16.01.2023, 13:08 - Baxış sayı: 154

Fəlsəfə və Sosiologiya İnstitutunda gənc tədqiqatçılarla görüş keçirilib


Fəlsəfə və Sosiologiya İnstitutunda gənc tədqiqatçılarla görüş keçirilib16 yanvar 2023-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunda gənc tədqiqatçılarla görüş keçirilib.
Görüşü AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq institutun 30-a yaxın doktorant və dissertantları ilə fikir mübadiləsi aparıb.
Dialoq və müzakirə formatında davam edən görüşdə gənc tədqiqatçıların tədqiqat və rəqəmsal bacarıqların inkişafı, elmi tədqiqatların nəticəyönümlüyü və tətbiqiliyinin artırılması, birgə tədqiqatların aparılması və ortaq məqalələrin yazılması, nüfuzlu beynəlxalq və yerli elmi nəşrlərdə məqalələrin dərc edilməsi, konfranslarda, seminarlarda və digər müxtəlif elmi tədbirlərdə fəal iştirakın təmin olunması və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib.
Daha sonra görüşdə iştirak edən tarix elmləri doktoru, Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli, institutun elmi katibi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Sevinc Həsənova, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov tərəfindən doktorant və dissertantlara dissertasiya işinin yerinə yetirilməsi prosesi ilə bağlı məsləhətlər verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
Sonda professor İlham Məmmədzadə gənc tədqiqatçılara öz tövsiyələrini bildirmiş və onlara tədqiqat işlərində uğurlar diləmiş, belə görüşlərin mütəmadi keçiriləcəyini vurğulamışdır.