02.02.2018, 19:57 - Baxış sayı: 1209

Müstəqilliyin son on beş ili və AMEA-nın Fəlsəfə İnstitutunun əsas inkişaf prioritetləri


İlham MƏMMƏDZADƏ
AMEA-nın Fəlsəfə İnstitutunun direktoru

2018-ci ilin oktyabr ayının 15-də cənab İlham Əliyevin prezidentliyinin 15 illiyi tamam olur və elə bu il Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Şübhəsiz ki, əvvəlki illərdə olduğu kimi, seçkilərin dermokratikliyi təmin ediləcək. Ölkənin və Elmlər Akademiyasının filosoflarının bu ümid və gözləntiləri, əsasən bir çox hallarda digər vətəndaşlarda olduğu kimidir, amma onların müəyyən özgünlüyü də vardır və məqaləmizdə məhz bu haqda bəhs etmək istərdik. İlk növbədə, vurğulamaq lazımdır ki, Azərbaycan bu illər ərzində nəzərəçarpacaq dərəcədə, əsaslı surətdə dəyişib. Bu transformasiya ayrıca fərdin şüurundan başlayaraq iqtisadiyyat və siyasət, ideologiya, beynəlxalq münasibətlər və mədəniyyətə qədər bütün sahələrdə pozitiv, sistemli dəyişikliklərə səbəb olmuş islahatların nəticəsidir. Həmin proseslərdə elmimiz də xüsusi rol oynayır və ölkədə elm sahəsində ciddi islahatlar aparılır.

Bu dəyişikliklər bilavasitə Prezident İlham Əliyevin Azərbaycanın dərin və əsaslı modernləşdirilməsi, dövlət başçısının dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil edilməsinə yönəlmiş siyasəti ilə bağlıdır. Əlbəttə, bu, olduqca çətin vəzifədir. Əgər bizi əhatə edən və əsasən, iqtisadi böhran, müharibə, münaqişə, toqquşma və çəkişmələrin baş verdiyi ölkələrin vəziyyətinə diqqət yetirsək, bu vəzifənin nə qədər çətin olduğunu anlaya bilərik. Üstəlik, dünyanın inkişaf etmiş ölkələrinin dairəsi qapalıdır və yeni dövlətləri qəbul etmək niyyətində deyil, orada daha çox başqalarının üzərində hakim, olmaq səyləri, bazarlar uğrunda kəskin rəqabət, şüur, nəqliyyat kommunikasiyaları, maliyyə axınları və s. üzərində nəzarətin olduğu şübhəsizdir. Bundan başqa, həm dünyada, həm ölkədə ictimai şüur da, bir qayda olaraq, öz stereotiplərinə alışır və kəskin dəyişikliklərə meyilli deyil.
Prezidentliyinin ilk günündən cənab İlham Əliyev ölkənin müasirləşdirilməsi prosesinin nə qədər mürəkkəb, çoxcəhətli və uzunmüddətli olduğunu bilirdi. Azərbaycan vətəndaşları öz Prezidentini elliklə dəstəklədilər. Onların inamının səbəbi, şübhəsiz, İlham Əliyevin bir çox aşkar və qeyri-aşkar tellərlə unudulmaz Heydər Əliyevlə bağlı olmasında idi. Bu etimad həm də Prezidentin öz məqsədlərindən sirr etməməsi və azərbaycanlıların Prezidentin məqsədinin onların mənafeyini qorumaqdan ibarət olduğunu anlaya və qəbul edə bilməsi ilə şərtləndirilirdi. Dövlət başçısı İlham Əliyevin modernləşmə xətti dərindən düşünülmüş və neft-qaz aspektini, maliyyə siyasətini, informasiya və nəqliyyat kommunikasiyalarının, turizm, “qeyri-neft” sahəsi və kənd təsərrüfatının inkişafını ehtiva edən iqtisadi siyasətdən ibarətdir. Özü də iqtisadi siyasət, öz növbəsində, ayrı-ayrı mərhələlərə bölünüb və onlardan hər birinin öz prioritetləri, perspektiv və konkret məqsədləri vardır.
