12.09.2022, 06:19 - Baxış sayı: 259

Milli Qurtuluşdan Şuşa Bəyannaməsinə uzanan yolun fəlsəfəsi


Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik... Bu Bəyannamə Şuşada bu gün reallığa çevrilir. Bu, son dərəcə önəmlidir. Türkiyə ilə Azərbaycan arasındakı bu Bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük. Türkiyə olaraq qədim Şuşa şəhərində ən qısa müddətdə, İnşallah, baş konsulluq açmağı planlaşdırırıq.

Rəcəb Tayyib ƏRDOĞAN
Türkiyə Cümhuriyyətinin Prezidenti
Şuşa, 15 iyun 2021-ci il

İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqla­rımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demiş­dir: “Azərbaycanın sevinci sevin­cimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amil­dir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Şuşa, 15 iyun 2021-ci il

Təbii ki, bu böyük şərəfli yolun məqamlarını bir qəzet məqaləsi ilə açmaq o qədər də asan deyildir. 1993-cü ildə başlanan Milli Qurtuluş Günümüz, bütövlükdə, dövlətçilik tariximizin qurtuluşu günü olmaqla bərabər, kompleks şəkildə özündə aşağıdakı məqamları əhatə edirdi:
– ölkəni düşmən təhdidlərindən xilas etmək;
– milli həmrəyliyin ideya əsaslarını yaratmaq;
– atəşkəsə nail olmaq, ordu qurucu­luğunu möhkəmləndirmək;
– 1 milyondan artıq qaçqın və məcburi köçkünün yaşayışını təmin etmək;
– totalitarizmdən demokratiyaya, planlı təsərrüfatdan bazar iqtisadiyya­tına keçidin ideya-praktiki əsaslarını möhkəmləndirmək.
Ulu öndərin Böyük Qurtuluş mis­siyası yalnız bunlarla tamamlanmırdı. Ölkənin gələcək enerji təhlükəsizliyi siyasətinin əsasları da məhz belə tarixi bir günlə reallaşırdı. Məhz böyük stra­teqin ətrafında xalqın birliyi ideologiyası Milli Qurtuluş Gününü tarixi epopeyaya çevirdi. Ulu öndərin xilaskarlıq missi­yasının böyüklüyünə, Milli Qurtuluşun dönməzliyinə inamın nəticəsi idi ki, 90-cı illərdə heç bir qaçqın və məcburi azərbaycanlı köçkün başqa ölkəyə pənah aparmadı. Bu, həm də insanla­rımızın ümummilli lider Heydər Əliyevə inamı və ümidinin nəticəsində formalaş­mışdı.
Milli Qurtuluş Günü tarixi gün­dür. 2021-ci ilin 15 iyun tarixi isə bu silsilədən ölkəmiz üçün ən yeni tarixin qızıl səhifəsidir. Məhz bu gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhur­başkanı cənab Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi görüşü Milli Qurtuluş Günümüzün tarixində yeni səhifə açdı. Regionun separatizmdən, millətçilikdən, ksenofobiyadan, neofaşizmdən qurtu­luşu, xilası tarixi başlandı. Milli Qurtuluş Günümüzdən Şuşa Bəyannaməsinə aparan yolun ən mühüm fəlsəfəsi də elə bundadır.
Müasir Azərbaycan öz inkişa­fının yeni tarixi mərhələsindədir. Ölkəmizin pandemiya dövrü uğurlu sosial inkişaf prioritetləri və beynəlxalq münasibətlər strategiyası məqsədyönlü və düzgün istiqamətlərə səfərbər olunmuşdur. Bu sıradan Türkiyə – Azərbaycan münasibətləri nəinki bir millət-iki dövlətin, eləcə də regionun təhlükəsizliyi üçün vacib əhəmiyyət kəsb edir. Daha geniş mənada bura beynəlxalq təhlükəsizlik amilləri də daxildir. Hesab etmək olar ki, pande­miya şəraiti kimi ağır bir dünya böhranı dövründə təhlükəsizlik təminatına dialoq axtarışlarının da bazisi məhz Şuşadan başlanır. Belə ideoloji konsepsiyanın nəzəri əsaslarını Azərbaycan Respubli­kası Prezidentinin multikultural siyasəti konsepsiyası təşkil edir.
