10.01.2020, 11:03 - Baxış sayı: 901

Günel Məliklinin üç əsəri


“İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər”
Günel Məliklinin üç əsəri“Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzinin bu yeni nəşrinin müəllifi Günel Məliklidir. Kitabda dövlət başçısı cənab İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər problemi araşdırılır. Burada milli prioritetlərdə tarix və müasirlik məsələsi, Azərbaycanın xarici siyasət doktrinası və xarici siyasət strategiyası milli dövlət maraqlarının formalaşdırılması baxımından nəzərdən keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev hələ hakimiyyətə gəlişindən xeyli öncə bəyan etmişdi ki, mənim siyasi kursum Heydər Əliyev strategiyasnın tərkib hissəsi, onun davamıdır. Ulu öndərin siyasəti dəyişməz olaraq qalacaq və Azərbaycan xalqının gələcək təminatının, işıqlı, firavan həyatının qarantının əsas atributu kimi davam etdiriləcək. Heydər Əliyev siyasəti yaşamalıdır. Bu, zamanın tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsini yaxşılaşdırmağa xidmət edəcəkdir. Oxucuların diqqətinə yetirilən bu tədqiqatda müasir Azərbaycanın siyasi idarəçiliyində milli prioritetlərin təmin olunmasında cənab Prezident İlham Əliyevin səyləri və atdığı addımları sistemli şəkildə, cərəyan edən siyasi hadisələrin tarixi və məntiqi ardıcıllığı fonunda araşdırılır. Kitabda üç fəsil boyunca ardıcıl olaraq bir sıra məsələlərə münasibət bildirilir. O cümlədən, siyasi prioritetlərin həyata keçməsi üçün Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının istiqamətləri göstərilir. Müəllif əsaslandırmağa çalışır ki, demokratik dəyərlərə nail olmaq yolunda yeni ideoloji oriyentirlərin axtarışı necə həyata keçirilir, burada milli özünəməxsusluq nədən ibarətdir. Və aparılan təhlillər təsdiq edir ki, xalqın rəyi ilə hesablaşmaq və yeni düzgün qərarlar qəbul etmək, ən çətin məsələlərin həllində xalq ilə bir olmaq prinsipi üzərində qurulan siyasət dövlət başçısı cənab İlham Əliyevin amalı və iş prinsipidir. Monoqrafiyada XX əsrdə Azərbaycanın milli dövlətçiliyə doğru keçdiyi tarixi yol və XX-XXI əsrlərdə milli mədəniyyətin formalaşmasında siyasi münasibətlərin rolu təhlil olunur, müstəqilliyə doğru aparan yolda ümummilli lider Heydər Əliyev fenomeni və milli prioritetlərin təyin edilməsində cənab Prezident İlham Əliyevin rolu araşdırılır. Bundan başqa, Azərbaycanın gələcəyini formalaşdıran müasir siyasi strategiya nəzərdən keçirilir. Monoqrafiya müəllimlər, tədqiqatçılar, doktorantlar, tələbələr, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