Modernləşmə xəttinin, əslində, siyasi aspekti də vardır. Cənab İlham Əliyev prezidentliyinin ilk günlərindən Azərbaycanda güclü dövlət və ordu yaradılacağına əsaslanırdı. Və məsələ yalnız ölkənin təcavüzkar qonşusu ilə münaqişədə bulunduğunda, geosiyasi rəqibləri ilə əhatə edildiyində və buna görə də müasir ordunun və deməli, güclü dövlətin zəruri olduğunda deyil, həm də iqtisadi inkişafın ictimai şüurun müasirləşdirilməsini və deməli, özünün maarifçilik idealları ilə birləşmiş kursuna əmin olan dövləti nəzərdə tutmasındadır. Lakin dövlətin gücü təkcə inkişaf etmiş iqtisadiyyatın, həm də varlı orta sinfin, idarəetmə institutlarının, müasir təhsil almış milli elitaların və nəhayət, vətəndaşların cəmiyyətdə, demokratik iştirakının, müvafiq siyasi mədəniyyətin mövcud olmasındadır. XVIII və XIX əsrlərdə Avropadakı modernləşmələrdə, XX əsrdə Yaponiya, Almaniya, Çin və s. ölkələrdəki müasirləşmələrdə bu belə idi.
Təbii ki, bu cür hərtərəfli iqtisadi və siyasi modernləşmə vətəndaşların şüurunun dəyişməsi ilə, maarifçilik və mədəniyyət sahəsində ciddi siyasətlə bağlı sosiomədəni müasirləşməni də nəzərdə tutur. Aydındır ki, belə bir böyük, daha doğrusu, möhtəşəm modernləşmə layihəsi tamamilə ona həsr olunmuş ayrıca araşdırmalar aparılmasına layiqdir, lakin bu yazıda bizi onun bir qədər başqa aspekti maraqlandırır. Belə müasirləşmə layihəsi fəlsəfi məna və məzmunla zəngindir və ölkədə, ilk növbədə, Azərbaycan Elmlər Akademiyasında fəlsəfənin, ictimai elmlərin inkişafına ciddi təsir göstərməyə bilməz və göstərmişdir. Bunu o da təsdiq edir ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2016-cı il Multikulturalizm ili, 2017-ci il İslam həmrəyliyi, 2018-ci il isə Azərbaycan Demokratik Respublikasının 100 illiyi ili elan edilib. Bütün bu mövzular Prezidentin cəmiyyətə ünvanlanmış fəlsəfi, maarifçilik və elmi mesajını aşkar surətdə açıb göstərir.

Tarixi və statistik məlumatlar
Azərbaycan Elmlər Akademiyası sistemində Fəlsəfə bölməsi hələ 1945-ci ildən fəaliyyət göstərməyə başlamış və nəhayət, AMEA-nın Fəlsəfə İnstitutu olaraq o, 2016-cı ilin iyul ayının 18-də Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə yaradılmışdır. Aydındır ki, modernləşmə dövründə bir çox şeylər elmin, o cümlədən ictimai elmlərin və ilk növbədə, fəlsəfənin inkişafından asılıdır. Məhz fəlsəfə insan kapitalı və ictimai şüur problemlərinin, mədəniyyət, etika və s. malik modernləşən cəmiyyətin özgünlüyünün, ideoloji şüurun dərk edilməsi və mahiyyətinin açıb göstərilməsi ilə bilavasitə məşğuldur. Onda metodologiya məsələlərinin, cəmiyyət və fərdin, onların qarşılıqlı təsiri və qarşılıqlı əlaqələrinin öyrənilməsi, sosioloji, məntiqi və digər verifikasiya araşdırma metodlarının bir-biri ilə uzlaşdırılması, bu biliklərin cəmiyyətin maarifləndirilməsi üçün istifadə olunması üsullarının axtarışı və tədqiqi mühüm yer tutur.
