01.03.2018, 12:22 - Baxış sayı: 1262

Mirzə Bala Məhəmmədzadə irsinə dair dəyərli araşdırma


Eynulla Mədətli
AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, fövqəladə və səlahiyyətli səfir

XX əsrin son on illiyində bərpa edilmiş müstəqil dövlətçiliyimizin memarı, on il mübarizəli və keşməkeşli keçid dövründə ölkəmizə rəhbərlik etmiş ulu öndər Heydər Əliyev 1918-ci il mayın 28-də qurulmuş ilk Cümhuriyyətimizin şanlı tarixindən bəhs edərkən demişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, İstiqlal Bəyannaməsinin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi...
Azərbaycanın istiqlaliyyətini elan edənlər, Xalq Cümhuriyyətini qurub-yaradanlar və ona sona qədər sadiq olan insanlar Azərbaycanın ən mötəbər, ən görkəmli insanlarıdır. Xalq Cümhuriyyətinin rəhbərləri Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, onların silahdaşları və o illərdə müstəqillik uğrunda mübarizə aparan və hakimiyyət orqanlarında fəaliyyət göstərən insanlar Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaqlar. Onlar Azərbaycan xalqının tarixinə böyük və dəyərli şəxsiyyətlər kimi daxil olmuşlar.
Hər zaman varislik ənənəsinə sadiq olan və əməli fəaliyyətində bu mühüm cəhəti nəzərə alan Heydər Əliyev 27 may 2003-cü il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 85 illiyi münasibətilə Azərbaycan xalqına müraciətində tövsiyə edirdi ki, biz bu gün də Cümhuriyyətin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Ulu öndərin siyasi vəsiyyətlərinin, onun Azərbaycan dövlətçiliyinin azərbaycançılıq milli ideologiyası əsasında durmadan inkişaf etdirilib gücləndirilməsi siyasətinin yüksək siyasi ustalıq və ardıcıllıqla həyata keçirilməsinin bariz göstəricisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında 16 may 2017-ci il tarixində imzaladığı sərəncamdır. Burada qeyd edildiyi kimi, Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi... Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Qeyd edilməlidir ki, Sərəncamda vurğulanan müstəqillik ideyasının yaşadılması və nəsildən-nəsilə ötürülməsi birbaşa kommunist irticasından nicat tapmış Cumhuriyyət xadimlərinin fədakar fəaliyyətləri sayəsində mümkün olmuşdur.
Vurğulamaq lazımdır ki, bu milli mübarizə yollarında həm Cümhuriyyət dövründə Azərbaycanda, həm də uzun, keşməkeşli mühacirətdə Məhəmməd Əmin Rəsulzadə ilə çiyin-çiyinə çalışan fədakar mübarizlərdən və fikir sahiblərindən biri Mirzə Bala Məhəmmədzadə (Mirzə Bala) olmuşdur. Təəssüf ki, bu mübariz Cümhuriyyət xadimimizin zəngin irsi lazımınca öyrənilməmişdi. Bu mənada "Azərbaycan milli-demokratik dövlətçilik məfkurəsi: türkçülük, islamçılıq, müasirlik", "Azərbaycan dövlətçilik fəlsəfəsi", "Seyid Əzim Şirvaninin fəlsəfi görüşləri", "Mirzə Kazımbəyin ictimai fikirləri" əsərləri ilə ölkəmizin elmi ictimaiyyətinə tanış olan fəlsəfə üzrə elmlər doktoru, professor Rəfail Əhmədlinin 2017-ci ilin sonlarında AMEA-nın Fəlsəfə institutunun elmi şurasında müzakirə edilib yekdilliklə nəşrinə qərar verilən "Mirzə Bala Məhəmmədzadənin ictimai-siyasi görüşləri" əsəri cümhuriyyətşünaslığımıza dəyərli töhfədir. Çünki Mirzə Bala Azərbaycan Xalq Cumhuriyyəti hökumətində yüksək vəzifələr tutmasa da, o, Cümhuriyyət işinə əvəzsiz ideoloji xidmət göstərmiş, həm Cümhuriyyətə qədərki və Cümhuriyyət dövründə, həm də ondan sonra hər zaman istiqlal mücadiləsi aparmış, eynən M.Ə.Rəsulzadə kimi, Azərbaycan türk millətçiliyi, cümhuriyyətçi dövlətçilik və azərbaycançılıq ideyasını, onun tarixi köklərini və inkişaf yollarını ölkəmizdə və onun hüdudlarından kənarda yaşatmaq, yaymaq və gələcək nəsillərə ötürmək üçün var gücü ilə çalışmışdır. R. Əhmədli bu azadlıq aşiqi və istiqlal mücahidinin həmVətənimizdə, həm də dünyanın müxtəlif ölkələrində: İran, Tükiyə, Polşa və Almaniyada geniş və əhatəli elmi, nəzəri, publisistik fəaliyyətini, ictimai-siyasi görüşlərini, tarix və mədəniyyət sahəsindəki tədqiqatlarını, inqilabi və təbliğatçı fəaliyyətlərini əhatəli və ardıcıllıqla araşdırmış, onun zəngin və maraqlı həyat yolunun bütün mərhələlərini sistemli təhlilə cəlb edərək, dəyərli fəlsəfi ümumiləşdirmələr etmişdir.