“Azərbaycan Respublikasının dövlət təhlükəsizliyində sosial siyasətin yeri və rolu”
Günel Məliklinin üç əsəri
Monoqrafiyada sosial siyasətin tarixi inkişafı və sosial sabitlik anlayışı, sosial siyasətin vəzifələri və reallaşdırma mexanizmləri nəzərdən keçirilir. Sosial siyasətin tədqiqinin nəzəri-metodoloji aspektlərinə diqqət ayırsaq görərik ki, sosial siyasət iki ayrı anlama sahib olub, həm bir akademik intizamın adını, həm də ictimai rifahı təmin etmək üçün edilən cəmiyyət tənzim ləmələrini həyata keçirmək üçün istifadə edilir. Belə ki, dövlətin sosial siyasəti onun öz vətəndaşları ilə bağlılığını sübut edən ən effektiv mexanizmidir. Dövlət öz müstəqilliyini möhkəmləndirmək, təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyi sosial siyasət vasitəsilə cəmiyyətdə sosial bazanı daha da genişləndirir və vətəndaşlar arasında siyasi dəstək qazanır. Aydındır ki, səmərəli sosial siyasət cəmiyyətin siyasi sabitliyinin təmin edilməsində ən güclü vasitədir. Günel Məliklinin “Azərbaycan Respublikasının dövlət təhlükəsizliyində sosial siyasətin yeri və rolu” kitabının yazılmasında əsas məqsəd mövzunun öyrənilməsi zamanı sistemli və kompleks yanaşmadan istifadə etməklə sosial siyasətin təkmilləşdirilməsi və gücləndirilməsi yollarının təhlilini həyata keçirməkdir. Eyni zamanda, sosial siyasətin nəzəri-metodoloji problemlərinin öyrənilməsi, inkişaf meyillərinin araşdırılması da bu tədqiqatın məqsəd və vəzifələri sırasındadır. Bütövlükdə monoqrafiyada Azərbaycan Respublikasının sosial siyasətinin əsas istiqamətləri araşdırılır, milli rifah səviyyəsinin inkişaf problemlərinə diqqət yetirilir. Azərbaycanda sosial inkişafın təkmilləşdirilməsi istiqamətində həyata keçirilən sosial siyasət, milli təhlükəsizliyin təmin edilməsində sosial siyasətin yeri və rolu ətraflı təhlil edilir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

“Bir əsrin xəzinəsi. Bakı Dövlət Universiteti – 100 il”
Günel Məliklinin üç əsəri
Kitabda müsəlman Şərqinin ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 100 illik tarixi dövrü, keçdiyi şərəfli yol araşdırılmışdır. Bakı Dövlət Universitetinin böyük potensialı, inkişaf istiqamətləri dünya təhsil sisteminə inteqrasiyası, fakültələri, elmi-tədqiqatların son texnologiyalarının tətbiqi, məzunları haqqında geniş məlumat verilir. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Bakı Dövlət Universiteti ilə bağlı fikirləri, çıxışları, bu təhsil ocağının yubiley mərhələlərində iştirakları geniş və əhatəli şəkildə öz əksini tapır. Müəllif Günel Məlikli qeyd edir ki, 100 il bu ali təhsil ocağının fəaliyyətini dəyərləndirmək üçün böyük tarixdir. Özünün şanlı tarixi boyu universitet ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatımızın inkişafına dəyərli töhfələr vermiş, neçə-neçə tanınmış dövlət xadimi, dünya şöhrətli alim, mədəniyyət və incəsənət dühası yetişdirmişdir. Bakı Dövlət Universitetinin mühüm xidmətlərindən biri də bu məbədin Azərbaycanda ali təhsil sisteminin əsasını, bünövrəsini qoymasıdır. Əlbəttə, bu bir ildə formalaşmadı, tədricən, dünya təcrübəsini öyrənməklə, onun Azərbaycan şəraitinə və ənənələrinə uyğunlaşdırılması ilə baş verdi. Zaman bütün ilkləri, başlanğıcları öz sərt sınağından keçirdiyi kimi, Bakı Dövlət Universitetinin təşəbbüslərini, təcrübələrini də sınaqdan keçirmişdir. Onlardan yalnız təhsil ictimaiyyəti tərəfindən qəbul olunmuşlar, uğurlu sayılanlar universitet təhsilinin səviyyəsini yüksəltmək amalına xidmət etmişdir. Kitabda ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan Dövlətçiliyinin banisi kimi çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq Bakı Dövlət Universitetinin inkişafının mühüm məqamları təhlil edilir, Prezident İlham Əliyevin həmin kursu uğurla, yaradıcılıqla davam etdirməsi məsələləri bilavasitə araşdırılır. Kitab müəllimlər, tədqiqatçılar, doktorantlar, tələbələr üçün mükəmməl vəsaitdir.

Şükür Əlizadə
“Respublika” qəzeti