14.10.2022, 08:56 - Baxış sayı: 279

"Tarix və tarixşünaslıq məsələləri"nə bir nəzər - Rafail Əhmədli yazır


Rafail ƏHMƏDLİ
Fəlsəfə elmlər doktoru, professor
Professor Eynulla Mədətlinin "Tarix və tarixşünaslıq məsələləri" kitabının mündəricatını gözdən keçirərkən aydın olur ki, əsər Azərbaycan tarixinin ən çox saxtalaşdırılmasına cəhd olunan məsələlərinə həsr edilib və hər birinə müəllif tərəfindən doğru, düzgün faktlara və ciddi mənbələrə əsaslanan elmi fikirlər bildirilib. Burada Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair 40-dan çox məqalə yer alıb. Təqdirəlayiqdir ki, bir-biri ilə üzvi şəkildə əlaqəli olan bu məqalələrdə ölkəmizin və xalqımızın tarixinin təhrif edilmiş məsələlərinə dair araşdırmalara daha çox yer verilib.
Əsərin "İran tarixşünaslığında Azərbaycanın adı və tarixi coğrafiyasına münasibət" adlı başlığında müəllif XIX əsrin başlanğıcında baş vermiş tarixi ədalətsizliyin - böyük bir xalqın və coğrafiyanın 2 hissəyə parçalanmasının mahiyyətinə nəzər yetirir və sonrakı proseslərdə hakim İran ideologiyasının maraqlarına uyğunlaşdırılan qeyri-elmi fikirlərə ciddi münasibət bildirir, mühüm mənbələrdən sitatlar gətirərək qeyd edir ki, bəzi İran tarixçilərinin Azərbaycanın tarixi sərhədlərini təhrif etməsi, onun hüdudlarını qəsdən məhdud göstərmələri sırf siyasi xarakter daşıyır. Onlar tarixi-coğrafi mənbələrə istinad edəndə də, onlara birtərəfli yanaşıb, həmin mənbələrin yalnız niyyətlərinə uyğun hissələrini ümumi məzmundan çıxarıb təqdim edirlər.
Əsərin "İran tarixşünaslığında Azərbaycan xalqının dilinə və mədəniyyətinə münasibət haqqında" adlı məqaləsində Azərbaycanın tarixi coğrafiyasına nəzər salınır və qeyd olunur ki, Gülüstan və Türkmançay müqaviləsindən sonra ikiyə bölünən Azərbaycanın şimal hissəsinin Rusiya müstəmləkəsinə keçməsindən sonra Çar Rusiyası öz müstəmləkəçilik siyasətilə İrandakı türklərdən və Osmanlı türklərindən ayrı salmaq məqsədilə xalqımızı tatar, dilimizi tatar dili adlandırmışdı. Lakin xalq öz dilini (Azərbaycan türkcəsini) qoruyub saxlamış, bu dildə zəngin elmi, ədəbi-bədii ədəbiyyat yaratmışdır. 1918-1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti zamanı isə öz müstəqil dövlətində dilini və mədəniyyətini müstəqil olaraq inkişaf etdirmək imkanı qazanmışdı.
Müəllif haqlı olaraq belə bir nəticəyə gəlir ki, Azərbaycan türkcəsi Azərbaycanın tarixi hüdudlarından kənarda sakin olan bütün İran türklərinin anladığı və asanlıqla ünsiyyətə girdiyi bir dildir. İran əhalisinin yarısı bu dilin ya daşıyıcısıdır, ya da bu dili bilir. İran türklərinin dili Azərbaycan Respublikasında yaşayan on milyonluq Azərbaycan xalqının dili ilə tam eyniyyət təşkil edir.
İranda türk dilinə qarşı düşmən münasibət əsasən 1925-ci ildə Britaniyanın dəstəyi ilə hakimiyyətə gətirilən Rza xanın ilk gündən qondarma "pəhləvi" adını götürərək, Azərbaycan türklərinə və türk dilinə qarşı təzyiq göstərməsi ilə başlayıb. Əsərdə özünəməxsus tədqiqatları və iddiaları ilə məşhur olmuş Azərbaycan əsilli Seyid Əhməd Kəsrəvinin bir sıra elm sahələrinə aid diqqətəlayiq və ziddiyyətli fikirlərinə tənqidi münasibət bildirilir və onun fikirlərindən misallar göstərilir.
