə cəmiyyətşünaslıq təlimlərində hələ bu ideya kifayət qədər nəzərə alınmır. Nisbi dəyərlərinə gəldikdə isə, o insanın cəmiyyətə gətirdiyi "fayda" ilə ölçülür.
İnsanın daxili potensialının açılması göstərir ki, problemlə bağlı gələcək tədqiqatlar aşağıdakı məsələlərə diqqəti daha məqsədyönlü yönəltməlidir:
1) yeniyetmələrin potensial imkanlarının vaxtında aşkar olunma metodlarının işlənilməsi;
2) insan potensialında yer tutmuş risk faktorlarının korrelyasiyası ilə bağlı sosial – texnoloji alətlərinin işlənilməsi;
3) iş prosesində Azərbaycanın konkret regionlarında, konkret yaş qrupu çərçivəsində insan potensialının təhlili və ölçülməsinə fənlərarası yanaşmanın həyata tətbiqi.
Yuxarıda qaldırılan problem, məsələnin qoyuluşu qaydası çərçivəsində işlənilib. Gələcək tədqiqatlarda onların daha geniş şəkildə açıqlanması zəruriliyi aktuallaşır.

ƏDƏBİYYAT

1. Mülkiyyət qəzeti: № 39, 6 oktyabr 2012 ci il.
2. http://suraman2.narod.ru/zaratushtra2.html.
3. Ananyev B.Q. Müasir insanşünaslıq problemləri haqqında. M., 1980, s.12
4. Xitsenko V.E. Yeni sistem metodologiya yolunda bir neçə addım. Jurn. “Sosioloji tədqiqatlar”, №3, 2001, s. 9
5. Əzimova R. Fərdi mənəvi şüurun təşəkkülü. Dok. dis.avtoreferatı. M.,1988, s. 7
6. Toşenko J.T. Sosioloji bilik: səviyyənin strukturu. Sosiologiyanın tezaurusu. M., 2009, s. 41- 44