Məlumat üçün bildirək ki, İnstitutda 26 elmlər doktoru və 67 fəlsəfə doktoru çalışır. Son 10 il ərzində fəlsəfə, sosiologiya və sosial psixologiya üzrə 200-dən çox monoqrafiya və kitab, xeyli sayda dərs vəsaiti, ensiklopediyalar, özü də onlardan 20-dən çoxu xaricdə çap olunmuşdur. Həmin kitab və monoqrafiyalar arasında Rusiyanın tanınmış nəşriyyatı tərəfindən çap edilmiş yalnız bəzilərinin adlarını çəkmək istərdik, məsələn: Rusiya, Bolqarıstan və Qazaxıstanın görkəmli filosofları ilə birgə hazırlanmış “Dialoq kulğtur: soüialğnıe, politiçeskie i üennostnıe aspektı” M. “KANON”, 2015; “Kulğtura dialoqa kulğtur. Postanovka i qrani problemı”, M. “KANON”, 2016, (rus dilində “Mədəniyyətlərin Dialoqu: Sosial, siyasi və dəyəri aspektləri” M. “KANON”, 2015; “Mədəniyyətlərin dialoqu mədəniyyəti. Problemin qoyuluşu və aspektləri”, M. “KANON”, 2016 ). Türkiyədə və Almaniyada xeyli kitab nəşr olunub. Bizim ölkədə çap olunmuş çoxsaylı əsərlərin yalnız bəzilərini göstərək: “Çetko-neçetkoe postijenie loqiki bıtiə” (Baku, 2017) - “Varlığın məntiqinin səlis-qeyri-səlis dərk olunması” (Bakı, 2017), “Novıe paradiqmı moderniziruöheqosə obhestva” (Baku, 2017) - “Modernləşən cəmiyyətin yeni paradiqmaları” (Bakı, 2017), “O filosofii” (Baku, 2011) - “Fəlsəfə haqqında” (Bakı, 2011), “Ehe raz o filosofii” (Baku, 2012) - “Bir daha fəlsəfə haqqında” (Bakı, 2012), “Reliqioznıy radikalizm: istoriə, priçinı i posledstviə” (Baku, 2016) - “Dini radikalizmin: tarixi, səbəbləri və nəticələri” (Bakı, 2016), “Obhestvenno-politiçeskie vzqlədı Mirza Balı Maxammadzade” (Baku, 2017) - “Mirzə Bala Məhəmmədzadənin ictimai-siyasi baxışları” (Bakı, 2017) və s. Təkcə son 5 ildə 1500-dən çox məqalə - onlardan 346-sı xaricdə, 25-i isə ən nüfuzlu impakt-faktorlu jurnallarda - çap olunub və bu işlərin sitat indeksi kifayət qədər yüksəkdir (446 sitat gətirmələri).
Qeyd edək ki, Fəlsəfə İnstitutunun əsərləri Rusiyanın “Voprosı filosofii” (“Filosof v kulğture” yazısında, səh. 165-175, №10, 2013) kimi məşhur jurnallarda, 2012-ci ildə Rusiyanın “Kulğtura” Dövlət televiziyası kanalında müsbət qiymətləndirilib. Yeri gəlmişkən, İnstitutun ayrı-ayrı əməkdaşları Rusiyanın “Voprosı filosofii”, “Filosofskiy jurnal”, “Vestnik MQU” və s. kimi fəlsəfə dünyasında məşhur jurnallarının redaksiya heyətinin üzvüdürlər. İnstitutda həmçinin iki jurnal “Problemı vostoçnoy filosofii” (“Şərq fəlsəfəsi problemləri”) və “Elmi əsərlər” nəşr olunur. Avropa, Amerika, Türkiyə və Rusiyanın tanınmış filosofları onların beynəlxalq redaksiya heyətinin üzvləridir, jurnallarda isə Rusiya Elmlər Akademiyasının akademiki A.A.Hüseynov, dünyaca məşhur filosoflar N.V.Motroşilova, T.Rokmor və bir çox başqalarının əsərləri müntəzəm olaraq dərc olunur.