XIX əsrin ikinci yarısında ölkəmizdə başlayan maarifçi hərəkat, bu hərəkatın ideya və zəka qaynağı olan Azərbaycan ziyalıları artıq XX əsrin əvvəllərində demokratik hərəkatlarda, azadlıq uğrunda mübarizələrdə fədakarlıqla çalışırdılar. Qəzet və jurnallarda, cəmiyyət və dərnəklərdə başladılan bu hərəkat get-gedə mütəşəkkil təşkilatlanma, siyasi partiyaların təşəkkülü, milli və sinfi mübarizə meydanlarında fəal iştirakla Azərbaycan cəmiyyətini qarşıdakı müstəqillik illərinə hazırlayırdı. Milli müstəqillik hərəkatının böyük nəzəriyyəçisi və ideoloqu, milli zəmin üzərində qurulan "Müsavat" partiyasının sədri M.Ə. Rəsulzadə və Müsavat ideyalarını bölüşən digər siyasi partiyaların, bitərəflərin görkəmli liderləri Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski və başqalarının müştərək fəaliyyətləri sayəsində özəyini müsavatçıların təşkil etdiyi Milli Şura Azərbaycanın istiqlalını elan etmişdi. Bu fəaliyyətlərdə M.Ə. Rəsulzadənin ən yaxın ideya silahdaşlarından biri gənc Mirzə Bala olmuşdur.
R. Əhmədli Cümhuriyyətə gələn siyasi təkamül yolunu ardıcıllıqla izləyərək sosialist yönlü "Hümmət" partiyasının (1904), Əhməd bəy Ağaoğlunun yaratdığı "Difai" partiyasının (1905), Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi "Rusiya Müsəlmanları İttifaqı" partiyasının (1906), 1913-cü ildən M.Ə. Rəsulzadənin rəhbərlik etdiyi "Müsavat" partiyasının (1911), Gəncədə Nəsib bəy Yusifbəyli tərəfindən yaradılan "Türk Ədəmi-Mərkəziyyət" partiyasının (1917) fəaliyyətlərini təhlil etmiş, ədəbi-bədii-siyasi maarifçiliyin və bu istiqmaətdə ardıcıl iş aparan mətbu orqanların fəaliyyətini işıqlandırmışdır. Müəllif vurğulayır ki, Azərbaycan ziyalıları, burjuaziyası və mətbuatı keçmiş düşüncələrdən uzaqlaşaraq müasir milliyətçi ideologiyaya yiyələnmiş və yeni milli kimlik ətrafında birləşərək milləti də vahid düşüncə ətrafında birləşdirməyə çalışmışdılar. Əli bəy Hüseynzadənin "Türkləşmək, islamlaşmaq, müasirləşmək" ideoloji formulu ilə xalqa xidmət edən fədakar mübariz şəxsiyyətlərdən biri də Mirzə Bala olmuşdur.
