16.11.2022, 10:37 - Baxış sayı: 209

“Qayıdıb gəlmişəm” kitabında sənətkar fərdiyyətinin müəyyənliyinə sosial-fəlsəfi yanaşma


Əli İbrahimov,

AMEA Fəlsəfə və Sosiologiya İnstitutu “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent


Görkəmli Azərbaycan publisisti, nasir, dramaturq, ssenarist, həmçinin tarixi, sosioloji əsərlər müəllifi, Azərbaycan Respublikasının “əməkdar jurnalisti” fəxri adına layiq görülmüş Əşrəf Əhmədpaşa oğlu Hacıyevin (1932-2001) uzun illər fəaliyyət göstərdiyi “Xalq qəzet”inin redaksiya zalında keçirilmiş 90 illik yubileyindən bir neçə ay ötür. Onun “Qayıdıb gəlmişəm” seçilmiş əsərlərindən ibarət kitabı haqqında düşüncələrimə gəldikdə onu deyə bilərəm ki, bunlar onun rəngarəng yaradıcılıq təşəbbüslərinin tədqiqində nəzərə çarpan fərdi üslubunun spesifik meyllərini təyin etmək baxımından çox əhəmiyyətlidir. Hiss olunur ki, bir güclü jurnalist olsa da yazıçı kimi geniş və tükənməz yaradıcılıq imkanları ilk qələm təcrübələrindən seçilməyə başlamışdır. İlk nəsr nümunələrində, xüsusən hekayə və povestlərində rastlaşıb şahid olduğum budur ki, istedadlı jurnalist və ədib əlinə qələm aldığı gündən hekayə, povest, dram janrının əvvəllər və indi daha çox dəyər kəsb edən gözəl örnəklərini yaratmışdır. Məlum həqiqətdir ki, Aleksey Tolstoyun “yazıçı iri həcmli əsər yazdığı vaxt gözəl təsvirlər, məzəli dialoqlar və bir çox başqa vasitələrlə oxucunu müəyyən yollarla, sadəcə bir təhər razı sala bilər. Amma kiçik hekayələrdə isə onun bütün istedadı göz qabağında olur. Böyük mövzuları kiçik formalarda vermək yazıçıdan böyük ustalıq tələb edir” arqumenti ilə yanaşdıqda görkəmli Azərbaycan publisisti və yazıçı Əşrəf Hacıyev özündən sonra qoyduğu zəngin mədəni irsi insan, vətən və millət sevgisinə həsr olunmuşdur. Onun əsərdən-əsərə necə təkamül yolu gəldiyi özünün yazıçı fərdiyyətini formalaşdıran fərdi sənətkar intuisiyası sözdən maksimum dərəcədə rasional istifadə qabiliyyəti, sözün daxili potensial və enerjisini əsərin bədii qüdrətinə sərf edə bilmək adi detallarda belə oxucunun ruhuna hakim olmaq bacarığı ümumiləşdirilir və oxuculara təqdim edilir.
Ədibin Arzu Hacıyeva adlı qızı AMEA-nın “Fəlsəfə və Sosiologiya” İnstitutunda “Azərbaycan ictimai fikir və fəlsəfə tarixi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professordur. Atasının ölümündən sonra Arzu xanımın bu ölümdən doğan ayrılığa dözməyib ürəyini göynədən həsrət yanğısından keçən göz yaşı, nisgilli, kədərli, ağrılı məqamlarının xəyallarda, röyalarda təkrarı və bunun nəğməyə, şeirə çevrilməsi maraq doğurur:
O, ümid, sevgimiz nur dayağımız,
Əlacı bir dəfə tapa bilmədi,
Dualar, yalvarış, göz yaşlarımız,
Əbəsmiş o getdi bir də dönmədi.
