20.06.2022, 11:34 - Baxış sayı: 327

Məhəmməd Cəbrayılovun “Coğrafi qloballaşma: İnformasiya cəmiyyətinin ekoloji və bioetik problemləri” əsərində tarixi proseslərə baxış


t.ü.f.d. Mustafayev Ədalət Xankişi oğlu
AMEA A A Bakıxanov adına Tarix institutunun “Azərbaycan xanlıqları və Qarabağ tarixi” çöbəsinin aparıcı elmi işçisi

“Coğrafi qloballaşma: informasiya cəmiyyətinin ekoloji və bioetik problemləri” adlı elmi monoqrafiya son dövrlər nəşr olunan tədqiqat əsərləri içərisində ideya xəttinə və toxunulan probelmlərə müəllif yanaşmasınıa görə maraqlı və zəngin əsər kimi qiymətləndirilir. Bəşər tarixində müharibələrin baş vermə səbəbləri haqqında çoxsaylı yanaşmalar olsada, monoqrafiyada müəllifin bu problemlə bağlı hipotetik baxışı tarixi proseslərin izah olunması baxımından orjinal və məntiqlidir. Digər tərəfdən elmi monoqrafiyada toxunulan mövzular tarix, ekologiya, informasiya, bioetika, coğrafiya və b. sahələri əhatə etməklə müəllifin fəlsəfi ümumiləşdirmə və multidissiplinar yanaşması metodoloji baxımdan maraqldır. Toxunulan mövzular içərisində müəllifin “coğrafi qloballaşma” terminini elmi dövriyəyə gətirməsi və ona tərif verməsindən aydın olur ki, insan sivilizasiyası yeni mərhələyə daxil olub və bu proses təbiət və cəmiyyətin qarşılaşdığı proses kimi nəzərdən keçirilir.
Müəllif “coğrafi qloballaşma”nı yalnız mədəniyyət hadisəsi kimi deyil, bəşəriyyətin coğrafi mühitdə yayılmasını canlı orqanizmlərin ərazi populyasiyası ilə müqayisələndirməklə prosesi bioloji-fiziki və sosial proses olaraq izah edir. Məsələn, Alman coğrafiyaşünası F.Rotselin “Dövlətdaxili Məkan” nəzəriyyəsini “Dövlətdaxili Həyat Məkanı” nəzəriyyəsinə dəyişən Karl Hauşofferin fikrincə, “dövlət canlı orqanizmdir və hər bir orqanizm kimi o da güclənib inkişaf etməlidir. Bunun üçün o, öz yaşayış sahəsini, ölkəsini inkişaf etdirib genişləndirməlidir” fikri müəllifin yanaşmasında başqa aspektdən dəyərləndirilir. Kitabda insanların coğrafi mühitdə yayılması və ərazisini genişləndirmək üçün həvəs göstərməsi coğrafi qloballaşmanın vacib komponenti kimi nəzərdən keçirilir.
Məhəmməd Cəbrayılovun “coğrafi qlobbalaşma”nın məzmunu ilə bağlı əsaslandırmalarından aydın olur ki, bəşəriyyətin tarixində baş vermiş müharibələrin səbəblərini müxtəlif məqsədlərlə əsaslandırmaq mümkündürsə, bu məqsədlər içərisində əhəmiyyətli bir hissə ərazi problemi ilə bağlıdır. Müharibələr tarixinin səbəbləri haqqında kitabda nəzəri-hipotetik baxımdan əsaslandırmağa çalışdığı çoxvektorlu yanasmada, fikrimizcə müəllif mikro və makro səviyyələrdə baş verən münaqişələrin səbəblərini dövlətlərin “həyat sahəsini” genişləndirmə təşəbbüsləri ilə izah edir və bu prosesə təsir edən faktorları coğrafi qloballaşmanın əsas indikatorları kimi dəyərləndirir.
