18.10.2022, 10:17 - Baxış sayı: 267

Dünyanın ehtiramla yanaşdığı lider


Xalqımızın Zəfəri ilə başa çatan Vətən savaşının yaratdığı əsas reallıqlardan biri Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin başlanmasıdır. Bu mərhələdə qarşıya qoyulan prioritetlər bəllidir və Prezident İlham Əliyevin də elan etdiyi kimi, indi dövlətimizin milli ideyası işğaldan azad olunmuş ərazilərin bərpası, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır.
Bəli, bu gün dönüb geriyə, tarixə nəzər salanda cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 19 ildə keçilən yüksəliş yolunun nə qədər möhtəşəm, nə qədər qürurverici olduğunu görürük. Azərbaycanı inkişaf yoluna çıxaran İlham Əliyev özünün uzaqgörən, qətiyyətli və müdrik siyasəti ilə həm də xalqımızın tarixi arzusunu reallaşdıraraq, torpaqlarımızın işğaldan azad olunmasını təmin etdi.

Milli maraqlarımızı layiqincə təmin edən siyasət

İndi işğaldan azad edilən torpaqlarımız yenidən qurulur. Amma biz bunu sadəcə bərpa prosesi kimi nəzərdən keçirmirik. Bunu həm də İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafının, yüksəlişinin məntiqi nəticəsi kimi dəyərləndiririk. Eyni zamanda biz bu prosesi Azərbaycanın milli maraqlarının qətiyyətlə təmin olunmasının, dünya erməniliyinin məğlub edilməsinin nəticəsi, ikili standartlar üzərində qələbə kimi fikir süzgəcindən keçiririk.
Bütün bu uğurların, qələbələrin müəllifi isə Prezident İlham Əliyevdir. İlham Əliyevin yürütdüyü qətiyyətli və təmkinli siyasət, eyni zamanda hücum diplomatiyası bizi addım-addım bu qələbəyə yaxınlaşdırdı və 44 günlük müharibədə zəfərimizi təmin etdi.
Artıq Azərbaycan üçün başqa reallıqlar hakimdir. İndi Azərbaycan deyəndə həm də müharibədə qalib gələn ölkə yada düşür. Heydər Əliyevin qoruduğu və qurduğu, İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan indi haqlı olaraq dünyanın sayılıb-seçilən, etimad və ehtiram göstərilən dövlətlərindəndir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz Azərbaycan vətəndaşları olmağımızla haqlı olaraq fəxr edirik: "Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq".

Qətiyyətlə reallaşdırılan milli ideya

Azərbaycan güclü dövlətdir və torpaqlarımızı azad etdiyimiz kimi, düşmənin onilliklər ərzində dövlətimizə, xalqımıza vurduğu maddi yaraların da hamısı sağalacaq. İlham Əliyevin qətiyyəti, Azərbaycanın iqtisadi gücü sayəsində xalqımızın milli ideyasına çevrilən Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi sürətlə gedir. Vətən müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri bütün məziyyətləri ilə yanaşı, dövlətimizin gücünün təsdiqidir. Artıq iki ilə yaxındır ki, dünya dövlətimizin möhtəşəm quruculuq əzminə şahidlik edir. Qısa dövr ərzində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işlərinin miqyası olduqca əzəmətlidir. Zəfər yolunun, Füzuli Beynəlxalq Hava Limanının inşası, Zəngilanda Ağalı kəndinin yenidən qurulması azad olunmuş ərazilərimizin bərpasının ilk möhtəşəm qədəmləridir. Bu cür nəhəng infrastruktur layihələrin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı Prezident İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür.
Bu məsələdə əsas məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan dövləti bərpa və yenidənqurma işlərini öz daxili imkanları hesabına həyata keçirir. 2021-2022-ci illərdə bu məqsədlə dövlət büdcəsindən 5 milyard manata yaxın vəsait ayrılıb. 2023-cü ilin dövlət büdcəsində isə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 3 milyard manatın ayrılması nəzərdə tutulur.
Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı başqa bir reallıq isə Ermənistanın öz öhdəliklərinə əməl etməyə məcbur olunmasıdır. Bu baxımdan indiyədək keçirilən bütün görüşlər Azərbaycanın bu istiqamətdə maraqlarının təmin olunması ilə nəticələnib. Son olaraq Praqa görüşündə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması isə İlham Əliyevin növbəti diplomatik qələbəsi oldu.

