13.04.2023, 05:18 - Baxış sayı: 705

İslam aləminin azərbaycanlı mütəfəkkirləri və filosofları


Dəyərli alim, filosof, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor mərhum Zakir Məmmədovun "İslam aləminin azərbaycanlı mütəfəkkirləri və filosofları" məqaləsini təqdim edirik. Məqaləni Zakir Məmmədovun qızı fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Aytək Məmmədova təqdim edib:

İslamın ilk əsrindən etibarən onun zəngin mədəniyyətinin yaradılmasında azərbaycanlı ziyalılar fəal iştirak etmişlər. VII-VIII əsrlərdə İsmayıl ibn Yəsar, Musa Şəhavat və Əbul Abbas Əma kimi mütəfəkkir şairlər əslən Azərbaycandan olub, Mədinədə yaşamışlar. Onlar ictimai bərabərlik təbliğ edən şüubilik hərəkatının məşhur nümayəndələrindən idi.
Xilafətin genişlənib inkişaf etməsi ilə əlaqədar olaraq hüquqi münasibətlər formalaşırdı, müəyyən baxışlar sistemləri yaranırdı, hüquq məktəbləri meydana çıxırdı. Onların tərəfdarları – hüquqşünas alimlər Azərbaycanda da fəaliyyət göstərirdilər. “Nüfuzlu, nüfuz sahibi”, “inanılmış nüfuz sahibi”, “doğruçu, sədaqətli” olmaları ilə Yəqub Musa oğlu Ərdəbili (...-991), Məhəmməd Xalid oğlu Bərdəi (...-938), “Xorasanda insanı heyrətə salacaq çoxlu əsər yazmış” Əbubəkr Məkki Əhməd oğlu Bərdəi (...-965), Cəfər Məhəmməd oğlu Ərdəbili (X əsr) mükəmməl təhsil görmüş, müsəlman hüquqnun əsaslarını dərindən öyrənmiş alimlərdəndir. Onlardan biri Əbubəkr Əhməd Harun oğlu Bərdici Bərdəidir. O, 844-cü ildə vaxtilə Kür çayı sahilində, Bərdənin on dörd fərsəxliyində yerləşən Bərdic şəhərində anadan olmuşdur. Doğma yurdunda dövrünün zəruri biliklərinə yiyələndikdən sonra müxtəlif yerlərə - İraq, Suriya, Misir, Əlcəzair, Hicaz, İran və başqa ölkələrə səyahət etmiş, təhsilini artırmışdır. Mənbələrin verdiyi məlumata görə, Əhməd Bərdici sakin olduğu yerlərdə həm öyrənir, həm də öyrədirmiş. Tarixçi Əbu Abdulla Məhəmməd Nisaburinin (...-1014) dediyi kimi, “o, faydalanmış və faydalandırmışdır”.
Əbuhatəm Razi (...-890), Bəhr ibn Nəsr Misri (...-880), Süleyman ibn Seyf Hərrani (...-885), Yəzid ibn Məhəmməh Diməşqi (...-890) və başqaları onun müəllimləri olmuşlar. Azərbaycan mütəfəkkirinin şagirdlərindən bir çoxu elmi yaradıcılıqları ilə tanınmışlar. Onlardan Əbubəkr Məhəmməd Şafiinin (874-965) “Gözəl əsərləri”, Məhəmməd ibn Əhməd Əssalın (882-960) “Hədisə və təfsirə dair traktatları”, Əbülqasim Süleyman Təbəraninin (874-971) “Üç lüğət”, Əbu Əhməd Abdulla ibn Ədinin (890-975) “Zəif adamlar haqqında kamil” kitabı məlumdur.
Əhməd Bərdici nüfuzlu müəllim sayılanda hələ iyirmi beş yaşı tamam deyilmiş. Nisaburi yazır: “Əbuəmr Müstəmlinin xətti ilə oxudum ki, o, Əhməd Harun oğlu Bədricini 869-cu ildə Zəhli məscidində dinləmişdir”.Əhməd Bərdicinin müəllimlik fəaliyyəti bu və ya digər şəhərlə, əyalətlə məhdudlaşmamışdır. O, dövrün müəlliflərindən biri xəbər verir: “Mən əsrin imamalarından dünyada eləsini tanımıram ki, (Əhməd Bərdicidən) faydalanmaq yolunu seçməsin”. “Peyğəmbər əleyhissəlamın əxlaqı və adabı” kitabının müəllifi Hafiz Əbüşşeyx İsfəhanda, Şeyx Əbuəli Məkkədə ondan təhsil almışdır.