İnstitutun Avropa universitetləri ilə də çoxşaxəli beynəlxalq əlaqələri vardır: Genuyanın, Venesiyanın “Ka Foskari”, (İtaliya), Fransanın Sorbonna, Nitsanın “Sofiya Antipolis” universitetləri, Rusiya Elmlər Akademiyasının (REA) Fəlsəfə İnstitutu ilə və s. REA Fəlsəfə İnstitutu Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin və Fondun vitse-prezidenti Leyla Əliyevanın köməyi ilə “Əliyev Mütaliələri”nin himayəsi altında “Mədəniyyətlərin Dialoqu” problemlərinə həsr edilmiş beş kitab nəşr etdirmişdir. Və onu da qeyd edək ki, İnstitut həm ölkədə, həm də xaricdə ən müsbət rəylər almış beynəlxalq konfranslar keçirir. Belə ki, İnstitutun əməkdaşları respublikada keçirilmiş beş Beynəlxalq Humanitar Forumu, “Mədəniyyətlərin Dialoqu” üzrə iki Forumda və s. fəal iştirak etmişlər. Təkcə son illər ərzində bizim təşəbbüsümüzlə həm ölkədə, həm də xaricdə multikulturalizm, islam həmrəyliyi mövzusunda beynəlxalq konfranslar keçirilmişdir: Venesiyanın “Foskari Ka” Universitetində (2015-ci il, oktyabr) multikulturalizm üzrə, Genuya Universitetində Azərbaycan və İtaliya fəlsəfəsinin qarşılıqlı təsir problemləri üzrə, İtaliya və Azərbaycan Respublikaları arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş, Fransanın “Sofiya Antipolis” Universitetində multikulturalizm üzrə (noyabr, 2017-ci il) və s. konfranslar. Bu konfranslar barədə məlumatlar Fransa və İtaliya mətbuatında dərc olunub, həmçinin konfransların materialları nəşr edilib. İnstitutun əməkdaşları bir çox beynəlxalq və respublika konfranslarında məruzələrlə çıxış ediblər, bütün regionlarda, ölkənin universitetlərində mühazirələr oxuyublar, onların “Elmi şura”larının üzvüdürlər və s. Təkcə son 5 il ərzində onlar müasir fəlsəfə, sosiologiya və sosial psixologiyanın aktual problemlərinin araşdırılması üçün 12 qrant alıblar.
Hazırda İnstitutda 14 elmi şöbə fəaliyyət göstərir, onlardan “Heydər Əliyevin Siyasi İrsi və Azərbaycançılıq İdeologiyası”, “Məntiq”, “Multikulturalizm və Tolerantlıq Fəlsəfəsi “, “İslam Fəlsəfəsi” və “Davamlı İnkişaf Fəlsəfəsi” şöbələri yalnız son ildə yaradılmışdır. Bununla belə, təbii ki, inkişaf prosesi təkcə yeni şöbələrdə deyil, həm də klassik fəlsəfə mövzu və istiqamətləri, yeni yanaşma və paradiqmalar üzrə həyata keçirilir.

Azərbaycan fəlsəfə tarixi haqqında bəzi düşüncələr
Ötən illər ərzində İnstitutda fəlsəfə tarixi Azərbaycan fəlsəfəsinin əsas istiqamətlərindən biri sayılırdı. Əlbəttə, fəlsəfə tarixi fəlsəfənin ayrılmaz hissəsidir. Amma onu da etiraf etmək lazımdır ki, müasir fəlsəfədə fəlsəfə tarixi xüsusunda müəyyən skeptisizm mövcuddur (bunu daha “yumşaq formada” R.Rorti ifadə edib), buna görə də fəlsəfə, məntiq və mədəniyyət olaraq fəlsəfə tarixi problemlərinin nədən ibarət olduğu üzərində düşünmək lazımdır. Lakin bu, bizim fəlsəfə tarixçiləri və filosoflarımızın üzərində düşündüklərinin yalnız bir qismidir. Onlar belə hesab edirlər ki, fəlsəfə tarixinə, tarix fəlsəfəsinə yeni analitik və metodoloji yanaşmalara tələbat vardır. Bu, yalnız keçmişdəki ideya, faktlar və hadisələrin silsiləsi deyil, həm də alimin özünün dünya fəlsəfəsində ideya və kommunikasiyalar tarixinə yanaşmasıdır. Eyni zamanda, qeyd edək ki, institut əməkdaşlarının bir çoxu fəlsəfə tarixi çərçivəsində Azərbaycan maarifçilik problemlərini araşdırır.
