09.01.2018, 12:44 - Baxış sayı: 1437

İnsanın hüquq və vəzifələri sintetik anlayış kimi


Rəfiqə Əzimova
Fəlsəfə elmləri doktoru, Əməkdar elm xadimi,
AMEA Fəlsəfə İnstitutunun «Sosiologiya» şöbəsinin müdiri


«SİYASƏTİMİZİN MƏRKƏZİNDƏ AZƏRBAYCAN VƏTƏNDAŞI DAYANIR»
İ.Əliyev


Bütün canlılardan fərqli olaraq insan şüura malikdir, təbiətin ali qüvvələrinə sahibdir. İnsan haqqında bunu söyləməklə kifayətlənmək onun barəsində ya heç nə deməmək və ya çox az deməkdir. Minilliklər keçdikdən sonra bu gün də ictimai elmlər, yəni filosoflar, psixoloqlar, hüquqşünaslar, həmçinin təbiblər qarşısında şüurun təbiəti ilə bağlı bir sıra suallar ortaya çıxır, şübhələr yer alır. Əgər şüur insanı bütün canlı aləmdən fərqləndirən yeganə və kifayət qədər mühüm olan elementdirsə (əlamətdirsə), onda şüurun belə bir tərifi diqqət cəlb edir: insan şüuru bizim daxilimizdə yerləşən və üzərimizdəki sonsuz kosmosa doğru istiqamətlənmiş mozaik, alabəzək kosmosdur. Bu mənada insan mahiyyətinin fenomenoloji paradiqması qarşımızda mütləq dəyər kimi canlanır. Bu sözün geniş mənasında götürüldükdə insan, bir tərəfdən, canlı aləmdə həyatın şüurlu dərkinin və eyni zamanda cəmiyyətdə öz fəaliyyətini şüurlu surətdə seçib müəyyənləşdirməyin yeganə daşıyıcısıdır.
Deməli, mütləq dəyər olaraq insan cəmiyyət tərəfindən özlüyündə bir dəyər kimi qavranılır. Lakin məşhur hind filosofu Oşonun dediyi kimi, «İnsan anadan doğulan kimi hələ insan olmur. O, insana çevrilə bilər, lakin hələ insana çevrilməmişdir. Potensial var (mövcuddur), lakin bu potensialı aktuallaşdırmaq lazımdır. Anadan olarkən biz böyümək imkanına malik olaraq doğuluruq. İnsan belə hesab edirsə ki, doğulan kimi o, insana çevrilib, deməli, özü özünü aldadır; əgər potensial aktuallaşdırılmayıbsa, insan maşına çevrilir». (Ошо «Суфии-люди пути» М., 1999)
Beləliklə, fərd sosial insana, yəni şəxsiyyətə çevrilməyin potensial imkanı olaraq hələ də mütləq dəyər, yəni özlüyündə dəyər səviyyəsində qalır. Onun bətnində əvvəlcədən Təbiətdən – (Allahdan, genetikadan və özünün istedadından) qoyulmuş potensial özündə mütləq dəyəri daşıyır. Bu mənada insanın cəmiyyətdə sahib olduğu (malik olduğu) hüquqlar hər şeydən əvvəl, onun fərdi potensialının və bu potensialın gələcəkdə reallaşmasının qorunmasını nəzərdə tutur. Bu, fərdin cəmiyyətə tələbidir- onun imkanlarını inkişaf etdirmək üçün lazımi şərait yaratmaq tələbidir. Deməli, lap əvvəldən təbiətin verdiyi insan potensialı mütləq dəyər olaraq yalnız sosial mühit şəraitində reallaşa bilər (ədəbiyyatda çoxlarına məlum olan Mauqli nümunəsi mövcuddur: meşədə çox illər yaşadıqdan sonra o, insan cəmiyyətində yaşamağa uyğunlaşa bilməmişdir).
Məlumdur ki, sosial muhit «Sosial amillərin» texnologiyaları vasitəsilə (Dürkheym), yəni konstitusiya, müxtəlif qanunvericilik təlimatları, əxlaqi normalar və dini, yazılmamış qanunlar vasitəsilə fəaliyyət göstərir və idarə olunur. Qabaqcadan verilmiş olan insan potensialı spesifik sosial şəraitə, hər cür əxlaqi və hüquqi munasibətlər mühitinə düşərək, spesifik ictimai münasibətlər burulğanına daxil olur.