Mütəfəkkir zəngin yaradıcılıq yolu keçmişdir. Əhməd Bərdici ömrünün axırına – 914-cü ilin aprelinə qədər müxtəlif ölkələrlə bağlı olmuşdur. Müasir ərəb alimi Əbduh Əli Kuşək bu məsələyə toxunaraq yazır: “Bərdici yetmiş il ömür sürdü. Həmin müddətdə yorulmaq və darıxmaq bilmədi, bu gün Misirdə, sabah Şamda, sonra Hicazda oldu və i.a. O, ətirsaçan çiçək axtarıb ona doğru gedən arı mislindəydi, uzaqda olsaydı da onun şirəsini sorar, faydalı bala çevirərdi”.
Əhməd Bərdicinin yaradıcılığı dini-ideologiyaya həsr olunmuşdur. Əbülhəsən Darəqütni (918-995) onu “Hədis (Peyğəmbərin sözləri və işləri ilə bağlı rəvayət) dayaqlarından biri” sayıb, “inanılmış”, “nüfuz sahibi” adlandırmışdır. Xətib Bağdadi (1002-1071) və Əbucəd Səmani (1113-1167) onun haqqında “fəzilətli”, “zəkalı” və “hafiz” (Quranı əzbər bilən) sözlərini işlətmişdir. İbn İmad Hənbəli (... -1678) yazır ki, Əhməd Bərdici “axırıncı nüfuz sahiblərindən və dünya alimlərinin məşhurlarından idi”. Başqa mənbələrdə isə o, “təkzibedilməz nüfuz sahibi”, “müsəlman hüququnu dərindən bilən” alim kimi təqdim edilir.
Tarixi mənbələrdə Əhməd Bərdicinin əsərlərindən üçü haqqında xüsusi məlumat verilir: “Nadir adların təbəqələri”, “Böyük günahlar haqqında Peyğəmbər əleyhissəlamdan rəvayət edən kəs”, “...Düzgün yolların bəyanı”. Bunlardan “Nadir adların təbəqələri” traktatı daha məşhurdur. Əsərin sərlövhəsi bəzi mənbələrdə “Nadir adlar” göstərilmişdir. Onun bütöv adı belədir: “Əshabələr, ardıcıllar və hədis müəlliflərindən nadir adların təbəqələri” (“Təbəqat əl-əsma əl-müfrədə min əs-səhabə və-t-tabiin və əshab əl-hədis”). Onun əlyazması nüsxələri Qüds, Dəməşq, ər-Riyad və İstanbulda mövcuddur. Əbduh Əli Kuşək əsərin Dəməşqdə saxlanılan iki nüsxəsi əsasında onun tənqidi mətnini hazırlayıb, 1990-cı ildə Beyrutda çap etdirmişdir.
“Nadir adların təbəqələri”ndə 426 nəfər Peyğəmbər əshabəsinin, ardıcıllarının, davamçılarının və hədis alimlərinin adları, onların mənsub olduqları yerlər göstərilir. Əhməd Bərdici traktatın əvvəlində onun yeniliyinə işarə edərək yazır: “Mənim (araşdırdığım) nadir adlardır. Onlar Peyğəmbər əleyhissəlamın əshabələridir. Alimlərdən heç birinin həmin adlardan hansınısa çəkmiş olduğunu bilmirik”. Əsər əsrlər boyu islam ideoloqlarının böyük marağını doğurmuşdur. İbn Bükeyr Bağdadi (938-998) ona şərh və kiçik əlavələr verməklə özünün “Nadir adların təbəqələrinin tənqidi” (“Naqd təbəqat əl-əsma əl-müfrədə”) traktatını qələmə almış, bir sıra hüquqşünas, ilahiyyatçı alimlər ilk mənbə kimi ondan geniş bəhrələnmişlər.
İslam zəminində təkcə hüquq və siyasi baxışlar deyil, bütövlükdə mənəviyyat inkişaf edir, zənginləşirdi. Dini və dünyəvi elmlərin çiçəkləndiyi həmin dövrdə ilahiyyatın əsaslı şəkildə tərəqqisi üçün əlverişli şərait yaranmışdı. Alimlər bir tərəfdən dini müddəaları, mətnləri dərindən öyrənir, digər tərəfdən onları məntiqi dəlillərlə əsaslandırmağa çalışırdılar. Bununla, kəlam elmi təşəkkül tapırdı. Onun iki qolu məşhur idi: mütəzililik və əşərilik. Mütəzililik (mütəzilizm) islamda ilk sistemli ilahiyyat təlimidir. Mütəzililər “ət-tauhid” (“tovhid, Allahın birliyi”), “əl-ədl” (“ədalət”) və başqa məsələləri özlərinə məxsus şəkildə şərh etmişlər. Onlar göstərirdilər ki, insan özünün xeyir və şər əməllərinin müqtədir yaradıcısıdır. Allah zülm etməz. O, adildir. Həmin mütəfəkkirlərə görə yaxşılığı və yamanlığı əql ilə dərk etmək, xeyir işlərə qoşulmaq, şərdən saqınmaq mümkündür. Bu iki prinsıpi əsas götürdükləri üçün mütəzililər “tovhid və ədalət əhli” adlanmışlar. Azərbaycan mütəfəkkirlərindən IX-X əsrlərdə “çoxlu disputlar aparmış, kitabları və ardıcılları olan” ilahiyyatçı Əbülhəsən Əhməd Ömər oğlu Bərdəi, “illərlə Bağdadda qalıb dərs demiş” Əbusəid Əhməd Hüseyn oğlu Bərdəi (...-929) və Əbubəkr Məhəmməd Abdulla oğlu Bərdəi (...-961) kəlamın mütəzililik qoluna mənsub idilər.
İslam zəminində yaranmış cərəyanlardan sufilik (təsəvvüf, sufizm) daha artıq dərəcədə mürəkkəb və çoxcəhətli idi. VIII əsrdə meydana çıxmış bu mistik cərəyan orta əsrlər boyu ayrı-ayrı vaxtlarda müxtəlif ideya istiqamətləri almışdı. Mötəbər mənbələrdə IX-X əsrlərdə yaşamış Hüseyn Cibril oğlu Mərəndi, Əbülfərəc Əbdülvahid Vərsani, Səid Qasım oğlu Bərdəi, Əli İbrahim oğlu Urməvi, Əbubəkr Məhəmməd Abdulla oğlu Əbhəri, Əbubəkr Məhəmməd Abdulla oğlu Əbhəri, Əbdülhüseyn Zəncani, Əbuzüre Ərdəbili və başqa Azərbaycan sufiləri haqqında məlumat verilir, onların sözlərindən misallar gətirilir. Bu sufı mütəfəkkirlər içərisində İbn Yəzdanyar Urməvi daha çox məşhurdur.
XI-XII əsrlərdə daha görkəmli sufı mütəfəkkirlər yetişir. Onlardan Əbu Abdulla Məhəmməd Abdulla oğlu Bakuvi (...-1037) sufizmin ifrat qoluna mənsubdur. Mütəfəkkir babası Übeydulla görə Bakuvi, Şirazda yaşadığına görə Şirazi kimi tanınmışdır. Öz müasirləri xəbər verirlər ki, o, çoxlu hədis və sufiliyə dair hekayətlər toplayan sufi alimlərdən idi. Azərbaycan mütəfəkkiri bəzi mənbələrdə əşəriliyin tərəfdarı sayılır.
Məhəmməd Bakuvi məşhur sufi Hüseyn ibn Mənsur Həllacın ideyalarını yaymışdır. Mütəfəkkirin ərəb dilində aşağıdakı traktatları vardır: “Həllacın həyatının başlanğıcı və sonu”, “Sufilərin hekayətləri”, “Ariflərin xəbərləri”, “Qafillərin xəbərləri”. Mütəfəkkirin hədislər toplaması faktı eyni zamanda onun sünni hüquqşünas alim və sxolast olmasını söyləməyə əsas verir. Məhəmməd Bakuvi ömrünün axırlarında – 90 yaşdan sonra Şiraz yaxınlığında bir mağaraya çəkilib orada yaşamışdır. Onun məzarı hazırda Bakuhi, yaxud bu sözün təhrifi olaraq Baba Kuhi adlanır. (Bu oxşarlığa görə, Əli Kuhi təxəlluslü şairin üslubca və məzmunca XV-XVI əsrlərə uyğun bir şeir divanını da səhvən ona mənsub bilmişlər).
XII əsrdə Zəncan şəhəri yaxınlığında yerləşən Sührəvərd qəsəbəsindən görkəmli sufi mütəfəkkirlər çıxmışlar. Onlardan Əbuhəfs Ömər Məhəmməd oğlu Sührəvərdı (1063-1137), onun qardaşı oğlu Əbunnəcib Əbdülqahir Abdulla oğlu Sührəvərdi (1097-1168) daha məşhur idilər. Əbunnəcib Sührəvərdi ilk təhsilini atasından və əmisi Ömərdən almış, sonra Bağdada gedib, Nizamiyyə mədrəsəsində oxumuşdur. O öz təhsili barədə yazır: “Allah elmlə məşğul olmağı könlümə saldı, təlimi bilənə qədər çalışdım. Dinin əsaslarını və hüququn əsaslarını mütaliə etdim. Əbülhəsən Vahidinin təfsirə dair “əl-Vəsit” əsərini əzbərlədim. Müəllimlərdən məşhur hədis kitablarını dinlədim”.
Əbunnəcib Sührəvərdi ilk gənclik çağlarından əmək fəaliyyətinə başlamış, həmin dövrdə Yaxın Şərqdə geniş yayılmış əxi icmaları ilə yaxınlıq etmişdir. Əxilər haqqında deyilən əməksevərlik, namuslu, halal zəh­mətlə yaşamaq Əbunnəcib Sührəvərdi üçün də səciyyəvi cə­­hətdir. Yaqut Həməvi (1179-1229) xəbər verir: “O, Bağdadda su daşıyar, öz qazancını yeyərdi”. Bu faktı sonrakı tarixçilər də qəbul etmişlər. Tacəddin Sübki (1326-1369) yazırdı: “O, bir neçə il belində tuluq dost-tanışlara muzd­la su daşımışdır”.
Sufilər kimi əxilərin də zaviyələri, ribatları, bir növ yataqxanaları mövcud idi. Əbunnəcib Sührəvərdinin Dəclə çayı sahilində belə bir ritabı (mənzili) varmış, özü və dostları oraya sığınıbmış. Çətin güzəran, zəhmətli günlər keçirən mütəfəkkir görkəmli alim, böyük sufi şeyxi kimi şöhrət qazanır. Onun hüququ hətta hakim dairələr tərəfindən toxunulmaz olmuşdu.
Əbunnəcib Sührəvərdi özünün təşkil etdiyi icmalarda müridlərin təlim-tərbiyəsi ilə məşğul olub, gələcək davamçılarını hazırlayırdı. Bununla yanaşı o, məşhur mədrəsələrə dəvət edilir, mühazirələr söyləyirmiş. Vaxtilə təhsil aldığı Nizamiyyə mədrəsəsində onun müəllimlik fəaliyyəti alimlər tərəfindən yüksək qiymətləndirilir. O, iki ildən çox müddətdə həmin mədrəsəyə başçılıq etmişdir.
Orta əsr müəllifləri Əbunnəcib Sührəvərdinin çoxlu əsərlər yazdığını qeyd etmişlər. “Təsəvvüfə dair müridlərin davranış qaydaları”, “Allahın gözəl adlarının şərhi”, “Çıraqların qəribəsi” sufi ədəbiyyatının yaxşı nümunələrindən sayılır.
Əbunnəcib Sührəvərdi 8 aprel 1168-ci ildə vəfat etmiş, Bağdadın cə­nub qərb səmtində Dəclə sahilində öz ribatlarından birində dəfn olunmuşdur. Mənbələrdə onun Əbdürrəhim və Əbdüllətif adında iki oğlu yad edilir. Onlardan biri sufi, digəri hüquqşünas alim olmuşdur.
Əbunnəcib Sührəvərdinin sufi təlimi onun əmisinin adını daşıyan qardaşı oğlu Əbuhəfs Ömər Məhəmməd oğlu Sührəvərdi (1145-1234) tərəfindən davam və inkişaf etdirilmişdir. O, Sührəvərddə anadan olmuş, müxtəlif bilik sahələrini, xüsusən müsəlman hüququnu və təsəvvüfü dərindən öyrənmişdir. Mütəfəkkir qısa müddət ərzində böyük şöhrət tapdığından xəlifə Nasir li-Dinillahın (1180-1225) rəğbətini qazanmış, Bağdadda baş şeyx vəzifəsini tutmuşdur. O, ictimai-siyasi həyatda fəal iştirak etmiş, mühüm işlərdə xilafətin elçisi olmuş, diplomatik danışıqlar aparmışdır.
Ömər Sührəvərdi zəngin elmi irs qoyub getmişdir. “Biliklərin töhfələri” əsəri bir neçə dəfə Misirdə, “Duaların şərhinə dair bəndələrin xəzinəsi” 1908-ci ildə Kazanda, “Ürəkləri sevgiliyə qovuşmağa aparan cazibə” 1910-cu ildə Hələbdə çap edilmişdir.
Ömər Sührəvərdinin yaradıcılığında təsəvvüfün, demək olar ki, bütün başlıca məsələləri: onun mənşəyi və mahiyyəti, sufi sözünün təfsiri, şeyxlik rütbəsinin müəyyənləşdilməsi, insanın özünü dərk etməsi və s. geniş işıqlandırılmışdır. Mütəfəkkirə görə, sufilik edən kəs özünəhesabat, özünənəzarət və daxili müşahidə yolu ilə rəzilliklərdən çəkinib, özünü kamilləşdirməlidir. Orta əsr müəllifləri Ömər Sührəvərdinin müridlərinin, davamçılarının çox olduğunu xüsusi qeyd edirlər.
XII əsrdə Əbunnəcib Sührəvərdinin və onun qardaşı oğlu Əbuhəfs Ömər Sührəvərdinin adı ilə bağlı Sührəvərdilik sufi ordeni yaranmış, sonrakı dövrlərdə formalaşaraq bitkin cərəyana çevrilmişdir.
Mütəzililərin, əşərilərin və sufilərin yaradıcılığında dini elmlər əsas yer tuturdu. Məntiq, fəlsəfə və təbiət elmləri peşəkar filosoflar tərəfindən inkişaf etdirilirdi. Mühüm fəlsəfi cərəyanlardan biri Şərq peripatetizmi id. Peropatetiklər (aristotelçilər) bütövlükdə Aristotelin və onun davamçılarının, qismən də Platonun və neoplatonçuların əsər­lə­ri əsasında mükəmməl elmi-fəlsəfi təlim yaratmışdılar. Şərq peripatetizminin əsası Yəqub Kindi və Əbunəsr Farabi tərəfindən qoyulmuş, İbn Sina və onların ardıcılları tə­rə­findən inkişaf etdirilmişdir.
Şərq peripatetizminin Azərbaycanda ilk böyük nü­­mayəndəsi Əbülhəsən Bəhmənyar Mərzban oğlu Azərbay­ca­ni­­dir. Bəhmənyar (993-1066) böyük məntiqçi, təbiətşünas filo­sof­dur. O, Şərqin nurlu dühası İbn Sinadan təhsil al­mış­dır. Bəhmənyar parlaq istedadı və çalışqanlığı ilə İbn Sina­nın dərin rəğbətini qazanmışdır. Müəllim sonralar öz şagirdi haq­­qında iftixarla yazırdı: “O mənə oğuldan artıq istəklidir. Mən ona təlim-tərbiyə vermiş və bu səviyyəyə gətirib çı­xar­mı­şam”. Şərq peripatetizminin XI əsrin ortalarına aid mərhələsi bi­lavasitə Bəhmənyarın adı ilə bağlıdır. Azərbaycan filosofu İbn Sinanın vəfatından sonra dünyəvi elmləri, xüsusən məntiq və təbiətşünaslığı fanatik ideoloqların, sxolastların hü­cum­la­rın­dan cəsarətlə qorumuş, inkişaf etdirmiş və özünün davam­çı­la­rı­nı hazırlamışdır.
Mənbələrdə və məxəzlərdə Bəhmənyarın əsərlərindən aşa­ğıdakılar göstərilir: “Təhsil”, “Məntiqə dair Zi­­nət”, “Gözəllik və səadət”, “Musiqi kitabı”, “Me­ta­­fi­zi­­ka­nın mövzusu”, “Mö­v­cu­datın mər­­təbələri” və b. “Təhsil” orta əsrlərdə məntiq, metafizika və təbiiyyatı öyrənmək üçün mühüm mənbələrdən biri olmuşdur. Bəhmənyarın fəlsəfəsində varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq məsələləri sistem halında geniş işıqlandırılmışdır.
Bəhmənyar məktəbinin nümayəndələri əsas etibarilə iki şaxədə – Əbülabbas Ləvkəridən və Ömər Xəyyamdan təhsil almışların vasitəsilə olmuşdur. Bəhmənyar və onun məktəbinin nüma­yən­də­lə­ri müsəlman Şərqi ölkələrində elmi-fəlsəfi fikirlərin, təbii-elmi görüşlərin son əsrlərədək yaşamasında misilsiz xidmətlər göstərmişlər.
Əfzələddin Əbu Abdulla Məhəmməd Namavər oğlu Xunəci (1194-1248) Azərbaycan mədəniyyəti tarixində böyük fi­losof, görkəmli məntiqçi, mahir təbib, müdrik hüquqşünas ki­mi şərəfli yer tutmuşdur. Əfzələddin Xunəci ilk təhsilini öz vətə­nin­də almış, orada işləmiş və sonralar başqa ölkələrə çıxıb get­miş­dir. Azərbaycan filosofu bir çox ölkələr gəzmiş, nəhayət Misir­də yaşamışdır. O, ehramlar diyarında həm dövlət işlərində ça­lış­mış, ictimai-siyasi məsələlərlə məşğul olmuş, həm də yara­dı­cı alim və möhtərəm müəllim kimi özünü tanıtmışdır. Mü­tə­fək­kir ömrünün son çağlarında Misirin və onun əyalətlərinin baş qa­zisi vəzifəsini tutmuşdur.
Əfzələddin Xunəcinin yaradıcılığı çoxcəhətlidir. “Mən­ti­qə dair cümlələr”, “Məntiqə dair kons­pekt”, “Fikirlərin qaranlıq yer­lə­rin­də sirlərin açılması”, “Tə­riflərə və təsvirlərə dair məqalə”, “Rəis İbn Sinanın nəbz haqqında dediklərinin şərhi”, “Tibb qanunu” ki­tabının şərhi”, “Qızdırmanın dövr­­ləri” Azərbaycan mütəfəkkirinin mü­­hüm əsərləridir.
Nəcməddin Əhməd Əbubəkr oğlu Naxçıvani (...-1253) Yaxın və Orta Şərq ölkələrində tanınmış Azərbaycan filosoflarındandır. O, təhsilini Naxçıvan şəhərində almış, elmin bütün sahələrini mü­kəmməl öyrənmişdir.Öz müasirlərindən biri onun haqqında yazmışdır: “O, böyük fəzilət sahibi, dəqiq elmlərin dərindən bilicisi idi. Öz vətənində fəlsəfə ilə məşğul olurdu. Ölkələri səyahətə çıxdı, xeyli gəzib-dolaşdı, axırda Kiçik Asiyaya daxil oldu, böyük mənsəblər tutdu. Sonra idarəçilik narahatlığı və əzab-əziyyətləri onu bezikdirdi. Oradan Suriyaya yola düşdü”.
Nəcməddin Naxçıvani bir filosof kimi Şərq peripatetizmini mükəmməl öyrənmiş, lakin ardıcıl aristotelçi olmamışdır. O, İbn Sinanın kitablarını tənqidi planda araşdırmış, onun bir sıra doktrinalarına qarşı öz etirazını bildirmişdir. Nəcməddin Naxçıvani İbn Sinanın “Tibb qanunu” və “İşa­rələr və qeydlər” kitablarına şərhlər yazmışdır. Filosofun İbn Kəmmunə İsrailinin xətti ilə kö­çürül­müş “Məntiqin məğzi və fəlsəfənin xü­la­sə­si” əsərinin əl­yaz­ma­sı Nəcəf şəhərində saxlanılır. Nəcməddin Naxçıvaninin elmi və fəlsəfi yaradıcılığı or­ta əsr müəllifləri tərəfindən yüksək qiymətləndirilmişdir. İbn Bibi onu “bütün elmlərdə və fənlərdə dalğalı dənizə və yağışlı bu­luda” bənzətmiş, dini və dünyəvi elmləri özündə topladığını qeyd etmişdir.
Siracəddin Mahmud Əbubəkr oğlu Urməvi Azərbaycani (1198-1283) bö­yük təbiətşünas filosof, məntiqçi alim, ictimai-siyasi xa­dim­dir. O, Urmiyada ana­dan olmuş, Mosulda təhsil almışdır. Fiosof Dəməşqdə, sonra Konyada yaşamışdır. Siracəddin Urməvi əvvəlcə Konyanın, 1277-ci ildən eti­ba­rən bütün Rum ölkəsinin baş qazisi və­zi­fə­si­ni tutmuşdur. Azərbaycan filosofu elmə və sənətə, haqqa və ədalətə, humanizmə və azadfikirlilik meyllərinə bö­yük əhəmiyyət vermişdir. Məşhur sufi şair, Mövləvilik təriqətinin banisi Cəlaləddin Rumiyə (1207-1273) dərin rəğbət bəsləmiş, onu qara­gü­ruh­dan həmişə qorumuşdur. Buna görə də, Cəlaləddin Rumi onu – Konya şəhərinin baş qazisini yaxşı adam kimi səciyyələndirib tərifləmişdir. Aralarındakı ülvi səmimiyyətin və istəyin ifadəsi ola­raq, Cəlaləddin Rumi ölərkən onun dəfn mərasimini ölkənin baş qazisi Siracəddin Urməvi özü aparmışdır.
Mənbələrdə Siracəddin Urməvinin aşağıdakı əsərlərinin adı çəkilir: “Məntiqə və fəlsəfəyə dair Nurların doğuşları”, “Hikmət incə­lik­lə­ri”, “Haqqın bəyanı”, “Me­­todlar”, “Ziddiyyətin misallarına dair traktat”, “Dialektikaya dair traktatlar”, “Həkimanə sözlərin islahı”, “Suallar” və i.a. Siracəddin Urməvinin əsərlərində peripatetik fəlsəfənin bü­tün problemləri geniş araşdırılmış, varlıq təlimi, idrak nə­zə­riy­yəsi və məntiq məsələləri dərindən tədqiq edilmiş, mü­tə­rəq­qi sosial-siyasi görüşlər və etik fikirlər öz dolğun ifadəsini tap­mış­dır. Azərbaycan filosofunun zəngin fəlsəfi irsi əsrlər boyu görkəmli alimlər üçün örnək olmuşdur.
Orta əsrlərdə Azərbaycanda Şəmsəddin Xosrovşahi (1184-1252), Əbdülkafi Təbrizi (...-1308) və başqa görkəmli peşəkar filosoflar da yaşayıb, məntiq, metafizika və təbiət elmlərini inkişaf etdirmişlər. Onların sırasında Nəsirəddin Məhəmməd Tusinin (1201-1274) adı iftixarla çəkilir. O, zəngin yaradıcılıq irsinə malik ensiklopedik alim, Marağa rəsədxanasının təsisçisi olmaqla bərabər bir sıra tanınmış elm adamlarının Azərbaycana gəlib, burada elmi fəaliyyət göstərmələrini təmin etmişdir. Nəsirəddin Tusi və onun məktəbinin nü­ma­yəndələri sonrakı əsrlərdə Bəhmənyar mək­­təbinin fəlsəfi ənə­nə­lə­­rini yaradıcılıqla davam etdirərək onun xələfi sa­yıl­mış­lar.
