26.05.2022, 10:09

Azərbaycan-Litva münasibətləri: Tərəfdaşlıq, strateji partnyorluq və inteqrasiyaya doğru


Sənan Həsənov
YAP Yasamal rayon təşkilatının AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Litva Respublikası 20 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Diplomatik münasibətlər isə 1995-ci ilin noyabr ayının 27-də qurulub. 2007-ci ilin 3 aprel tarixində Litvanın Azərbaycanda, 6 sentyabr 2007-ci ildə isə Azərbaycanın Litvada səfirliyi açılıb. Dövlətlər arasında münasibətlərin hüquqi bazası indiyədək imzalanmış 40-dan çox müqavilələrdə və bu müqavilələrin əhatə etdiyi sahələrdəki qarşılıqlı əməkdaşlığın prinsiplərində təsdiqini tapmışdır. Bunların sırasında Bakıda 8 iyun 2006-cı il tarixdə imzalanmış “Azərbaycan Respublikası Prezidenti və Litva Respublikası Prezidentinin Birgə Bəyannaməsi”, 13 sentyabr 2007-ci ildə Vilnusdə imzalanmış “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannaməsi”, 21 aprel 2008-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında iqtisadiyyat, sənaye və enerji sahələrində əməkdaşlıq haqqında Saziş” və hər iki dövlət arasında geniş əlaqələrin formalaşmasının bazasını və strateji xəttini müəyyənləşdirmiş oldu. Dövlət başcılarının belə addımları ikitərəfli münasibətlərin xalqlarımız arasında dinamik və geniş inkişaf etməsində çox vacib amil olmuşdur. İlk belə addım 7 aprel 2009-cu il tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Litva Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi dialoqun gücləndirilməsi və əməkdaşlıq haqqında Memorandum” oldu ki, bu da ikitərəfli münasibətlərə əsaslı zəmin yaradan və əlaqələrimizi tənzimləyən əsas sənəd kimi növbəti mərhələlərə yol açdı. Belə ki, Litva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu dəfələrlə bildirmişdir. Azərbaycanla Litva arasında yalnız ikitərəfli deyil, həmçinin BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar, eləcə də regional təşkilatlar çərçivəsində çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlıq da mövcuddur. Həmçinin Azərbaycan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində də Litva ilə sıx əməkdaşlıq edir. Bu münasibətlər ölkə başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlərin əhatəsi ilə daha da inkişaf etdirilir. Hələ 2007-ci ildə dövlət başçılarının geniş tərkibdə görüşündə Prezident İlham Əliyev demişdir: "Biz Litva ilə münasibətlərə böyük əhəmiyyət veririk və bu münasibətlər son vaxtlar xeyli inkişaf etmişdir. Litva və Azərbaycan vahid mövqelərdən çıxış edirlər, ölkələrimiz arasında heç bir problem yoxdur və əlaqələrimiz yüksələn xətlə inkişaf edəcəkdir." Həmin vaxt Litva Prezidenti Valdas Adamkus Azərbaycan Prezidenti İlham Əliyevin Vilnüsə ilk rəsmi səfərini yüksək qiymətləndirərək demişdir ki, “ölkələrimiz arasında münasibətlər qısa müddətdə intensiv inkişaf etməyə başlamışdır. Ölkələrimiz arasında hansısa fikir ayrılığı yoxdur”. Müşahidələr göstərir ki, hər iki dövlət başçısının söylədiyi fikirlər xalqlarımızın həyatında onilliklərdir ki, öz real təsdiqini tapıb və münasibətlər yüksələn xətt üzrə inkişaf edib.

