17.11.2022, 06:31 - Baxış sayı: 201

Maarifçilik yolunda uğurlarla keçən 30 il


Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir
“525-Cİ QƏZET”Ə TƏBRİK MƏKTUBU

1991-ci ilin oktyabrında ölkəmizdə müstəqilliyin bərpasından sonra milli dövlətçilik düşüncəsinin və fəaliyyətinin aşılanmasında “525-ci qəzet” özünəməxsus rol oynayıb. Mətbuat qeydiyyatında 525-ci sırada olsa da, sevimli qəzetimiz ilk saylarından müstəqil Azərbaycanın öndə gedən ziyalı tribunasına çevrilib və bu gün də ölkəmizin elm, mədəniyyət, siyasət, mənəviyyat sahəsinin yüksək mütəxəssislərinin, milli düşüncəli fikir adamlarının xalqla, elmi ictimaiyyətlə səmərəli ünsiyyət platformasıdır. 30 il yüksək mətbuat tələbkarlığını, peşə tələblərini, milli vətənpərvərlik ruhunu, azərbaycançılıq, türklük və turançılıq ideallarını yaşatmaq və təlqin etmək, əlbəttə, qəzetin ilk gündən doğru yol və mövqe seçməsi ilə bağlıdır. Bu yolu təsisçi və baş redaktor, hörmətli şair-yazıcımız Rəşad Məcid seçib, dəyərli qələm yoldaşları ilə bu günə qədər davam edən böyük bir maarifçilik, vətəndaşlıq və dövlətçilik dəst-xətti müəyyən edib.
“525-ci qəzet” cəmiyyətimizin nəbzini tutmağı bacaran, nöqsan və çatışmazlıqları qurucu tənqidlə hədəfə çevirən, ruh yüksəkliyi və qələbəyə səsləyən qəzetdir. Tariximizin və mədəniyyətimizin ən yaxşı ənənələri ruhunda ictimai rəyə cəmiyyətin əhval-ruhiyyəsinə təsir etmək imkanına sahib bir mətbu orqandır.
Bu gün də “525-ci qəzet” öz nəşr siyasətinə sadiqdir. İfrat yanaşma və dəyərləndirmələrdən, bəzək və təmtəraqı ibarələrdən, əsassız təriflər və mədhiyyələrdən uzaq bir qəzetdir. İncə mətləblərə öz səhifələrində yer verən, milli maraqlarımızla yaxın-uzaq qonşuların mənafelərini də dərc edilən məqalə və müsahibələrdə ustalıqla uzlaşdıran mətbuat nümunəsidir. Azərbaycan dövlətçiliyinə, onun zəfərli inkişaf yoluna alim, yazıçı, jurnalist, bir sözlə söz adamının qələmi ilə dəstək verən, bütün irili-xırdalı yazılarında xalqımızın tarixi ənənələrindən süzülüb gələn ədəb-ərkan, eləcə də yüksək peşə əxlaqı nümayiş etdirən qəzetdir.
Sevimli qəzetimizin həftə içi saylarını elektron variantında oxusam da, şənbə buraxılışını hər vaxt qəzet köşkündən alıb əlimdə tutanda sanki 30 il əvvələ qayıdıram. Biz yaşlandıqca, qəzetimizin gəncləşməsi, orada qaynar, istedadlı yaradıcı gənclərin cəmlənməsi və redaksiyanın böyük ziyalı dəstəsi ilə sıx əməkdaşlığı qürur verir və qəzetimizin uzun ömürlü olacağına, daha neçə-neçə nəsillərə yol göstərəcəyinə inam yaradır.
Doğma qəzetimizin bütün fədakar heyətinə xoş arzularımı yetirir, “30 yaşanız mübarək!” – deyirəm.