İnstitutun filosoflarının maarifçilik və maarifçilik fəlsəfəsi mövzusuna nəzəri cəhətdən ən maraqlı yanaşmaları arasında Azərbaycanda maarifçiliyin üç mərhələsi, onun natamamlığının səbəbləri və müstəqillik dövründəki ümidlər haqqında ideyanı göstərmək olar. Birinci mərhələ məhz XIX əsrin ortalarından başlayıb və A.Bakıxanovun yaradıcılığı və onun tarixə elmi-fəlsəfi yanaşması ilə bağlıdır. Onun yanaşması Rusiya alimlərinin təsiri altında formalaşmışdı, amma mütəfəkkir onun köməyi ilə Azərbaycan tarixinə lap XIX əsrə qədər hansı amillərin təsir göstərdiyini aydınlaşdıra bilib. A.Bakıxanovun gənc müasiri Həsən bəy Zərdabi xalqın maarifləndirilməsi işində bilik, elm və təbliğata üstünlük verdi. M.F.Axundovun öz fəlsəfi əsərləri var idi, o, fransız və alman filosoflarının əsərləri ilə tanış və onların təsiri altında idi, ancaq yenə də onu xalqın maarifləndirilməsi və dini buxovlardan azad edilməsi ideyası ruhlandırmışdı. Bu proses cədiciliyin (İslamı islahat etmək ideyaları) təşəkkülü ilə Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının sonunadək davam etdi, yəni bu ilk respublika sözün müəyyən mənasında Azərbaycan maarifçiliyinin yekunudur. Məhz buna görə də respublikanın 100 illiyi nəinki tarixi, həm də fəlsəfi, ictimai faktdır.
Maarifçiliyin ikinci mərhələsi Sovet Azərbaycanının filosofları və onların, əlbəttə, sovet marksizminin təsiri altında olan Azərbaycan Maarifçiliyi fəlsəfəsinin təşəkkülü ilə bağlıdır. Onun nisbi müstəqilliyi, fəqət, nə bilavasitə, müəyyən mənada, fərdi intellektual və fəlsəfi təcrübə, nə də hakim, imperativ fenomen kimi tədqiq edilib. Hələ sovet hakimiyyəti illərində ümummilli lider Heydər Əliyevin maarifçilik məsələlərinə nə qədər böyük diqqət yetirdiyini yada salaq. Ona görə də Azərbaycan fəlsəfəsinin inkişafında Azərbaycan fəlsəfəsi tarixinə, marksist fəlsəfəsinə, elm fəlsəfəsinin, etika və mənəvi tərbiyənin inkişafına aid biliklərin üstünlük təşkil etməsi ilə ifadə olunmuş təmayül saxlanılıb.
Üçüncü mərhələ Azərbaycanın müstəqilliyini əldə etməsi və ümummilli lider Heydər Əliyevin islahatları və Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin modernləşməsi kursu ilə başlayır. Və demək olar ki, ilk dəfə olaraq filosoflar məhz milli fəlsəfənin özünün onun tarixi, müasir inkişafı və dünya konteksti vəhdətində spesifikası və aktuallığının nədən ibarət olduğunu dərk etmək vəzifəsini ifadə edirlər. Bu yanaşma bizim “Modern, prosvetitelğskie idei Qasanbeka Zardabi i filosofiə prosveheniə”, Baku, “Teknur”, 2015 (“Modern, Həsən bəy Zərdabinin maarifçilik ideyaları və maarifçilik fəlsəfəsi “, Bakı, “Teknur”, 2015) kitabımızda şərh edilmişdir.

Reduksionizm, idrak nəzəriyyəsi və etika
Sovet dövründə Azərbaycan universitetlərində fəlsəfə fakültəsi yox idi, bu səbəbdən bəzən fizika, riyaziyyat və kimya-biologiya-tibb fakültələrinin məzunları, tarixçi və pedaqoqlar filosof olurdular. Ona görə də, təbii ki, fəlsəfə reduksiya olunur, elmə müncər edilirdi, onun spesifik xüsusiyyəti isə çox vaxt nəzərə alınmırdı. Bəzən onun vəzifəsi elmin nailiyyətlərinin nümayişindən ibarət olurdu. Bununla belə, onun səyləri sayəsində bizim İnstitutda ekologiya fəlsəfəsi, gender fəlsəfəsi, elmin sosiologiyası, mədəniyyət fəlsəfəsi və s. istiqamətlərin yarandığını da qiymətləndirməmək olmaz.
Bu əsərlərdə çox vaxt “texnoelm”, sinergetika, postqeyri-klassik, informasiya cəmiyyəti, kvant informasiyası, informasiyalaşma, ictimai proseslərin modelləşdirilməsi və s. bu kimi anlayışlar işlədilir. Bəzən bu cür tədqiqatlar böyük əhəmiyyət kəsb edir, lakin, eyni zamanda, onlarda çox vaxt tədqiqatın məhz fəlsəfi kontekstinin özü fərqləndirilmir. Elmdə fənlərarası tədqiqatların aktuallığını inkar etməyəcəyik, amma onların aktuallığının etiraf edilməsi fəlsəfi identikliyin itirilməsini və ya ona əhəmiyyət verilməməsini əsla nəzərdə tutmur. Fəlsəfə, əlbəttə, alim ictimai proseslərin təhlili üçün elmi metodlardan istifadə etməyə çalışan zaman inkişaf edə bilər, amma fəlsəfə təkcə bu deyil və o, sadələşdirilərək, yalnız elmi metodlarla əvəz oluna bilməz, çünki həm də fəlsəfi metodlar və ya onların fəlsəfi tətbiqinin xüsusiyyəti də vardır. Bir çox müasir Azərbaycan filosofları hesab edirlər ki, elmin köməyi ilə cəmiyyəti, dünyanı düzgün idarə etmək üsulunu tapmaq, hərəkətlərin ardıcıllığını, prosesin məntiqini müəyyənləşdirmək, cəmiyyətləri fərqləndirmək və qiymətləndirmək olar.
İnstitutun bəzi digər filosofları ondan çıxış edirlər ki, fəlsəfənin spesifik, özgün xüsusiyyəti daha adekvat surətdə etikada, əxlaq və mədəniyyət (dəyərlər), mənəvi və vətəndaşlıq tərbiyəsi sahələrinin tədqiqində ifadə olunur. Onlar hesab edirlər ki, mənəvi və humanist funksiyaları fəlsəfənin ən mühüm funksiyalarıdır. Bununla mübahisə etməyəcəyik, həm də ki, etika, estetika, siyasət və əxlaq tarixi üzrə bir çox əsərlər çap olunub. (“Vvedenie v gtiku”, Baku, 2004 - “Etikaya giriş”, Bakı, 2004; “Opıt interpretaüii morali”, Baku, 2006 - “Əxlaqın təfsiri təcrübəsi”, Bakı, 2006; “İdeə differenüiaüii obhestva i qosudarstva: opıt filosofsko-gtiçeskoqo analiza”, Baku, 2009 - “Cəmiyyət və dövlətin diferensiasiyası ideyası: fəlsəfi - etik təhlil təcrübəsi”, Bakı, 2009; “Ob aktualğnosti filosofii v gpoxu qlobalizaüii i modernizaüii” Baku, 2009 - “Qloballaşma və modernləşmə dövründə fəlsəfənin aktuallığı haqqında”, Bakı, 2009 və bir çox başqaları).
Son illər Azərbaycan filosoflarını milli identiklik, mədəni müxtəliflik və islam həmrəyliyi məsələləri də maraqlandırmağa başlayıb. Bu mövzularda çoxlu kitab və məqalələr nəşr edilmişdir. Bizcə, bu mövzularda düşüncələrə səbəb fəlsəfə tarixi, idrak nəzəriyyəsi, mədəni qarşılıqlı təsir fəlsəfəsinə və mənəvi-etik problemlərə maraq olub. Lakin əsas impuls, şübhəsiz, ölkə Prezidentinin onlara xüsusi diqqət göstərməsindən alınıb. Bu kontekstdə onu da qeyd edək ki, respublika Prezidentinin almanların Cənubi Qafqazda məskunlaşmasının 200 illiyi ilə bağlı fərmanı bizim tərəfimizdən “Mədəniyyətlərin qarşılıqlı təsir fəlsəfəsi və almanların Cənubi Qafqazda məskunlaşması” (Bakı, 2017) kitabını yazmağa təkan verib.
İdentikliyin, maarifçiliyin, fəlsəfə tarixi və mədəniyyətin mahiyyəti barədə məsələ qaldırmaq bu və ya digər cəmiyyətin, birliyin fəlsəfəsinin həyatiliyinin, aktuallığının ən mühüm şərtidir. Bu məsələlər yalnız peşəkar Azərbaycan filosoflarını deyil, həm də bütün azərbaycanlıları maraqlandırır. Lakin yalnız Azərbaycan filosofları və ictimaiyyətçilərinin apardıqları mübahisələrlə kifayətlənmək olmaz və konkret kontekstimizə dünya fəlsəfi prosesini də daxil etmək lazımdır.
Bunun üçün, ilk növbədə, XX əsrin Qərbi Avropa fəlsəfəsini konseptual baxımdan dərk etmək və daha sonra müsəlman, Çin və hind fəlsəfəsi ilə peşəkarcasına maraqlanmaq gərəkdir. Fəqət bu da kifayət deyil. Fəlsəfə şüur, dil və təcrübə sahələri barəsində də məsələlərin qaldırılması deməkdir. Onların lazımi dərəcədə peşəkar surətdə ifadə edilməsi üçün təkcə fəlsəfə, mədəniyyət, dilçilik sahələrində deyil, həm də psixologiya, neyrofiziologiya, biologiya və s. sahələrdə də dərin biliklərə malik olmaq zəruridir. Və bu zaman fundamental elmlərdən “çıxmış” həmin filosofların biliklərinə tələbat yaranmış olur. İnstitutda bilik mübadiləsi üçün filosof və müxtəlif sahələr üzrə alimlərin iştirakı ilə mütəmadi olaraq seminarlar keçirilir. Bu kontekstdə AMEA-nın Prezidenti, akademik Akif Əlizadənin Akademiya alimlərini fənlərarası tədqiqatların inkişaf etdirilməsi üçün müvəqqəti elmi kollektivlərin, laboratoriyaların yaradılması və s. məsələlər üzrə istiqamətləndirdiyini qeyd etməmək olmaz.

Fəlsəfənin gələcək prioritetləri
Müasir fəlsəfədə üstünlük təşkil edən yeganə bir cərəyan, məktəb yoxdur, istiqamət və məsləklərin plüralizmi hökm sürür. Amma iş məktəblərdə deyil, ondadır ki, fəlsəfədə xoşməramlı siyasətçilər, müxtəlif birliklərin üzvü olan və özlərini bazarın ifrat cəhətlərindən, radikallıqdan, terrorizmdən, müharibələrdən, mənəvi tənəzzüldən qorumağa çalışan insanlar maraqlıdır. Bizim filosofları zəmanəmizin ən parlaq zəkaları ilə birləşdirən məhz bu məsələlər yaxın gələcəkdə fəlsəfənin əsas prioritetlərini əsaslandırmağa imkan verir:
Birincisi, rasional və irrasional idrakın, tolerantlıq və dözümsüzlüyün hüdudları haqqında düşünərək fəlsəfi metafizika alim və din xadimlərini dialoqa cəlb etməyə, onların səylərini müsbət birgə fəaliyyətə yönəltməyə qadirdir. İkincisi, güman edirik ki, fəlsəfədə realizm və idealizm, metod və həqiqət xüsusunda diskussiyaların aktuallaşması nəinki davam edəcək, hətta elmə daha çox təsir göstərəcək. Üçüncüsü, milli fəlsəfə və universallığın qarşılıqlı nisbəti. Dördüncüsü, süni intellekt, şüur fəlsəfəsi və etikanın qarşılıqlı əlaqələri. Və nəhayət, fəlsəfə və ideologiya, siyasət və əxlaq arasında qarşılıqlı münasibətlər, geofəlsəfənin mahiyyəti (J. Delöz).