Davranış qaydaları, hüquqi normalar və sosial faktlar eyni zamanda sosial cəmiyyətdə davranışın şərtləri və hüdudlarıdır. Beləliklə, hüquq çərçivəsində «yol verilənin hüdudları» obyektiv olaraq istər mikromühit səviyyəsində, istərsə də makromühit səviyyəsində insanın insan qarşısında şəxsi borcu çərçivəsində «vəzifələri hüdudlarını» müəyyənləşdirir.
Mütləq dəyərin daşıyıcısı olan insan sosial məkanda cəmiyyət tərəfindən məcburi hüquqi norma və qaydaların irəli sürülən bütöv bir kompleksi sayəsində reallaşır. İnsandan tələb olunan norma və qaydaların dərk edilməsi ölçüsü faktik olaraq insan kapitalına cəmiyyət tərəfindən irəli sürülən tələbatdır. Burada əsas şərt insanın cəmiyyətə verdiyi fayda, onun cəmiyyətdə özünü təsdiqləməsidir Elə bu mənada da insan fəaliyyətinin dəyərlilik ilə əlaqədar cədvəli onun cəmiyyət işinə verdiyi şəxsi töhfəsi səviyyəsində artıq nisbi dəyər kimi ölçülür. Başqa sözlə, insanın fəaliyyəti «hüquq və vəzifələrin» qarşılıqlı surətdə kəsişməsi yollarında öz ifadəsini tapır.
Qabaqcadan insana verilmiş potensialı gerçəkləşdirmək insanın qarşısında bir sıra vəzifələr qoyur: əgər insan mütləq dəyər nöqteyi-nəzərindən imkanların potensialı kimi çıxış edirsə, onda onun nisbi dəyərliliyinin gerçəkləşdirilməsi nöqteyi-nəzərindən insan cəmiyyət qarşısında konkret vəzifələr, öhdəliklər daşıyan fəaliyyət subyekti kimi çıxış edir. Bu mənada potensial imkanların gerçəkləşdirilməsi o yerdə baş verir ki, orada həmin imkanların aktuallaşdırılması üçün şərait yaradılmış olsun. Deməli, insanın hüquqlarını onun cəmiyyət qarşısında vəzifələri ilə əlaqədə nəzərdən keçirmək daha məntiqli olardı:
VƏZİFƏLƏRSİZ HÜQUQLAR YOXDUR VƏ HÜQUQLARSIZ VƏZİFƏLƏR YOXDUR
Bu o deməkdir ki, hüquqlar və vəzifələr öz mahiyyətləri etibarı ilə qarşılıqlı surətdə bir-biri ilə kəsişən iki konstant (sabit kəimyyət) kimi sosial həyatın bütün sferalarını tənzimləyən sosial texnologiyalar olaraq çıxış edirlər. Deməli, hüquqların və vəzifələrin qarşılıqlı surətdə bu cür kəsişməsi çərçivəsində cəmiyyət özünün mütləq dəyərinin daşıyıcısı kimi insanın hüquqlarını qorumağa borcludur: digər tərəfdən isə, insanın cəmiyyət qarşısında öz vəzifələrini yerinə yetirməsi zərurəti irəli gəlir.
İnsan hüquqlarının müdafiə edilməsi və insanın cəmiyyət qarşısında vəzifələrinin yerinə yetirilməsi zərurəti sintetik texnologiya olaraq faktik surətdə lap əvvəlcədən «məhsuldar şüurun» formalaşdırılmasına yönəldil-mişdir. (Кули Ч.Х. «Человеческая природа и ее социальный порядок» М., 2000 с. 14) İndiki halda «şüurun məhsuldarlığı» istər dövlət səviyyəsində, mütləq dəyərin daşıyıcısı kimi insanın hüquqlarının müdafiəsi mənasında, istərsə də insanın cəmiyyət qarşısında vəzifələri baxımından qavranılır. Bu dialektik qarşılıqlı bağlılığın mühüm psixoloji incəliyi bundan ibarətdir ki, burada «cəmiyyət-şəxsiyyət» sistemində qarşılıqlı vəzifələrin bir-birinə üzvi təsiri eyni vaxtdə nəzərə alınır:
Əgər şəxsiyyət cəmiyyət tərəfindən insan hüquqlarının müdafiə edilməsini tələb etməyə haqlıdırsa, eyni zamanda cəmiyyət də özünə münasibətdə vəzifələrə əməl edilməsini tələb etməyə haqlıdır. Hüquqlar və vəzifələr ikitərəfli hərəkət zolağı olan elə bir yoldur ki, burada İnsanın Cəmiyyətə və Cəmiyyətin İnsana «tələbləri» faktik olaraq istər hüquqların və istərsə də vəzifələrin ədalətli surətdə bölgüsünün əsas Konstitutsiya qanununu ifadə edirlər. Bu mənada «hüquqlar-vəzifələr» Qarşılıqlı məsuliyyət vasitəsilə Borc norması ilə bir-birilə məntiqi olaraq bağlıdırlar.