Azərbaycanın ədalətli mövqeyi strateji münasibətləri formalaşdlıran amildir

Azərbaycan-Litva münasibətlərinin xarakterik cəhətlərdən biri də budur ki, bir çox Avropa ölkələri kimi Litva Respublikası da Azərbaycanı parçalanmaqdan xilas edən dahi siyasi xadim Heydər Əliyevin daxili və xarici siyasətində mütərəqqi inkişafın perspektivlərini gördü və özünün milli, mənəvi dəyərlərini, mədəniyyətini inkişaf etdirmək ücün Azərbaycanın etibarlı tərəfdaş olduğuna əminliyini ifadə etdi. Bu Azərbaycana olan inamın və rəğbətin bir nümunəsi idi. Bu əməkdaşlıq ilk vaxtlardan indiyədək Azərbaycan və Litva parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsi, beynəlxalq terrorizmə, kütləvi qırğın silahlarına, insan ticarətinə, qanunsuz silah alverinə və bu kimi beynəlxalq ictimaiyyəti narahat edən hallara qarşı birgə mübarizədəki səmərəli fəaliyyətdə özünü göstərmişdir. Eynu zamanda Avropa İttifaqının "Avropa mehriban qonşuluq siyasəti" və NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramları çərçivəsində qurulan əlaqələr bugünkü əməkdaşlığın cox mühüm əsaslarını yaratmışdır. Məlumdur ki, Litva Avropa İttifaqının və NATO-nun tamhüquqlu üzvüdür. Avropaya və Avratlantik strukturlara inteqrasiya isə Azərbaycan dövlətinin xarici siyasətinin hər zaman önəm verdiyi prioritet olmuşdur. Bütün bunların fonunda müsbət məqam odur ki, Litva Ermənistanın işğalcı siyasətinə dair mövqeyində Azərbaycanın ərazi bütövlüyünü tanımış və münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu dəfələrlə bildirmişdir. Bu və ya diğər formatda Azərbaycanla Litva arasında yalnız ikitərəfli deyil, həmçinin BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar, eləcə də regional təşkilatlar çərçivəsində çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlıqda Litvanın açıq mövqeyinin olması həmcinin Azərbaycanın Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində də Litva ilə sıx əməkdaşlığının əsasında dayanan amillərdən biri kimi qiymətləndirilməlidir.

Ədalətin zəfər calması Azərbaycanla əməkdaşlığın yeni mərhələsinə zərurət yaradıb...

Litva Prezidenti Gitanas Nausedanın 2022-ci ilin may ayının 18-də Azərbaycana səfəri və səfər çərçivəsində dövlət başçısı İlham Əliyevin Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunda iştirakı, iqtisadi, enerji, ticarət, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün sənədlərin imzalanması Litva və Azərbaycan Respublikaları arasında inkişafa və qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişaf etdirilməsinə açılan yeni perspektivdir. Görüşdə çıxış edən Prezident İlham Əliyev dövlət başcısı ilə təkbətək keçirilən görüşün hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirərək potensial əməkdaşlıq sahələrinin daha da inkişaf etdirilməsində möhkəm təməlin olmasını siyasi baxımdan şərh etdi. Prezident İlham Əliyevin dərin məzmunlu çıxışında Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığına dair mövcud planlarının Litva Respublikası tərəfindən düzgün qiymətləndirməsinin və onu dəstəkləməsinin bütün sahələrdəki sıx əməkdaşlığa açdığı imkanların siyasi əhəmiyyətini önə çəkdi. Hazırkı geosiyasi vəziyyətdə Azərbaycanın yaratdığı reallıqlar onu göstərir ki, belə mövqenin olması ölkələrimiz arasında bütün sahələrdəki münasibətlərin strateji səviyyədə davam etməsini şərtləndirir. Ona görə də demək mümkündür ki, bu görüşdə əlverişli biznes mühitindən tutmuş digər sahələrdə də qarşılıqlı etimad mühitinin yaradılmasınadak bütün fəaliyyətin uğurlu olmasına dair anlaşıqlı mövqelər ortaya qoyulmuşdur. Əlbəttə, Azərbaycan Avropa bazarlarında uzun illərin təcrübəsinə malik olaraq bu gün də etibarlı tərəfdaş və potensial imkanlara malik olduğunu sübut edib. Hətta Avropa İttifaqı ilə də mühüm ticarət tərəfdaşlığının inkişafı bu amillə bağlıdır desək səhv etmərik. Siyasi baxımdan bu bir həqiqətdir ki, Vətən maharibəsinin nəticələri bir daha sübut etdi ki, Azərbaycanın imkanları sonsuzdur və onunla əməkdaşlıq yalnız qarşı tərəfə fayda gətirə bilər. Bu baxımdan səfər çərşivəsində Litva Prezidenti Gitanas Nausedanın Azərbaycana, onun dövlət başcısınin apardığı uğurlu siyasətə olan etimadını açıq ifadə etməsi ölkəmizin Cənubi Qafqazada yaratdığı yeni reallıqlara müəlliflik etməsinin təzahürüdür.

"Yeniazerbaycan.com"