Müəllif yazır ki, Mirzə Bala 24 may 1898-ci il tarixində Abşeronun Zirə kəndində doğulmuş, Bakıda yeddinci rus-tatar məktəbini bitirmiş, Bakı Politexnik texnikumunda təhsilini davam etdirmiş və 1916-cı ildən etibarən yaxın dostu Cəfər Cabbarlı ilə birlikdə siyasi fəaliyyətə qoşulmuş, mətbuatda və xalq yığıncaqlarında tez-tez çıxış etmişdir. Mirzə Bala M.Ə.Rəsulzadənin tövsiyəsi ilə onun nəşr etdiyi "Açıq söz" qəzetində və digər mütərəqqi mətbuat orqanlarında mütəmadi yazıları ilə diqqəti cəlb etmiş, 1917-ci ilin fevral inqilabından sonra Bakıda Azərbaycan gənclərinin lideri kimi tezliklə Müsavat partiyasının tanınmış aparıcı üzvlərindən birinə çevrilmişdi. 1918-ci ilin əvvəllərində o, Tiflisdə, Zaqafqaziya Seyminin qurulması və fəaliyyəti ilə əlaqədar məqalələr yazır, Seymin Azərbaycan deputatlarına yaxından köməklik göstərirdi. Mirzə Bala bu illərdə yazdığı "İki inqilab arasında" əsərində Azərbaycan türklərinin millət olaraq var olmasını davam etdirmək üçün vahid ideologiya ətrafında birləşməsini ən ümdə vəzifə kimi görürdü. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra "Gənclər yurdu" jurnalına redaktorluq etmiş, qızğın jurnalistik fəaliyyətinə başlamışdır. 21 yaşlı bu gənc bütün həyatını Cümhuriyyət işinə həsr etmişdi. 7 dekabr 1918-ci ildən etibarən Azərbaycan parlamentində yaxın dostu Cəfər Cabbarlı ilə bərabər stenoqrafçı kimi çalışan, bütün çıxışları, məruzələri, görüşləri, qərarları, qanunları qələmə alan Mirzə Bala eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin də yayın müdiri kimi o illərdə hərtərəfli siyasi fəaliyyət göstərmişdir.1919-cu il sentyabrın 17-də Mirzə Balanın "Bakı uğrunda mübarizə" pyesini Azərbaycan Dövlət Teatrı tamaşaya qoymuşdu. O, eyni zamanda, Müsavatın Bakı Komitəsinin fəal üzvlərindən idi.
R. Əhmədlinin qeyd etdiyi kimi, 28 aprel 1920-ci ildə Azərbaycan Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra Mirzə Balanın siyasi həyat və fəaliyyətinin yeni dövrü başlayır. Cəfər Cabbarlının Çənbərəkənddəki evində keçirilmiş gizli iclasda M.Ə.Rəsulzadənin təlimatı ilə gizli "Milli müqavimət komitəsi" yaradılmış, Mirzə Bala onun başqanı, Əbdülvahab Yurdsevər başqan müavini, Cəfər Cabbarlı isə baş katibi seçilmişdi. O zamanlar gizli mətbəədə "İstiqlal" qəzeti nəşr edilirdi. 1922-ci ildə Bakıda Mirzə Balanın "Azərbaycan türk mətbuatı" adlı kitabçası çap edildi. 1923-cü ildə Komitə üzvləri və qəzetin işçiləri həbs edildilər, amma Mirzə Bala Zirədən yük gəmisi ilə İranın Ənzəli şəhərinə qaçmağa nail oldu. Oradan Tehrana, sonra isə Təbrizə gəlmiş, şosse yolunda mühəndis-texnik olaraq çalışmışdı, eyni zamanda, M.Ə.Rəsuladənin İstanbulda nəşr etdirdiyi "Yeni Qafqaziya", "Azəri Türk", "Odlu yurd" jurnallarına Cənubi Azərbaycandan məqalələr yazırdı.
Cənubi Azərbaycanda mühacirətdə qaldığı 1924-1927-ci illərdə Mirzə Bala "Ermənilər və İran", "Vətən qaldı", "Muğan xan" əsərlərini yazmışdır. Bu əsərlərində Rza şah rejiminin "paniranizm" və "ariyaçılıq" siyasətini, Azərbaycan Cümhuriyyətinin süqutundan sonra qaçıb canını qurtaran azərbaycanlı mühacirlərlə rejimin amansız rəftarını, tez-tez törədilən erməni təxribatlarını ətraflı qələmə almışdır. Xüsusən də, İrəvandan köçüb Təbrizdə yerləşən Daşnaksütyun partiyasının buranı erməni hərəkatının ən mühüm mərkəzlərindən birinə çevirməsini ətraflı təhlil etmiş, erməni terrorizminin qanlı əməllərini anlatmışdır.
