29.03.2022, 10:42 - Baxış sayı: 1244

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri” şöbəsinin böyük elmi işçisi, Sumqayıt Dövlət Universitetinin sosial elmlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Adil Cəmil oğlu Qurbanov 64 yaşında vəfat etmişdir.
Adil Cəmil oğlu Qurbanov 18 sentyabr 1958-ci ildə Azərbaycan Respublikası, Cəbrayıl rayonu, Minbaşılı kəndində anadan olmuşdur.
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib1986-cı ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olmuş, daha sonra T.Q.Şevçenko adına Kiyev Dövlət Universitetinin “Sosial-siyasi münasibətlər” fakültəsində əyani təhsilini davam etdirmək üçün göndərilmişdir. 1991-ci ildə Kiyev Dövlət Universitetinin “filosof, sosial-siyasi münasibətlər” üzrə ixtisasını bitirmişdir.
Sosial fəlsəfə ixtisası üzrə “Tarixi prosesdə ekoloji komponentlərin rolu (sosial-fəlsəfi təhlil)” adlı dissertasiya mövzusunu uğurla müdafiə etmiş və fəlsəfə üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi almışdır.
Adil Cəmil oğlu Qurbanovun Azərbaycanda və beynəlxalq elmi jurnallarda 60-dan çox elmi məqaləsi dərc olunmuşdur. Onun məşğul olduğu əsas sahələr üzrə elmi tədqiqat işləri: Sivilizasiyanın ekoloji perspektivləri adlı kitabı və tədris proqramı, bir neçə elmi monoqrafiyası (sosial-fəlsəfi təhlil), qloballaşma, milli identiklik məsələləri, inteqrasiya prosesləri və multikulturalizm, cəmiyyətin informasiyalaşması, elm-təhsil sisteminin informasiyalaşdırılması, qloballaşmada milli mentalitet məsələləri və s. problem və mövzuları əhatə edir.
Dəfələrlə xarici ölkələrdə Azərbaycanı beynəlxalq konfranslarda layiqincə təmsil etmişdir.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun kollektivi “İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri” şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Adil Cəmil oğlu Qurbanovun vaxtsız vəfatı ilə əlaqədar dərindən kədərləndiyini bildirir, onun yaxın qohumlarına dərin hüznlə baş sağlığı verir. Onun əziz xatirəsi institut əməkdaşlarının və həmkarlarının qəlbində daim yaşayacaqdır.

ALLAH RƏHMƏT ELƏSİN!