Xalqımız dövlətçilik və milli birliyin qorunmasının, milli kimliyin təhlilinin yeni tarixi mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyev həyata ke­çirdiyi xarici siyasət platformasında bütün tədbirlərin preambulasını məhz Qarabağın işğaldan azad edilməsi, işğalçıların ərazilərimizdən qovulması, məcburi köçkünlərin doğma torpaqla­ra qaytarılması və nəticədə regionda sülhün bərqərar edilməsi prinsipləri üzərində qurmuşdur. Bu gün həmin siyasi kursun davamını işğaldan azad etdiyimiz torpaqlarımıza məcburi köçkünlərin qaytarılmasına dair Böyük Qayıdış strategiyası təşkil edir. Məhz bu məsələnin həllində də Şuşa görü­şü müasir Azərbaycanın tarixinə yeni səhifə açdı.
Heç şübhəsiz ki, müasir dövlətçiliyin təməl prinsipləri ulu öndər Heydər Əliyev ideyaları ilə möhkəmlənən, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən milli maraqların qorunması ilə modernləşən ölkənin yeni tarixinin Zəfər salnaməsi ilə birgə təhlil olunacaqdir. Bu baxım­dan, formalaşan yeni bazis modeli, yeni platforma, dünyanın və regionun gələcək təfərrüatlarında çox vacib yer alacaqdır. Milli Qurtuluşumuz Günündə Şuşa Bəyannaməsi yalnız Azərbaycan üçün deyil, region üçün də yeni ideal perspektivlər açır.
1.Regionda davamlı sülh ideyasının prioritetləri Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndi.
2.Şuşa Bəyannaməsi həm də Ermənistanın separatçı havadarları üçün mühüm cavab sənədi oldu: əgər onlar regionun sabitliyini istəyirlərsə, tərəqqiyə mane olmasınlar.
3.Şuşa Bəyannaməsi həm də Qa­rabağa pənah gətirmiş erməni azlığının gələcək təhlükəsizliyini də nəzərdə tutur.
4. Şuşa Bəyannaməsi TANAP, TAP kimi layihələrdən digər xalqların da iqti­sadi bəhrələnməsi rakursunu yaradır.
5. Şuşa Bəyannaməsi həm də Böyük İpək yolunun yeni motivasiyasını sürətləndirmiş oldu.
6. Gələcəkdə regionda baş qaldıra biləcək münaqişələrin həllində gücün deyil, ədalətin, hərbin deyil diplomati­yanın fəlsəfəsini yaratmaq motivləri də Şuşa Bəyannaməsinə məxsusdur.
7. Nəhayət, Şuşa Bəyannaməsinin Cənubi Qafqazın da gələcək enerji layihələrində uğurla addımlama­sı baxımından ən əhəmiyyətli sülh əməkdaşlığı bəyannaməsi kimi tarixi hadisə adlandırmaq olar.
Beləliklə, Azərbaycan və Türkiyə 2021-ci il iyunun 15-də milli qurtuluşun həm də yeni Qafqaz modelini yaratmış oldular. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Sənəddə qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bəyannamədə deyilir: “Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı­na və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırıl­ması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və silahlı qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil oluna­caqdır”.
Beləliklə, Şuşa Bəyannaməsi bütövlükdə regional sülhün, əməkdaşlığın yeni platformasıdır. Bu platformada etno-mədəni zəngin bir siyasi coğrafiyanın maraqları, mədəniyyətləri, tarixi keçmişi, multikul­tural ənənələri qorunmuş olur.

Hüseyn İBRAHIMOV
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi

"Xalqqazeti.com"