Bu qeyd və ideyalar bizə müasir fəlsəfəmizin əsas prioritetlərini, bunların onun gələcəyinin yalnız bəzi konturları olduğunu dərk edərək, ifadə etməyə imkan verir. Fikrimizcə, fəlsəfədə çoxfənli tədqiqatların, məntiqin inkişaf etdirilməsi kursunu davam etdirmək lazımdır, onlar yalnız fəlsəfəyə deyil, həm də ümumilikdə ictimai elmlərə inandırıcılıq əlavə edəcək. Onlar nəinki fəlsəfədə müəyyən dərəcədə sübutlu, əsaslandırılmış olan daha dəqiq nəticələrə yaxınlaşmağa imkan verəcək, həm də digər elmlərdə fəlsəfəyə daha çox maraq göstərilməsini təmin edəcək. Bu cür fəlsəfənin fərdi şüurla əlaqələrinin dərk olunmasına, fəlsəfə və psixologiyanın qovuşuğunda tədqiqatların aparılmasının inkişaf etdirilməsinə diqqət yetirmək vacibdir. Həmçinin, bu bilikləri azərbaycançılıq ideologiyasının yayılması, mənəvi və vətəndaşlıq tərbiyəsi və s. sahələrdə istifadə etmək lazımdır. Fəlsəfə sübutlu, inandırıcı nəticələrə gəlməyə çalışmalıdır, amma insanla, əxlaqla və s. ilə əlaqələri itirməməlidir. Məhz buna görə də, biz hesab edirik ki, azərbaycançılıq fəlsəfəsi, ideologiyası və maarifləndirmənin əlaqəsi məsələləri aktual olaraq qalacaqdır.
Fəlsəfə dövrümüzün dövlət və cəmiyyətin həm daxilində, həm də xaricində mövcud olan əsas çağırışlar, cəmiyyəti birləşdirən ümumi təhlükə və məqsədlər, maraqlar, dəyərlər barədə bilik verir. Eyni zamanda, o, iqtisadiyyat, siyasət, humanitar sahələrdə mümkün olan və ya ehtimalı və Azərbaycanın bu çağırışlara cavablarını şərtləndirən prinsipləri dəqiq təsbit edir. O, həmçinin bilik və böyüyən nəslin təhsil və tərbiyə sisteminə təsirin vasitəsilə Azərbaycanın qarşıdakı transformasiyası və müasirləşməsini təmin etməyə qadirdir. Eyni zamanda, keçmiş haqqında biliklər azərbaycanlıların müasir cəmiyyətinin birliyinə xidmət etməlidir. Həmin billiklər ölkənin müxtəlif inkişaf mərhələlərində forma və rejimlərdən asılı olmayaraq, dövlətçiliyin bütövlüyü və bölünməzliyinin fəlsəfi, elmi cəhətdən əsaslandırılmış dərki ilə üzvi vəhdət təşkil etməlidir (AMEA-nın akademiki Ramiz Mehdiyev). Cəmiyyətin etnik və dini müxtəlifliyində, tarixi və mədəni köklərin müstəqilliyin dövləti əsaslarının sivil xarakterini qoruyub saxlamaq üçün lazım olan dərəcədə etirafında konsensus əldə olunmasına kömək göstərməkdə davam etməlidir.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin mənəvi irsi bu məqsədlərin həyata keçirilməsi üçün zəruri material verir. Azərbaycan Prezidenti İlham Əliyevin kursu, onun Azərbaycanda postsənaye cəmiyyəti və güclü dövlət quruculuğu strategiyası ümummilli liderin ideyalarının müntəzəm transformasiyası və həyata keçirilməsindən ibarətdir. Onun strategiyası güclü sosial siyasətin aparıldığı, innovasiya və informasiya texnologiyalarının inkişaf etdirildiyi, kreativ şüurun üstünlük təşkil etdiyi bilik cəmiyyəti və iqtisadiyyatına keçməyə doğru hərəkətdir. Burada, həmçinin cəmiyyətdə siyasi, iqtisadi transformasiyalar və elm, fəlsəfə və mədəniyyət (mənəviyyat) haqqında biliklərin dərinləşməsi arasında qırılmaz əlaqələrin saxlanılmasının böyük əhəmiyyətinin olduğunu qeyd edək. Beləliklə, müasirlik, modernləşmə və transformasiya bizim üçün zaman çərçivəsi, hansısa bir müddət deyil, sürətlə dəyişən çağırışlara cavab vermək üçün prioritetlərin seçimidir.