Müəllif ətraf mühit və onu təşkil edən komponentlər içərisində insanın fəaliyyətinə müxtəlif aspektlərdən yanaşaraq, mövzunun müasir dövrün ən aktual məsələsi olduğunu diqqətə çatdırır. Məhəmməd Cəbrayılovun “Coğrafi qloballaşma: İnformasiya cəmiyyətinin ekoloji və bioetik problemləri” əsərində tarixi proseslərə baxışKitabda qlobal kontekstdə hiss olunan iqlim dəyişməsinin gələcək üçün yaratdığı təhlükələr və ətraf mühitlə bağlı qəbul olunmuş beynəlxalq konvensiyaların icra vəziyyətinə ayrı-ayrı ölkələr tərəfindən əməl olunması təkcə hüquqi-fəlsəfi aspektindən deyil, həmdə sosial-ekoloji baxımdan araşdırılır. Təbiət və cəmiyyət münasibətlərində baş vermiş gərginliyin aradan qaldırılmasında regional cəhdlərin uğursuzluğu, bu problemin həllinə qlobal xarakter verir. Məhz bu baxımdan kitabda qoyulan məslələrin qlobal kontekstdən araşdırılması mövzunu aktual edən məsələlərdən biridir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ermənilərin ekosid siyasəti yürütməsi və ekoloji mühitin bilərəkdən məhv edilməsi səbəbləri kitabda bioetik baxımdan təhlil olunmaqla qlobal ekoloji sistemin tərkib hissəsi kimi dəyərləndirilir.
Bildiyimiz kimi insan inkişafı və ya texnoloji inkişafda qloballaşma prosesi katalizator rolunu oynamış və sosial varlıq olan insanın dünya üzərində dominantlığını təmin etməsində vacib təbii faktor olmuşdur. Əsərdə, min illər ərzində ayrı-ayrı insan toplumlarının biosferi mənimsəməsi, qarşılıqlı sosial əlaqələrin qurulması, təbii mühitin daha mürəkkəb mexanizmalarla əvəz edilməsi və bu çox mərhələlərdəki ara keçidlərin xarakteristikalarına toxunulur.
Təhlil etdiyimiz əsərdə qloballaşmanın inkişaf mərhələləri, inkişaf səbəblərinin zərurəti və ümumilikdə bu prosesə coğrafi nöqteyi nəzərdən baxılmış, müasir dövr nəticələri və qarşıya qoyulan yeni məqsədlər geniş miqyasda təhlil olunmuşdur. Əsərdə paradoksal yanaşma olan iqtisadi və texnoloji inkişafla paralel olaraq ekoloji geriliyə, dünyanın dayanıqsız və ya davamsız inkişafı məsələlərinə toxunulmuş, eləcədə bu fonda Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki erməni vandalizmin yaratdığı problemlər də işıqlandırılmışdır.
Monoqrafiyada 21-ci də əsrdə formalaşmış, davamlı inkişaf konsepsiyasının əsas və vacib tərkib hissələrindən biri olan yaşıl iqtisadiyyat termininin təhlilinə, bu iqtisadi modelin strateji əhəmiyyətinə və müasir dövrdə Azərbaycanın bu konsepsiya daxilində iqtisadiyyatda qeyri neft sektoruna yönəlməsinin vacibliyinə xüsusi diqqət çəkilir. Həmçinin, Azərbaycanın mövcud yaşıl inkişaf perspektivləri, Cənubi Qafqaz regionunun Qarabağın işğaldan azad olunmasından sonrakı yeni geosiyasi və iqtisadi reallıqları, eləcə də müstəqillik dövründə Azərbaycanın iştirak etdiyi beynəlxalq lahiyələr, BMT-nin qəbul etdiyi qlobal və regional miqyaslı problemlərin həllinə yönəlmiş Davamlı İnkişaf konsepsiyasının 17 məqsədini özündə ehtiva edən Beynəlxalq təşkilatların və fondların Azərbaycanla əməkdaşlığı, buradakı fəaliyyəti əsərdə ətraflı araşdırılmışdır.
Araşdırmada yaşıl iqtisadiyyat modelinin təhlili zamanı beynəlxalq təcrübədən və statistikadan istifadə olunması, onların lokal səviyyədə müqayisəli araşdırılması əsərin dəyərini artıraraq yeni kompleks metodoloji yanaşma tətbiq edir.
