25.10.2016, 12:45 - Baxış sayı: 876

“Azərbaycan multikulturalizmi və mədəniyyətlərin dialoqu” adlı elmi konfrans keçirilib


“Azərbaycan multikulturalizmi və mədəniyyətlərin dialoqu” adlı elmi konfrans keçirilibOktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda dövlət müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunmuş “Azərbaycan multikulturalizmi və mədəniyyətlərin dialoqu” adlı elmi konfrans keçirilib.
Tədbirdə institutun direktoru, professor İlham Məmmədzadə multikulturalizmin dövlət siyasətinə çevrilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycanda tarixən müxtəlif millətlər arasında dostluq münasibətləri, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun olduğunu deyən natiq, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, müxtəlif dinlər və irqlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyünü qeyd edib.
Bildirilib ki, Azərbaycan dünyada müxtəlif dinlərin və millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşadığı bir ölkə kimi tanınır.
Bakıdakı Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydi Azərbaycanda yaşayan azsaylı xalqlara, eləcə də İslam və digər dinlərə etiqad edənlərə yaradılan şəraitdən danışıb. Azərbaycan multikulturalizm modelinin dünyaya nümunə olduğunu qeyd edib.
Vurğulanıb ki, multikulturalizm bir çox fərqli mədəniyyətlərin birgə yaşaması, ayrı-ayrı insanların bir-birinin mədəniyyətinə və dünyagörüşünə hörmətlə yanaşmasıdır. Azərbaycan bu məsələdə hər zaman nümunəvi ölkə olub.
Sonra fəlsəfə üzrə elmlər doktorları - Zümrüd Quluzadənin “XXI əsrdə multikulturalizmin tədqiq və təbliğinin bəzi problemləri”, Adil Əsədovun “Multikulturalizm mədəniyyətlərinin dördbölümlü tipologiyası kontekstində və onun estetik aspektləri”, Rəfiqə Əzimovanın “Qloballaşan dünyada multikulturalizm modelinin sosioloji məsələləri”, Habil Qurbanovun “Multikulturalizmin insan hüququ və azadlıqları sistemində yeri”, Füzuli Qurbanovun “Müstəqillik və müasirlik: dialoq fəlsəfəsindən baxış” və Zöhrə Əliyevanın “Müxtəlif ölkələrdə multikulturalizmə yanaşmalar” mövzularında məruzələri dinlənilib.
Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.