İnsan hüquqlarının dərk edilməsi səviyyələri:
Məlumdur ki, insanın hüquqları beynəlxalq səviyyədə BMT, Avropa Şurası, İslam ölkələri Şurası çərçivəsində kifayət qədər fəal surətdə müzakirə olunur. Dövlət ideologiyası baxımından insan haqlarının müdafiə edilməsi ideyası insanın mütləq dəyərinin müdafiə edilməsi ideyası ilə bilavasitə bağlıdır. İnsan sosiumun tarixi inkişafının törəmə, əzəli və son səbəbidir. Bu mənada da insan haqlarının dövlət ideologiyası səviyyəsində müdafiə edilməsi obyektiv zərurətdir – vəzifədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan-Amerika forumunda çıxışında qeyd etmişdir ki, «qarşılıqlı faydalı əməkdaşlıq müasir texnologiyalara, təhsilə və insan kapitalına investisiyaları həyata keçirməyə imkan verir. Biz neft sənayesindən alınan gəlirləri düşüncəli şəkildə bölüşdürə bildik. Biz bu gəlirləri müxtəlif sahələrə yönəldə bildik. İnfrastruktur həyata keçirildi. Bu bizim strategiyamızın tərkib hissəsidir, belə ki, siyasi və sosial islahatlar iqtisadi islahatlarla paralel surətdə həyata keçirilməlidir. Ona görə ki, bu sahələrdən biri geri qaldıqda biz uzunmüddətli və uğurlu inkişafı təmin edə bilmərik».
Əgər mütləq dəyərin daşıyıcısı olaraq insanın hüquqları dövlət səviyyəsində onun hüquqlarının müdafiəsi ilə birbaşa bağlıdırsa, onda nisbi dəyər olaraq insanın hüquqlarının müdafiə edilməsi onun dövlət və cəmiyyət qarşısında vəzifələri ilə bilavasitə qarşılıqlı əlaqədə çıxış edir. Başqa sözlə, insanın nisbi dəyəri onun mütləq dəyəri ilə qarşılıqlı əlaqəsinin dərəcəsi ilə ölçülür. Mən cəmiyyət və dövlət qarşısında öz vəzifələrimi nə dərəcədə yerinə yetirirəmsə, mənim hüquqlarım dövlət tərəfindən o dərəcədə müdafiə olunur.
Cəmiyyətə münasibətdə insanın nisbi dəyəri onun qarşısında bir sıra vəzifələri irəli sürür: mənim fəaliyyətimlə cəmiyyətə verdiyim fayda nədən ibarətdir? Cəmiyyət hüquq institutları tərəfindən işlənib hazərlanmış tələbləri ilə insan qarşısında özü-özünə müraciət etmək vəzifəsi qoyur. Nəinki düşüncələr üçün, eyni zamanda insanın özünün öz fəaliyətinə və cəmiyyət üçün (ailəsi, dostları üçün, bir yerdə çalışdıqları komanda üçün) faydalılığına qiymət verməsinin psixoloji-hüquqi kəsişmə nöqtəsi meydana gəlir. Yalnız insanın vəzifələri onun hüquqları ilə sintetik əlaqə şəraitində şəxsiyyəti qərarların qəbul edilməsinə və öz fəaliyyətinə daxilən daha məsuliyyətlə yanaşmağa sövq edir.
Hüquqlar və vəzifələr anlayışlarının ilk baxışda nəzərə çarpan əksliyinə baxmayaraq onları «tarixin və cəmiyyətin daşıyıcısı kimi» (Б.Г. Ананьев «О проблемах современного человекознания». М., 1977 г.) insan fenomeni birləşdirir. Faktik olaraq insanın anadan olması və həyatının tarixi situasiyalarının sonsuz sosial-psixoloji qarşılıqlı bağlılığıdır.
