11.10.2022, 09:02

“Aldanmış kəvakib” əsərində M.F.Axundzadənin ədalətli cəmiyyət haqqında düşüncələri


Əli İbrahimov,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Axundzadə Mirzə Fətəli (1812-1878) Azərbaycan ictimai-siyasi fikir tarixində həm filosof, milli dramaturgiyanın və materialist estetik fikrin banisi, ictimai xadim, maarifçi, həm də Azərbaycan yazıçısı kimi zəngin dünyagörüşə malik mütəfəkkirdir. XVIII əsr fransız materialistlərinin, Kant, Hegel, Spinoza kimi filosofların əsərləri ilə tanış olmuş, Darvin Çarlz Robert (1809-1882), Şleydenn, Şvann, Spinoza və digər filosoflardan öyrənmişdir. Böyük mütəfəkkirin ideya irsi şeirləri, xüsusən “A.S.Puşkinin ölümü haqqında Şərq poeması”, 6 komediyası, “Hindistan şahzadəsi Kəmalüddövlənin öz dostu İran şahzadəsi Cəlalüddövləyə yazdığı üç məktubu və Cəlalüddövlənin ona göndərdiyi cavab” fəlsəfi traktatı (elmi əsər) və “Aldanmış kəvakib” povestindən ibarətdir.
Mütəfəkkirin 1857-ci ildə yazdığı və bu gün də öz aktuallığını qoruyub saxlayan “Aldanmış kəvakib” povesti qabaqcıl ideya məzmunu, siyasi kəskinliyi, demokratizm və maarifçilik ideyalarının yayılmasında, feodal mütləqiyyəti ilə mübarizədə müstəsna rol oynamış və oynamaqdadır. Bir maarifçi olaraq M.F.Axundzadə də cəmiyyətin əxlaq, siyasət və məişətini xeyirxahlıq, ədalət ideyalarının, elmi biliklərin yayılması yolu ilə dəyişdirməyə çalışanlardan olmuşdur. Aydındır ki, maarifçiliyin əsasında cəmiyyətin inkişafında şüurun həlledici rolu haqqında idealist təsəvvür ictimai qüsurları insanların cəhaləti, öz xüsusi təbiətlərinin başa düşməməsi ilə izah etmək istəyi qərar tutmuşdur. Lakin maarifçilər inkişafın iqtisadi şərtlərinin həlledici əhəmiyyətini nəzərə almır və buna görə də cəmiyyətin obyektiv inkişaf qanunlarını kəşf edə bilmirdilər. Onlar öz təbliğatlarını cəmiyyətin bütün sinif və təbəqələrinə, başlıcası isə varlı siniflərə doğru yönəltmişdilər. Burjua inqilablarının hazırlanması dövründə yayılması, burjua və xırda burjua ideologiyasını ifadə etmələri barədə bizə çox şey məlumdur. M.F.Axundzadə də maarifçiliyin təsiri ilə həm Qərbi Avropa, həm də Rusiya imperiyası tərkibinə daxil olan Şərq xalqlarının nümayəndələri sırasında bir azərbaycanlı ziyalı idi. M.F.Axundzadə “Aldanmış kəvakib”də (1857) uydurulmuş və çox vaxt durğun sosial idealın təcəssümü olan bir cəmiyyətin təsviri ilə əslində elmi cəhətdən əsaslandırılmamış bir sosial layihədə sosial quruluşun bir sıra cəhətlərini əks etdirən məsələlərə toxunmuşdur. Biz onun utopiya kontekstində mövcud cəmiyyətin bilavasitə və ya dolayısı ilə tənqidinə, bu quruluşun nöqsanlarını digər sosial-siyasi idealların həyata keçirilməsi yolu ilə düzəltmək cəhdinə təsadüf edirik. Əldə olan faktlar və sənədlər mütəfəkkirin, İran tarixi ilə xüsusən I Şah Abbas dövrü ilə maraqlandığını, bu dövrə aid çoxlu əsərlər oxuduğunu, o cümlədən İsgəndər Münşinin Şah Abbas dövrünün təsvirini verən “Tarixi aləm-arayi-Abbasi” əsərini mütaliə etdiyini göstərməkdədir. Mütəfəkkir İ.Münşinin təsvir etdiyi hadisəyə yeni məna, yeni ideya istiqaməti vermiş, onu yeni ictimai-siyasi məzmunla zənginləşdirmişdir. M.F.Axundzadə öz demokratik-maarifçi ideyalarına sığınaraq bu hadisənin müəyyən yerlərini atmış, müəyyən yerlərdə öz boyalarını qəsdən tündləşdirmiş, müəyyən yerləri genişləndirmiş və dərinləşdirmişdir. Böyük mütəfəkkir təsvir etdiyi tarixi hadisəyə öz zamanının möhürünü vurmuş, onu müasirləşdirmişdir. Odur ki, “Aldanmış kəvakib” məzmununa görə tarixi, ideyasına, ictimai ruhuna görə tamamilə müasir bir əsərdir. Axundzadə yaşadığı dövrün zalım hökmdarlarından, ədalətsiz qanunlarından, əsarət və özbaşınalığından, cəhalət və nadanlığından tarixin dili ilə danışmışdır, yaşadığı dövrü tarix aynasında əks etdirmişdir. “Came-cəm” (əfsanəvi İran şahı Cəmşidin qədəhi) əsərinin mütərcimi Fərhad Mirzə Məkkə ziyarətinə gedərkən Tiflisdə Mirzə Fətəlidən soruşmuşdu ki, “Tarixi-aləm-arada” Yusif Sərracın nağılı o qədər müfəssəl deyildir ki, sən yazmışsan, nə üçün o əhvalatı bu qədər artırıb uzatmışsan?”
Cavabında Mirzə Fətəli demişdir: “Şahzadə, mən məgər tarix yazmışam ki, hər nə ki, olmuş onu yazım? Mən bir kiçik məsələni əldə bəhanə edib öz fikrimdə onu genişləndirmişəm. O zamanın nazirlərinin və dövlət başçılarının ağılsızlığını ifşa etmişəm ki, gələcək nəsillər üçün ibrət olsun. Qoy onlar bir daha axmaq münəccimlərin sözlərinə və xəbərlərinə inanmasınlar və özlərini o cür hərəkətlərlə xarici millətlərin məsxərəsinə hədəf etməsinlər. Bu kimi əsərlərə roman deyilir (2, səh.247).
“Aldanmış kəvakib”də Axundzadə çox maraqlı bir süjet qurmuş, zəngin surətlər sərgisi yaratmışdır. Müəllif Şah Abbasdan tutmuş adi saray xadimlərinə qədər bütün dövlət nümayəndələrini özünəməxsus satirik boyalarla canlandırmışdır. Münəccimbaşı (nücum elmi, astroloq, astronomiya ilə məşğul olan) Mirzə Sədrəddinin Mərrixlə (Mars) Əqrəbin – 2 göy cisminin bir-biri ilə toqquşacağı, bundan İran torpağı üzərində böyük bir bədbəxtlik, fəlakətin, taxtda oturan hökmdara müsibət üz verəcəyi barədə xəbər Şah Abbası qorxuya salır. Bundan nicat yolunun axtarması ilə bağlı sarayın vəzifəcə yüksək, Şaha ən yaxın adamlarının məşvərət məclisinə çağırılması bir məqsəd daşıyır. “Bu bəlanın sovuşması ilə əlaqədar tədbir görmək, əncam çəkmək”. Məlum olur ki, vəzir Mirzə Möhsün, Sərdar (baş komandan) Zaman xan, müstövfi (maliyyə işinə baxan xidmətçi) Mirzə Yəhya və mollabaşı Axund Səməd şah tərəfindən vəzifəyə təyin olunmuş ən çirkin, rəzil, rüşvətxor, xain, xalqın müsibətli günlərinin günahkarlarıdır. Bunların tədbir görməkdən yayınıb özlərini tərifləyib xidmətlərini sadalamalarının ontologiyasında vətənə xəyanət, xalqı aldatmaq, rüşvətə şərait yaratmaq, ədalətli insanın kökünü kəsmək, mərdi namərdə çevirmək, həqiqəti yalanlaşdırmaq kimi saxta yollarla yalnız özlərini düşünmək, M.Ə.Sabir demişkən “mən salim olum, cümlə-cahan batsa da batsın” fəlsəfəsi ilə yaşamaq eşqi var. Cəmiyyətdə saysız-hesabsız cinayətlərin baş alıb getməsi, xalqın acınacaqlı vəziyyətə düşmək barədə nə şahın, nə də onun böyük vəzifələrə təyin etdiyi xidmətçilərin xəbərləri yoxdur. Xaotik bir vəziyyətə düşən belə bir cəmiyyətdə dərəbəylik, çapqınçılıq, talançılıq, həddi aşmaq, xalqı qırğına vermək halları o qədər kəskinləşir ki, bundan boğaza yığılan xalqın yeganə əlacı üsyana qalxmaq, mübarizə aparmağın yollarını arayıb axtarmaq olur. Əsərin 1-ci hissəsi ilə bağlı bu deyilənlərin tam əksini 2-ci hissədə biz mollabaşı axund Səmədin qərəzli təklifi ilə Qəzvində yaşayan Yusif Sərrac adlı bir yəhər düzəldənin şah qismində səltənətə layiq görülməsidir. Əsas hədəf gözlənilən bəladan Yusif Sərracın məhv olub aradan götürülməsini təmin etməkdir. Yusif Sərracın simasında biz müəllifin mütərəqqi fikirlərini, maarifçilik və demokratik ideyalarını, dövlət quruluşuna, dinə baxışının bariz nümunəsini görürük. Gözlənilmədən səltənət başına keçmək və İran taxtına sahib olmaq Yusif Sərracı nə qədər sarsıtsa da, o biri tərəfdən sevindirir. Yusif Sərracın islahatları, arzu, niyyətləri ilə bağlı xalqa daha çox yaxın olması, inzibati (nizam-intizama riayət etmə) islahatlarla bağlı tədbirlər görməsi qısa bir vaxt ərzində onun nüfuz və hörmətinin xalq arasında geniş vüsət tapmasına səbəb olur. Müqayisəli təhlillər aparanda biz bütün parametrlər üzrə Yusif Sərracın Şah Abbasdan üstünlüyünü görürük. Şah Abbas özünü hakimi-mütləq, xalqın ağası hesab etdiyi halda, Yusif sərrac özünü xalqın sadiq və fədakar xadimi sayır, həyatını xalqın xoşbəxtliyi uğrunda mübarizəyə həsr edir. Yusif Sərracın humanist tədbirləri və islahatları dövlət, xalq qanunlarına söykənir. Burada riyakarlıq, yalan, saxtakarlıq, rüşvət, qeyri-insani hərəkətlər, kimisə aşağılamaq, vəzifədən sui-istifadə halları yoxdur. Çünki Yusif Sərrac bütün vilayətlərə mötəbər baxıcılar təyin edir ki, vilayətlərin vəziyyətindən və xalqın məişətindən xəbərdar olsunlar, ona düzgün məlumat versinlər. Vilayət hakimlərinə xalq ilə yaxşı rəftar etməyi bir vəzifə olaraq tapşıran Yusif sərrac təyin etdiyi baxıcılara deyir: “Hakimi-vilayətlərə mənim tərəfimdən elan edərsiniz ki, ... nahaq iş tutmasınlar, xalqı talayıb dağıtmasınlar, rüşvət almasınlar, yəqin bilsinlər ki, bu növ hərəkət axırda onların özlərinin bədbəxtliyinə və fəlakətinə bais olar” (3, s.254, 2-ci abzas).
Böyük mütəfəkkirin ömrünün sonuna kimi xalqın lehinə, zəhmətkeşlərin mənafeyinə uyğun düşündüklərini qəhrəmanı, proobrazı Yusif Sərracın timsalında ümumiləşdirilmiş şəkildə bəyan etməsi səbəbsiz deyildir. O, ömrünü yaşadığı illərdə macal tapıb reallaşdıra bilmədiyi bir çox ideyaları “Aldanmış kəvakib” povestində Yusif Sərracın keçirdiyi islahatların kontekstində bütün detalları ilə əks etdirmişdir. Axmaq vəzirlər tərəfindən dağıdılmış yollar və körpülərin təmir olunması, lazımı yerlərdə karvansarayların, hər vilayətdə xəstəxanalar, mədrəsələr açılması, susuz yerlərə suyun çıxarılması, dullara, yetimlərə və şikəstlərə yardım edilməsi, himayə göstərilməsi, ruhanilər tərəfindən xalqın boynuna yüklənmiş dini vergilərin: xüms, zəkat, imam malı, “payəndaz” (peşkəş, hədiyyə, bəxşiş) və sairənin ortadan qaldırılması barədə əmrlər verməsi ilə Yusif Sərracın xeyirxah niyyətləri başa çatmır. O, xalqın şikayətinə baxmağı və ona kömək etməyi öz işçilərinə tapşırmaqla yanaşı, bahalıq olduğu üçün yoxsullara padşahlıq anbarından buğdanın buraxılması ilə yardım göstərilməsini əmr edir. Beləliklə, Yusif Sərracın misli görülməmiş dərəcədə geniş bir islahat planı ilə meydana atılması ona düşmən kəsilənlərin də sayını artırır. M.F.Axundzadə Yusif Sərrac dəsti xəttində iki mühüm cəhəti xüsusi qabartmağı istəmişdir. Birincisi, Yusif Sərracın müvəqqəti də olsa hakimiyyət başına gətirilməsi ilə zahirən möhkəm görünən feodal monarxiyasının və istibdadın (zülm, mütləqiyyət) daxilən çürük, puç olduğunu nümayiş etdirmək, ikincisi, Axundzadə səltənət başına gətirdiyi adamın aşağı təbəqələrdən, yoxsul və zəhmətkeş kütlələr içərisindən seçilib xalqın öz müqəddəratını müstəqil həll etməyə qadir olduğunu, öz işlərini hər cür şöhrətli, rütbəli şah və hökmdardan daha yaxşı idarə etmək bacarığına malik olduğunu nəzərə çatdırmaq məqsədi güdmüşdür. XIX əsrin 50-ci illərinin məhsulu olan “Aldanmış kəvakib”də M.F.Axundzadə hələ hakimiyyətdəki ədalətsizliklərin sülh yolu ilə aradan qaldırıla biləcəyinə inandığı üçün bu cəhətdən onun öz sələfləri arasında tam uyğunluq vardır. Ağıllı, ədalətli hökmdar surəti yaratmaqla Axundzadə öz böyük sələfləri Nizami və Füzulinin, N.Tusinin bu sahədəki gözəl ənənəsini böyük mütəfəkkir kimi davam etdirmişdir. Lakin qeyd edilməlidir ki, Mirzə Fətəlinin proobrazı olan müsbət qəhrəmanı əsrinin tələblərinə uyğun olaraq siyasi, iqtisadi, maliyyə, maarif, ədliyyə və s. sahələrdə keçirməyə başladığı islahatlarla Nizami, Füzuli kimi orta əsr klassik sənətkarların və XVIII və XIX əsrlərdə yaşamış utopik sosialistlərin irəli sürmüş olduğu ictimai idealları daha yüksək bir səviyyəyə qaldırmışdır. XIX əsrdə tərəqqipərvər, inqilabi hadisələrin təsiri ilə Axundzadənin siyasi-ictimai görüşləri sürətlə inkişaf edərək, 70-ci illərdə inqilabi-demokratik ideyalara yaxınlaşdı. Bu zamanlar böyük mütəfəkkir ədalətsiz cəmiyyəti ağıllı, bacarıqlı, adil, aqil şəxsiyyətlərin əli ilə düzəltməyin, yeniləşdirməyin mümkün ola biləcəyinə inanırdı. Bu barədə o yazırdı: “Kaş elə bir şəxs olardı ki, bizi bu vəziyyətdən azad edəydi, lakin bu şəxs mənim təbiətimə zidd olan peyğəmbərlik, imamlıq yolu ilə deyil, filosofluq, alimlik yolu ilə meydana gələydi (3, s.121).
Azadlıq haqqında uzun illərin düşüncələri, ictimai islahat haqqında təbliğatının heç bir nəticə vermədiyini çox gözəl anlayan mütəfəkkir ən nəhayət, belə bir nəticəyə gəlir ki, islahatçılıq, maarifpərvərlik və s. yollarla heç bir qabaqcıl tarixi şəxsiyyət xalqa həqiqi azadlıq verə bilməz. Bunun üçün cəmiyyətdə əsaslı inqilabi dəyişiklik yaradılmalıdır.
Ədəbiyyat
1. Fəlsəfə. Ensiklopedik lüğəti “Azərbaycan Ensiklopediyası” nəşriyyat-poliqrafiya birliyi, Bakı, 1997, 520 səhifə
2. M.F.Axundov əsərləri, III cild, Bakı, 1955
3. Azərbaycan ədəbiyyatı tarixi 3 cilddə, II cild, Bakı, 1960
4. Ərəb və fars sözləri lüğəti, Bakı, Yazıçı, 1985, 1033 səhifə