09.09.2019, 12:06 - Baxış sayı: 692

“Müasir dünya və İnformasiya Cəmiyyəti” adlı yeni toplu işıq üzü görüb


“Müasir dünya və İnformasiya Cəmiyyəti” adlı yeni toplu işıq üzü görübAMEA Fəlsəfə İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfi problemləri” şöbəsinin “Müasir dünya və İnformasiya Cəmiyyəti” adlı yeni (Bakı. 2019. "AFPoliqrAF" mətbəəsi, səh. 166) nəşri işıq üzü görüb.
Topluda AMEA Fəlsəfə İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfi problemləri” şöbəsinin əməkdaşlarının məqalələri təqdim edilir. Oxucuların diqqətinə çatdırılan məcmuədə müasir elmin mühüm sahələrindən sayılan və Azərbaycanda formalaşmaqda olan informasiya cəmiyyətinin mühüm əhəmiyyət kəsb edən bir sıra problemləri, o cümlədən, informasiya cəmiyyətinin fəlsəfi aspektləri, informasiya cəmiyyəti və informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, müasir geosiyasi proseslərdə informasiya amili, informasiya cəmiyyətində dövlətin demoqrafik siyasəti, informasiya cəmiyyəti və mədəniyyət, informasiya cəmiyyəti və təhsil və s. məsələlər fəlsəfi kontesktdən təhlil edilir.
Toplu ictimai elmlər sahəsində çalışan mütəxəssislər, siyasətçilər, ali məktəblərin humanitar fakültələrinin tələbələri, ümumiyyətlə, kütləvi oxucular üçün nəzərdə tutulub.
AMEA Fəlsəfə İnstitutunun Elmi Şurasının 23 aprel 2019-cu il tarixli (protokol №5) iclasının qərarı ilə çap olan toplunun elmi redaktoru Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, rəyçiləri Fəlsəfə İnstitutunun “Sosiologiya” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Rəfiqə Əzimova və Fəlsəfə İnstitutunun “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovdur.