05.03.2018, 13:19 - Baxış sayı: 884

Fəlsəfə İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib


Fəlsəfə İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, f.d., dos. Faiq Ələkbərlinin 01-03 mart 2018-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində Türkiyə Asiya Strateji Araştırmalar Mərkəzinin (TASAM) və İslam İş Birliyi təşkilatlarının rəhbərliyi ilə 8-ci Dünya İslam Forumu elmi konfransında iştirak edib. Beynəlxalq Forumda İslam dünyasına aid bir çox ölkələrin - Qazaxıstan, Türkiyə, Tatarıstan, Malaziya, S.Ərəbistan, BƏƏ, Hindistan, Sudan, İordaniya, Fələstin, Misir, Banqladeş, Qatar və başqalarının alimləri ilə yanaşı Azərbaycandan da nümayəndə həyəti iştirak edib.
Forumu giriş sözləri ilə TASAM başqanı Süleyman Şensoy, Beynəlxalq Afrika Universiteti rektoru, prof. Kamal Muhammed Obeid, Milli Türk Tələbə Birliyi başqanı, millət vəkili İsmail Əmrah Qarayel, Pakistan Dini İşlər naziri Sərdar Muhammed Yousaf, Əfqanistan Həcc və dini işlər naziri Faiz Mohammad Osmani, Azərbaycan Respublikası Dini İşlər üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı və başqaları çıxış edərək İslam ölkələrinin bütün sahələrdə iş birliyinin necə və hansı formalarla gücləndirməsinin vacibliyindən bəhs etdilər.
Forumda iştirak edən Faiq Ələkbərli “Türk-İslam dünyasına çağırılar və cavablar” mövzusunda məruzə ilə çıxış edib. O, öz çıxışında İslam dünyasının problemlərindən danışarkən üç əsas məsələyə: 1) milli kimlik, 2) dini kimlik, 3) insani ya da bəşəri-dünyəvi kimliyə hansı yönlərdən yanaşılmasının çox önəmli olduğuna diqqət çəkib. Bütün bunların doğru anlaşılması üçün bir neçə amilə çox ciddi şəkildə diqqət yetirilməsinin vacibliyini qeyd edib: “Birincisi, müsəlman xalqlarının, xüsusilə onun mütəfəkkirlərinin islamqədərki dövrdə Yaradana, Allaha baxış ilə İslam dinini qəbul etdikdən sonra Yaradana baxışı arasındakı ziddiyyətləri və oxşarlıqları dərindən təhlil edib uzlaşdırıcı nöqətlərin tapılmasıdır. İkincisi, müsəlman xalqlarının hər birininin milli adət-ənənələri ilə İslam dininə aid qayda-qanunların, xüsusilə Qurani-Kərim və hədislərlə nə dərəcədə ziddiyyət təşkil edib etməməsini tədqiq edib yenə də uzlaşdırmadan çıxış edilməsidir. Çünki hər bir müsəlman xalqı İslam dininin qayda qanunlarına əməl etməklə yanaşı, milli adət-ənənələrindən də tamamilə imtina etməmişdir. Üçüncüsü, 16-17-ci əsrlərə qədər mövcud olan və İslam mədəniyyəti altında ümumiləşdirilən müsəlman xalqlarına aid əsasən milli mədəniyyətləri inkar etməməklə yanaşı yenilikçi, dünyəvi, bəşəri ruhlu İslam mədəniyyəti ilə, həmin dövrdən sonra meydana çıxmağa başlamış gerilkçi, sxolastik, dar mahiyyətli “İslam mədəniyyəti”ni bir-birindən fərqləndirmək lazımdır. Dördüncüsü, hazırda müsəlman xalqlarında əsas problem Qurani-Kərimin və hədislərin mahiyyətini dərindən anlamamaq ya da rasional düşünməməklə bağlı deyil, onların hansı formada həyata keçirilməsində ciddi boşluqlar vardır”.