29.11.2019, 12:47

Fəlsəfə İnstitutunun “Elmi əsərlər” jurnalının saytı fəaliyyətə başlayıb


Fəlsəfə İnstitutunun “Elmi əsərlər” jurnalının saytı fəaliyyətə başlayıb29 noyabr 2019-cu il tarixindən AMEA Fəlsəfə İnstitutunun “Elmi əsərlər” beynəlxalq elmi-nəzəri jurnalının Scientificworks.az saytı fəaliyyətə başlayıb. Azərbaycan və İngilis dillərində fəaliyyət göstərən sayta “Elmi əsərlər” Beynəlxalq elmi-nəzəri jurnalının indiyədək çap olunmuş saylarının elektron versiyaları yüklənmişdir.
Saytda “Xəbərlər”, “Jurnal haqqında”, “Redaksiya heyəti”, “Müəlliflər üçün məlumat”, “Jurnalın sayları”, “Məqalə göndər” və “Əlaqə” bölmələri fəaliyyət göstərir. O cümlədən saytda müəlliflərin rahatlığını təmin etmək məqsədi ilə saytda məqalələrin onlayn qəbulu funksiyası da yaradılmışdır.
Qeyd edək ki, təsisçisi AMEA Fəlsəfə İnstitutu olan “Elmi əsərlər” beynəlxalq elmi-nəzəri jurnalı 2006-cı ildən fəaliyyət göstərir. Jurnaldakı məqalələrin maraq dairəsinin geniş olduğunu, xarici müəlliflərin müntəzəm şəkildə jurnala məqalələrlə müraciət etməsini nəzərə alaraq 2009-cu ildən beynəlxalq elmi-nəzəri jurnal statusu almışdır. “Elmi əsərlər” jurnalı 17 fevral 2006-cı ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir (№ 1704). Jurnal Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın 30.04.2010-cu il tarixli qərarı ilə "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı" na daxil edilmişdir.
Jurnal öz fəaliyyətini Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın qərarları, öz əsasnaməsi və beynəlxalq standartlara uyğun qurub. Jurnalın əsas məqsədi Azərbaycan elminin daha da inkişaf etməsi üçün layiqli töhfələr vermək, fəlsəfə, politologiya, siyasi elmlər, psixologiya və sosiologiya üzrə aparılan tədqiqatları öz səhifələrində işıqlandıraraq dünya elmini onlarla tanış etmək, geniş elmi müzakirələrə səbəb ola biləcək problemlərin fənlərarası yanaşma müstəvisində araşdırılmasının nəticələrinin, alim və tədqiqatçılar arasında elmi diskussiya yaradacaq postneklassik elmin paradiqmaları, yenilikləri barədə araşdırmaların geniş yayılmasına vəsilə olmaqdır. Jurnalda indiyədək yerli mütəxəssislər ilə yanaşı Türkiyə, ABŞ, Rusiya, İran, Fransa, İtaliya, Çin, Misir, Tunis, Əlşəzair, Ukrayna, Qazaxıstan və başqa xarici dövlətlərin tanınmış alim və tədqiqatçıları elmi ictimaiyyət tərəfindən böyük maraq doğuran məqalələrə çıxış etmişlər.
Jurnalda Azərbaycan, rus və ingilis dillərində bütün məqalələr antiplagiat proqramı ilə yoxlandıqdan sonra ekspertlərə göndərlir, müsbət rəy alarsa çapa təqdim olunur.
Jurnalın baş redaktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, baş redaktorun müavini tarix elmləri doktoru Eynulla Mədətli, məsul katibləri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Həbib Hüseynov və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanovdur.
Jurnalın nəşr dövriliyi ildə iki dəfədir.