Qloballaşmanın inkişafı yeni perspektivlərlə yanaşı bəzi təhdidləri də özü ilə bərabər gətirmişdir. Belə ki, artıq informasiya daha çox dəyər qazanmış və onun qorunması, informasiya təhlükəsizliyi kimi yeni bir sahəni də formalaşdırmışdır. Müəllif informasiya təhlükəsizliyini tarixi inkişaf aspektindən təhlil edir, Qərbin və keçmiş Sovetlər dönəmindəki vəziyyəti aydınlaşdırıraraq, bunun məntiqi təzahürü olaraq haqqında danışdığımız sahənin vacibliyini müəyyən etmiş olur. Həmçinin Azərbaycanın bu prosesdən geri qalmadığını və bu sahədə aparılan işləri, qəbul edilmiş informasiya təhlükəsizliyi ilə bağlı qanuna edilmiş dəyişiklikləri, space-1 peykinin kosmosa göndərilməsi və digər görülən işləri, onların verdiyi faydaları vurğulayır
Müəllif haqlı olaraq elmi əsaslarla belə nəticəyə gəlir ki, Azərbaycan ərazilərinin uzun müddət işğalda qalması, bir çox prosesləri ləngitsə də, onu geosiyasi maraqlar kontekstində baş verən proseslərdən uzaqlaşdıra bilmədi. Məhz regional layihələrin həyata keçirilməsində Azərbaycan Respublikasının coğrafi mövqeyi, strateji əhəmiyyəti, insan potensialı, zəngin yeraltı və yerüstü sərvətlərinin olması bir çox kontekstdən uğurlu addımların atılmasına şərait yaratdı. “Qlobal iqtisadi layihələr çərçivəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri, TAP, TANAP, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Şimal və Cənub dəhlizləri, Bakı-Tbilisi-Qars dəmiryol layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, həm də “yaşıl” iqtisadiyyatın və turizmin inkişafında böyük əhəmiyyətə malik olduğunu əsaslandırılmış faktlarla sübut edir. Qeyd etmək lazımdır ki, bu layihələrin həyata keçirilməsi zamanı yükdaşımalar da xüsusi yer tutur. Bu da iqtisadiyyatın inkişafına birbaşa və yaxud dolayısı ilə müsbət təsir göstərir.
Əsərdə bir çox vacib məqamlar diqqəti cəlb edir. İlk növbədə Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra dövlətimizin qarşıya qoyduğu əsas prioritetlərin yeni iqtisadi layihələr olduğu diqqət çəkir. Bu mənada bölgənin ekoloji təmizliyinə əmin olduqdan sonra bir çox tədbirlərin həyata keçirilməsi üçün şərait yaradılmışdır. Bütün bunlara baxmayaraq ekosistemə vurulan zərbə son 30 ilin ən fəlakətli böhranından biri kimi qiymətləndirilir. Ermənistanın işğalı dövründə Metsamor AES-in təhlükəli nüvə tullantılarının Azərbaycan ərazilərində basdırılması, digər tərəfdən meşələrin yanacaq ehtiyatı və digər vasitələr üçün qırılaraq, yerində narkotik bitkilərin əkilməsi bir çox təhlükələrdən xəbər verir. Buradan görünür ki, Metsamor AES-in törədə biləcəyi faciə təkcə region üçün deyil, bəşəriyyət üçün təhlükəlidir.
Tədqiqatda geniş oxucu kütləsi üçün vacib olan məqamlardan biri cinayətkar Ermənistan dövlətinin mədəni və mənəvi dəyərlərimizə qarşı törətdikləri vəhşiliklərə münasibətlər təhlil edilmişdir. O cümlədən 7 may 2002-ci ildə AŞPA-ya təqdim olunmuş 9444 saylı sənəddə göstərilir: Ermənistan-Azərbaycan münaqişələrinin nəticələrindən biri kimi, Ermənistan hərbi qüvvələri tərəfindən işğal edilmiş torpaqlarda, Qarabağ dağlarında və Azərbaycan Respublikasının digər yeddi rayonunda nəzarət edilməyən nüvə zonalarının yaradılması olmuşdur ki, bu da bütün Cənubi Qafqaz regionu üçün ciddi təhlükə törədir. İşğal edilmiş ərazilərdə 29 nüvə tullantıları 80000 hektar kənd təsərrüfatı torpağını,150 000 hektar meşəni, 22000 hektar şəxsi sahələri və iki yaşayış sahəsini zəhərləmişdir. Müəllif çox tutarlı və dəqiqləşdirilmiş fakt olaraq əlavə edir ki, 10 avqust 2009-cu ildə Ağdamın işğal altında olan ərazilərində 10 km-lərlə meşə və digər sahələrin yandırılması, həmçinin 21 dekabr 2010-cu ildə Ağdərə və Kəlbəcər rayonu ərazisindəki yanğınlar nəticəsində, fauna və flora məhv edilmişdir . 44 günlük Vətən müharibəsində məğlubiyyətinin etirafı olaraq Ermənistan silahlı birləşmələrinin Ağdam, Laçın, Kəlbəcər rayonlarından çıxan zaman Kəlbəcərdə törətdikləri ekoloji terror dünyanın aparıcı media orqanları tərəfindən görüntülənməsi faktının önə çəkilmişdir.