Tədqiqatçı, professor Arzu Hacıyeva kitabın 5-ci səhifəsində “Əbədi qayıdış fəlsəfəsi: Əşrəf Hacıyevlə zamanın dövrələrində” rubrikalı elmi yazısında atası ilə xəyalən keçirdiyi bütün məqamları 10 dövrə kontekstindən hermenevtik yanaşmanın bütün özəlliyi ilə təhlil edərək sonuncu dövrədə ümumiləşdirilmiş bir düşüncəni M.Ə.Sabirin Seyid Əzim Şirvaninin aforizm səviyyəsində qəbul edilən beytləri ilə tamamlayır. Kitabın mahiyyətindən belə anlaşılır ki, ata Əşrəf Hacıyevlə qızı – Arzu Hacıyeva arasında qəlbən elə qırılmaz tellər mövcuddur ki, bunu 9-cu dövrədə Arzu xanımın sanki intuisiya – öz qəlbinin səsi ilə duyduqlarından, 9-cu dövrənin hər sətrindən, ən başlıcası XVII əsrdə yaşamış, alman mistiki, şairi Angelius Silezius adı ilə tanınan Yohannes Şefflerə məxsus, hətta atasının məzar daşının mərməri üzərində həkk olunan kəlmələrdən sezmək mümkündür:
Sən sağsan, çünki qəlbimdə olduğun
Mən sağam hələ,
Mən sənsiz nəyəm, heç nə
Sən mənsiz, bəs nə?!
Yazıçının M.Ə.Sabirin, Seyid Əzim Şirvaninin bəzi şeirlərinin, məna çalarları ilə uzlaşan detallarından təsəlli tapıb heyrətlənirik, elə bil dahilərin, insanlığın əbədiyaşarlığını təlqin edən böyük jurnalist Əşrəf Hacıyev heç bir təmənna gözləmədən, ədalətin zəfər çalması naminə yaşadığı və yaşatdığı ideyalarının işığında rahatlıq tapırıq:
“Nə qəm, uğratsa da bir gün məni ifnayə zəman,
Mən gedərsəmsə məramım yenə dünyada durar!
Yaxud Seyid Əzim Şirvaninin
“Mövti-cismani” ilə sanma mənim ölməyimi,
Seyyida, ölmənəm, aləmdə səsim var mənim.
“Aləmdə səsim var mənim” deyimi hər kəsin qisməti, taleyinin bəhrəsi deyil. Bu, Sabir, Seyid Əzim kimi mütəfəkkirlərin elm, ədəbi cığır yolu ilə addımlayanların gerçəkliyinə, həmişəyarlığına işarədir. Bu nəcib, insanlıq yolunun, müəlliflərindən biri olan Əşrəf Hacıyevi oxuyan, mütaliə edən milyon oxucular üçün varlığı, fəaliyyəti canlı insan sindromunu sevdirən “Qayıdıb gəlmişəm” deyən bir səyyahın uzaq səfərindən dönüşünün bir məqamıdır.
Əşrəf Hacıyev yaradıcılığının axtarış və yüksəlişinin püxtələşdiyi və kamilləşdiyi bir dövrü yaşamışdır. Müstəqil və orijinal yaradıcılıq təfəkkürünə malik olan yazıçı həmişə yeni-yeni mövzulara meyl etmiş yaradıcılıq axtarışlarına davam etmiş müasirlərini düşündürən aktual məsələlərə toxunmuş, sənətkarlıq cəhətdən son dərəcə təkmilləşmiş əsərləri ilə oxucuları düşünməyə, düşündürməyə sövq etmişdir.
Əşrəf Hacıyevin rəngarəng yaradıcılığı kitabda verilmiş 2 povest, 27 hekayə, 2 dram, 17 məqalə, 1 əfsanə və 1 xatirədən ibarətdir. Bu rəngarəng əsərlərini vahid xətdə birləşdirən ümumi estetik məziyyətləri bir ifadə, bir düşündürücü cümlə ilə ifadə etmək olar: “Əşrəf Hacıyev əsərlərinin hər birində bir problem, ciddi məsələ üzərində düşünüb-daşınan qəhrəmanlarının proobrazıdır”. Mükəmməl sovet tərbiyəsinin bariz nümunəsini özündə əks etdirən Əşrəf Hacıyev üçün milli idealdan daha çox bəşəri ideal üstündür. O insanları proteksiya qurbanı olmağından, ələbaxımlıq, kiminsə kölgəsində yaşamaq iztirablarından çəkindirmək istəyənlərin sırasında görünməyi özünə fəxr bilir. “Mənəviyyatsızlıq virusu yoluxucu olur”. (553-cü səhifə) məqaləsində “həyatın ləzzəti qaçıb” gileyi çox düşündürücüdür.