1927-ci ildə İstanbula gələn Mirzə Bala İstanbul Universitetinin Hüquq fakultəsinə daxil olaraq orada mükəmməl təhsil almışdır. Mirzə Bala 1927-ci ildə M.Ə. Rəsulzadənin təklifi ilə "Azərbaycan Misaki-Millisi" (Milli Azərbaycan Xartiyası) adlı əsər yazıb İstanbulda nəşr etdirmişdir.
1931-ci ildə SSRİ-nin təkidi ilə digər antisovet mühacirlərlə birlikdə İstanbulu tərk etməyə məcbur edilən Mirzə Bala 1939-cu ilədək Polşada yaşamışdı. Bu illərdə onun Berlində nəşr olunan "Qurtuluş" jurnalının mətbəəsində "Milli Azərbaycan hərəkatı" adlı əhatəli kitabı çap edilmişdi. Mirzə Bala 1936-cı ildə Varşavada "Milli Azərbaycan Müsavat Xalq Firqəsi"nin III qurultayında iştirak etmiş, 1939-cu ildə İstanbula dönərək "Milliyət" və "Cümhuriyyət" qəzetlərində Sovet İttifaqında yaşayan türklərin acınacaqlı həyatına dair məqalələr yazmışdı. Onun "Türk Ansiklopedisi" və "İslam Ansiklopedisi"ndə Azərbaycan tarixinə dair sanballı məqalələrinin hər biri çox dəyərli tədqiqat əsəri sayıla bilər. Mirzə Bala 1949-cu ildə Ankarada qurulan "Azərbaycan Kültür Dərnəyi"ndə yaxından iştirak etmiş, dərnəyin "Azərbaycan" jurnalında xalqımızın tarixi, mədəniyyəti ilə bağlı bir sıra məqalələr yazmışdı.
R. Əhmədli yazır ki, Mirzə Balanın Qərb yönlü yeniləşmə və milliyyətçi görüşlərinin formalaşmasında M.Ə.Rəsulzadənin və onun nəşr etdiyi "Açıq söz" qəzetinin əhəmiyyətli rolu olmuşdur. Sonralar "Milli Azərbaycan hərəkatı" əsərində Mirzə Bala yazmışdı: "Şüurlu bir türk milliyyətçisi sifətilə hərəkət edən böyük Füzulinin dühası Azərbaycanın ədəbi varlığı üzərində XIX əsrin sonuna qədər dörd əsr öz təsirini göstərmişdir. Axundzadə Mirzə Fətəli ilə Həsən bəy Zərdabi və Krımlı İsmayıl bəydən başlamış Əlibəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Məhəmməd Əmin Rəsulzadəyə qədər hər kəsin Azərbaycan milli hərəkatında bir iştirak payı vardır. Yalnız bir fərqlə ki, Məhəmməd Əmin Rəsulzadə ictimai bir cərəyan şəklinə girən və büllurlaşaraq milli-ictimai bir ideologiya mahiyyəti kəsb edən milliyyətçiliyimizi formalaşdıraraq bir sistemə salmış, bir proqram halına gətirmiş, onu dövlət təşkilatı halında əbədiləşdirmək üçün ümumiləşdirmiş, onu İstiqlal Bəyannaməsi ilə dövlət təşkilatının təməli etmişdir". Qeyd edilməlidir ki, bu dolğun dəyərləndirmədə Mirzə Balanın özünün nə qədər dərin fəlsəfi dünyagörüşə malik olduğunu aydın görünür.
Müxtəlif ölkələrdəki dövri mətbuat materiallarına və tarixi qaynaqlara əsaslanan R.Əhmədli yazır ki, Azərbaycan siyasi tarixində M.Ə. Rəsulzadə ilə Mirzə Bala kimi bir-birinə bu qədər dərindən bağlanan və bir-birilərini tamamlayan digər şəxsiyyətlərə az rast gəlinir.
