30.09.2022, 08:24 - Baxış sayı: 182

“İnformasiya müharibəsi müstəvisində Azərbaycanın postkonflikt dövrü: inkişaf və tendensiyalar” mövzusunda seminar keçirilmişdir


“İnformasiya müharibəsi müstəvisində Azərbaycanın postkonflikt dövrü: inkişaf və tendensiyalar” mövzusunda seminar keçirilmişdirAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosioloji problemləri” şöbəsində 28 sentyabr 2022-ci il tarixində k.e.i Kamran Məmmədovun “İnformasiya müharibəsi müstəvisində Azərbaycanın postkonflikt dövrü: inkişaf və tendensiyalar” mövzusunda seminarı keçirilmişdir.
Seminarı f.ü.f.d. Səbirə İskəndərova açaraq sözü məruzəçi Kamran Məmmədova vermişdir. Tədqiqatçı informasiya cəmiyyətinin çağırışları fonunda informasiya müharibələrinin müasir dövrümüzün əsas reallıqlarından birinə çevrildiyini söyləyərək, bu reallıqların ilk növbədə XX əsrin ortalarından informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə start götürmüş elmi texniki inqilablarla əlaqələndirmişdir.Artıq informasiya texnologiyalarının inkişafı ilə əlaqədar daha asan əldə edilən informasiya dövlətin və cəmiyyətin özünü ifadə etməsi baxımından ideal ola bilən vasitə hesab olunur. Yerləşdiyi ərazi və ya coğrafi strateji mövqeyi, təbii resursları və sərvətləri, eyni zamanda Ermənistanın təcavüzkar siyasəti Azərbaycanı müstəqillik qazandıqdan sonra böyük dövlətlərin informasiya müharibəsinin hədəfində olan məkana çevirmişdir. Azərbaycanın I Qarabağ müharibəsindən sonra informasiya müharibəsinə hazırlığını təmin edəcək istiqamətdə hüquqi, siyasi, sosial-iqtisadi, elmi-texniki, ordu quruculuğu sahəsində aparılan islahatların təhlili sübut edir ki, bu islahatlar Azərbaycanın Vətən müharibəsində uğurlu nəticələrinin təməlini təşkil edir.Tədqiqatçı eyni zamanda İkinci Qarabağ müharibəsi zaman Milli Ordumuzun hərbi manevrlərini, cəbhənin müxtəlif istiqamətlərində bu manevrlərin əlaqələndirilməsini müasir informasiya müharibəsinin tələbləri baxımından təhlil edərək Cəbrayıl, Hadrud qəsəbəsi, Füzuli, Zəngilan, Qubadlı, xüsusən də Şuşanın işğaldan azad olunmasının əhəmiyyətindən danışmışdır. Ermənistanın işğal altında saxladığı ərazilərdə məqsədli şəkildə törətdiyi dağıntılar, düşmən silahlı qüvvələrinin Azərbaycanın strateji əhəmiyyətli obyektlərini vurmaq cəhdləri, Cenevrə konvensiyalarına zidd olaraq mülki əhalini ağır silahlardan, kasetli, fosforlu bomba və raketlərdən atəşə tutması, azad edilmiş ərazilərdə mina təhlükəsi və s. bu kimi faktların və gizlədilən cinayət əməllərinin araşdırılaraq dünya ictimaiyyətinə çatdırılması, eyni zamanda beynəlxalq məhkəmələrə göndərilməsi postkonflikt dövründə informasiya müharibəsinin aparılma istiqamətlərini təşkil edir.Seminarda f.ü.f.d Məhəmməd Cəbrayılov, f.ü.f.d. Xanım Mustafayeva, aparıcı elmi işçi f.ü.f.d. Firuzə Əliyeva, böyük elmi işçi, f.ü.f.d. Səbirə İskəndərova, elmi işçilər Yeganə Bağırova, Humay Eminova, İlhamə Hüseynova, kiçik elmi işçilər Kamran Məmmədov, Elxan Quliyev, Zümrüd Hüseynova, böyük laborant Şəms Qasımova mövzu ilə bağlı məruzəçiyə suallar vermiş, çıxışlar ətrafında müzakirələr aparılmışdır.Yekunda seminar iştirakçıları tərəfindən məruzəçinin çıxışı yüksək qiymətləndirilmişdir.