16.05.2019, 12:21 - Baxış sayı: 895

“Fəlsəfə və sosiologiya: İnformasiya cəmiyyətində elmi fəaliyyət” mövzusunda seminar keçirilib


“Fəlsəfə və sosiologiya: İnformasiya cəmiyyətində elmi fəaliyyət” mövzusunda seminar keçirilib15 may 2019-cu il tarixində AMEA Fəlsəfə İnstitutunda “İnformasiya cəmiyyətinin fəlsəfi problemləri” və “Sosiologiya” şöbələrinin təşkilatçılığı ilə “Fəlsəfə və sosiologiya: İnformasiya cəmiyyətində elmi fəaliyyət” mövzusunda seminar keçirildi. F.ü.f.d. Məhəmməd Cəbrayılov seminarı açıq elan edərək iştirakçıları salamladıqdan sonra məruzə üçün sözü “İnformasiya cəmiyyətinin fəlsəfi problemləri” şöbəsinin müdiri, f.e.d. Afaq Rüstəmovaya verdi. “İnformasiya cəmiyyətinin fəlsəfi mahiyyətinə dair” mövzusunda çıxış edən A.Rüstəmova qeyd etdi ki, informasiya cəmiyyəti tarixi inkişafda mühüm mərhələdir və müasir svilizasiyanın gələcəyi bizim informasiya cəmiyyətinin tələb və perspektivlərini dərk etməmizindən çox asılıdır. Məruzəçi vurğuladı ki, bu gün elm və texnikanın sürətli inkişafı planetar cəmiyyətin geosiyasi və sosial təbiətinin yenidən dəyərləndirilməsinə tələbat yaradır.
“İnformasiya cəmiyyətində elmi fəaliyyət” mövzusunda məruzə ilə çıxış edən f.e.d. Aydın Əlizadə infromasiya cəmiyyətində elmi fəaliyyətin qurulması, sosial şəbəkələrdə elmi ideyaların yayılması, informasiya resurslarından elmi fəaliyyət üçün düzgün istifadə olunması məsələlərinə toxundu.
Məruzələr dinlənildikdən sonra mövzu ətrafında Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, f.ü.f.d., dosent Eynulla Mədətli, f.e.d., Rəfiqə Əzimova, i.ü.f.d. Əhməd Qəşəmoğlu, f.ü.f.d. Məhəmməd Cəbrayılov, f.e.d. Füzuli Qurbanov və digər çıxışçılar fikir və mülahizələrini bildirdilər. Qeyd edək ki, seminarda Bakı Dövlət Universitetinin Fəlsəfə İnstitutunda təcrübə keçən tələbələri də fəal iştirak etdilər.
“Fəlsəfə və sosiologiya: İnformasiya cəmiyyətində elmi fəaliyyət” mövzusunda seminar keçirilib