I Qarabağ Vətən müharibəsinin xalqımızda yaratdığı məhrumiyyətləri müəllif böyük ürək yanğısı ilə qələmə alır: “Cəmiyyət üçün ən təhlükəlisi də məhz mənəvi dəyərlərin dəyərsizləşməsi, gözəl insani keyfiyyətlərin və milli xüsusiyyətlərin əzəli mənasını itirməsidir. Bu hal ona görə təhlükəli sayılmalıdır ki, son illər yeniyetmələr, gənclər arasında tərbiyə işi zəifləyib və demək olar heç aparılmır, dövlət orqanları mənfi təzahürlərdən yaxasını kənara çəkir... Pis pislənmir, yaxşı təriflənmir. Əxlaq, etika problemləri unudulmuşdur. Kitablar boşalıb, klublar bağlıdır. Meyar pul olub. Mənəvi eroziyanın eybəcər təzahürləri ilə hər addımda rastlaşmaq mümkündür” (561 s.) “Həyatın ləzzətinin qaçması” ifadəsi ilə müəllif sanki sovet dövrü ilə postsovet məkanı dövrünün müqayisəli təhlilini aparır. Artıq hər iki dövrlə bağlı həyatın, cəmiyyətin fərqli cəhətləri nəzəri söhbətlərdə yox, praktik fəaliyyətlərin təzahüründə özünü göstərir. İstəsən də, istəməsən də yeni dövrün reallıqları ilə barışmalı, gələcəyə doğru istiqamətlənmiş inkişaf xətti dəyərləndirilməlidir. “Jurnalist zamanın burulğanında” məqaləsində müəllif əsl jurnalistin həyatını, “Aləmi bəzər, özü lüt gəzər” tapmacasının məntiqi ilə yan-yana qoyub müqayisə edir, “Qanun insanın vicdanıdır tənqidi məqaləsi ilə o, öz proobrazı olan pak, vicdanlı bir jurnalistin tələblərinin təqdimatında əla və yaxşı qiymətlərlə oxuyan kasıb, yoxsul bir tələbənin öz ailəsində maddi durumun çox aşağı səviyyədə olması səbəbindən gündüzlər oxuyub, gecələr işləməsinə görə institutun prorektoru tərəfindən təhsil qanununun tələbləri əsasında III kursdan qovulması məsələsinə etiraz nümayiş etdirir, ədalət, vicdan baxımından bunun yolverilməz olduğunu dəlillərlə sübut edir.
Problemin tezliklə həlli yollarında jurnalistin ruhən xalqa daha yaxın olması, xalqı yaxşı başa düşüb duyması baxımından onların “quru bəylərə” oxşadılması, yəni özlərini yox, başqa bir əzab çəkənin yolunda işıq yandırmalarında bir qanunauyğunluq var. Deməli, hər cür problemin tezliklə həlli yollarında göstərilən təkid, inadkarlıq, mübarizə əzmi Əşrəf Hacıyevin həyatının devizi olmuşdur.