Mirzə Balanın 1929-cu ildə yazdığı "Bolşeviklər və daşnaqlar" əsərini, həmçinin, Türkiyə mətbuatındakı bir sıra məqalələrini təhlil edən R. Əhmədli onun hər zaman milli mübarizənin önündə getdiyini vurğulamışdır. R. Əhmədli yazır ki, SSRİ-nin təzyiqi ilə Türkiyədən çıxarılan Azərbaycan mühacirətinin keşməkeşli həyatını Mirzə Bala da yaşamışdır. 1926-1936-cı illərdə Parisdə, sonra Polşada fəaliyyət göstərən "Promotey" təşkilatında (Sovet İttifaqını çökdürmək vəzifəsinə xidmət edirdi) yaxından iştirak edən Mirzə Balaya 1936-cı ildə Varşavada keçirilən "Müsavat" partiyasının 3-cü qurultayında "Milli Azərbaycan hərəkatı" adlı əsər yazmaq həvalə edilmişdi.
Əsərdə R. Əhmədli almanların Polşanı işğalından sonra Mirzə Balanın Türkiyəyə qayıtdığını, "Türkiyyat Araşdırmaları İnstitutu"nda çalışdığını, coşqun elmi-publisistik fəaliyyətlə məşğul olduğunu hərtərəfli təhlil etmiş, xüsusilə onun "Kommunizm və millətlərin müqəddəratı" məqaləsində kommunist rejiminin qeyri-rus xalqları necə assimiliasiya etdiyinə dair obyektiv və uzaqgörən baxışlarına qiymət vermişdir. Əsərdə qeyd edilir ki, Mirzə Bala 1955-ci ildə Almaniyaya getmiş, Münhendə "Sovetlər Birliyini Öyrənmə İnstitutunda" çalışmış, bir sıra dəyərli tarixi-siyasi məqalələrini, o cümlədən, "Rəsulzadə Mehmet Emin Bəy", "Azərbaycanda Sovet kolonizasiya siyasəti" əsərlərini orada yazmışdır.
Tədqiqatçı R. Əhmədli əsərdə Mirzə Balanın 1951-ci ildə Ankarada nəşr edilən "Azərbaycan tarixində Türk Albaniya" əsərinin təhlilinə də geniş yer vermiş, müəllifin tarixi dəlillərə əsaslanaraq Albaniyanı bir Türk məmləkəti kimi tədqiq etməsinin konseptual-elmi əhəmiyyətinin bu gün üçün də çox gərəkli olduğunu vurğulamışdır. R.Əhmədli, həmçinin, İslam Ensiklopediyasında Mirzə Balanın "Qarabağ" adlı əhatəli məqaləsinin, xüsusən də əzəli Azərbaycan torpağı olan Qarabağın bütün tarixini elmi surətdə ətraflı şərh etməsini yüksək dəyərləndirmişdir.
Mirzə Bala 1954-1955-ci illərdə Münhendə yerləşən SSRİ-ni Öyrənmə İnstitutunun rəhbərliyində məsul vəzifədə çalışmış, İnstitutun Azərbaycan türkcəsində buraxdığı "Dərgi" adlanan siyasi jurnalın baş redaktoru olmuşdur. 6 mart 1955-ci ildə Azərbaycan istiqlalının qurucusu və ideoloqu Məhəmməd Əmin Rəsulzadənin vəfatından sonra Azərbaycan milli azadlıq hərəkatına və Müsavat partiyasına Mirzə Bala rəhbərlik etmişdir. Vətən həsrətli Mirzə Bala 1959-cu ilin mart ayının 8-də İstanbulda vəfat etmiş, Qaraca Əhməd qəbiristanlığında dəfn olunmuşdur.
Sonda qeyd edilməlidir ki, professor R. Əhmədlinin adıçəkilən əsəri yalnızca Mirzə Bala Məhəmmədzadənin deyil, bütövlükdə Azərbaycan Xalq Cümhuriyyətinin, onun qurucularının və müstəqillik uğrunda şəhid olmuş fədailərinin haqqında dəyərli tədqiqat əsəri kimi şanlı Cümhuriyyətimizin qarşıdakı 100 illiyinə dəyərli töhfədir.