Kitabdakı "Əfşarlar və Nadir şahın hakimiyyəti İran tarixşünaslığında" adlı məqalənin də özünəməxsus önəmi vardır. Belə ki, Azərbaycan dövlətçilik tarixində böyük rol oynamış, qəhrəmanlıq ənənələrinə malik olan əfşarların Azərbaycan türklərinin ictimai, siyasi və mədəni həyatında əhəmiyyətli yerə malik olduqları, Azərbaycan dövlətçilik tarixində şərəfli yer tutmaları, böyük bir regionda siyasi münasibətlərin gedişinə əhəmiyyətli təsir göstərmələri qeyd olunur. Eyni zamanda, Əfşarlar dövlətinin ölkə daxilində və bölgədə, həm də dünya dövlətləri arasında böyük qüdrətə sahib olan imperatorluq kimi nüfuz qazanması, Nadirin şəxsiyyəti, Səfəvilər xanədanına sədaqətlə xidmət etməsi, düşmən ordularına qarşı qətiyyətli mübarizəsi vurğulanır. İran tarixçiləri Nadirin bir dövlət adamı, hökmdar və fateh kimi siyasət səhnəsinə çıxmasında Şah II Təhmasibin rolunu da qiymətləndirirlər.
Əsərdə Nadir şahın, Əfşarların dövlətçiliyə və türk dilinə daha çox önəm verdiyi də bildirilir. Onun ordusunda və yaxın ətrafında müxtəlif türk tayfaları, o cümlədən, əfşarlar aparıcı mövqeyə malik idilər, türk dili ümumi ünsiyyət vasitəsi idi. Nadir özü Azərbaycan türklərinin ləhcəsində danışırdı və onun şahlıq seçkisini məhz Azərbaycanda - Muğanda təşkil edilməsi də təsadüfi deyildi. O da vurğulanır ki, ümumən əfşarlar hər zaman İran tarixində digər türk toplumları kimi fəal rol oynamışdır. Əhməd Kəsrəvinin fikrincə, əfşar elləri Hicri tarixi ilə V əsrin əvvəllərində, Səlcuqlar zamanında İrana gəlmişdilər və Səfəvilər hakimiyyətinin də dayaqlarından biri olmuşdular.
İran tarixçiləri həmçinin, Nadir xanın Səfəvi səltənətinə yiyələnməsinə və Azərbaycanın Muğan bölgəsində təntənəli tac qoyma mərasiminin təşkilinə böyük bir nadirsevərliliklə yanaşırlar, onun gücü və iradəsi ilə əfqanların, osmanlıların, rusların ölkədən çıxarılmasını, daxildəki iğtişaşların yatırılmasını, qonşu ölkələrə zəfərli yürüşlər edilməsini rəğbətlə təsvir edir, onu İranın vətənpərvər, fədakar, qəhrəman oğlu kimi təqdim edirlər.
"Tarix və tarixşünaslıq məsələləri"nə bir nəzər - Rafail Əhmədli yazırMüəllif qeyd edir ki, Nadir xan ordu rəhbərliyinə keçəndən sonra II Təhmasibin Rus və Osmanlı dövlətlərinə verdiyi səfəvi bölgələrini geri qaytarmağı tələb etdi. O, azyaşlı III Abbasın qəyyumu kimi İran dövlətinə başçılıq etdiyini bildirərək, rus qoşunlarının İran torpaqlarını boşaltmasına nail oldu. Onun yüksək siyasi müdrikliyi və hərbi iradəsi ilə 1735-ci ilin mart ayında İranla Rusiya arasında saziş imzalandı, beləliklə Bakı, Dərbənd, Salyan İrana qaytarıldı və ruslar işğal etdikləri Xəzər sahillərini tərk etməli oldular.
Eyni zamanda, Nadir şah 1639-cu ildə Səfəvilərlə Osmanlılar arasında bağlanmış və İranın bir sıra əyalətlərinin Osmanlı dövlətinə verilməsi ilə nəticələnmiş müqavilənin ləğv edilməsi təklifi ilə Osmanlı sultanına məktub göndərdi. Bu təklif tərəflər arasında yeni müharibəyə səbəb oldu və 1746-cı ildə müqavilə imzalanması ilə başa çatdı.
Mirzə Mehdi Astrabadi bildirir ki, həmin müqavilə İran-Osmanlı münasibətlərinin yeni mərhələsində mühüm əhəmiyyətə malik oldu. Tərəflər bir-birinə xoşməramlı nümayəndə heyətləri göndərdilər. Bu müqavilə rusları narahat etsə də, iki böyük imperiyanın bundan sonrakı qarşılıqlı münasibətlərində əhəmiyyətli rol oynadı.
Öz dövrünün və sonrakı tarixçilərin yazdıqlarından da aydın olur ki, Nadir şah çox vətənpərvər, millətinin təəssübkeşi olan böyük şəxsiyyət olmuşdur. Belə ki, olduqca uzaqgörən, dövlətinin maraqlarına və mənfəətlərinə uyğun siyasət yeritmişdir... İran tarixşünaslığında qeyd olunur ki, Nadir şahın Rusiya-Osmanlı qarşıdurmasında tutduğu mövqe təqdirəlayiq idi və o, rusların təkid etməsinə baxmayaraq, Osmanlı dövləti ilə bağlanmış sazişi pozmadı, eyni zamanda, Rusiya ilə də yeni müharibəyə girmədən Xəzərsahili vilayətləri azad etmiş oldu.