Ölməz, məğrur ədibin yaradıcılığında azərbaycançılıq həmrəylik, birlik və ənənəlik vətənə, torpağa bağlılıq motivləri Azərbaycan xalqının, onun azərbaycanlı vətəndaşlarına məhəbbət, sevgi hissləri “Ləzgilər” məqaləsində öz əksini tapmışdır. Böyük ədib Azərbaycanın bir guşəsinin – bir kəndinin sakinlərinin timsalında minlərlə xalqın əhalinin qədim dövrlərdən başlamış ta son illərə kimi üzləşdikləri təbii fəlakətlərin, dəyişikliklərin təbəddülatların nəticəsində bir yerdən başqa yerə köçüb yaşamağa məcbur olmalarına və bu xalqların qardaşlıq həmrəylik ünsiyyətinə kənardan heç bir müdaxilənin olmamasının fəlsəfi köklərinin araşdırılmasına çağırışlar edir: “Laza ləzgi kəndidir. Qəbələ rayonunun başı üstündəki dağlarda daha bir neçə ləzgi kəndi var: Küsnət, Duruca, Qəmərvan. Bu səfalı məskənlərin yaşını heç bir kəs dəqiq bilmir. Tarixin qaranlıqlarında nə qədər izlər itib nə qədər hadisələr dolaşıq düşüb, köçlər yerdəyişmələr olub. Bəzən təbii fəlakətlər zəlzələlər, quraqlıq, yağmur qovub insanları, bəzən də qanlı-qadalı savaşlar. Gəl indi ayırd elə görək kim kimdən əzəldir bu torpaqda. Kim kimə pənah gətirib, onları bir-birindən ayıran sədd-sərhəd haradan keçirmiş? Özü də Qafqazda. Bəlkə də dünyada elə bir yer yoxdur ki, nisbətən kiçik ərazidə 50-dən artıq xalq, tayfa yaşasın. Birinin sayı çoxdur, digərinin az. Amma qaynayıb qarışıblar, azərbaycanlılarla ləzgilər kimi. Bu diyarın sakini və sahibidirlər. (səh. 550)
Ən maraqlı üslubi cəhət kimi qeyd olunmalıdır ki, ədibin mövqeyi, onun bədii niyyəti insanları əxlaqi yetkinliyə çağırış motivi üzərində qurulmuşdur. Müəllifin qənaətinə görə, zamanın – illərin hökmü ilə, dəqiqələrin ritmi ilə, dövranın gedişi ilə hesablaşmamaq, ömrün hər anını dəyərləndirməmək mənəvi faciənin mənbəyidir. Azərbaycançılığın regionun hər birində təzahür etməsi, xalqların birgə sevinc, kədərinin vəhdəti, həmrəyliyin ənənəvilik prinsipi xalqların qırılmaz daxili ünsiyyətində təcəlli tapması cəmiyyətin möhkəm davamlı inkişafı üçün stimuldur. Bu qırılmaz vəhdətin praktik nəticələri yazıçı – jurnalistin sağlığında özünə qismət olmasa da 44 günlük II Qarabağ Vətən müharibəsində şanlı qələbəmizin təntənəsində özünü göstərdi. Kitabın 506-cı səhifəsində “İnsanlıq dərsi” adlı müəllifin xatirəsi tələbə ikən böyük mütəfəkkir, xeyirxah insan Mir Cəlal Paşayevin keçdiyi dərsindən doğan təəssüratlara, entuziazma həsr edilmişdir. Yazıçının bütün ömrü və yaradıcılıq boyu fəaliyyətini insanlıq, xeyirxahlıq, ədalət, haqqı dəyərləndirmək motivləri ilə bağlı qənaətləri bizi hədsiz dərəcədə düşündürür. Yazıçıya görə insan – vətəndaş öz xalqının layiqli oğlu olmalı, vəzifəsindən asılı olmayaraq hamıya – bütün problemlərə ədalət, doğruluq prizmasından yanaşmalı, əxlaq, etik çərçivəsində hərəkət edərək insanlıq naminə, hər cür təzyiqdən çəkinməyərək haqq səsini ucaltmalıdır. Cəmiyyətdəki bəzi nizamlar pozulanda böyük jurnalist və ədibin əsərlərinin hər sətirində oxucu onun axtarışlardan bir səyyah kimi geri dönüb, “Qayıdıb gəlmişəm” nidasından əbədiyaşarlığının düşüncələri, arzu, xəyalları və duyğuları ilə vəhdətdə olduğunu dərk edir, gələcəyə nikbinlik əhval-ruhiyyəsi ilə yanaşmağın çağırışlarını dəyərləndirirlər. Beləliklə, görkəmli jurnalist-yazıçı Əşrəf Hacıyev reallığı, konkret zaman kontekstində qavrayıb mənalandırmaq, hadisələrin ictimai məğzinin məna və əhəmiyyətinin bədii ifadəsini vermək baxımından ədəbi görüşləri və konsepsiyası ilə müasirliyin estetikasına sadiq qaldığını nümayiş etdirmiş, yaratdığı bədii lövhələrin mahiyyətinin açılışına, obrazların daxili aləminin araşdırılmasına xüsusi diqqət yetirmişdir.

“Bütöv Azərbaycan”, 15 iyul 2022-ci il.