Qeyd etmək lazımdır ki, feodalizm dövründə xristian aləmində yalnız dini fəlsəfə yayıldığı halda, müsəlman ölkələrində üstəlik, Şərq peripatetizmi, eləcə də Azərbaycan filosoflarının yaratdıqları panteizm və işraqilik kimi elmi-fəlsəfi təlimlər də mövcud olmuşdur. Bu mənada orta əsrlərdə İslam aləmində daha iki azərbaycanlı filosofun adı məşhurdur: Eynəlqüzat Əbülməali Abdulla Məhəmməd oğlu Miyanəci (1099-1131) və Şihabəddin Əbülfütuh Yəhya Həbəş oğlu Sührəvərdidir (1154-1191). Eynəlquzat Miyanəcı sufizmin panteist fəlsəfəsinin əsasını qoymuşdur. Onun təlimində sufilərin panteist ideyaları və peripatetik filosofların təbii-elmi görüşləri məharətlə birləşdırilir. Eynəlquzat Miyanəcı Allahı mövcudatın özündə, onunla eyniyyətdə bir başlanğıc saymaqla buraya yalnız insani və ilahi başlanğıcları deyil, maddi və mənəvi olan hər şeyi daxil etmişdır. Eynəlqüzat Miyanəcinin XII əsrdə yaratdığı panteist fəlsəfə - var­lıq təlimi, idrak nəzəriyyəsi və dialektika orta əsr dünya fəlsəfəsi tarixinin parlaq səhifələrindəndir.
İşraqilik fəlsəfəsinin banisi, istedadlı şair Şihabəddin Yəhya Sührəvərdi fəlsəfənin mövzusunu müəyyənləşdirərkən keçmiş zəngin ənənələrə əsaslanmış, həmin ideoloji zəmində dünyagörüşü məsələlərinin müxtəlif aspektlərini aydınlaşdırmış, özünün elmi-fəlsəfi fikirlərini sistemə salmışdır. Filosof XII əsrdə bəşər elmi-fəlsəfəsi fikrinin çox böyük nümayəndələrindən biri olmaqla Şərq və Qərb ölkələrində geniş şöhrət tapdığı üçün onun maraqlı həyat yolu, zəngin elmi-fəlsəfi yaradıcılığı, xüsusən dərin məzmunlu işraqilik fəlsəfəsi əsrlər boyu görkəmli mütəfəkkirlərin, alimlərin diqqətini özünə cəlb etmişdir. Şihabəddin Yəhya Sührəvərdinin orijinal ideyaları Azərbaycandan başlamış, Kiçik Asiya, Suriya, Misir, İraq, İran, Orta Asiya, Əfqanıstan, Hindistan ölkələrini dolaşmış, İspaniyadan Qərb dünyasına yol açmış, işıqlı fikirləri iqlimdən-iqlimə keçmişdir.
Əlbəttə, haqqında müxtəsər məlumat verilən bu mütəfəkkirlər və filosoflar zəngin dini fəlsəfi və fəlsəfi fikrimizin görkəmli nümayəndələrindən bəziləridir. Əminəddin Təbrizi (1163-1224), Tacəddin Urməvi (1117-1255), Şəmsəddin Xoylu (1187-1240), onun oğlu Şihabəddin Xoylu (1229-1294), Məhəmməd Qarabaği (...-1535), Əhməd Ərdəbili (...-1585), Məhəmməd Əmin Şirvani (...-1626), Şərq peripatetizminin son görkəmli nümayəndələrindən Rəcəbəli Təbrizi (...-1669) və daha bir sıra fikir bahadırları təkcə Azərbaycanda deyil, bütün İslam aləmində tanınmış böyük şəxsiyyətlərdir.

P.S. Yüzillər keçsə də İslam aləmində misilsiz xidmətlər göstərmiş, tarixdə böyük iz qoymuş azərbaycanlı filosoflar və mütəfəkkirlər unudulmamış, qiymətli yaradıcılıq irsləri ilə əbədi həyat qazanmışlar. 2023-cü ildə Əhməd Bərdicinin “Nadir adların təbəqələri” kitabının yazılmasının 1130 illiyidir. Bu baxımdan 2023-cü il fəlsəfi fikir tariximizdə əzəmətli yer tutan bəzi şəxsiyyətlərin doğum və anım illəri ilə də əlamətdardır: Bəhmənyarın doğumunun 1030 illiyi, Əbunnəcib Sührəvərdinin vəfatının 855 illiyi, Əfzələddin Xunəcinin vəfatının 775 illiyi, Nəcməddin Naxçıvaninin vəfatının 770 illiyi, Siracəddin Urməvinin doğumunun 825 illiyi və vəfatının 740 illiyi tamam olur.