Əsərin M.T.Zehtabinin "İran türklərinin əski tarixi" kitabında "Azərbaycan məsələsi" adlı məqalə tarixi həqiqətlərin daha dürüst və dolğun, konkret elmi şərhli təqdim edilməsi baxımdan diqqəti cəlb edir. Eyni zamanda, hörmətli müəllif Eynulla Mədətlinin Tehranda Azərbaycan diplomatı kimi böyük tədqiqatçının diqqətini çəkməsi və öz imzası ilə bəhs olunan kitabı ona təqdim etməsi müəllifin Azərbaycana, onun adına, millətinə, dövlətinə olan sevgisinin dillə ifadə oluna bilməyən bir münasibətidir.
M.Zehtabi tarixi mənbələr əsasında bildirir ki, farsların ilk qəbilələri Miladdan 900 il öncə Şərqdən bu torpaqlara gəlmiş, onların gəlişindən dörd min il əvvəl isə türk xalqları Azərbaycanda, indiki İranın müxtəlif bölgələrində məskən salıb yaşamışlar. Lakin türklərin bu ərazilərdə zəngin mədəniyyət yaradıb hakimiyyət qurduğuna baxmayaraq, pəhləvi rejimi zamanında türklərin tarix və mədəniyyətinin, adət-ənənələrinin araşdırılmasına imkan verilməmişdi.
Böyük alim əsaslandırılmış məntiqlə bildirir ki, hər millətin Vətəninin adı o millətin öz adından alınır. Heradota və digər yunan tədqiqatçılarına istinad edən müəllif qeyd edir ki, Zərdüşt dininin ilk ruhaniləri olmuş "muğ"lar Mad hökuməti torpaqlarında yaşamış xüsusi bir tayfa - el olmuşdur. Odu qoruyub saxlamaq onların ən mühüm ictimai vəzifəsi imiş. "Odu qoruyanlar" anlamında olan At (od) + ər + pat bir tayfa imiş. Müəllif bildirir ki, e.ə. IV əsrdə kiçik Madın satrapı olan Atropat Atropat elindən olduğu və dini rəhbərlik vəzifəsini daşıdığı üçün bu adla adlanmışdır, yəni "Atropat" onun əsl öz adı yox, daşıdığı müqəddəs vəzifənin adı olmusdur. Daha sonra məqalədə haqlı olaraq qeyd olunur ki, "Atropat" adı satrap Atropatdan çox-çox əvvəl, Azərbaycanın o zamankı xalqları, ellərindən biri olmuş və eyni zamanda o zamankı Azərbaycanda müqəddəs ad sayılmışdır. Əsərdə dəyərli tədqiqatçı Firudin İbrahiminin məşhur dilçi, akademik Marın fikrinə istinad edərək yazdığı, "Atropat Azərbaycan millətinin babalarına mənsub olan böyük tayfalardan birinin adı idi və bu kəlmə iki hisssədən ibarətdir: birisi "Atr" (od mənasında), o birisi isə "pat" (mühafizə edən). Beləliklə, "Atropat" od mühafizəsi deməkdir "fikrinə də önəm verilir və bildirilir ki, M.Zehtabinin fikrincə bu ad Ərəb istilasından sonra ərəbləşdirilərək, "Azərbaycan" şəklinə düşmüş və daha sonralar farslar, azərbaycanlıların özləri bu kəlməni "Azərbaycan" ya "Azərbayqan" şəklində işlətmişlər.
Ümumiyyətlə desək, M.T.Zehtabinin İran türklərinin bu coğrafiyanın köklü sakinləri olduğu və Azərbaycan ərazisində miladdan əvvəlki əsrlərdə mövcud olmuş dövlətlərdə, xüsusilə, Atropatendə türk etnosunun aparıcı rol oynadığı barədə gəldiyi nəticələr müasir İran tədqiqatçıları tərəfindən birmənalı qarşılanmamışdır.
Nəticə olaraq demək olar ki, bu dəyərli əsərdə E.Mədətli qədim dövrlərdən başlamış orta əsrlər, yeni dövr və çağdaş tariximizdə baş vermiş tarixi proseslərə doğru, düzgün mənbələr əsasında münasibət bildirib, fikirlər söyləyib. Xüsusilə, nəzərə alsaq ki, tədqiqata cəlb olunan məsələlərin hər biri Azərbaycan xalqının milli-mənəvi dəyərləri, etnogenezisi, dövlətçilik tarixi və s. olaraq, şovinist İran tədqiqatçıları tərəfindən saxtalaşdırmaya məruz qalıb. Lakin tədqiqatçı ciddi elmi əsərlərdən, müxtəlif tarixi mənbələrdən bacarıqla istifadə etməklə, tariximizin saxtalaşdırılmağa cəhd edilən dövrlərini yeni bir baxışla araşdırmış və hesab edirəm ki, tarixə və tarixşünaslığa dair bir sıra məsələlərə aydınlıq gətirib.

525.az/news