İnsan hüquqlarının yaş psixologiyası baxımından müdafiəsi insan haqlarının vaxtında səmərəli müdafiəsinin məntiqi zəncirini aşkara çıxarır. Həddi-buluğa çatmayanların imkanlarının və potensialının aşkara çıxarılması, onların sağlam sosial münasibətlərə vaxtında və məqsədyönlü daxil edilmələri təmamilə sosial triadadan-ailədən, məktəbdən və bilavasitə əhatədən, yəni «ilkin mikrosistemdən» asılıdır. (Ч.Х. Кули «Человеческая природа и ее социальный порядок» М., 2000 с.14)
Bu halda mütləq dəyər olaraq insanın hüquqlarının (onun potensial imkanlarının) səmərəli surətdə müdafiə edilməsi bütövlükdə ictimai və dövlət strukturlarından asılıdır. Yeniyetmənin ailə və məktəb səviyyəsində öz vaxtında tənzimlənməmiş potensialı mütləq dəyər olaraq insanın hüquqlarının müdafiə olunmamasının bariz nümunəsidir. Təşəkkül tapmaqda olan şəxsiyyətin cəmiyyət tərəfindən tənzimlənməmiş bu cür yeniyetmə – gənc potensialı, gələcəkdə onun verəcəyi fayda sual altında qalır. Yeniyetmənin (?) cəmiyyətə daxil olmasının yetkinlik dərəcəsi gözlənilməz ola bilər. Yalnız insanın imkanlarının məqsədyönlü şəkildə şüurlu fəaliyyətə çevrildiyi halda yeniyetmə və gənclərin normativ-əxlaqi-hüquqi bazaya daxil olması üçün şərait yaradılır. Bu halda dövlət –hüquqi sənədlərdə təsbit olunmuş sosial fakt olaraq zəruri norma kimi hüquqların və vəzifələrin bir-birindən qarşılıqlı surətdə asılı olan bağlılılğının sosial texnologiyası işə düşür.
Mənim «MƏNİM» nisbi dəyər olaraq cəmiyyət və ictimai münasibətlər tərəfindən, lakin cəmiyyət və dövlət qarşısında mənim vəzifələrimin icra olunması ilə üzvi əlaqədə müdafiə olunmalıdır. Hüquq və vəzifələrin müdafiə edilməsinin qarşılıqlı əlaqə mexanizmi hüquq sosiologiyası baxımından subyekt-obyekt münasibətləri tərəfə istiqamətlənmiş sintetik sosial norma kimi çıxış edir. Əgər qəbul etsək ki, insan fəaliyyətin sərbəst, azad subyektidir – mürəkkəb əxlaqi-hüquqi sintetik sistemdir, deməli, irəli sürülmüş problemin nəzərdən keçirilməsinə elmi yanaşma sintetik paradiqmalar olaraq «hüquq və vəzifə» anlayışına həmçinin müvafiq sintetik yanaşmanı tələb edir.
Dünya məkanının qloballaşması epoxası insan qarşısında istər onun öz fəaliyyəti, isiərsə də öz həyat mövqeyi ilə əlaqədar ciddi və rəngarəng tələblər (yüksək bilik səviyyəsi, başqaları qarşısında və bütövlükdə cəmiyyət qarşısında məsuliyyət) irəli sürür. İnsanın nisbi dəyəri, yəni istər özünə münasibətə, istərsə də cəmiyyətə qarşı münasibətə görə maksimum sosial məhsuldarlıq-faydalılıq ilk növbədə əxlaqi-psixoloji və hüquqi peşəkar şərtlərin maksimum səfərbər edilməsini nəzərdə tutur. Həmsərhəd ictimai elmlərin (psixologiya, hüquq sosiologiyası və fəlsəfə) insanın hüquq və vəzifələri problemi ilə balı olan tətbiqi tədqiqatların aktivləşdirilməsini tələb edir. Düşünürəm ki, insan dəyərlərinin (mütləq və nisbi dəyərlərin) reallaşdırılmasının açarı insan fəaliyyətinin mehvəri olaraq mütərəqqi dünyagörüşü məramının formalaşdırılması yollarındandır.