Sosial-iqtisadi islahatlar sürətli və effektivdir

Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə yanaşı, Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biri tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın tezliklə inkişaf etmiş dövlətlərin cərgəsinə qoşulmasıdır. Təbii ki, bu hədəfə çatmaq üçün həm iqtisadi, həm sosial sahədə mühüm keyfiyyət dəyişikliklərinin baş verməsi vacibdir. 2022-ci il ərzində Azərbaycan iqtisadiyyatında qeydə alınan artım tempi, o cümlədən vətəndaşların sosial rifahının ötən illərlə müqayisədə yüksəlməsi ondan xəbər verir ki, bütövlükdə respublikamızın yüksəlişinə xidmət edən, Azərbaycanı inkişaf etmiş dövlətlərin cərgəsinə doğru aparan sosial-iqtisadi islahatlar uğurla və sürətlə reallaşır.
Pandemiyanın yaratdığı çətinlikləri qətiyyətlə dəf edən Azərbaycanda hələ 2021-ci il tarixə uğurlu mərhələ kimi düşdü. Dünyada davam edən və yeni formaları meydana çıxan müxtəlif böhranlar şəraitində, o cümlədən Vətən müharibəsindən dərhal sonra Azərbaycanın ili uğurla başa vurması həyata keçirilən siyasətin düzgünlüyündən xəbər verdi ki, bu da respublikamızda gedən səmərəli iqtisadi proseslərin və islahatların məntiqi nəticəsidir.
2022-ci ildə isə iqtisadi sahədə artım daha sürətlə baş verdi. Statistikaya nəzər yetirsək, bunun şahidi olarıq. 2022-ci ilin yanvar-avqust aylarında ölkədə 84 milyard 880,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın qeyri neft-qaz sektorunda isə 10,3 faizlik əlavə dəyər yaranmışdır. Bu dövr ərzində ölkənin valyuta ehtiyatları 55,9 milyard dollar təşkil etməklə, müstəqilliyimiz dövründə rekord həddə çatıb.
İqtisadiyyatda baş verən artım həm də iqtisadi müstəqilliyimizin güclənməsi deməkdir. İqtisadi müstəqillik isə öz növbəsində Azərbaycanın regionda və qlobal miqyasda mövqelərini daha da möhkəmləndirən siyasi amillərdən biridir. Görünən odur ki, vətəndaşların rifahının davamlı şəkildə yüksəldilməsini hər zaman prioritet məsələ kimi müəyyən edən Azərbaycan müharibədən yeni çıxan ölkə olmasına baxmayaraq, sosial sahədəki uğurlu siyasətini yenə də nümunəvi şəkildə həyata keçirməkdədir. Sosial tədbirlərin reallaşdırılması üçün böyük maliyyə vəsaiti tələb olunsa da, dövlət vətəndaşlarının yaşayış şəraitinin davamlı olaraq yaxşılaşdırılmasını, həssas əhali qruplarının sosial təminatının daha da gücləndirilməsini diqqətdə saxlayır. Bu da göstərir ki, İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaşların rifahının yüksəldilməsi dayanır.

Beynəlxalq müstəvidə söz sahibi olan dövlət

İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsi olaraq Azərbaycan torpaqlarını işğaldan azad etməklə, onu yenidən qurmaqla, həmçinin sosial-iqtisadi sferada inkişafa nail olmaqla yanaşı, beynəlxalq müstəvidə də söz sahibi olan dövlət kimi çıxış edir. Beynəlxalq tərəfdaşlığın, sivilizasiyalararası əməkdaşlığın ən səmərəli platformasına çevrilən Azərbaycan çox mühüm forumlara, konfranslara evsahibliyi edir, irəli sürdüyü qlobal miqyaslı təşəbbüslər beynəlxalq birlik tərəfindən daim dəstəklənir.
Məlumdur ki, müstəqilliyinin bərpasının cəmi 20-ci ilində bir çox dövlətlərin həsəd aparacağı siyasi uğura imza atan Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçildi. Bu gün isə Azərbaycan BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir. Bütün bunlar bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi Azərbaycanı qlobal siyasətin, beynəlxalq platformaların önünə çıxarıb.
Azərbaycan həm də bir çox qlobal proseslərə, o cümlədən enerji təhlükəsizliyi məsələlərinə söz sahibliyi edir. Son aylarda Avropa İttifaqı ilə genişlənən müzakirələr, enerji sahəsində əməkdaşlıq bunu təsdiq edən mühüm siyasi faktorlardan biridir. Bütün bunları şərtlərindən əsas amil Prezident İlham Əliyevin yürütdüyü siyasətdir.
Beləliklə, bugünkü ziddiyətli və gərgin dünya nizamında istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin edən Prezident İlham Əliyevin yürütdüyü siyasət beynəlxalq miqyasda ehtiramla qarşılanır. İlham Əliyevə göstərilən ehtiram isə Azərbaycana göstərilən etimaddır. İlham Əliyevin yüksək imici Azərbaycanın yüksək beynəlxalq nüfuzu deməkdir.

Günel MƏLİKLİ,
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

"Azərbaycan" qəzeti