İşğal altında olan ərazilərdə bir çox Dövlət Qoruğu məhv edilmişdir. Xüsusi mühafizə edilən təbiət ərazilərinin sahəsi 890 000 ha çatdırılmışdır ki, bunun da 42 997 ha erməni işğalından azad olunan əraziləri əhatə edir. İşğaldan azad olunmuş rayonlarda 247 352 ha meşə sahəsi, o cümlədən 131 97,5 ha qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və 5 ədəd geoloji obyekt qalmışdır.Əsərdə Cənab Ali Baş Komandan İlham Əliyevin dəfələrlə televiziya çıxışlarından nümunələr gətirilir. Zəngilan rayonu ərazisində Çinar meşələrinin məhv edilməsini dönə-dönə vurğulayaraq qeyd etmişdir ki, ermənilər “Bəsitçay təbiət qoruğu”nu tamamilə məhv etmişlər. Bütün bunlara baxmayaraq, qoruğun bərpası üçün Cənab Prezident müvafiq göstərişlər vermişdir. Həmçinin Zəngilan rayonu ərazisində “Vejnəli” qızıl yatağının qanunsuz istimarı nəticəsində ekoloji terrorun baş verdiyini bildirmişdir.
Beləliklə, Azərbaycana vurulmuş ziyanın hesablanması və digər məsələlər haqqında geniş məlumatların öyrənilməsi yalnız Cənab Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun qalibiyyətindən sonra atılan addımlarda daha dəqiq məlumatlar əsasında hesablanır. Ardıcıllıqla təhlil edilən məsələlərdən biri də Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında “Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 29 oktyabr tarixli fərmanı ilə verilmiş tapşırıqlara əsasən ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə və onların ilkin qayğısı məqsədilə yaradılmış əməliyyat qərərgahlarında təmsil olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Xocalıda rayonlarının ərazilərində monitorinqlərə başlamışlar. Monitorinqin nəticələrinə görə Arazboyu ərazilərdə aparılan monitorinq və müşahidələr göstərir ki, yaşayış məntəqələrində mövcud olmuş bütün evlər, binalar, tarixi abidələr, qəbiristanlıqlar tamamilə dağıdılıb, yolların kənarındakı Tut, Qovaq, Çinar, Şam və meyvə ağacları kəsilmiş, bəzilərində isə tamamilə yandırılmışdır. Meşələr və yaşıllıq massivlərində qəsdən törədilmiş yanğınlar nəticəsində bitki örtüyü, münbit torpaq qatı və digər canlı aləm məhv edilmişdir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində digər sahələrdə də ekoloji tarazlığın pozulması baş vermişdir. Su mənbələrinin dağıdılması, çayların bilərəkdən tullantılarla çirkləndirilməsi, əsasən də kimyəvi tullantıların bilərəkdən sulara atılması və qazılaraq Azərbaycan ərazilərində olan torpaqlarda basdırılması nəticəsində 10 illər boyu davam edəcək təhlükəli prosesin zərərlərini, mədəni dəyərlərimizin məhv olması dərəcəsinə çatdırılmasını bəşəri cinayət hesab etmək olar. Bir sıra su mənbələri ilə birlikdə Oxçuçayın çirkləndirilməsi haqqında dəfələrlə məsələ qaldırılmışdır. Bütün bu törədilən ekoloji böhranın mənəviyyatımıza, mədəni dəyərlərimizizə, mədəni irsimizə qarşı törədilmiş tarixi cinayət hesab etmək olar ki, dəyən ziyanın bərpası 100 illər çəkməklə yanaşı, insanlarımızın sağlamlığına qarşı törədilən bu cinayətin təhlükəsi də çox yaxın gələcəkdə düzələcək məsələ deyil. Müəllif elmi araşdırmalar nəticəsində belə nəticəyə gəlir ki, bir çox hallarda məqsədli şəkildə həyata keçirilən antropogün təsirlər biosferin özündə baş verən fiziki proseslərdən daha çox dağıdıcı olur.
Müəllifin “Coğrafi qloballaşma: İnformasiya cəmiyyətinin ekoloji və bioetik problemləri” əsərinin bir neçə dildə tərcümə olunaraq dünyada yayılmasını xalqımızın və dövlətimizin yalnız uğuru hesab etmək olar.