30.04.2024, 08:57 - Baxış sayı: 131

Alimlərimiz beynəlxalq konfransda çıxış etmişlər


Alimlərimiz beynəlxalq konfransda çıxış etmişlər

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA Rəyasət heyətinin və AMEA Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “İslam mədəniyyətini zənginləşdirən şəhər: Şuşa” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Bir sıra ölkələrdən onlayn qoşulmuş qonaqların da qatıldığı konfransda 130-dan çox maraqlı çıxışlar dinlənilmişdir. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları f.f.d., dosent Faiq Ələkbərli “Şuşalı Əbdürrəhim bəy Haqverdiyevin milli maarifçilik görüşləri” və f.f.d., dosent Zeynəddin Şabanov “Yeni təhlükəsizlik modelində Şuşa Bəyannaməsinin rolu” mövzularında məruzə ilə çıxış etmişlər. Məruzəçilər maarifçiliyin təbliğində ziyalıların roluna münasibət bildirmiş, postmüharibə dövrünün reallıqlarını təhlil etmiş, yeni təhlükəsizlik modelində Şuşa Bəyannaməsinin rolunu vurğulamış, Bəyannamənin Azərbaycanın inkişafı və güclənməsinə təsiri, türk dövlətlərinin müttəfiqliyinə apardığı strateji yolda əhəmiyyətindən danışmışlar. Çıxışlardan sonra geniş müzakirələr olmuş, fərqli fikirlər söylənilmiş, xatirə şəkilləri çəkilmişdir. Sertifikatlar, fotolar və konfransın materialları iştirakçıların elektron ünvanlarına göndərilmişdir.